XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

18 February 2017 - 00:29

Baş Qərargah rəislərinin müəmmalı görüşü:Niyə məhz "gizli Bakı"?! - TƏHLİL

qerargah-3

ABŞ-ın Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri, general Cozef Danfordun rusiyalı həmkarıyla Bakıda görüşməsi hər kəs üçün gözlənilməz oldu. Bəlkə də məhz bu səbəbdən görüşün məqsədləri və masaya yatırılan mövzular barədə qəti fikirlər səsləndirilmədi, inandırıcılıqdan uzaq müxtəlif versiyalar irəli sürüldü.

Rəsmi açıqlamaya görə, iki hərbi liderin Bakıda müzakirə etdikləri əsas məsələlər Rusiya-ABŞ münasibətlərinin hazırkı vəziyyətini, Avropa, Yaxın Şərq, Şimali Afrika və digər regionlarda beynəlxalq təhlükəsizliklə bağlı mövzular olub.

Açıqlamadakı “digər regionlar” ifadəsi xeyli mücərrəd olduğundan haraların qəsd edildiyi müəyyənləşdirmək çətindir. Konkret adları çəkilən coğrafiyaların isə Azərbaycandan xeyli uzaqda yerləşməsi istər-istəməz beyinlərdə niyə məhz Bakının seçilməsi ilə bağlı suallar meydana gətirir.

Bəzi ekspertlər bu suala Azərbaycanın siyasi mövqeyinə görə hər iki tərəfə eyni məsafədə dayanması, ölkəmizdə hökm sürən stabillik, Yaxın Şərqə yaxınlığımız kimi arqumentlərlə cavab axtarırlar. Nə qədər haqlı məqamlara söykənsə belə, bu arqumentlər ortaya çıxan sualların tam qaneedici cavabı təsiri bağışlamır. Nədən ki, müzakirə masasına yatırılan coğrafiyalara bizdən daha yaxın, hər iki tərəflə əməkdaşlıq edən xeyli dövlətlər var və onlardan biri də Cozef Danfordun Azərbaycandan sonra səfər etdiyi Türkiyədir. Yaxud iki liderin görüşdüyü sıralarda Suriya məsələsinin bir sıra dövlətlər və yerli qüvvələrlə müzakirəyə çıxarıldığı Astana da stabillik baxımından bizdən geri qalmır. Elədirsə, iki hərbi liderin özlərinə əziyyət verib məhz Bakıda görüşmək üçün səfərə çıxması inandırıcı görünmür. Sadə məntiq Bakını görüş yeri kimi zəruri hala gətirən hansısa daha əsaslı səbəbin mövcud olduğunu pıçıldamaqdadır.

Bakı görüşü ərəfəsində dünyanın iki nəhəng hərbi qüvvəsinin Qara dəniz ətrafında burun-buruna gəlməsi və tərəflər arasında yaşanan bəzi polemikalar da əsl səbəbin Azərbaycana daha yaxın coğrafiyayla bağlı olduğu versiyasını ağla gətirir. Belə ki, görüşdən sadəcə bir neçə saat əvvəl Rusiya prezidenti Vladimir Putin NATO-nu təhrikedici hərəkətlərlə Moskvanı boğaza yığmaqda günahlandırmış və bunu provakasiya adlandıraraq demişdi: "NATO Rusiyanı sıxışdırmağa davam edir. Bu, daha əvvəl də həyata keçirildi, lakin indi daha ciddi bəhanələr tapılıb. Strateji və konvansional silahların sərhədlərə yerləşdirilməsi prosesi sürətləndirilib".  

Federal Təhlükəsizlik Xidmətinin toplantısında dilə gətirilən bu sözlərdən bir müddət qabaq Ukraynada rus separatçılarının bütün cəbhə boyu hücuma keçməsi, Bakı görüşündən bir gün əvvəl isə Rusiya Müdafiə Nazirliyinin Ukrayna sərhədlərindəki hərbi birliklərini müharibəyə hazırlıq səviyyəsinə gətirilməsi də Qara dənizdə vəziyyətin getdikcə gərginləşməsindən xəbər verirdi.

