XƏBƏR LENTİ

26 Yanvar 2021

Digər Xəbərlər

04 Fevral 2017 - 09:55

Yadigar Sadıqlıdan həyəcan siqnalı:“Sosial partlayış baş verəcək”-VİDEO

Yadigar Sadıqlı: “Vəziyyət bu şəkildə davam edə bilməz, Azərbaycan ciddi iqtisadi sarsıntılara doğru gedir”

yadigar1

Yadigar Sadıqlı ilə heç bir zaman heç bir tanışlığımız olmayıb. Onu ara-sıra “Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu ilə mətbu-siyasi deyişmədə və qovğada görmüşəm və yaddaşımda da elə qazınıb. Başqa bir halda və başqa bir yerdə qarşıma çıxmayıb – təbiri caizsə. Sonra məhbusluq həyatım başlayanda onun adı hər zaman gündəmimdə olub. Hələ bir müddət əvvəl Aydın Canıyev “Xural”ın Lənkəran bölgəsi üzrə xüsusi müxbiri kimi yazdığı yazılar ölkəni bir-birinə vuranda və bunun da nəticəsində Aydın Canıyev həbs ediləndə, nədənsə hər zaman Yadigar Sadıqlının reaksiyasını gözləmişəm. O da hadisələrə heç bir reaksiya verməyib. Nədənsə mənə uzun müddət elə gəlib ki, Lənkərandan yazılan yazılara Yadigar bəy mütləq cavab və reaksiya verməlidir. Hətta yazılan yazıların səbəblərindən biri onu bilmişəm. Çox sonra – yalnız Bakı İstintaq Təcridxanasında Aydın Canıyevlə görüşüb söhbətləşəndən sonra bilmişəm ki, yox, Lənkəran məsələsinə onun heç bir dəxli yoxmuş.

Mənim həbsxana gündəliklərimdə digər bütün siyasi və vicdan məhbusları kimi, Yadigar Sadıqlının da siyasi həyatının bəzi detalları öz əksini tapıb. Onun tutulmasını, prosesi, məhkəməsini yaxından izləmişəm. İçi mən qarışıq bütün siyasi məhbuslara informasiya dəstəyi verən “Yeni Müsavat” qəzeti bu məsələdə diqqətçəkən şəkildə ona dəstək verib. Rauf Arifoğlunun belə həssaslıqları olur. Elə o da Yadigar Sadıqlının qiymətləndirməsinə səbəb olub və müsahibədən də hiss etdim ki, Raufla məsələ artıq qapanıb. Partiyası və başqanı ilə münasibətlər nə qədər gərgin olsa da…

Cəmiyyətin çox ləyaqətli və şərəfli adamlarındandır Yadıgar Sadıqlı. Çətin günlər insanın bütün xarakterik cizgilərini ortaya çıxarır. Həbsxana da elə oldu Yadigar bəy üçün. Tanımayanlar da tanıdı. Bilməyənlər də bildi. Əslində, zəmanənin bir qəribə məqamı da budur. İndi yaxşı oğullar və qızlar Vətənin həbsxanalarından xalqa daha çox sevimli çıxırlar. Yaxşı çıxanlar təbii ki. Yadigar Sadıqlı da Vətənin həbsxanalarından elə çıxanlardandır.

Ona daha çox Müsavatdaxili çəkişmələrdən suallar verilmişdi. Müsavatın qalmaqallı və nəticələri haqqında bitmək-tükənmək bilməyən qurultayı baş tutanda Yadigar Sadıqlı həbsxanada olub. Ona görə də onun suallara bu qədər aydın və sərrast cavab verəcəyini düşünmürdüm. Başqan müavini təyin olunanda da içəridə olub Yadigar bəy. Amma Arif Hacılının namizədliyini dəstəkləyib və bu gün də o qərarının üstündədir.

Ağır, sakit, çox danışmayan, nə danışdığını əməlli-başlı ölçüb-biçən bir xarakteri var. İddialı olduğu hiss olunmur, amma yox da deyil. Xarakterli bir müsavatçı kimi onun “Qaynar Qazan”da dedikləri önəmlidir.

“Qaynar Qazan”ın 34-cü qonağı Müsavat partiyasının başqan müavini Yadigar Sadıqlıdır…

Əvəz Zeynallı

 

 

III – sonuncu hissə

 

I hissəni buradan oxuya bilərsiniz: http://strateq.az/manshet/136804/yadigar-sadiqlidan-ana-muxalif%C9%99t-aciqlamasi.html (Yadigar Sadıqlıdan “ana müxalifət” açıqlaması:“AXCP rəhbərliyi Müsavatı zəif düşürməyə çalışır”-VİDEO)

II hissəni buradan oxuya bilərsiniz: http://strateq.az/manshet/137368/yadigar-sadiqli-musavat-sandigini-acir.html (Yadigar Sadıqlı “Müsavat sandığı”nı açır:“Tofiq Yaqublu ilə tamamilə əks mövqe tutmuşam” – VİDEO)

 

Sibirdə, Şimal Buzlu okeanında deyilik

yadigar

– Amin Cahangirli soruşur: “Bəy, Əliyev hakimiyyəti dövründə həbs olunan yüzlərlə müsavatçıların heç biri əfv ərizəsi yazmayıb. Siz də yazmadınız. Müsavat partiyasını digər siyasi təşkilatlardan fərqləndirən bu önəmli cəhətin səbəbi sizcə nədir?”

