NATO Əfqanıstandakı təhlükəsizliyin qorunmasını tamamilə Əfqanıstan təhlükəsizlik qüvvələrinə təhvil verib
11 sentyabr hadisələrindən sonra ABŞ-ın öndərliyində Əfqanıstana girən NATO qüvvələri düz 12 il sonra bu ölkəni tərk edir.
NATO Əfqanıstandakı təhlükəsizliyin qorunmasını tamamilə Əfqanıstan təhlükəsizlik qüvvələrinə təhvil verib.
Bu münasibətlə Kabildə təntənəli mərasim keçirilib. Əfqanıstan prezidenti Həmid Kərzai, NATO – nun baş katibi Anders Foq Rasmussen, nazirlər, siyasi xadimlər və hərbiçilər də iştirak edib.
Anders Foq Rasmussen bu qərarın Əfqanların qürur duyacağı bir tarix kimi xarakterizə edib. Koalisiya gücləri lazım olduğu təqdirdə Əfqanıstan təhlükəsizlik qüvvələrinə dəstək verəcək.
2010 – cu ildə Lissabon sammitində verilən bu qərar 2014 – cü ilə qədər davam edəcək. NATO – nun baş katibi Anders Foq Rasmussen bildirib ki, missiya əfqan tərəfinə təlim keçəcək, zəruri məsləhətlər verəcək.
5 il öncə Əfqanıstanın təhlükəsizlik qüvvələrinin çox zəif olduğunu deyən Rasmussen vurğulayıb ki, indi bu ölkənin 350 min nəfər hərbiçisi və polisi var.
Şəhid olan Əfqan və koalisiya hərbiçilərinin xatirəsini hörmətlə yad edən Anders Foq Rasmussen hərbi məktəbin müdavimlərinə xitabən ‘ gələcək sizin əlinizdədir’ deyib.
Əfqanıstan prezidenti Həmid Kərzai isə təhlükəsizliyin təmin edilməsinin tamamilə Əfqanlara həvalə edilməsini tarixi bir qərar kimi dəyərləndirib.
Əfqanıstanda hələ də təxmini 100 min koalisiya hərbiçisi var.