XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

09 Fevral 2017 - 02:20

Tanınmış azərbaycanlı alimdən maraqlı analiz:"Trampın prezidentliyi dünyaya nə vəd edir?"

abulhesen-abbasov

Əbülhəsən Fərhad oğlu ABBASOV,

AMEA Fəlsəfə İnstitunun baş elmi işçisi, fəlsəfə üzrə elmlər doktoru, professor, Rusiya Pyotr Akademiyasının üzvü

 

Böyük qalmaqalları ilə yaddaşlarda iz buraxmış və bu gün də bir çox müəmmaları, qaranlıq məqamları suallar doğuran seçkilər nəticəsində hakimiyyət başına gəlmiş ABŞ prezidenti Donald Tramp artıq fəaliyyətə başlasa da, köhnə qlobal siyasi elita heç də öz möqelərini asanlıqla tərk etmək, yeni administrasiya qarşısında yaşıl işıq yandırmaq fikrində deyil. Əksinə, deyəsən, postseçki dövründə mübarizə daha da kəskinləşir, ortaya yeni-yeni təxribat və təzyiq üsulları, qarşısınıalma və çəkindirmə formaları çıxır. Bu faktın özü ümumdünya durumuna əlavə cizgilər, hətta deyərdim ki, problemlər gətirir. İndiyə qədər Vaşinqtonla ənənəvi surətdə hesablaşmalı olan başqa ölkələrin hakim siyasi elitaları daha ehtiyatlı davranmaq məcburiyyətindədirlər, çünki, istər-istəməz, iki siyasi və geosiyasi mərkəzlə (rəsmi və qeyri-rəsmi) əməkdaşlıq etmək, işbirliyi qurmaq zorundadırlar. “Olmadı belə, oldu belə” düşüncəsi də, əlbəttə, öz işini görür və buna görə kimlərisə qınamağa dəyməz.

Donald Trampın seçilməsi, nə qədər ziddiyyətli və ağrılı proses olsa da, amerika vətəndaşlarının son onilliklər boyunca sərgilənən siyasətə qarşı bir tutarlı cavabı, iradə nümayişi idi. Amerikalılar, oturuşmuş siyasi elita nümayəndələrinin əksəriyyətindən fərqli olaraq, köhnə üsuli-idarəyə, həyata keçirilən daxili və qlobal siyasətə “yox” dedilər. Deməli, hansısa yeni daxili və xarici gedişata, qaneedici nizama, həyat tərzinə ehtiyaclı olduqlarını, onların maraqlarını daha etibarlı reallaşdıra biləcək siyasi və geosiyasi yanaşmaya dəstək vermək istəyini bildirdilər. Bir sözlə, amerika xalqının ciddi gözləntiləri var.

Özünəməxsus formada  bu gözləntiləri başqa xalqlar da, ölkə və cəmiyyətlər də öz daxillərində gəzdirməkdədirlər. Son onilliklərin acı həyatı, doğurduğu təhdidlər bu gözləntiləri olduqca aktuallaşdırıb. Ancaq, sual olunur: Donald Trampın gəlişilə bu gözləntilər reallaşacaqmı, yeni prezidentin fəaliyyəti nəticəsində (sona qədər buna imkan versələr!) dünya nizamında və ayrı-ayrı ölkələrin həyatında müsbətə doğru vəziyyət dəyişəcəkmi?

Bəzi siyasətşünaslar, ekspert və analitiklər nikbin fikirlər bildirsələr də, düşünürəm ki, bu suala cavab olaraq “bəli” demək çətin və hətta mümkünsüzdür. Əksinə, ola bilsin ki, rənglər daha da tündləşsin, bəşəri, regional və lokal müstəvilərdə vəziyyət kəskin surətdə ağırlaşsın və dramatikləşsin. Belə ki, D. Tramp ABŞ prezidenti kimi, ən yaxşı halda, elə ata Corc Buş, Bill Klinton, oğul Corc BuşBarak Obamanın təmsil etdikləri qlobal kapitalist trendin yeni formasının ifadəçisi, “medalın başqa üzü” ola bilər. Artıq formalaşdırdığı komandası da oliqarxlardan və bir neçə generallardan ibarətdir. O, vəzifəsində qala bilsə, uzaqbaşı, həm amerika siyasi elitasının, həm də qlobal siyasi eşalonun əvəzlənib yeniləşməsinə, reyqanizmin-tetçerizmin yeni şəraitdə mümkün olan hansısa modifikasiyasının qərarlaşma­sına təkan verə bilər. Elə bu səbəbdən də iqtisadi, siyasi və geosiyasi güclər, aparıcı və asılı aktorlar, ölkə və xalqlar arasında qarşıdurmaların kəskinləşməsi qaçılmazdır. Belə ki, özəl və korporativ maraqlar antaqonizmi xeyli dərəcədə güclənəcək.