– Mənə elə gəlir ki, bütün bunlar Müsavat partiyasının kökləri ilə bağlıdır. Şəxsən mən özüm fikirləşirdim ki, ötən əsrin 20-30-cu illərində Leninin, Stalinin bolşevik həbs düşərgələrində müsavatçılar inanılmaz, müqayisə olunmaz dərəcədə ağır şəraitdə həbs çəkiblər. Lakin öz əqidələrinə, mənsubiyyətlərinə, öz siyasi kimliklərinə sadiq qalıblar və əqidələrindən dönməyiblər. O vaxt yaşayan insanların xatirələri ilə bağlı indi mətbuatda çox xəsisliklə, məhdud çərçivədə məlumatlarda – o adamların çoxu həbs düşərgələrində həlak olublar, çox az adam qalıb ki, Stalin öləndən sonra həbs düşərgələrindən salamat çıxsın – müsavatçılar haqqında qeydlərə rast gələndə həddindən artıq bir fəxarət hissi duyursan. Oleq Volkov adlı bir dissidentin müsavatçılar haqqında iki abzaslıq qeydləri var. O, əsərin sonunda qeyd edir ki, “kiçik xalqları əzən böyük bir xalqın nümayəndəsi olduğuma görə, həyatım boyunca utanc hissi keçirmişəm. Amma bu utanc hissi heç bir zaman müsavatçılar qarşısında hiss elədiyim qədər güclü olmayıb.” Yəni o insanlar özlərini o qədər alicənab, o qədər ağayana aparıblar. Qeyri-insani şəraitdə öz insanlıq ləyaqətini qoruyub saxlamaq heç də hər kəsə müyəssər olmur. İndi biz onlardan qat-qat yumşaq şəraitdə yaşayırıq. Azərbaycanda yaşayırıq. Sibirdə deyilik, Şimal Buzlu okeanında deyilik. Təbii ki, məhbəs istənilən halda arzuolunan deyil. Amma əgər o insanlar həmin şəraitlərdə sınmayıblarsa, yollarından dönməyiblərsə, o zaman biz də…

– Deyirsiniz ki, siz də onların varislərisiniz də…

– Biz də onların varisləriyik. Həftədə bir dəfə görüşdüyümüz halda, telefonla evimizlə, dostlarımızla danışdığımız halda, o dönəmin şəraitinə baxıb, indiki şəraitlə müqayisə edəndə alababat bir şəraitdə yaşadığımız halda biz niyə dəyişməliyik, biz niyə dönməliyik?

 

Müsavat partiyası təkcə görünənlərdən ibarət deyil

 

– Əlirza Ələkbər soruşur: “İndiki komanda ilə Müsavatın hakimiyyətə gəlməsi nə qədər realdır? Müsavat partiyası hakimiyyətə gələcəyi təqdirdə hansı siyasi dəyişiklikləri həyata keçirəcək?” Elvin Cahangirov soruşur: “Müsavat partiyasının hakimiyyətə gələcəyi təqdirdə siz müdafiə naziri vəzifəsində işləyə bilərsinizmi? Və ya müdafiə sektoruna nəzarət edə bilərsinizmi?” Bununla bağlı bir başqa sual da var. Aytən Həsənzadə soruşur: “Mənə elə gəlir ki, Azərbaycanda demokratik hakimiyyət qurulacağı  təqdirdə Yadigar Sadıqov təhsil naziri vəzifəsində olsa, xalqımız daha çox xeyir görər. Onun kimi ziyalı, prinsipial bir insanın gələcək nəslin maariflənməsində əməyi daha vacidsir”. Maraqlı fikirlərdir…

– Əlirza bəyin sualına cavab verim. Mənə elə gəlir ki, ideal da olmasa, babat bir komandası olan siyasi təşkilat elə Müsavat partiyasıdır. Əgər Əlirza bəy partiyanın komandası haqqında qeyri-qənaətbəxş fikirdədirsə, onda heç bir partiyanın hakimiyyəti dəyişə biləcək komandası yoxdur. Çünki Müsavat partiyasında daha çox tanınmış insanlar var. Daha çox öz işləri üzrə mütəxəssislər var, nəinki başqa partiyalarda… Bir şeyi də demək istəyirəm ki, Müsavat partiyası təkcə görünənlərdən ibarət deyil. Cəmiyyətdə Müsavat partiyasının kifayət qədər komandası var. Müəyyən səbəblərdən bunlar aktiv deyillər, bu gün üzdə deyillər. Amma biz onları öz komandamız hesab edirik və əminik ki, onlar da hakimiyyətə gəldiyimiz təqdirdə bizə ciddi dəstək verəcəklər. Nazir məsələsinə gəlincə… Düzü, mən belə məsələləri müzakirə eləməyi xoşlamıram. Müsavat partiyasında iki təyinatlı vəzifə tutmuşam. Müsavat partiyasının başqanı İsa Qəmbərin müşaviri və indiki başqan Arif Hacının müavini. Heç bir halda mən bunu istəməmişəm. İsa bəyə deyim ki, məni müşavir təyin elə və yaxud da Arif bəylə şərt kəsim ki, mən sizin başqanlığınızı dəstəkləyəcəyəm, amma siz də məni başqan müavini təyin edin, mən belə şeyləri özüm üçün də yaxşı hal hesab eləmirəm.

– Yəni deyirsiniz ki, hansı nazir vəzifəsinə təyin eləsələr, gedərəm?

(Gülür…) İndidən danışmayaq. Bəlkə o vaxt prezident olan adam məni nazir vəzifəsinə layiq bilməyəcək? Bəlkə biz sıravi vəzifə tutacağıq?

– Bəlkə həbs eləyəcəklər?

– Nə bilim… (Gülür…)

– Əlirza bəyin bir sualı da var: “Müsavat partiyası hakimiyyətə gələcəyi təqdirdə hansı siyasi dəyişiklikləri həyata keçirəcək?”

