XƏBƏR LENTİ

24 Oktyabr 2020
23 Oktyabr 2020

Digər Xəbərlər

03 Fevral 2017 - 01:03

Həbsdəki bankirin bacısı:"Başımıza gələn bütün bu problemlər Samir Şərifovdan qaynaqlanıb" - MÜSAHİBƏ

cahangir (3)

 

Beynəlxalq Bankın hazırda həbsdə olan sabiq sədri Cahangir Hacıyevin bacısı Əminə Hacıyevanın Strateq.az-a müsahibəsinin ikinci hissəsini təqdim edirik:

(Əvvəli bu linkdə: http://strateq.az/manshet/137608/cahangir-haciyevin-bacisindan-maliyy%C9%99-nazirin%C9%99-ittihamlar.html)

 

– Əminə xanım, sizinlə müsahibə almağa gələrkən, mətbuatda yer alan çıxışlarınıza, müsahibələrinizə göz gəzdirdim. Orada bir məqam diqqətimi çəkdi. Deyirsiniz ki, Beynəlxalq Bankın vəsaitlərini qorumaq üçün Cahangir Hacıyev səhmləri öz ailəsinin, o cümlədən sizin adınıza yazdırmışdı, borclu kimi görünməyiniz də elə bununla bağlıdır. Məni də bu maraqlandırır: Cahangir Hacıyev bankı kimdən qoruyurdu?

– Əvvəla, Cahangir Hacıyev bankın səhmlərini yalnız ailə üzvlərinin adına sənədləşdirməmişdi. Həmin bankda işləyən ən etibarlı adamların da adına səhmlər vardı. Burda məqsəd Beynəlxalq Bankın səhmlərinin başqa əllərə keçməsinin qarşını almaqdı. Ailə üzvləri də Cahangirin daha çox etibar etdikləri insanlar olduğundan, səhmlərin bir qismini onların adına sənədləşdirilməsi qeyri-adi hal deyildi…

– Məhkəmə prosesinin gedişi zamanı mətbuatda belə məlumat səslənmişdi ki, bu barədə Maliyyə Nazirliyindən göstəriş verilib. Sizdə bununla bağlı səhih bir informasiya varmı?

– Cahangir öz işgüzar söhbətlərini bizimlə paylaşmırdı. Ona görə də bu barədə hər hansı məlumata malik deyiləm. İnşallah, həbsdən çıxar, bu sualı ona ünvanlayarsınız. Mənim bildiyim isə bundan ibarətdir ki, yad əllərə düşməsin deyə, bizim adımıza sənədləşdirilən səhmləri 2015-ci ilin iyun ayında rəsmi alqı-satqı yoluyla bankın özünə qaytarmışıq. Əlimizdə bu faktı təsdiqləyən notarial sənədlər mövcuddur.

– Bütün ailə üzvləri həmin səhmləri geri qaytarıb?

– Bəli.

– Axı məlumata görə, banka borclu olduğu üçün Cahangir Hacıyevin həyat yoldaşı Zamirə Hacıyevaya qarşı cinayət işi açılıb. Səhmləri qaytarıbsınızsa, bu cinayət işinin açılmasının səbəbi nədir?

– Bu, bizim üçün də qaranlıqdır. Dəqiq bilirəm ki, Zamirə Hacıyevanın adına olan səhmlər də bizimlə birlikdə 2015-ci ilin iyun ayında geri qaytarılıb. Amma bir ildən sonra, yəni 2016-cı ildə ona qarşı dələduzluq maddəsilə cinayət işi açıldı. Səbəb kimi isə götürdüyü 4 milyon manatlıq kredit göstərilirdi. Amma Zamirənin banka qaytardığı səhmlərin dəyəri də elə 4 milyon manat idi. Sual oluna bilər: Niyə o zaman Zamirə xanımın geri qaytardığı səhmlərlə aldığı kredit kompensasiya edilmədi? Axı, digər fiziki şəxslərin səhmiylə kreditləri bağlanmışdı. Eyni ənənənin Zamirə xanıma tətbiq olunmamasını necə başa düşmək olar? Belə çıxır ki, geri qaytarılan səhmlər ya başqaları tərəfindən mənimsənilib, ya da onu qəsdən rəsmiləşdirməyiblər ki, bizi bankın varidatını mənimsəməkdə ittiham edə bilələr. Həmin vaxt Beynəlxalq Banka Samir Şərifovun ortağı Elmar Məmmədov rəhbərlik edirdi. Məntiqlə, bizim səhmləri də bu iki ortaq mənimsəyib.