Məsələ ondadır ki, böhran içində çabalayan dünya üçün D. Tramp yeni bir trend, yeni bir fundamental paradiqma təklif etmir; onun da “çıxış yolu” elə həmin pul-gəlir ideologiyasına, “kapitalı dəstəkləmək!” amalına söykənir. O ideya-siyasi arsenala, fəlsəfi dünyagörüşünə ki, həmin bu dünyanı tükəndirib, bəşəriyyəti dalana salıb. Çıxılmaz dalana salaraq da insan faciəsi üzərində imtiyazlı azlığın hökmranlığını təmin etməkdədir! Yox, D. Tramp bəşəriyyətin xilası üçün yeni trendi ifadə və təmsil etmir, edə də bilməz! O, mahiyyət etibarilə, ənənəviliyi qədər də aparıcı olan kapital tələsinə sahiblənmiş və amerika geosiyasi realizmini, başqa sözlə, ABŞ maraq və mənafelərini gələcəyə transfer etmək, daha da şiddətli qorumaq istəyində iradə ortaya qoyan tarixi şəxsiyyətdir. Nə artıq, nə də çox! Onun ABŞ prezidenti kimi missiyası budur və üzərinə də əlavə bir yük götürmək, yəni, ümumən bəşəriyyəti düşdüyü bəladan xilas etmək fikrində deyil. Söz yox, Tramp amerika dövlətini və cəmiyyətini bütün hədləri keçmiş “istehlakçılıq psixologiyası”ndan, yersiz xərclərdən qurtarmağa, beynəlxalq təşkilatlara ABŞ tərəfindən edilən donorluğu məhdudlaşdırmağa, ölkəni, bir növ, öz içinə yığmağa, Avropa İttifaqı və Rusiya ilə, digər ölkələrlə münasibətdə məqbul saydığı rasional əsaslara keçməyə çalışacaq və bunu artıq edir.

Bütün bu çalışmalar da, şübhəsiz, maneəsiz-müqavimətsiz ötüşməyəcək. Hər halda, D. Trampın həyata keçirdiyi siyasət sələflərinkindən xeyli fərqlənəcək, yəni, yeni olacaq. Ancaq, yuxarıda qeyd etdiyim səbəbdən, fikrimcə, bu yenilik nisbi xarakter daşıyacaq. Ən yaxşı halda, bəşəriyyətin düşdüyü dalandan çıxması və perspektiv əldə etməsi üçün yeni alternativə doğru prosesdə müəyyən amil, təkanverici addımlardan biri ola bilər.