– Hə, artıq Azərbaycanda da bir çoxları bu fikrə yönəlirlər ki, Azərbaycanda prezident üsul-idarəsi, parlament üsul idarəsi ilə əvəz olunmalıdır. Biz də bunun tərəfdarıyıq və İctimai Palatanın yol xəritəsində də bu, öz əksini tapmışdı. Milli Şuranın sənədlərində də öz əksini tapmışdı. Bu gün Müsavat partiyası parlament üsul-idarəsinə keçidin tərəfdarıdır. Maksimum qısa müddətdə… Yəni bu gün hakimiyyətə gələcəyik, sabah bu idarəetmə üsuluna keçəcəyik, təbii ki, bu, mümkün olan şey deyil. Müəyyən islahatlar, o cümlədən də Konstitusiya islahatları aparılmalıdır. Bu, ən çoxu 5 il çəkər. 5 ildən çox çəkməməlidir.  Hakimiyyət dəyişikliklərindən sonra parlament respublikasına keçmək. Milli Məclisin formalaşmasında partiyaların da rolunu artıqmaq məqsədilə proporsional seçki sistemi tətbiq olunmalıdır. Ola bilsin ki, müəyyən qədər mojaritar sistem də saxlanılsın. Çünki ola bilər ki, bu gün rayonlarda siyasi mənsubiyyəti olmayan insanlar parlamentdə təmsil olunmaq istəsinlər. Milli azlıqların nümayəndələri ola bilsin ki, parlamentdə təmsil olunmaq istəsinlər. Buna görə də mojaritar qaydada müəyyən qədər limit saxlanılmalıdır. İnzibati ərazi bölgüsündə dəyişikliklər ola bilər. Rayonları, vilayətləri çevirməklə bağlı müzakirələr də aparmaq olar. İcra hakimiyyəti strukturları ləğv olunmalıdır. Bələdiyyələrin səlahiyyətləri artırılmalıdır. Ən azı, Bakı, Gəncə və Sumqayıtda böyükşəhər bələdiyyələri yaranmalıdır. Yəni kifayət qədər siyasi islahatlar gərəkdir.

– Yəni çoxdur deyirsiniz…

– Bəli.

– Kamil Behbudov soruşur: “Bildiyiniz kimi, Elçibəyin prezidentliyi dönəmində azsaylı xalqların dilinə, mədəniyyətinə münasibət kökündən dəyişdi. Onların milli kimliyinin itirilməməsi üçün dərsliklərin çap edilməsi, mədəniyyət ocaqlarının bərpası başlandı. Müsavat partiyası iqtidar olacağı təqdirdə, bu dəyərlər davam etdiriləcəkmi? Ləzgi müsavatçı olaraq, sual verirəm”.

– Yaxşı sualdır. Bizdə bir müddət Elçibəy hakimiyyətinin təşəbbüslərindən sonra müəyyən sınma baş verdi. Bir tərəfdən hakimiyyət dəyişdi, Elçibəyin verdiyi fərman işləmədi. Digər tərəfdən, “Dövlər Dili ”haqqında qanunda müddəa var idi ki, milli azlıqların nümayəndələri öz dillərində təhsil almaq hüququna malikdirlər. “Dövlət Dili” haqqında qanun da dəyişdirildi. O müddəa da çıxarıldı. Azərbaycanda da müəyyən proseslər getdi. Cənubda, Lənkəranda “Talış Muğan Muxtar Respublikası”nın yaradılması ilə bağlı, şimalda Rusiyanın əli ilə “Sadval” hərəkatı və s. demokratik qüvvələrin milli məsələlərdən çəkinməyinə səbəb oldu. Lakin bir neçə il bundan qabaq bəziləri iddia edirlər ki, mənim də bu məsələdə ciddi rolum olub. Biz bu məsələdə bir buzu əritməyə, o tabuları götürməyə nail olduq. Xüsusilə də, Hilal Məmmədov həbs olunanda bu, açıq-aşkar göründü. Təbii ki, xüsusilə Müsavat partiyası olaraq biz daha öncüllük nümayiş etdirmişik. İlk dəfə bir çox məsələlərə münasibət bildirmişik. Hesab edirik ki, necə ki, digər sahələrdə biz insan hüquq və azadlıqlarından danışanda Avropa konvensiyası, BMT-nin xartiyaları, bəyannamələrini əsas gətirdiksə, milli azlıqların hüquqları ilə bağlı məsələlərdə də onlara istinad eləməliyik və onların hüquqlarını həmin xartiyalar və bəyannamələr çərçivəsində təmin olunmasına çalışmalıyıq. Çalışacağıq da. Çünki düzü, heç cür təsəvvür olunası bir şey deyil ki, demokratik bir hakimiyyətdən, demokratik bir dövlətdən danışırsan və bu demokratiya insan hüquq və azadlıqları cəmiyyətin hər hansı bir təbəqəsinə şamil olunur, digər bir təbəqəsinə isə şamil olunmur. Bu olacaq bir şey deyil. Digər tərəfdən, demokratiyada adətən seçkiləri bir neçə faiz həll eləyir. Demokratik ölkələrdə prezident 51-52 faiz səslə seçilir. O da bir çox hallarda ikinci turda. Təbii ki, belə olan halda hər bir vətəndaşın səsi qiymətli olur. Hər bir elektoral təbəqənin səsi qiymətli olur. Bizdə də yüz minlərlə milli azlıqların nümayəndələri yaşayır. Onlar da qeyri-türk xalqlardır – talışlar, ləzgilər, saxurlar, avarlar, tatlar, udinlərdir. Belə olan halda istər-istəməz, hətta münasibəti yaxşı olmayan mövqe tutan siyasi partiya belə, o insanların səsini qazanmaq üçün işləməli olacaq. Bu elektoral təbəqə ilə işləməli olacaq. Onların səsini qazanmaq üçün də onların hüquqlarını təmin eləmək lazımdır.

