Fransada prezident seçkilərinə qalan müddət daraldıqca, siyasi səhnədə gərginlik artmağa başlayır. Prezidentliyə namizədlərlə bağlı kompromatlar, qalmaqallı məlumatlar bir-birini əvəzləyir.
Bu yaxınlarda Fransanın nüfuzlu nəşrlərindən olan «Le Canard enchaine» sağ-mərkəzçilərin namizədi, Fransanın keçmiş baş naziri (Nikola Sarkozinin dövründə) və nəhayət, rusiyayönümlü mövqeyi ilə tanınan Fransua Fiyon haqda səs-küylü məqalə dərc etdi.
Məqalədə bildirilirdi ki, Fiyon Fransa parlamentinin deputatı olarkən, köməkçi vəzifəsinə öz xanımı Panelopanı təyin edib. Köməkçi işlədiyi illər ərzində ona əməkhaqqı və bonus olaraq 500 min avro ödənilib.
Qəzet iddia edir ki, Panelopa Fiyon işə heç vaxt gəlməyib və bu da onun bu qədər vəsaiti qanunsuz olaraq əldə etdiyi anlamına gəlir.
Məlumatın ictimailəşməsi Fransua Fiyonun prezident kürsüsünu tutmaq şansını sürətlə aşağı saldı.
Amma Fiyonun üzləşdiyi acı mənzərə rəqiblərini sevindirmədi. Hazırda onların özü ilə də bağlı vəziyyət ürəkaçan deyil. Və hər biri ilə bağlı qalmaqallı xəbərlər dolaşır.
Strateq.az xarici mətbuata istinadən Fransada prezident postu uğrunda qızışan siyasi mübarizədə nələrin yaşandığına və seçki kampaniyasının favoritlərinə qarşı səslənən ittihamlara aydınlıq gətirməyə çalışacaq.
«Bəyaz cəngavər»
Fransua Fiyon və xanımı
İlkin seçkilərdəki qələbəsindən sonra Fransua Fiyona «Bəyaz cəngavər» adını qoydular.
Silahdaşları, tərəfdarları və ona loyallığı ilə seçilən mətbuat bu yolla Fiyonun niyyətinin təmiz olduğunu göstərməyə, nüfuzunu yüksəltməyə çalışırdı. Həmçinin seçiciyə mesaj vermiş oldular ki, Fiyon Fransanın ənənəvi ictimai və dini dəyərlərinin keşiyində dayanıb. Lakin son məqalə vəziyyəti xeyli dəyişdi. Nəticədə Fiyon da, silahdaşları da ittihamları yalanlamaq üçün aktiv müdafiəyə keçdilər.
İlk olaraq bəyan olundu ki, yazılanlar yalandır və sui-istifadəyə yol verildiyini sübut etmək lazımdır. O da bildirildi ki, fransız deputatların təxminən 20 faizi köməkçi postunu yaxınlarına həvalə edir. Bu da o deməkdir ki, Fiyonun bu hərəkətində qanunsuz və qeyri-adi heç nə yoxdur.
Nəhayət, Fiyon özü açıqlama verdi ki, xanımı ofisə gəlməsə də, köməkçiyə aid işləri evdə icra edib.
Fiyon hesab edir ki, bütün bunların bir məqsədi var, o da seçki kampaniyasının favoritlərinə qara yaxmaq.
Buna baxmayaraq, Fransa prokurorluğu mətbuatda yazılanları əhəmiyyətli hesab etdi və xanım Fiyonla bağlı həqiqətin üzə çıxması üçün təhqiqatın başladılmasına qərar verdi.
Təhqiqat çərçivəsində Fransa parlamentinin aşağı palatasında, ardından da Senatda axtarış başladıldı.
Korrupsiyaya, həmçinin maliyyə və vergi pozuntularına qarşı Mübarizə Bürosunun əməkdaşları parlamentin aşağı palatasının sədrindən istintaq hərəkətləri aparmaq üçün xüsusi razılıq aldılar.
Bu, parlamentin tarixində nadir hadisələrdən idi və 1958-ci ildən bu yana cəmi beş belə yoxlama aparılmışdı.
İstintaqçılar Panelopa Fiyonun deputat köməkçisi kimi faəliyyət göstərdiyini təsdiq edən ən kiçik sübut arayışında idilər. Məsələn, kompüterdə səs yazıları, elektron və ya kağız üzərində yazışma, işə qəbulla bağlı ərizə və s.