Bəşəriyyət yeni bir alternativə, tamam başqa çıxış yoluna, mədəni-sivilizasion proyektə ehtiyaclıdır. İndiki bəşəri durum nəfəsi duyulan, tərpənişi sezilən yeni epoxa ilə toqquşmaqdadır. Nə amerika sosioloqu və siyasi analitiki Z. Bjezinskinin “texnotron era”sı, nə fransız tədqiqatçısı J. Ellülin “texnoloji cəmiyyət”i, nə D. Bellin “postindustrial cəmiyyət”i, nə də E. Tofflerin “superindustrial cəmiyyət”i  və sonrakı “informasiya cəmiyyəti” bu şiddətli toqquşmanı, ölüm-dirim savaşını yumşalda bilmədi. Yapon mənşəli məşhur amerika sosioloqu və filosofu Frensis Fukuyamanın “Tarixin sonu və axırıncı adam” kitabından sonra yazdığı “Etibar” əsəri də, nə qədər maraqlı və dəyərli olsa da, dünyada etibarı-ehtimadı artırmadı. Tarixi və sosial zamanın cərəyanı savaş prosesində sürətlənsə də, dünya elitası ortaya yararlı düşüncə və əməl sistemi qoymaq iqtidarında olmadı, bəlkə də, istəmədi. Bu elita Mixail Qorbaçovun keçən əsrin 80-ci illərində irəli sürdüyü “yeni təfəkkür” ideyasını da yalnız öz maraqları çərçivəsində dünya malını, xalqların sərvətini pay-puş etmək üçün vasitəyə çevirdilər. Düzdür, ideyanın heç bir etibarlı kökləri, mükəmməl işlənilmiş epistemoloji-fəlsəfi dayaqları da yox idi, məzmun-mahiyyət, idraki yük, tutum və sanballılıq baxımından olduqca səthi və deklarativ idi. Belə tərtib-təqdimatda irəli sürülən “yeni təfəkkür konsepsiyası”, əlbəttə ki, nə SSRİ-nin özü, nə də bəşəriyyət üçün faydalı bir şey verə bilməzdi. Gördüyümüz kimi də, vermədi. Əksinə, qara niyyətli siyasi və geosiyasi güclər, mafioz şəbəkə və strukturlar, mənfəətdar maraqlar daşıyıcıları ondan maharətlə yararlanaraq dünya durumunu daha da təhlükəli hala saldılar və yeni-yeni problemlərə yol açdılar.   

“Qızıl milyard” naminə qurulmuş bazarlıq o dərəcədə dərinə işlədi ki, SSRİ-ni, Yuqoslaviyanı, Çexoslovakiyanı…Azərbaycanı, Gür­cüstanı parçaladılar, Latın Amerikasını, Asiya və Afrika ölkələrini zəlil günə saldılar, ərəb dünyasını, müsəlman cəmiyyətlərini viranə qoydular. Əxlaqa və qanuna, haqqa-ədalətə az-çox xidmət edən sosiomə­dəni institutları, iqtisadi münasibətləri, idarə­etmə texnologiyalarını alt-üst etdilər. Zor, sərvət, hakimiyyət, informasiya, bilik və təhsil nisbətində nə kimi fundamental dəyişikliklər baş verdisə, yenə də “qızıl milyard”ın, supertəminatlı azlığın xeyrinə oldu. Müəyyən mənada yaranması ehtimalı barədə hələ 70-ci illərin sonunda Erix Frommun danışdığı “informasion imperializm” qərarlaşdı ki, onun da qayəsi hamı üçün sulh və əminamanlığı təmin etməkdən ibarət deyil.     

Totalitar kapitalizmin doğurduğu informasion imperializmdə, demokratiya və insan haqları kimi məfhumlar önəmli yer tutsalar da, əməldə təzyiq, təqib və hökmranlıq var. Siyasi və iqtisadi diktat, ictimai şüurla manipulyasiya, məkrli məqsədlərə xidmət edən ictimai rəyin formalaşdırılması, destruktiv “dəyərlər”­in aşılanması və sair – bütün bunlar informasion imperializmin arsenalını təşkil edən elementlərdir ki, burada da informasiya texnologiyaları mühüm yer tutur. Belə bir mühitdə, texniki-texnoloji qazanclarla yanaşı, insana təsir edən, hətta onun təbiətini dəyişən danılmaz elə mənfi amil və nəticələr var ki, onları etiraf etmək və dərindən anlamaq məcburiyyətindəyik. Məsələn, emosianal aləmin sürətlə kütləşməsi, şizoid və şizofrenik tendensiyaların artması, psixopatik təfəkkür və həyat tərzinin yayılması və daha da çeşidli xarakter alması, ənənəvi ictimai normalardan kənara çıxan davranış formalarının qərarlaşması, habelə, həmin davranış formalarının sanki sirli bir qüvvə tərəfindən himayə edilməsi və onlara obyektiv-təbii əsaslar qazandırılması (sanksiyalaşdırılması) bu qəbildəndir.