 

Həddindən artıq çox savadlı filoloqdur, dilçidir

yadigar-evez3

– Xeyli təqdiredici suallar var. Son iki müsahibdən, Hafiz Hacıyev və Eynulla Fətullayevdən fərqli olaraq sizə təqdiredici suallar çox gəlib. Onlara sual verəndə məni bir qədər əziyyətə salırdı, amma sizdə maşallah, hər kəs təqdir eləyir. Nurlan Mirəli soruşur: “Yadigar bəy, sizin təqdimatınızda 3 şəxsi tanımaq istəyirəm – Şəmşad Ağa, Elman Fəttah və Erkin Qədirli.”

– Mən Lənkəran Dövlət Universitetində işlədiyim dövrdən Şəmşad Ağanı tanıyıram. O, tələbə idi. 2003-cü il prezident seçkilərindən sonra universitetdən kənarlaşdırılmışdım. 40 gün sonra yenidən bərpa olundum. Şəmşad Ağa ilə tanışlığımız həmin o kənarlaşdırma dövrünə düşüb. Sonradan dost olduq, baxmayaraq ki, o tələbə, mən isə müəllim idim. Düzü, mən çox heyfsilənirəm ki, Şəmşad öz ixtisası üzrə – filologiya ixtisası üzrə elmi dərəcə alamaq imkanında deyil. Həddindən artıq çox savadlı filoloqdur, dilçidir, ədəbiyyatı da gözəl bilir, amma məndə olan təəssürata görə dilçiliyi daha mükəmməl bilir. Azərbaycan dilçiliyinə çox xeyir verə bilərdi. Lakin bir yandan siyasi fəaliyyətlə məşğul olması, bir yandan öz ailəsini yaşatmaq üçün jurnalistika fəaliyyəti ilə məşğuldur. Bu da onun elmi fəaliyyətinin qarşısını alıb. Digər tərəfdən, Şəmşad demokratik düşərgənin layiqli simalarından biridir. Çox gözəl dostdur…

– Elman Fəttah və Erkin Qədirli haqqında…

– Elman Fəttah mənim hüquqlarımın müdafiə komitəsinin sədri idi. Müstəsna bir fədakarlıq, fəallıq nümayiş etdirdi. Mən Elmana çox borcluyam. Mənim həbs şəraitimi bacardıqca, imkan daxilində konfortlu elədiyi üçün… Nəyə ehtiyacım olub, nə lazım olub, dərhal sovqat olaraq gətirib, görüşüb və s. Elman çox fədakar bir müsavatçıdır. Elman bütün həyatını Müsavat partiyasına həsr etmiş adamdır. Demokratik düşərgəyə, Müsavat partiyasına, Azərbaycanın demokratik mübarizəsinə həyatını sərf etmiş bir insandır. Gözəl intellektə sahib bir insandır. Elmanla müsahib olmaq həmişə mənə xoş olub. Biz hər zaman bir-birimizdən nələrisə öyrənmişik. Erkin Qədirliyə gəldikdə isə, o, mənim Azərbaycanda ən hörmət elədiyim insanlardan biridir. Erkini şəxsən ləyaqət, vicdan, ədalət mücəssəməsi kimi tanıyıram. Ola bilər, fikirlərimiz üst-üstə düşməyəndə belə Erkin öz ədalət hissini heç vaxt itirməyən bir insandır. Erkinin ədalət hissi, vicdan hissi nə bir ReAL təşkilatı daxilində, nə bir ideologiya ilə məhdudlaşan deyil. Əgər başqa bir təşkilatın gözəl işini gördüsə, bunu deməkdən çəkinməyəcək, başqa bir insanın gözəl əməlini gördüsə, onu deməkdən çəkinməyəcək. Ən yaxın dostunun da mənfi işini deməkdən çəkinməyəcək. Erkin çox gösəl, çox ləyaqətli bir insandır. Təbii ki, onu deməmək də olar, çünki bütün Azərbaycan bilir ki, Erkin intellektualdır.

 

Azər Həsrət 2005-ci ildə bu hakimiyyəti tamamilə silib-süpürməyə çağırış edirdi

 

– Azər Həsrət yazır: “Yadigar bəylə fərqli siyasi cəbhələrdə olsaq da, onu normal birisi kimi tanıyır, qəbul edirəm. Yəni bu adamla əxlaq çərçivəsində ən kəskin müzakirələr etmək mümkündür. Amma təəssüf ki, prezident İlham Əliyevin doğum günü ilə bağlı sosial şəbəkədə etdiyim paylaşımdan sitat paylaşaraq mənimlə bağlı açdığı müzakirələrdə haqqımda təhqir səsləndirənlərə yerini göstərmədi. Müzakirə onun facebook profilində gedirdi. Ədəb həddini aşmayanlara mən də cavab verirdim. Lakin söyüş söyənlər də oldu ki, Yadigar bəy onlara lazımi qaydada yerini göstərmədi. Buna üzüldüyümü səsləndirməyinizi istərdim. Arzu edərsə. Cavab versin”.

– Mən bilən həmin müzakirələrdə söyüş yox idi. Əgər bizim anladığımız tərzdə söyüşlərdən söhbət gedirsə, söyüş yox idi. Azər Həsrətin 10 il əvvəlki mövqeyi ilə indiki mövqeyi arasında kəskin bir fərq var. Bir çox hallarda insanlar bunu “xəyanət, təhqir, yaltaqlıq, ikiüzlülük” və s. kimi qiymətləndirirdilər. Xoşagələn sözlər deyil, təbii ki… Mən də bir qədər müəmmada qaldım ki, o rəyləri pozsam, o zaman burada söhbət nədən gedəcək? Bu mövqe var da… 2005-ci ildə bu hakimiyyəti tamamilə silib-süpürməyə çağırış edirsən, bu gün isə tamamilə  sadiq təbəə kimisən. O zaman insanlar buna hansı münasibəti bildirəcəklər? Olmur da belə… Onda mən gərək müzakirələri tamamilə bağlayaydım. Xoş sözlər səslənmirdi. Mən də xoşlamıram kimsə bu şəkildə təhqir olunsun. Amma, nə bilim…

– Anar Bayramoğlu soruşur: “Yadigar bəy həbsxanada neçə kitab oxuyub və nəyə aid oxuyub?” Varmı elə bir dəqiq sayı ki, neçə kitab oxumusunuz?

