XƏBƏR LENTİ

01 Dekabr 2020
30 Noyabr 2020

Digər Xəbərlər

15 Fevral 2017 - 21:09

General ABŞ-da dövlət çevrilişi anonsu verdi:“Hokumətimiz xaos içindədir”

raymond

"Hökumətimiz qaçılmaz xaosun içindədir. Ümid edirəm ki, qısa müddətdə bu problem öz həllini tapacaq. Çünki biz müharibə şəraitində yaşayan bir cəmiyyətik".

Strateq.az xəbər verir ki, bu fikirləri ABŞ-ın Xüsusi Qüvvələrinin komandiri, general Raymond Tomas bildirib.

General xaosun nədən qaynaqlandığını açıq şəkildə bildirməsə də, açıqlamanın məhz ABŞ prezidenti Donald Trampın milli təhlükəsizlik məsələləri üzrə müşaviri Maykl Flinnin istefasından sonra gəlməsi Ağ Evlə kəşfiyyat təşkilatları arasında mübarizənin başlanması kimi xarakterizə oluna bilər.

Xatırladaq ki, Maykl Flinn Rusiyanın ABŞ-dakı səfiri ilə telefonla danışıbmış və ona Trampın sanksiyaları yüngünləşdirəcəyi müjdəsini veribmiş. Yeni administrasiyanın hakimiyyəti təhvil almasından az əvvəl baş tutan bu telefon danışığı əvvəl Ağ Ev tərəfindən inkar edilsə də, sonradan xüsusi kəşfiyyat orqanları danışığı dinlədikləri xəbərini yayınca, fakt etiraf olunmuşdu. Bu dəfə isə Ağ Ev səfirlə sanksiyalar barədə hər hansı müzakirə aparılmadığını iddia etmişdi.

Fəqət ABŞ-ın Ədalət Nazirliyi telefon danışığında sanksiyalar mövzusunun da ələ alındığını bildirərərk, Maykl Flinnin gələcəkdə Rusiya tərəfindən şantaja məruz qala biləcəyi ehtimalını səsləndirib. ABŞ-ın müxtəlif mətbu orqanları Trampın müşavirinin bir neçə il bundan əvvəl Rusiyaya səfər etdiyini və Kreml tərəfindən verilən hər hansı bir mükafatı qəbul edib-etmədiyinin bilinmədiyi iddialarını da irəli sürüblər. ABŞ qanunları hərbçilərin başqa dövlət tərəfindən mükafatlandırılmasını və maliyyələşdirilməsini qadağan etdiyindən, Maykl Flinn ətrafında yaranan şübhə dumanı onun istefası ilə nəticələnib.

Flinnin cəmi 3 həftə sürən bu müşavirliyindən sonra boşalan yerinə ehtiyatda olan general-leytenant Cozef Kit Kelloqq gətirilsə də, Xüsusi Qüvvələr komandiri general Raymond Tomasın bugünkü açıqlaması sözügedən post uğrunda çəkişmələrin hələ səngimədiyini göstərir.

Roymand Tomas ABŞ-ı müharibə şəraitində yaşayan dövlət kimi təqdim etməsini isə İŞİD-lə apardığı mübarizə ilə əsaslandırıb. Onun fikrincə, hökumətdəki bu xaos ortadan qaldırılmadıqca, İŞİD-lə effektli mübarizəyə ümid etməyə dəyməz.

Bununla belə, ABŞ-da son zamanlar yaşanan bir sıra gərginliklər Xüsusi Qüvvələr komandirinin yalnız İŞİD üçün əndişələnmədiyindən xəbər verir. Obamadan sonra hakimiyyətə gələn Trampın əvvəlki iqtidarın bütün siyasətlərini inkar edən mövqe tutması ABŞ-da, həqiqətən də, ciddi gərginliklərə yol açıb. Yeni iqtidarın xüsusilə Rusiyayla bağlı mövqeyi ölkədə ciddi narahatlıq doğurur. Flinnin rus səfirlə isti münasibətlərinin ortaya çıxması bir çox nüfuzlu respublikaçıların da Trampa qarşı cəbhədə yer almasıyla nəticələnib. Yeni hakimiyyət “qan itirdiyini” hiss etdikcə, yeri gəldi-gəlmədi Rusiyaya qarşı söyləmlərlə özünü təmizə çıxarmağa çalışır ki, bu da həm Trampın öz seçki platformasını həyata keçirməsinə mane olur, həm də xarici siyasətdə əlavə gərginliklər yaradır.

Tramp hakimiyyəti təhvil almamışdan əvvəl bir çox mütəxəssislər ABŞ-da dövlət çevrilişi ehtimalından danışırdılar. Xüsusi Qüvvələr komandirinin hakimiyyətdə xaosun hökm sürdüyünü etiraf etməsi bu mənada da təsadüfi deyil. Mümkündür ki, ABŞ ictimai rəyi tədricən yeni sürprizlərə hazırlanılır. Yeni prezidentin ən strateji məsələlər üzrə müşavirinin, az qala, “Rusiyanın agenti” çıxarılması, ümumiyyətlə, Trampın özünün və komandasının da bənzər ittihamlarla suçlanması prosesləri tədricən hərbi çevriliş istiqamətinə aparır. R.Tomasın haqqında bəhs etdiyimiz açıqlamasında istifadə etdiyi “qaçılmaz” epiteti də sanki xaosun nəticəsinin də zəruri olacağına eyhamdır. Bütün xaosların nəticəsi isə mütləq hərbi çevrilişlər olur.

Deyəsən, R.Tomas da məhz bu zərurətdən danışır. Əgər belədirsə, yaxın günlərdə məşhur bir aforizm də tarixə qovuşacaq. Söhbət “ABŞ-da hərbi çevrilişlər olmaz. Çünki bu, yeganə ölkədir ki, orda ABŞ səfirliyi yoxdur” sözlərindən gedir.

Maraqlıdır ki, ABŞ-ın çoxəsrlik tarixində bir ilkə imza atacağı gözlənilən hərbi çevriliş də səfirliklə bağlı olacaq. Amma bu, ABŞ yox, Rusiya səfirliyidir. Obamanın ötən ilin son günlərində Rusiya səfirliyinin bütün işçilərini ölkədən qovması da, görünür, səbəbsiz deyilmiş.

Məsələyə bu aspektdən yanaşanda, R.Tomasın açıqlaması yaxınlarda baş tutacağı gözlənilən hərbi çevrilişin anonsuna bənzəyir.

Heydər Oğuz

Strateq.az