Faktiki olaraq, yeni bir sivilizasiyanın artan sürətlə gəlişini müşahidə edirik ki, burada texniki-texnoloji mutasiyalar müstəsna yer tutur. Bu mutasiyalar ictimai həyata, qlobal mühitə, biososial inkişafın özünə çoxölçülü təsir edir, sosial və individual varlığın bütün formalarını dəyişmə, yeniləşmə zərurətilə üzləşdirir. Beləliklə də, ümumən, bəşəriyyətin köklü transformasiyası baş verir ki, dunya üçün “hansı vektor üzrə hərəkət etməli?” sualı qaçılmaz və danılmaz olur. Bax, başlıca problem də bundadır! Buna oxşar situasiya yüz il əvvəl, XX əsrin ikinci onilliyində yaranmışdır. O zamanlar da sürətlə qərarlaşmaqda olan idustrial sivilizasiya bəşəriyyəti tam yeni alternativin axtarışı və reallaşdırılması zərurətilə üzləşdirmişdir. İndi isə bu zərurəti postindustrial (informasiya) sivilizasiyasının gəlişi şərtləndirir və aktuallaşdırır.

İnformasiya-rəqəmsal sivilizasiyanın qərarlaşma­sı yalnız yeni informasiya müharibələri ilə müşayiət olunmur, artıq hibrid müharibələr, yeni siyasi və geosiyasi, yeni sosial və iqtisadi antaqoniznlər dövrü başlayıb. Aqibəti-taleyi naməlum gələcək gəlib-çatıb və o dərəcədə təcilli irəliləməkdədir ki, fərdi və ictimai şüur onu anlamaqda çətinlik çəkir. Bunun özü idrak və əməl müstəvilərində çaşbaşlıq, dolaşıqlıq, ruhi-psixoloji kollapslar yaradır.

Əlbəttə ki, belə mürəkkəb şəraitdə insanların şüuruna nəzarət uğrunda mübarizə daha da aktuallaşmaqla yanaşı, yeni-yeni üsul və formalara ehtiyaclı olur. Və biz bu ehtiyacın necə ödənildiyini aydınca görürük. Təfərrüatlara varmadan, deyə bilərəm ki, bütün üsul və formaların, mexanizm və texnologiyaların aparıcı qayəsini bir məqsəd təşkil edir: insanın şüurunu daha da sarsıtmaq, primitivləşdirmək, onun zövq və davranışını bəsit standartlar çərçivəsində “kamilləşdirmək”. Əgər gerçəklik bundan ibarətdirsə və biz bunu anlayırıqsa, müasir qlobal kapitalizmin hansı insan qayğısından, hansı demokratiyasından danışa bilərik?! Yeni gələcəyin insana yönəlik işi, hələ ki, bütün öz mobilliyi, interaktivliyi, kommunikativliyi və universallığı ilə məhz bundan ibarətdir! Belə olduğu halda, solçu mövqedən çıxış edənlərin sayının və təsir gücünün  artması da təbii və qanunauyğundur.

Qəribədir ki, bu gün, xüsusən də D.Trampın prezident seçilməsindən sonra, bir çoxları ABŞ-ın böhranlı vəziyyətdə olmasından danışırlar, sanki gözlər və qulaqlar indi açılıb. Əslində isə, Tomas Fridman hələ 2005-ci ildə məşhur kitabında qeyd etdiyi kimi, Amerika cəmiyyətinin üzüaşağı getməsi 1990-cı illərdən başlamışdır. Dünya bestsellerindən sayılan “Müstəvi dünya” kitabında Fridman bu barədə həm öz fikirlərini, həm də başqa sanballı mütəxəssislərin qənaətlərini oxuculara çatdırır. O, məsələn, yazırdı: “Müharibədən sonrakı Amerikada elə şey var ki, mənə klassik imkanlı ailəninin əvvəlki illər boyu yığılmış sərvətini dağıdan üçüncü nəslini  xatırladır. Əgər yuxu və istirahət bilməyən babalar birincilər sırasında yol açırdılarsa, atalar əmanət yığımına çalışırdılarsa, övladlar, sadəcə olaraq, piylənmiş, dayaz tənbəllərdir ki, tədricən yığılmış bütün sərvəti havaya sovururlar. Bizim xoşbəxtliyimizdən Amerika iqtisadiyyatı İkinci dünya müharibəsindən sağ-salamat çıxmış və biz qırx il ərzində ciddi rəqib tanımamışıq. Entuziazm bizi coşdururdu, bu səbəbdən də xeyli dərəcədə özündən razılıq və yeganə özümüzün haqlı olduğumuz düşüncəsi  aşıb-daşdı. Mən heç onu demirəm ki, son illər istehlakçılıq dəyərlərini fədakar əmək, gələcəyə qoyuluş, perspektiv haqda fikirləşmək dəyərlərindən üstün tutduq. 11 sentyabr bizi vuranda bir şans idi ki, millət fədakarlığa, özünüsərfə, vergilər, energetika, elm, təhsil sahəsində onun təxirəsalınmaz gündəlik problemlərinin həllinə çağırılsın – bütün o şeylərin ki, əllərimizdən sürüşüb çıxmağa özümüz imkan yaratdıq. Prezidentimiz əksinə etdi, bizi əməyə, fədakarlığa, özünü qurban verməyə çağırmadı, o, bizi dükanları dolaşmağa səslədi”(Bax.: Tомас Фридман. Плоский мир: краткая история ХХI века. М.: АСТ «ХРАНИТЕЛЬ», 2006, с. 322-323.) 