– Dəqiq sayını deyə bilmərəm. Amma təxmini bilirəm. Həbsdən azadlığa çıxanda da eyni suala cavab istəmişdilər, avtomatik olaraq 25 kitabın adını yazıb göndərmişdim. Amma oxuduqlarım yəqin ki, ondan bir 2-3 dəfə çox idi. Həbsimdən öncə bədii ədəbiyyatın izlənməsi ilə bağlı problem hiss edirdim. Çünki vaxt azlığı səbəbindən siyasətçi və tarixçi peşəmlə əlaqədar olaraq, daha çox siyasi və tarixi ədəbiyyatlara üstünlük verirdim. Həbsxanada bunu kompensə eləməyə çalışdım. Bədii ədəbiyyat daha çox oxudum. Hərçənd dostlar tarixi ədəbiyyat da göndərirdilər. Onları da oxuyurdum. Müxtəlif yazıçıların əsərlərini oxudum. Rusiyadan Soljenitsını, Bulqakovu. Amerikadan Sinker, Dissivin Kinq, Amadu, yapon yazıçısı Kavabatanın əsərlərini oxudum. Alman ədəbiyyatından Freyd Mangel, Lager Tvist, Kamyu və s. oxudum. Onu da deyim ki, həbsxanalarda ədəbiyyat da zənginləşib. Yəqin siz də görmüsünüz. İlham Əliyevin sərəncamı ilə dünya klassiklərinin tərcümə olunması bir xeyli oxumaq üçün kitab imkanı yaratdı…Yəni oxumağa kitablar var idi. Bunu da bir müsbət məqam kimi qeyd eləmək lazımdır.

– Ədəbiyyat zəngindir. Nəyi oxumaq istəyirsənsə, tapmaq olar. Türmənin yaxşı bir duası var. Deyirlər ki, “özlərinə qismət”, yəni həbsxanalarda müəyyən şeylər var ki, düzəlib.

– Elədir…

– Allah məmurlarımızın da bəzilərinə qismət eləsin.

(Gülür…) Bizim az ağır cinayətlərin həbsxanasında insanlara az iş kəsirdilər və onlar 2-3 il qalandan sonra gedirdilər. Amma elə insanlar da var idi ki, 10 il, 7 il  bundan qabaq həmin 14 saylı həbsxanada yatmışdılar. Onlar da etiraf edirlər ki…

– Hə, mən də şahidi olmuşam, dəyişikiliklər çoxdur. Həm də həbsxana yerlərində saxlanılanlarla bağlı son qanun çıxdı. O qanun inqilab mahiyyətli idi, əslində… Bilmirəm, hakimiyyət onu niyə təbliğ eləmədi. Amma çox yaxşı bir qanundur.

– Hansı qanun?

– Son qanun – təqsirləndirilən şəxslərə görüş imkanının verilməsi, həftədə iki dəfə telefon danışığına icazə verilməsi, həftədə bir dəfə görüş və s.

– Hə..

– Yəni çox inqilabi mahiyyətli bir qanun idi.  

– Əvvəl müstəntiqin icazəsi ilə idi…

– Amma indi birbaşa həbsxana rəislərinin, təcridxana rəislərinin səlahiyyətlərindədir və qanunun əmredici, normativ hüququdur, göstəricisidir. Şəmsiyyə Qasımova soruşur: “Yadigar bəy, həbsiniz zamanı oğlunuza məktub və son sözünüzlə yadda qaldınız. Onları yazmağınız haqqında danışın zəhmət olmasa…” Hə, son sözünüz də, oğlunuza yazdığınız məktub da çox təsiredici idi.

– 2013-cü il dekabrın 5-də oğlumun ad günü idi, 12 yaşı tamam olurdu.

– Allah saxlasın.

– Çox sağ olun. Hesab elədim ki, bir məktub yazmaq lazımdır. Oğlumu necə görmək istədiyimi, ona arzuladıqlarımı yazdım. Hələ bunu ictimailəşdirmək də lazımdır ki, bizim arzularımıza, daxili aləmimizə cəmiyyət də bələd olsun. Bir çoxları bizim mübarizəmizi, nə bilim, hakimiyyət davası hesab edir, kreslo davası kimi qiymətləndirir. Amma doğrudan, gerçəkdə nə istədiklərimizi cəmiyyət də bilsin. O səbəbdən oğluma məktub yazdım. Qısa məktub idi:

 

Yadigar Sadıqovun oğluna məktubu

yadigar2

Haşiyə:

 

“Mən hansısa cinayətə görə deyil, sənə daha yaxşı məmləkət bəxş etmək istəyimə görə həbsdəyəm”

 

“Əziz oglum, 12 yaşın tamam olur və 12 il ərzində ilk dəfə sənin doğum günündə iştirak etməyəcəm. Əslində elə də uzaqda olmayacağam. Bu sətirləri sənə yazarkən dustaq qatarındayam. Növbəti məhkəmə prosesində iştirakdan ötrü Lənkərana gətirilirəm. Doğum günündə də Lənkəranda, evimizdən 15 dəqiqəlik piyada məsafəsi yaxınlığında yerləşən “məkan”da olacağam. Amma bu məsafəni qət edib yanına gələ bilməyəcəyəm, bağışla.