– Cahangir Haciyevin ailə üzvlərinin adına nə qədər səhm var idi?

– 42 milyonluq. Özünün, yoldaşının, qızının və digər qohumlarının adına yazılmışdı.

– Səhmlərinizin taleyi barədə Beynəlxalq Bankın sonrakı rəhbərliyi nə dedi? Hardadır sizin səhmlər?

– Mənim imzamı saxtalaşdırıb məxaric orderinə vurublar. Guya ki, banka qaytardığımız səhmləri yenidən bizə veriblər. Necə veriblər ki, biz bir manat belə görməmişik? Sənəddə tarixin dəyişdirildiyi açıq-aşkar hiss olunur. Onun şəkilini mətbuat orqanlarına da vermişəm.

Mən də, Cahangir də məhkəmədə dəfələrlə vəsatət qaldırdıq ki, bankın kameralarında çəkilən görüntülər təqdim edilsin. Çünki milyonlarla manatlıq hissə sənədi bir neçə kağız parçası deyil ki, onu küçədə, bazarda kiməsə verə biləsən. Əgər bizə o səhmlər geri verilibsə, deməli, bu əməliyyat bankda aparılıb. Elədirsə, görüntülər bank kameralarının yaddaşında  da qalmalıdır. Nə qədər israr etsək də, hakim bizim vəsatəti təmin etmədi. Görünür, Cahangir Hacıyevin Beynəlxalq Bankı taladığı şousu kimlərəsə lazım imiş.

– İstər Cahangir Hacıyev, istərsə də siz müxtəlif zamanlarda mətbuata verdiyiniz açıqlamalarda bir çox təzyiqlərlə üzləşdiyinizi dilə gətiribsiniz. İddia etmisiniz ki, həbsxanada qardaşınıza qidalanma problemi yaradılır, özünüzə isə xaricə çıxmaq imkanı verilmir… Doğrudanmı, bütün bunların arxasında yalnız Samir Şərifovun gücü durur?

– Başımıza gələn bütün bu problemlər Samir Şərifovun qısqanclığından doğub… Bilirsinizmi, bizim cəmiyyətin qəribə bir xasiyyəti var. Hər kəs yıxılana balta vurmaq uğrunda yarışır. Bununla guya hakimiyyətə yaxın olduqlarını göstərir, gözə girmək istəyirlər. Başa düşmürlər ki, ölkə rəhbərliyi belə əməlləri sevmir, rəhbərlik üçün vacib olan məsələ həqiqəti üzə çıxarmaqdır. Di gəl ki, hər kəsin qaragüruhcasına şübhəli şəxsin üstünə yürüməsi, ona danışmaq imkanı verməyərək, öz aləmlərində qisas almağa çalışması həqiqətlərin üzə çıxmasının qarşısını alır. Bu mənada qaragüruhçuluqla rəhbərliyə ancaq “ayı xidməti” etmək olar.

Səhmlərlə bağlı problemi araşdırmaq üçün biz məhkəməyə müraciət etdik. Müraciətimizdə bildirdik ki, yaxşı, bu səhmləri bizdən yığdılar, əcəb elədilər. Bəs, niyə Zamirə Hacıyevanın 4 milyonluq səhmini aldığınız halda, kreditini bağlamayıbsınız? Sizcə, bu sualın araşdırılması təkcə bizim marağımıza uyğundur? Axı, burda mənimsənilən və yaxud hansısa səbəbdən yoxa çıxarılan külli miqdarda vəsaitdən söhbət gedir, Beynəlxalq Bankın, həmçinin Azərbaycanın iqtisadi gücünü artıracaq vəsaitin yox olması ilk növbədə hüquq-mühafizə orqanlarını, Ədliyyə Nazirliyini narahat etməlidir. Amma Ədliyyə Nazirliyi məhkəməyə təzyiq edirdi ki, qərarı bizim əleyhimizə çıxartsın. Axı niyə? Niyə bizim iddiamız araşdırılmadan bu cür qərarlar çıxarılmalıdır? Məhkəmə də bilirdi ki, qanunsuz qərar çıxırar, amma Ədliyyə Nazirliyindən göstəriş gəlmişdi, onlar nə etsinlər?

– İndi də eyni təzyiqlər davam edir? Davam edirsə, hansı şəkildə?

– Bəli, indi də təzyiqlər davam edir. Məsələn, mənim anam ilyarım əvvəl rəhmətə getdi. Qanuna görə, onun vərəsəlik hüququ övladlarına çatmalıdır. Yaxşı, deyək ki, anamın mülkiyyətinin yarısı Cahangirin payına düşür, həbsdə olduğuna görə ona vermirlər. Bəs, mənim nə günahım var? Bütün sənədləri düzəltdim, notariusa verdim. Ədliyyə Nazirliyi onlara da təzyiq etdi, vərəsəlik hüququmu təsdiqləmədilər.