“Həqiqət bundan ibarətdir ki, bu gün biz böhrandayıq, ancaq bu böhran çox yavaş və eşidilməz gedir. Bu, Şirli Enn Ceksonun təbirincə desək, “sakit böhrandır” ki, həmişə Amerika iqtisadiyyatının innovasion artımının və əhalinin rifa halının yüksəlməsinin mənbəyi olan elmi-mühəndis insan kapitalını durmadan yuyub aparır” (Yenə orada, s.323-324) deyən T. Fridman, Ş. Ceksonla həmrəy olduğunu  və Amerikada get-gedə təbiətşünaslıq, mühəndislik, riyazi-fiziki fənnlər üzrə təhsil və karyera əldə etmək istəyinin azalmasından ciddi qayğılandığını bildirir. ABŞ-ın elmi-texniki təhsil və təcrübə sahəsində yaxşı durumda olmadığını diqqətə çəkən Fridmanın fikrincə, əgər situasiya nəzarətə alınmasa, ölkənin üstünlüyü və novatorluğu sual altına düşəcək.

Bu fikirləri o, təkrar edirəm, 2005-ci ildə yazırdı. İndi isə, 12 il sonra, çoxları (siyasi ekspert və analitikləri nəzərdə tuturam!) ABŞ vətəndaşlarının “köhnə qaydalar”la yaşamaq istəmə­diyindən yazır, ancaq yazarlar, nədənsə, “xırda” bir məqamdan – texniki-riyazi-fiziki sahədə olan boş­luq­dan bəhs etməyi vacib bilmirlər. Sanki, bunun siyasətə və geosiyasətə, ölkənin tərəqqisinə heç bir dəxli yoxdur.

tramp-donald-00

Bəli, Amerika cəmiyyəti özünə qayıtmaq, ənənəvi işgüzarlığını və nüfuzunu bərpa etmək, o cümlədən, elmi-texniki, təbiətşünaslıq və riyazi elmlər sahəsində intellektuallaşma sürətini və dərəcəsini artırmaq istəyir. Bu mənada B. Klinton, C. Buş və B. Obama dövrünün neoliberal qloballaşmasının qəlibləşdirdiyi standartlar onu qane etmir və etibarlı gələcəyə əngəl yaradan “köhnə qaydalar” qismində qavranılır. Donald Tramp, əvvəlki prezidentlərlə müqayisədə profes­sional siyasətçi olmasa da, bunu hansısa yeddinci hiss hesabına gözəl anlayır və elə siyasətçi olmadığına görə də seçkilər zamanı söylədiklərinə, verdiyi vədlərə əməl etməyə çalışacaq. Professional siyasətçilər, adətən, seçiləndən sonra vəd etdiklərini tezliklə "unudurlar"! Trampın çalışmalarının nə kimi nəticələr verəcəyini isə zaman göstərəcək. Hər halda, düşünürəm ki, ciddi pozitivlər olacaq.