Üzüləcəyini bilirəm. Hətta “heç bir hədiyyə istəmirəm, təki atam qayıtsın”, – deməyini də bilirəm. Amma üzülmə. Çünki mən hansısa cinayətə görə deyil, sənə daha yaxşı bir məmləkət, ədalətli bir cəmiyyət bəxş etmək istəyimə görə həbsdəyəm. İstəyirəm, elə bir cəmiyyət olsun ki, sən orada şərəfin və ləyaqətinlə sərbəst yaşaya biləsən. Buna görə təqib və təzyiqlərə məruz qalmayasan. O cəmiyyətin qaydaları bütün gücü ilə səni yalana, yaltaqlığa, riyakarlığa zorlamasın. Bu, tək mənim yox, babalarımızın – Rəsulzadələrin, Tobçubaşovların, Üzeyir bəylərin bizə miras qoyduğu Müsavatın 1 əsrdən artıq davam edən ləyaqət mücadiləsidir. İnşallah, böyüyəndə bunu layiqincə qiymətləndirəcək təfəkkür və mənəviyyat sahibi olarsan.

Son dəfə məhkəmə zalında görüşəndə məndən ayrılarkən yəqin ki, göz yaşlarını gizlətmək üçün başını aşagı salıb getdin. Etmə, oğlum. Başını hər zaman dik tut. Sənin başının ucalığı mənim mübarizəmin motivlərindən biridir. Nə mənim həbsimdə, nə sənin göz yaşlarında utanılacaq bir şey yox. Həyatda elə anlar olur ki, baş verənlərə yalnız göz yaşlarınla üsyan edə bilirsən. Sənin göz yaşların da atanın həbsinə üsyanındır. Zatən bu yaşda əlindən başqa şey gəlməz. Oğlum, sənə arzularım da, öyüdlərim də sonsuzdur. Qismət olar, zamanında və məqamında söylərəm. Bu gün isə sənə bir şeyi, adına layiq olmağı arzulayıram. Sən dünyaya gələndə biz sənə çox gözəl bir ad, Məhəmməd adını verdik. Bu adın istər mənsub olduğumuz ümmətin, istərsə də millətimizin tarixində müstəsna yeri var. Həm dinimizin, həm də istiqlalımızın baniləri bu adı daşımışlar. Birincisi, insanlara bərabərliyi, ikincisi millətimizə MÜSAVAT-çılığı bəxş etdi ki, elə bu da bərabərlik deməkdir. Bərabərlik isə yalnız azadlıq olan yerdə mövcuddur. Necə ki, böyük Rəsulzadə “İnsanlara hürriyət”i müsavatçılığın baş şüarı yaptı. Övladına Məhəmməd adını görüntü üçün yox, məsuliyyətini dərk edərək verən şəxs AZADLIQ və BƏRABƏRLİK üçün mübarizə etməyə bilməz, mən də etdim. Sən də adının məsuliyyətini dərk et, ona layiq yaşa. Ədalətli ol, vicdanınla, şərəfinlə, ləyaqətinlə yaşa. Nə zalım ol, nə məzlum. Hüquqlarını göz bəbəyin kimi qoru, kimsəyə güzəşt eləmə. Amma digərlərinin hüquqlarını da özün üçün qırmızı xətt hesab elə, tapdalama. İnsanlara xeyirli, cəmiyyətə faydalı ol. Unutma ki, Kişinin ən böyük öhdəliyi Vətən və millət qarşısında olan borcudur. Yolun açıq, Tanrı yardımçın olsun.

 

Atan,

Yadigar Sadıqov

Dustaq qatarı: 02.12.2013"

 

Mən bu məktubu əvvəlcə tamamilə başqa cür yazmışdım. Sonra necə oldusa, təkamül getdi, yavaş-yavaş, dəyişə-dəyişə bir neçə nüsxəsini yazdım. Özü də həbsxanada noutbook yoxdur.

 

Hakim sözümü heç kəsmədi…

yadigar-evez2

– Gərək barmaqların yara tökə-tökə yazasan…

– Noutbookdakı kimi silib, təzədən yazmırsan. Hər dəfəsində də kağızı  dəyişmək lazımdır. Kifayət qədər uğurlu oldu, özüm də bəyəndim. O qədər bəyəndim ki, növbəti ad günlərində daha bir şey yazmadım ki, bir qədər zəif düşə bilər. (Gülür…) Son söz isə, daha çətin oldu. Onda həm istintaq materiallarına nüfuz eləmək lazım idi, öz yadında qalanları söyləməliydin. Onları araşdırmaq, tutuşdurmaq, şahidlərin ifadələrindəki uyğunsuzluqları tapmaq. Sonra da onun bir siyasi bölümü var idi. Düzü, mən əvvəl fikirləşdim ki, sırf ittihamın özünə münasibət bildirim və ya bildirməyim, keçim birbaşa siyasi məsələyə. Çünki son sözü çox böyütmək də istəmirdim. Çünki onun oxunaqlığına da təsir eləyir. Sonradan bir çoxları mənə dedilər ki, sırf siyasi bloku versəydin, kifayət olardı. Amma mən hesab elədim ki, mənə verilən ittiham bir qədər başqa cürdür. Əgər məni narkotika ittihamı ilə tutsaydılar, mən o ittihamın özünə heç bir münasibət bildirməzdim. Çünki cəmiyyətin də özünə aydın olardı ki, bu, tamamilə absurd bir ittihamdır. Amma adam döymək, xuliqanlıq məsələsi… Hamımız qafqazlıyıq. İnsan müəyyən anda özünə nəzarəti itirə bilər, əsəbləşə bilər. Ola bilsin, kimsə hesab edə bilər ki, bəlkə doğrudan da belə bir hal yaranıb ki, mən özümə nəzarəti itirmişəm və kimisə döymüşəm. Doğrudan da kimsə təxribata çəkib məni… Ona görə lazım bildim ki, ittihamın özünə də, mahiyyətinə də fikir bildirim. Son sözün qalan hissəsi də siyasi bir çıxış idi. Çox qəribə oldu ki, hakim sözümü heç kəsmədi. Heç olmasa siyasi blok hissəsində… Axıracan fikrimi səsləndirdim. Kürdəxanıdan gedərkən, Lənkərandan etap olunarkən, axtarış vaxtı əlyazmam orada idi. Dedim ki, son sözümdür, məhkəmədə deyəcəm. Heç bir maneə törədilmədi. Amma deyəsən, ondan bir nəticə çıxarıblar. Qiyas və Bayramın məhkəməsində məlum oldu ki, onların son sözlərini çıxarmağa icazə verməyiblər.  Deyəsən, mənim məhkəmədə səsləndirdiyim son sözdən sonra hakimiyyət taktikasını dəyişməyə çalışır. O son sözü mən 20 gün müddətində yazdım. Elə olurdu ki, bir kağızı dəyişdirirdim, elə də olurdu ki, bütöv strukturu dəyişməli olurdum. Səhv eləmirəmsə, 7 dəfə onu başdan-ayağa dəyişmişəm. Onu başdan-ayağa yazmışam, köçürmüşəm. Arada da bir neçə kağızı dəyişmək şərtilə…