– Niyə bu hüququnuzu tanımadılar? Səbəb nə göstərildi? Bəlkə, o mülkiyyətlərə də həbs qoyulub?

– Nəyə görə həbs qoyulmalıdır ki?

– Kredit borcuna görə…

– Axı mənim kredit borcum yoxdur. Üstəlik, belə olduğu təqdirdə də, bunu bizə bildirməlidirlər. Onlar isə heç bir səbəb göstərmir, ümumiyyətlə cavab vermirlər. Daha sonra mən bu məsələylə bağlı məhkəməyə müraciət etdim. Məhkəmə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin əməkdaşını çağırdı, vərəsəlik hüququnu niyə vermədiyini soruşdu. Məhkəməyə nə cavab verilsə, yaxşıdır? Dedilər ki, biz bilmirik. Necə siz bilməyə bilərsiniz? Bəs, kim bilməlidir? Bir ildir bu süründürməçilik davam edir.

İkinci təzyiq, mənim ölkədən çıxmağıma qoyulan “Stop”dur. Mən niyə “Stop”dayam, özüm də bilmirəm. Məhkəməyə, hüquq-mühafizə orqanlarına, Baş prokurora qədər şikayət yazmadığım ünvan qalmayıb. Heç birindən isə cavab almamışam. Heç vaxt kreditim olmayıb, heç bir kompaniyada təsisçi deyiləm, dolayısıyla vergi borcum da yoxdur. Belə çıxır ki, mən Cahangir Hacıyevin bacısı olduğuma görə, xaricə gedə bilmərəm. Belə bir qanun var?

– Yəni hesab edirsiniz ki, ölkədən çıxmağınıza qoyulan “Stop” hüquqi deyil, şəxsi qərəzçilikdən doğur?

– Bəli, şəxsi qərəzçilikdən… Belə qanun yoxdur axı, necə hüquqi ola bilər? Hal-hazırda bu məsələ ilə bağlı işimiz məhkəmədədir.

– Bu qədər şikayət məktubuna heç bir rəsmi cavab verilməməsi düşündürcüdür. Bəs, şəxsi söhbətlərinizdə bu mövqelərini nəylə əsaslandırırlar?

– Açıq-aşkar deyirlər ki, bizə belə tapşırıq verilib.

– Vallah, maraqlı ölkədə yaşayırıq. Cahangir Hacıyev nazirliyin tapşırığıyla bankın səhmlərini öz yaxınlarının adına sənədləşdirir, məhkəmə isə tapşırıqla onun qohumlarının elementar hüquqlarını tanımır. Bu ayır-buyur silsiləsində növbəti tapşırıqların sizi sevindirəcəyinə inanırsınızmı?

– Mən yenə də deyirəm, Cahangir Hacıyevin hansısa göstərişlə bu addımı atdığı barədə məlumata malik deyiləm və açığı, məlumatın səhihliyinə də inanmıram. Hətta bu məlumat doğru olsa belə, iki hadisəni eyniləşdirmək mümkün deyil. Ən azı ona görə ki, Cahangirin addımı insan taleyinə təsir göstərmirdi. Bizim səhmdarlığımız simvolik xarakter daşıyırdı. Səhmlər kiminsə adına olmalıydı və Cahangir bunu ən etibar etdiyi şəxslərin adına sənədləşdirmişdi. Sonrakı proseslər də ən etibarlı sənədləşdirmələrin məhz ailə üzvlərinin adına yazılanlar olduğunu göstərdi. Bəzilərindən fərqli olaraq, biz onsuz da gözümüz olmayan bu səhmləri dərhal geri qaytardıq.

O ki qaldı ümidimizə, biz heç vaxt onu itirməmişik. Hansı məmur öz  tabeliyində olan işçisinə nə tapşırıq verirsə-versin, sonunda həqiqətlər üzə çıxacaq və qələbə çalacaq. Ölkə rəhbəri cənab İlham Əliyev Cahangiri yaxşı tanıyır. Onun öz işinə necə məsuliyyətlə yanaşdığını bilir. Prezidentə səhv məlumatlar verənlərin də artıq iç üzləri açılır. Ümidvaram ki, ölkə rəhbəri öz ədalətli qərarıyla bizi sevindərəcək.

 

Söhbətləşdi: Heydər Oğuz

Strateq.az




Yuxarı Əvvələ Ana Səhifə