Professional siyasətçi olmasa da, D. Tramp amerika iqtisadiyyatının sağlamlığına, ABŞ-ın perspektiv geosiyasi maraqlarına xələl gətirə biləcək “mərmi”ləri aşkarlayıb, görür və ortaya iradə qoymaqda qətidir. Üzdə olan təmtaraq, necə deyərlər, mavi səma və sakitləşdirici meh onu, əksər amerikanlılar kimi, qane etmir, hətta ehtiyatlandırır, çünki kurs dəyişilməsə və təcili tədbirlər görülmədiyi halda, qarşıdan pusa-pusa gələn fırtınanı, məhvedici qasırğanı duyur. O, peşəkar məsləhətçilərinin sayəsində yaxşı anlayır ki, məsələn, Konqresin ilbəil qəbul etdiyi ölçüsüz büdcə müqabilində Milli Elmi Fonda ayrılan vəsait azalırsa və elmi-texniki maariflənməyə, elmi-mühəndislik sahəsinə yetərli dəstək verilmirsə, üstəlik də, ABŞ bürokratikləşmiş Avropa İttifaqının, Birləşmiş Millətlər Təşkilatının, NATO-nun, digər beynəlxalq təşkilat və blokların əsas yükünü, yenə də öz üzərində daşıyarsa və ələbaxımlığa vərdiş etmiş, xeyli dərəcədə korrupsiyaya, destruktivliyə, deqradasiyaya uğramış Avropa stukturlarının və siyasi liderlərinin nazı-hikkəsi ilə oynayaraq Rusiya, Çin və Hindistanla, digər ölkələrlə məntiqsiz, əksərən qərəzli və məkrli qarşıdurmaları davam etdirərsə, fırtına qaçılmazdır.

Dünya maliyyə oliqarxiyasının, onun sərəncamında və idarəçiliyində olan transmilli korporasiya, bank və şirkətlərin Amerikaya (xüsusən də kiçik və orta sahibkarlığın təmsil etdiyi milli iqtisadiyyata!) vurduğu ziyanın qarşısını almaq, nə qədər çətin olsa da, həmin bu olqarxiyanın əlində olan maliyyə axınına, pul-kapital dövriyyəsinə nəzarət etmək, o cümlədən, ilk növbədə, hərbi-sənaye kompleksi daxilində maliyyə cərəyanını, vəsait qoyuluşunu və onun xərclənməsini yeni tələb və yanaşmalar səviyyəsində tənzimləmək kimi məsələlər D. Tramp üçün prioritet vəzifələrdir. Görünür, o, yaxın vaxtlarda ortaya yeni hərbi doktrina qoyacaq. Aydındır ki, bu doktrinada maliyyəyə nəzarət, hərbi-sənaye kompleksinə ayrılan vəsaitin həcmi və xərclənməsi, əvvəlki illərdən fərqli olaraq, “intensiv təsərrüfatçılıq” prinsipləri əsasında tutulacaq və həyata keçiriləcək. Bu, həm də onu deməyə əsas verir ki, D. Trampın başlıca məqsədlərindən biri hərbini köhnə yox, ən yeni silah-sürsatla silahlandırmaqdır. Sözsüz ki, ən yüksək elmi-texniki-texnoloji amillərin məhsulu olan müasir sensor-kiber silahlara üstünlük veriləcək. Bu hədəf-məqsəd isə ABŞ-ın iqtisadi sisteminin yalnız beşinci və altıncı texniki-texnoloji “uklad” səviyyəsində qurulub fəaliyyət göstərərsə, reallaşa bilir. Tramp da məhz buna çalışacaq.  