– Üzünüzə duran adamla bütün bunlardan sonra heç üz-üzə gəlibsinizmi?

– Belə, uzaqdan… Bir dəfə mən dayanmışdım, o maşınla yanlmdan keçdi, bir dəfə də o dayanmışdı, mən onun yanından keçdim. Qəribədir ki, nə üzümə duran şahidlərlə, nə də zərərçəkənlərlə üzbəüz rast gəlməmişəm.

– Rüfət Baxışbəyli yazır: “Əliyev hakimiyyətinin yanlış daxili və xarici siyasəti nəticəsində ölkə iqtisadiyyatı sürətlə enişə doğru gedir. Xarici investorlar ölkəni tərk edir. İşsizliyin səviyyəsi artır. Ölkədə hakimiyyətdən narazı vətəndaşların sayı günbəgün çoxalır. Yadigar bəy, sizcə bütün bu narazılıqlar köklü dəyişikliklərə gətirib çıxara bilərmi? Belə olan halda Müsavat partiyası hansı addımlar atmağı düşünür?” Ölkədəki vəziyyət acınacaqlıdır…

– Təbii…

– Son yeniliklərdən bilmirəm, xəbəriniz varmı? Elektrik enerjisinin qiymətləri qaldırıldı.

– Azərbaycanda yaşayırıq. Hər şeydən xəbərim var.

– Əhaliyə fantastik qəbzlər gəlir.

– Sosial şəbəkələrdə şəkillərini görürəm.

– Bu gün də benzinin qiyməti 10 qəpik artırıldı..

– 93?

 

Sosial partlayış baş verəcək

yadigar-evez1

– Yəqin ki, hamısı artırılacaq. İstərdim ki, bu kontekstdə sualları cavablandırasınız.

– Təbii… Hamımız Azərbaycanda yaşayırıq və biz də nazir kimi ali səviyyədə yaşamırıq. Adi vətəndaş necə yaşayırsa, biz də elə yaşayırıq. İnsanların hiss etdiklərini biz də hiss edirik.  Biz də işıq pulu, qaz pulu, kommunal xərclərin ağırlığından əziyyət çəkirik. Gətirməlidir… İstənilən parametrlər onu göstərir ki, vəziyyət bu şəkildə davam edə bilməz. Azərbaycan ciddi iqtisadi sarsıntılara doğru gedir. Və insanların narazılıqları bu qədər susqunluqla davam etməyəcək. Son nəticədə…

– Partlayacaq…

– …Bəli, bir partlayış baş verəcək… Sosial partlayış baş verəcək. Lakin sosial partlayışı proqnozlaşdırmaq da çox çətin məsələdir. Ola bilsin, mən sizinlə danışdığım zamanlarda önəmli hadisələr baş versin. Ola bilər, bir neçə aydan sonra baş versin. Amma bu, olan bir şeydir. Bir tarixçi kimi tarixdən də nümunələr gətirmək olar. Rusiya tarixində XX əsrin əvvəllərində inqilabçı partiyalar terror aktları, tətillər, nümayişlər bahasına çalışdılar ki, çarı devirsinlər. Bir şeyə nail ola bilmədilər. 1917-ci ilin fevralında isə üç gün ərzində siyasi partiyaların xəbəri olmadan, insanlar qalxdılar və Sank-Peterburqu iflic elədilər. Çar məcbur olub istefa verdi və əsrlər boyu sahib olduğu taxt-tacından əl çəkdi. Yəni sosial partlayışı əvvəlcədən proqnozlaşdırmaq çətin məsələdir, belə qeyri-mümkün məsələdir, daha doğrusu. Amma hər halda bu da qaçılmazdır. Azərbaycanda bütün göstəricilər onu göstərir ki, bu qaçılmazdır. O etirazların baş verəcəyi təqdirdə Müsavat partiyası həmişə olduğu kimi xalqın yanında olacaq.

– Yadigar bəy, niyə bu məsələlərlə bağlı mitinqlər eləmirsiniz, müzakirələr aparmırsınız? Söhbət ümumiyyətlə, müxalifətdən gedir. Hər dəfə də insanlar bunu soruşurlar. Bir mitinqlə hərəkətlənməni planlaşdırmaq mümkün deyilmi? Daha nə olmalıdır ki, müxalifət hərəkətə keçsin?

– Müxalifətin hərəkətə keçməyi problem deyil. Tutalım, sabah 4-5 min nəfərlik bir mitinq keçirək.

 

Xalqın içindəyik də, kənarda deyilik

yadigar-evez

– Amma insanlar da gəlmir, deyirsiniz?