Eyni vaxtda NATO cəbhəsində hərb rüzgarları əsirdi. Bakı görüşündən bir gün əvvəl Brüsseldə keçirilən NATO ölkələrinin Xarici İşlər nazirlərinin toplantısında çıxış edən ABŞ Müdafiə naziri Ceyms Mattis Rusiyanın danışıqlar aparacaq səviyyədə olmadığını, bununla belə siyasi liderlərin bir-biriylə ortaq dil tapacaqlarına inanmaq istədiyini  söyləmişdi. Rusiyalı həmkarı Sergey Şoygunun ABŞ-la danışıqlara hazır olduqları ilə bağlı çağırışına cavab kimi səsləndirilən bu fikirlərdən sonra NATO-dakı müttəfiqlərindən ilin axırınadək hərbi büdcələrini artırmağı tələb edən Mattis onlara Baltikyanı ölkələrdən dərs almağı məsləhət bilmişdi. Nazirin sözlərinə görə, əks halda, ABŞ Alyansdakı hərbi öhdəlik doktrinasını (angajman) dəyişdirə bilərdi. Bu isə açıq-aşkar “sizi Rusiya ilə baş-başa buraxacağıq” demək idi. Elə həmin təhdidin səsləndirildiyi dəqiqələrdə NATO-ya aid iki gəminin Qara dənizə keçib Türkiyənin Samsun limanında lövbər salması, daha iki ABŞ gəmisinin Aralıq dənizinə səfəri “arının yuvasına çöp uzatmaq”dı ki, Vaşinqton bu təhrikedici hərəkətləriylə sanki zarafat etmədiyini göstərmək istəyirdi.

Baxmayaraq ki, bu mesajların Rusiyadan çox, Avropaya verildiyi də ortadadır. Sanki ABŞ öz müttəfiqlərinə təhdid sahəsində yerləşmədiyini xatırladır, “arını acıtdıqdan sonra aradan çıxa biləcəyini", Avropanın isə qaçacaq yerinin olmadığını başa salmağa çalışırdı.

Vaşinqtonu bu qədər qəzəbləndirən isə müttəfiqlərinin NATO nizamnaməsinə uyğun olaraq, öz ÜDM-nin 2%-nə qədərini belə, müdafiəyə sərf etməməsi idi. ABŞ-ın onsuz da Avropanı müdafiə edəcəyini düşünən Almaniya, Fransa, İtaliya və s. kimi böyük dövlətlərin bu hərəkəti, bir növ, böyük müttəfiqin istismarı təəssüratı yaratdığından Trampdan tutmuş Obamaya qədər bir çox ABŞ siyasiləri tərəfindən tənqid atəşinə tutulub. Xüsusilə indiki prezident bu müttəfiqliyin uzun müddət davam etməyəcəyini bildirib, hər hansı  təhdidə məruz qalmayan ölkəsinin öz qınına çəkilə biləcəyiylə Avropaya dəfələrlə hədə-qorxu gəlib.

ABŞ Müdafiə naziri Mattisin NATO toplantısında səsləndirdiyi fikirlər Trampın mövqeyini müdafiə kimi görünsə də, Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri, general Cozef Danfordun Bakıda rusiyalı həmkarıyla bir araya gəlməsi tamamilə başqa mətləblərdən xəbər verirdi. Bu görüş ilk növbədə onu göstərirdi ki, Mattisin fikrindən fərqli olaraq, Pentaqon hələ də Rusiya ilə nələrinsə müzakirə edilə biləcəyinə inanır və bu müzakirələrin siyasilər yox, hərbçilər tərəfindən aparılmasını daha məqsədəuyğun hesab edir. Nəzərə alsaq ki, NATO strukturunda hərbi iradənin əsas sahibi Baş Qərargah rəisləridir və müdafiə nazirləri sadəcə hərb siyasətini həyata keçirilməsinə nəzarət edirlər, Mattisin sözləriylə Danfordun hərəkətləri arasındakı fərqlilik qeyri-adi görünməz. Bununla belə, bu iki mövqe ABŞ-ın siyasi elitasıyla hərbi iradəsi arasında ziddiyyətin mövcudluğundan xəbər verir.

ABŞ prezidenti Donald Trampın bu gün mətbu orqanlarda əks olunan fikirləri də bu ehtimalı qüvvətləndirir. Məlumata görə, Tramp mətbuat açıqlamasında deyib: "Rusiya ilə siyasi mənada yaxşı yola getməyin mənim üçün yaxşı olmadığını bilirəm. Mənim üçün rəva görülən ən yaxşı şey 30 mil uzaqlıqdakı gəmini (Virciniya sahillərində görülən rus donanmasına aid “Viktor Leonov” adlı kəşfiyyat gəmisi) vurmaqdır. Hər kəs buna, yəqin ki,  “mükəmməl!” deyərdi. Amma bu, möcüzə deyil. Mən Rusiya ilə yaxşı yola getmək istəyirəm".