Yeni uklad səviyyəsində elmi-texniki-texnoloji tələbləri ödəmək, bir superdövlət olaraq təfəkkür iqtisadiyyatına öncüllük etmək, hər şeydən əlavə və başlıca olaraq, ABŞ üçün perspektivdə öz qlobal hegemonluğunu qorumaq deməkdir. Bu rola – dünya hegemonu statusuna, bir çox analitiklərin fikrincə, artıq Çin Xalq Respublikası, niyyətini çox da aşkarlamadan, iddia etməkdədir ki, bu da ABŞ-ı qıcıqlandırmaya bilməz. Əlbəttə ki, ABŞ-ın təşvişə düşməsi, ehtiyatlanması üçün ciddi əsaslar var. Bu əsaslar çoxçeşidlidir və onların içərisində Çinin 70-ci illərdən üzü bəri (xüsusən Den Syaopin islahatlarından sonra!) rəhbər tutduğu inkişaf meqatrendinin üstünlüyü və onun doğurduğu pozitiv nəticələr mühüm yer tutur. Meqatrend dedikdə, cəmiyyətin simasını və mahiyyətini, fəaliyyət dinamikasını və dayanıqlığını müəyyənləşdirən əsas hərəkət paradiqması nəzərdə tutulur ki, özündə ideya-siyasi, sosial-iqtisadi, hüquqi-əxlaqi, mənəvi-psixoloji ünsür və parametrlərin sintezləşmiş cəmini daşıyır. Bu meqatrendin üstünlüyü barədə hələ 2000-ci ildə çapdan çıxmış “Sosial-siyasi optimum fəlsəfəsi: mürəkkəblik, özünütəşkil, sinergizm” (Bax.: Аббасов А.Ф. Философия социально-политического оптимума: сложность, самоорганизация, синергизм. Баку: «Элм». 2000) kitabımda ətraflı yazmışdım. Sonrakı illər mənim yazdıqlarımı, sadəcə olaraq, daha inandırıcı surətdə təsdiqlədi.

ABŞ-ın tədricən dünya hegemonu statusunu itirməsinin bir ciddi əsası isə onun özü ilə bağlıdır. Belə ki, onun təkamül və inkişaf dinamikasını müəyyənləşdirən meqatrend, Çininki ilə müqayisədə, daxili bütövlüyə malik deyil və özündə qlobal kapitalizmə məxsus ziddiyyətləri, hətta kəskin antaqonizmləri daşıyır. Bu meqatrend nə qədər reallaşırsa, bir o qədər Amerika cəmiyyəti qütbləşir və diskretləşir, onun iç bağlantıları, insani-sosial telləri zəifləyir. Artıq onun elə bir ideya-siyasi, sosial-fəlsəfi təminatı, mənəvi-psixoloji arsenalı yoxdur ki, bu zəifləmənin qarşısını alsın. Ona görə də danılmaz faktdır ki, get-gedə texniki-texnoloji potensial insan potensialını sürətlə üstələyir, insanı insan edən dəyərlər sıradan çıxır. Son nəticədə əks təsir prinsipi özünü göstərir və elmi-texniki-texnoloji dalğada sapıntılar, geriləmələr, habelə, iqtisadiyyatın idarə olunmasında xoşagəlməz tendensiyalar baş verir ki, bu barədə elə Amerika alimlərinin bir çoxu vaxtaşırı öz narahatlıqlarını bildiriblər. Həqiqətə qalanda, yaranmış tendensiya təzə hal deyil; o, ən azı, keçən əsrin 70-80-ci illərindən müşahidə edilir. Əlavə dəlil-sübut üçün tanınmış amerika tədqiqatçısı Con Neysbitin 1982-ci ildə nəşr edilmiş və beynəlxalq etiraf qazanmış “Meqatrendlər” (Bax.: Джон Нейсбит. Мегатренды / Пер. с англ. М.Б. Левина. – М.: ООО «Издательство АСТ», 2003) adlı futuroloji əsərini yenidən diqqətlə oxumaq kifayətdir. Bir sözlə, Amerika cəmiyyətinin itkiləri yalnız insani keyfiyyətləri şərtləndirən dəyərləri itirməsində deyil, həm də perspektivi müəyyənləşdirən elmi-texniki-texnoloji trendin necəliyindədir.

Amerika biznesində, menecmentdə heç də sıravi adam olmayan D. Tramp və onun arxasında duran qüvvələr, aydındır ki, bu vəziyyəti görürlər və yaxşı anlayırlar. Şübhəsiz ki, Amerikaya öz keçmiş şöhrətini qaytarmaq və gələcək liderliyini təmin etmək üçün bütün güclərini ortaya qoyacaqlar. Nə qədər çətin olsa da, vəziyyəti düzəltməyə çalışacaqlar və bunun nəticəsi olraq yalnız daxili mühitdə yox, həm də geosiyasi müstəvidə yeni-yeni problemlərlə üzləşəcəklər. Artıq az-çox etibarlı meqatrendə yiyələnmiş ölkələr, başda konfutsian meqatrendinə sahiblənmiş Çin olmaqla, istər-istəməz, ABŞ-a qarşı rəqib rolunda çıxış edəcəklər. Rəqiblər savaşında bəribaşdan hansı tərəfin qalib çıxdığını söyləmək çətin olsa da, bəzi ciddi tədqiqatçılar son nəticədə, yeni Dünya müharibəsi olsa belə, qlobal liderliyin Çinə keçəcəyini bildirirlər. Bu tədqiqtçılar sırasında Rusiya prezidenti V.V. Putinin müşaviri, tanınmış iqtisadçı, akademik Sergey Qlazyevin adını da çəkmək olar. Sözün qısası, D. Trampın gəlişilə yeni bir mürəkkəb epoxa başlayır.  