Axtarışlar nəticəsiz qaldı. Heç nə tapılmadı…
Bu müddətdə həmin qəzetdən Fiyon ailəsinə ikinci zərbə gəldi. Yeni kompromatdan məlum oldu ki, saxta iş qalmaqalında Fiyonun təkcə xanımının yox, iki övladının – qızı və oğlunun da adı keçir.
Sən demə, Fiyon uşaqlarını da hüquqşünas kimi işə götürübmüş. Halbuki həmin vaxt onların hər ikisi hələ universitetdə təhsil alırdı.
Bununla da, Fiyon ailəsini “ayağına” yazılan 500 min avroluq məbləğ 900 min avroya yüksəldi.
Fiyon bu iddialara da münasibət bildirdi və bu dəfə daha sərt danışdı. Dedi ki, ittihamlar təsdiqini tapsa, seçki kampaniyasından geri çəkiləcək. Lakin onu da xüsusi vurğuladı ki, bütün bunlar ona qarşı peşəkarcasına hazırlanmış böhtan kampaniyasıdır. Fiyon ünvan da göstərdi: «Solçuların həyata keçirdiyi institusional dövlət çevrilişi ilə üz-üzəyik».
Hər bir halda «Bəyaz cəngavər»in imicinə qara ləkə düşmüş oldu. Və Fiyonun populyarlığında nəzərəçarpacaq eniş müşahidə olunmağa başladı. Artıq fransızların üçdə ikisi hesab edir ki, Fransua Fiyon seçkiöncəsi yarışdan geri çəkilməlidir.
«Janna d’Ark»la bağlı 300 minlik iddia
Marin Le Pen
Fransa «Xalq Cəbhəsi»nin lideri, tərəfdarlarının Janna d’Ark adlandırdığı Marin Le Pen də oxşar qalmaqalın subyekti olub.
Bu il fevralın 1-də Marin Le Pen Avropa Parlamentinin kassasına 300 min avro ödəməli idi. Bu məbləğin 260 mini Marin Le Penin köməkçisi işləmiş, «Xalq Cəbhəsi»nin fəalı Katrin Qirzenin maaşıdır.
Problem odur ki, Qrize də Avroparlamentdə heç vaxt gözə dəyməyib. Və «Xalq Cəbhəsi»nin Parisdəki ofisində işləyib.
Yerdə qalan 40 min avro isə Marinin parlament assistenti kimi rəsmiləşdirilən, əslində isə mühafizəçisi olan şəxsə ayrılıb.
Le Pen bu məbləği geri qaytarmaqdan imtina edib və baş verənləri onunla haqq-hesab çəkmək cəhdi kimi qiymətləndirib.
«Sübut və məhkəmə qərarı olmadan siyasi opponentlərim tərəfindən qəbul olunan bu birtərəfli qərarı icra etməyəcəm», – deyə Pen bildirib.
Məbləği ödəməyəcəyi təqdirdə, cərimə kimi, xanım siyasətçinin maaşının yarısı (7 min avro) məcburi qaydada tutulacaq.
Məsələ ondadır ki, Marinə qarşı istifadə oluna biləcək əsas «kart» bu deyil. Marin Le Pen uzun illər «Xalq Cəbhəsi»ni «mağara millətçilərinin» marjinal partiyası imicindən xilas etmək uğrunda mübarizə aparıb.
Marin Len Pen və atası
Bunun üçün o, hətta atasını – partiyanın qurucusu Jan-Mari Le Penin «Xalq Cəbhəsi»ndən xaric edilməsini də gözə alıb.
İndi bütün bu səylər boşa gedə bilər. Üstəlik, cəmiyyət ehtiyat edir ki, son illərdə «Xalq Cəbhəsi»ndə xüsusi dəyişiklik olmayıb və partiya əvvəllər olduğu kimi, irqçilərin sığınacağı olacaq.
Bir sözlə, yüksək reytinqinə baxmayaraq, Marin Le Penin Fransa prezidenti olması həddən artıq çətin görünür. Seçki kampaniyasının son turu hazırda «Xalq Cəbhəsi» üçün keçilməz səddə çevrilib.
2002-ci ildəki prezident seçkilərində fransızların Jak Şirakı seçməyinin səbəbi Jan-Mari Le Penə qarşı olmaları idi. Penin hakimiyyətə gələcəyindən qorxan xalq bunun baş verməməsi üçün Şiraka səs vermişdi.
2015-dəki yerli seçkilərdə də «Xalq Cəbhəsi» məğlubiyyətlə üzləşmişdi.