– Bir şey deyil, axı. Müxalifətin hərəkətə keçməyində heç bir problem yoxdur. İstənilən vaxtı bir mitinq, nümayiş, piket və s. və i. keçirə bilərik. Amma bu, ümumi prosesə xeyirli olacaq, yoxsa ziyanlı olacaq və yaxud da heç bir təsir göstərməyəcək? Bunu aydınlaşdırmaq lazımdır. Həbslər ola bilər, bu mənfi təsir edəcək. Söhbət bizdən getmir, bizə təsir etməyəcək…

– Təbii ki…

– İnsanlara təsir edəcək və demokratik prosesdə olan insanlardan çox az adam tapılar ki, heç olmasa inzibati həbs yatmasın, ona polisin heç olmasa bir dəyənəyi dəyməsin. Buna öyrəşmiş insanlarıq. Söhbət bizim gözümüzü qorxmağından getmir, insanların gözünün qorxmağından gedir. Bu, mənfi təsir edə bilər. Və yaxud da sentyabr ayında keçirdiyimiz bir mitinq olarsa, belə çıxacaq ki, bununda nə mənfi, nə də müsbət təsiri oldu. İnsanlar yenə gəlmədilərsə, bu, bir qədər ruh düşkünlüyünə səbəb ola bilər. Biz vəziyyəti izləyirik. Xalqın içindəyik də, kənarda deyilik. Əgər doğrudan da o hazırlığı hiss eləsək, hiss eləsək ki, insanlar gələcək və doğrudan bir 10-15 min insan mitinqdə öz etirazını bildirəcək, dərhal mitinq keçirəcəyik.

– Cavid Məmmədzadə soruşur: “Yadigar bəy ən doğru seçimdir…” Bunu hər kəs qeyd eləyir. Ümumiyyətlə, bunu qeyd eləyənlər çoxdur…

– Sağ olsunlar…

– “…Yadigar bəy İlham Əliyevə kimi rəqib görür?”

– İlham Əliyevə rəqib, istər Müsavat partiyasında, istər Milli Şurada, istər ReAL təşkilatında bir yox, bir neçə şəxs ola bilər. Müsavat partiyasında İsa bəy, Arif Hacılı, Milli Şurada o vaxtlar vahid namizədimiz olan Cəmil müəllim, AXCP-də Əli Kərimli, ReAL-da İlqar Məmmədov namizəd ola bilər. NİDA və D18-də yeni nəsil siyasətçilər yetişir. Ümid edirəm ki, yaxın zamanlarda onlar İlham Əliyevə yox, bizə rəqib olacaqlar… (Gülür…) Həddindən artıq rasional yanaşma var ki, İlham Əliyevi əvəz etmək üçün dəhşətli bir fiqur lazımdır. Əslində isə o deyil. İkincisi də siyasi hazırlığı olan kadrlarımız var, insanlarımız var.

– Tərlan Əzizov soruşur: “Çoxları İlham Əliyevin referendumdan dərhal sonra növbədənkənar prezident seçkiləri təyin edəcəyini proqnozlaşdırırdılar. Amma bu, baş vermədi. Sizcə, buna nə mane oldu? Yoxsa proqnozlar tələsik idimi?”

– Ümumiyyətlə, bu referendumdan nə öncəsi, nə də sonrası əməlli baş çıxarmaq olmadı. Hətta hakimiyyət nümayəndələrinin bir çoxunun referendumla bağlı verdiyi izahatda mən qeyri-müəyyənlik sezirdim ki, onlar da məlumatlı deyillər ki, bu referendum niyə keçirildi. Ondan sonra da təkcə növbədənkənar prezident seçkiləri yox, vitse-prezidentlik məsələsi tamamlanmadı. Əgər bu, lazım idisə, öz siyasi mənafeyiniz naminə keçirdinizsə, referendumdan 4 aya yaxındır vaxt keçir, niyə təyin eləməmisiniz? Digər tərəfdən götürəndə, ümumiyyətlə, mənə anlaşılmaz gəlirdi ki, hakimiyyət Artur Rəsizadəni hansısa bir şəxslə dəyişməyə çəkinir. Çünki bu, hakimiyyətdaxili qruplaşmalar tərəfindən balansın pozulması deməkdir. Digər tərəfdən xarici güclərin istəklərini qəbul etmək – Rusiya istəyəcək ki, öz adamını, ABŞ, Qərb, Türkiyə istəyəcək ki, öz adamını gətirsin. Orada bir çəkişmələr olacaq. Bir baş nazir postunda çoxdan istirahətə getməyə hazır olan Artur Rəsizadəni dəyişə bilmirsə, vitse-prezidentlərin təyin olunması məsələsində də balans pozulacaq. Bu xeyli problemlər yaradacaq. Kimləri razı salacaq, kimləri təyin edəcək, hansı qüvvələr üstün olacaqlar və s. Nəyə lazım idi bu? Buna baxmayaraq, referendumu keçirdilər. Keçirəndən sonra da yeni səlahiyyətlər heç kimə verilmədi.  Nə növbədənkənar prezident seçkiləri, nə parlament seçkiləri, nə vitse-prezident, nə də başqa bir şey… Xüsusi mülkiyyətlə bağlı Konstitusiyada dəyişiklik eldilər, sosial öhdəlik yaratdılar və s. Təbii ki, buna bir Konstitusiya maddəsi ilə əməl oluna bilməzdi. Bunun institutlaşdırılması üçün qanun qəbul edilməlidir. O qanun da hələ qəbul olunmayıb. Ümumiyyətlə, o referendum, o sualı təkcə prezident seçkiləri ilə yox, bir çox maddələrlə vermək olar ki, niyə olmalı idi, amma olmadı?

– Təşəkkür edirəm.

– Buyurun, mən təşəkkür edirəm.

 

 

Son

 

Strateq.az




Yuxarı Əvvələ Ana Səhifə