Meteoroloqlar meteoşərtlərin nadir çarpazlaş­masını dəfələrlə qeyd ediblər: ilk baxışda əhəmiyyətsiz görünən bir çox faktorların cəmi dağıdıcı gücə malik fırtına doğurur. Dövlət və cəmiyyət həyatı da belədir. Demoqrafiya, elm, təhsil, səhiyyə və mədəniyyətdə, iqtisadi və sosial həyatda xoşagəlməz “xırdalıq”ları, vergüldən sonra gələn ədədləri vaxtında nəzərə almayıb, öz axarına buraxanda fəlakət qapını döyməlidir. Məsələn, bu gün elmi adlar və dərəcələr, hərbi rütbə və vəzifələr, habelə, xalq artisti, əməkdar müəllim, əməkdar mədəniyyət işçisi kimi titullar pul, tanışlıq, qohumluq və yerlibazlıq hesabına əldə edilirsə, müəllim ürəyi ağrımadan imkanlı nadana “əla” yazırsa, gələcəkdə sosial-siyasi fırtınalarla çarpışmaq, milli potensialı tükəndirmək, dünya düzənində layiqli yerdən məhrum olmaq deməkdir. İrəliləmiş xalqlar bu sadə həqiqəti çoxdan bilirlər və ondan nəticə çıxarırlar, sosial-tarixi birlik olaraq Allahın buyurduğu qanunlarla yaşayırlar.

Sözün düzü, ABŞ-dan çox məni öz Azərbaycanımız düşündürür. Yuxarıda qeyd etdiyim həmin nöqsanlar, bizə gəldikdə, xüsusi vurğulan­malıdır. Bu gün “mühəndis olmaq istəyirəm” deyəni gülüş, istehza obyektinə çevirərlər. Bizdə artıq mühəndis, riyaziyyatçı, fizik ixtisaslarına bir qara qəpiyə dəyəsi hörmət-izzət qalmayıb, daha doğrusu, qoymayıblar. Belədirsə, hansı texniki-texnoloji inkişafdan, müasir tələblərə cavab verən ictimai və fərdi şüurdan, innovasiyalara qadir insan kapitalından, qənaətbəxş idarəçilikdən və nəhayət, köklü islahat­lardan danışmaq olar? İslahat – kortəbii və yaxud da şəxsi-subyektiv, habelə, korporativ və ya digər qeyri-sağlam maraqlar üzərində həyata keçirilən kadr dəyişiklikləri deyil, o, ilk növbədə, yeni zəmanəni duyan, anlayan, müasir professional təfəkkürə və bilgiyə malik, praktiki işdə səriştə, tədbirlilik və operativlik göstərə bilən, məsuliyyət və vicdan tələbləri ilə yaşayan sosiosentrik keyfiyyətli şəxslərin irəli çəkilməsi və onların vahid mükəmməl proqram, plan-prospekt əsasında işlərinin təşkili deməkdir. Superin­dustrial zəmanədə, təfəkkür iqtisadiyyatı dövründə “islahat” adlandırılan fenomen – iqtisadi, sosial, hüquqi, siyasi elementlərlə yanaşı, bəlkə də daha çox, özündə riyazi-fiziki-kimyəvi, texniki-texnoloji ünsür­ləri ehtiva edən, bəşəri olanı milliliyin proyek­siyasında fokuslaşdırıb akkumulyasiyalaşdıran proses­dir. Yararlı kadrların düzgün yerləşdirilməsi və istifadəsi – həqiqi islahatların birinci və başlıca göstəricilərindəndir. İosif Vissarionoviç Stalin əbəs yerə demirdi ki, “kadrlar hər şeyi həll edir”!

Strateq.az