XƏBƏR LENTİ

27 Noyabr 2020

Digər Xəbərlər

16 Fevral 2017 - 15:52

“Hamıya daş atan” Müqtəda Sədr tərəfdarlarını Təhrir meydanına niyə çıxarır? –Təhlil

Image processed by CodeCarvings Piczard ### FREE Community Edition ### on 2017-02-15 16:37:24Z |  | Lÿÿÿÿ

2003-cü ildən bəri “İraq” sözünün bir neçə sinonimi var: “Səddam Hüseyn”, “Mehdi ordusu”, “intiharçı-terrorçu”, “İŞİD”, “Haşdi Şaabi” və ilaxır. Bu silsilədə bir adı da unutmamaq gərəkdir – Müqtəda Sədr.

Onun, yəni İraqda nüfuzlu nəslin nümayəndəsi olan Müqtəda əl-Sədr ardıcıllarının son günlərdəki fəallığı yeni bir sualı ortaya çıxarır: Bağdadda qanlı nəticə ilə bitən etirazların səbəbi nədir?

Analitiklərin bir çoxu aydın ifadə ilə deyir: bu, parlament seçkiləri ərəfəsində İraqın şiə liderləri arasında mübarizənin nişanəsidir.

Mühasirə halqasında olan Mosulun və İŞİD-dən qurtulan qaçqınların sərgərdan dolaşdığı ölkədə həm ərazi bütövlüyü uğrunda savaş, həm də seçki qovğası gedir.

Bu ilin sentyabrında yerli özünüidarəçilik, 2018-ci ilin yazında isə parlament seçkiləri keçirilməlidir. Sədr tərəfdarları Seçki Komissiyası tərkibinin sabiq baş nazir Nuri əl-Maliki üçün daha münasib olduğunu iddia edərək indidən kütləvi səfərbərliyə başlayıb. Əks tərəf də sədrçilərə eyni qarşılığı verir və gərginlik günbəgün artır.

Hazırda vitse-prezident vəzifəsini tutan N.Maliki Tehrana ən yaxın siyasətçi sayılır və onun baş nazirlikdən gedişinin əsas səbəbkarı da Müqtəda Sədrdir.

N.Malikinin 2014-cü ildə bitən səkkiz illik hakimiyyətindən sonra baş nazir kürsüsünə oturan Heydər İbadi də, onun kimi, “Dava” Partiyasını təmsil edir və mötədil, həm İran, həm də ABŞ-la eyni məsafədə durmağa çalışan siyasətçi imicinə malikdir. Düzünə qalsa, İbadinin namizədliyi bölgədə nüfuz savaşı aparan Tehran və Vaşinqton arasında kompromis seçənək sayılır. Amma Qərb mənbələri iddia edir ki, telefon danışığında D.Trampın İraq baş nazirindən əsas istəyi artıq birtərəfli, birmeyilli olması idi.

H.İbadinin ABŞ prezidentinə etiraz etməyə ən azı bir əl yeri var: 7 müsəlman ölkəsi vətəndaşları üçün ABŞ-a giriş qadağası siyahısına İraq da daxil edilib.

Hazırda İraqda, necə deyərlər, düşmənə də arzulanmayacaq durum var. İŞİD bəlasının kökü kəsilməyənədək ölkədə rəsmi dəvətlə xarici güclərin (o cümlədən həm ABŞ, həm də İran hərbi müşavirlərinin) varlığına dözümlü yanaşmaq lazım gəlir. Etiraz yalnız Türkiyə ordusunadır. Rəsmi Bağdad bunu durmadan dilə gətirir. Elə ictimai fikir də böyük əksəriyyətlə eyni rəydədir.

“Ərdoğan İraqda müsəlmanları qorumaq yerinə, öz ölkəsindəki müsəlmanlarla ədalətli davranmağı öyrənsin”. “Yoldan keçənə daş atan” Müqtəda Sədr bunu 2016-cı ilin oktyabrında demişdi. Hələ əlavə də etmişdi ki, “Qovulmamışdan əvvəl şərəflə çıxsanız yaxşıdır”.

TSK-nın (Türk Silahlı Qüvvələri) Başikada qalması siyasi baxımdan yalnız Kürd Muxtariyyətinə sərf edir.

Yeri gəlmişkən, muxtariyyətin rəhbəri Məsud Bərzani indidən bəyan edib ki, Nuri Malikinin iqtidara gələcəyi halda, Kürdüstan müstəqilliyini elan edəcək.

“Transparency International”ın korrupsiya siyahısında 168 ölkə arasında 161-ci yeri tutan (hesablamalara görə, xəzinə oğurluğu 4 milrd. $-a bərabərdir) İraqda, siyasi sabitliklə bərabər, elektrik, su, sosial təsisatlar (məktəblər, xəstəxanalar və s.) sarıdan korluq hakimiyyətə etiraz səbrini daşdırır. Bu müşkülləri də hökumətin üzünə çırpan Müqtəda Sədrin “Bədr”, “Kataib”“Haşdi Şaabi” kimi güclərdən məsafədə qalması hazırda onu İraq siyasətində unikal mövqeyə qoyur.

“Mehdi ordusu”nun keçmiş rəhbəri ölkə əhalisinin sünni məzhəbli kəsimində də etibar sahibidir. Onun Ayətullah Sistani kimi nüfuzu müqayisə edilməz şiə ruhanisindən də məsafədə qalması, Ayətullah Seyyid Kazim Hairi ilə məsləhətləşməsi və fətvaları istiqamətində hərəkət etməsi çoxdan etiraf edilib.

Vaşinqtondakı Yaxın Şərq İnstitutunun eksperti Fillip Smit qeyd edir ki, ABŞ Dövlət Departamenti 2014-cü ilədək M.Sədri öz tərəfinə cəlb etmək üçün uğursuz cəhdlər edib. Ağ Evin Yaxın Şərqdəki siyasətini daim tənqid edən şiə ruhanisinin bir ara “amerikapərəst” adlandırılmasının səbəbi də budur. Lakin indiki görə ona nə ad vermək olar?

“Vəhdətçi-millətçi” damğası hazırda Müqtəda Sədrə daha uyğun yarlıqdır.

Elə Fillip Smit də deyir: “ABŞ əleyhinə sərt və çılğın ritorika, istənilən xarici gücü “işğalçı” elan etməsi, eyni zamanda, məsələn, “Haşdi-Şaabi”çiləri “həyasız döyüşçülər” adlandırması onun həqiqi İraq millətçisi olduğunu göstərir”.

 

Əziz Rzazadə

Strateq.az




Yuxarı Əvvələ Ana Səhifə