Trampın bu sözləri onun necə ağır basqı altında qaldığının və bu basqılar çərçivəsində addım atdığının ən gözəl etirafıdır. Odur ki, siyasi elitası ilə hərbi iradəsi arasında ikitirəliyin hökm sürdüyü ABŞ-ın tam olaraq bizim coğrafiyamızda nə axtardığını müəyyənləşdirmək də olduqca çətindir. Ancaq bəlli olan budur ki, general Cozef Danford Bakıya heç də Suriya və yaxud Afrika məsələsini müzakirə etmək üçün gəlməyib.

Əslində Rusiya-ABŞ münasibətlərində əsas gərilim nöqtəsi də Yaxın Şərq, yaxud Afrikanın hansısa bölgəsi deyil. Qara dəniz məsələsi hər iki dövlət üçün Yaxın Şərqdən daha böyük əhəmiyyət daşıyır. Prinsipcə, Rusiya da elə Qara dənizdə sıxışdırıldığı üçün Suriyaya hərbi müdaxilə edərək, hesablaşma sahəsini genişləndirmiş, problemi öz sərhədlərindən kənara sürükləmişdi. Moskvanın Ukrayna böhranına qədər Yaxın Şərqdə baş verənləri seyr etməklə kifayətlənməsi, Krımı ilhaqının ardından üzləşdiyi sanksiyalardan sonra Suriyaya hərbi müdaxilə etməsi bunun ən bariz sübutudur.

Azərbaycanın tərkib hissəsi olduğu Cənubi Qafqazın Qara dəniz sahillərində yerləşməsi və istər iqtisadi potensial, istərsə də hərbi qüdrət baxımından Xəzərdən Qara dənizə qədər uzanan ərazilərin lider ölkəsi olması regional siyasətlərin məhz bu regionda müzakirəsini şərtləndirir.

Digər tərəfdən, Tramp hakimiyyətinin əsas hədəfinin İran olması da Azərbaycanın yenidən geostrateji əhəmiyyətini artırır. Deməli, dünyanın iki güc mərkəzinin hərbi liderlərinin məkan olaraq Bakını seçməsinin səbəbi də bu amillərdə axtarılmalıdır.

Yeri gəlmişkən, o da təsadüfi deyil ki, bu iki liderdən əvvəl Bakının qonağı ABŞ-ın strateji müttəfiqi sayılan İsrailin baş naziri Binjamin Netahyahu olmuş və bu səfərdən sonra İran-Azərbaycan münasibətləri yenidən pisləşməyə başlamışdı. Bu mənada generalların görüşünə İranın necə reaksiya verəcəyi də maraq doğurur.

İndiyə qədər Rusiyanın Yaxın Şərqdəki əsas müttəfiqi kimi çıxış edən İranı region üzərində geopolitik münasibətlərin gərginləşdiyi indiki zamanda qurban verəcəyini isə gözləməyə dəyməz. Ən azı ona görə ki, Tehranı əvəz edəcək Ankaranın son zamanlar ABŞ-a yenidən yaxınlaşdığı, yenə əvvəlki məntiqlə Səudiyyə Ərəbistanına meylləndiyi aydın şəkildə hiss olunur və Yaxın Şərq daha ağır məzhəb müharibələrinə sürüklənir. Yeni məhzəb müharibələri mərhələsində isə ön plana daha ciddi fiqurların çıxacağı gözlənilir. Söhbət İranla Türkiyədən gedir. Bütün konfliktləri öz silah bazarının cazibə mərkəzinə çevirən hər iki dövlət üçün isə İranın təklənməsi heç iqtisadi baxımdan da səmərəli deyil. Axı, müharibə o zaman cib doldurur ki, onun nə qalibi, nə məğlubu olsun.

Bu baxımdan, Bakı görüşündə qlobal hərb sənayesinin bazarlıqlarının müzakirə olunduğunu söyləmək mümkündür. Yəqin ki, görüşdən sonra Rusiya Qara dənizdə aqressivliyini artıraraq NATO ölkələrinin silahlanmaya ayırdığı vəsaiti ÜDM-in 2-3%-nə yüksəltməsinə şərait yaradacaq, ABŞ isə Yaxın Şərqdə bəzi ölkələri təkləyərək rus silahlarıyla özünümüdafiəyə məhkum hala gətirəcək…

 

Heydər Oğuz

Strateq.az