Maraqlıdır ki, "Bloomberg" 2017-ci il proqnozunda qeyd edib ki, bu il Fransada keçiriləcək prezident seçkilərində Marin Le Pen qalib gələcək. Və seçkidən sonra Fransanın Avropa Birliyindən çıxması üçün referendum keçirəcək. Beləliklə, «Brexit» (Britaniyanın AB-dən çıxması) baş tutduğu kimi, «Frexit» (Fransanın AB-dən çıxması) də reallaşacaq.
Zəiflərin namizədi “Bersi cəhənnəmində”…
Emmanuel Makron
Fransanın keçmiş iqtisadiyyat naziri Emmanuel Makron prezident seçkilərinə ötən ilin noyabrında təsis etdiyi «İrəli» hərəkatının namizədi olaraq qatılıb.
«Mən ən zəiflərin namizədi olacam. Bu, Fransanın bir hissəsi yox, bütün ölkə uğrunda döyüşdür. Bu döyüşü inkişafa inanan insanlarla birgə aparacam», – deyə Makron çıxışlarının birində bildirib.
Lakin korrupsiya ittihamı «zəiflərin namizədi»ndən də yan keçməyib. Ona qarşı maliyyə maxinasiyası, dövlət vəsaitindən sui-istifadə kimi ittihamlar səsləndirilir.
Yanvarın sonlarında fransalı jurnalistlər Marion L’Ur və Frederik Sainin «Bersi cəhənnəmində» adlı kitabı nəşr olunub. (Fransa İqtisadiyyat Nazirliyinin baş ofisi Parisin Bersi rayonunda yerləşir).
Kitabda müəlliflər mənbələrinə istinadən yazırlar ki, nazir Makron təkcə ötən ilin 8 ayında (avqustun 30-da istefaya gedib) şəxsi ehtiyacları üçün 100 min avroya yaxın pul xərcləyib.
«İlin sonuna qədər nazir postunda qalsaydı, hələ bunlan əlavə də nə qədər vəsait xərcləyəcəkdi», – deyə nazirliyin yüksək vəzifəli şəxsi kitab müəlliflərinə bildirib.
Olland və Makron
Jurnalistlər iddia edir ki, Makron bu vəsaiti nazirliyə aidiyyəti olmayan şəxslərlə nahar və şam yeməklərinə xərcləyib. Belə ki, keçmiş nazir həmin ziyafətlərin köməyi ilə prezident seçkilərində qalib gəlmək üçün ona dəstək ola biləcək tanışlıqlar qururmuş.
Kitab müəlliflərinin bu fikirləri Makrona qarşı açıq ittihamdır. Jurnalistlər keçmiş naziri dövlət vəsaitlərini şəxsi məqsədləri – özünün seçki kampaniyası üçün xərclədiyini iddia edirlər.
Kitabın nəşrindən dərhal sonra qızğın polemika başladı. Parlamentin sağçı deputatlarından Kristian Jakob Emmanuel Makronu yalançı və fırıldaqçı adlandırdı.
Makronun cavabı isə belə oldu: «Deputat unutmasın ki, böhtan hüquqi məsuliyyət yaradır».
Düzdür, Makronun büdcə vəsaitlərindən sui-istifadə edib-etmədiyini müəyyən etmək üçün araşdırma başladılmadı. Amma xəbər istər-istəməz öz sözünü dedi və Makronun imicini müəyyən dərəcədə zədələdi.
E.Makron Fransua Olland komandasının üzvlərindəndir. Deyilənlərə görə, Olland onu özünün mənəvi varisi və sosialistlərə yeni impuls vermək iqtidarında olan siyasətçi hesab edir.
«WikiLeaks» zərbəsi…
Hazırda Fransada prezidentliyə namizədlərlə bağlı tüğyan edən «kompromat savaşına» bir oyunçu da əlavə oluna bilər.
Fevralın 1-də «WikiLeaks» məlumat yaydı ki, onlarda namizədlər Fransua Fiyon və Marin Le Pinlə bağlı 5 minə yaxın sənəd var.
Həmin materiallarda nədən bəhs olunduğu və onların nə vaxt yayılacağı hələ ki bəlli deyil. Amma o dəqiqdir ki, bu anonsu ilə «WikiLeaks» fransalı namizədlərin onsuz da ağır olan vəziyyətini bir az da mürəkkəbləşdi. Və namizədlər hər an özlərini yeni intriqanın mərkəzində görə bilərlər…
Strateq.az