XƏBƏR LENTİ

25 Oktyabr 2020
24 Oktyabr 2020

Digər Xəbərlər

22 Fevral 2017 - 11:23

ABŞ-ın “beyin mərkəzi”:"Siyasətdən uzaq duran general Qasim Süleymani İranın milli qəhrəmanına çevrilib"

suleymani-qasim

Sina Azodi

Vudro Vilson Beynəlxalq Mərkəzinin sabiq elmi əməkdaşı, Beynəlxalq Münasibətlər üzrə Elliott Məktəbinin (B.A & MA), Corc Vaşinqton Universitetinin məzunu, İranın xarici siyasəti və ABŞ-İran münasibətləri üzrə ekspert

"Atlantic Council" (ABŞ)


İran İnqilab Keşikçiləri Korpusunun "Qüds" qvardiyasının rəhbəri general Qasim Süleymani, tərəfdarları arasında İranın düşmənləri ilə mübarizə aparan fədakar milli qəhrəman kimi ölkənin ən məşhur ictimai xadimlərindən sayılır.

Tənqidçilər üçün isə Süleymani əlləri Amerika əsgərləri və çoxsaylı suriyalı, iraqlı və livanlının qanına bulaşmış bədnam terrorçudur.

Bu hesabatın məqsədi onun hərəkətlərini mühakimə etmək yox, iranlılar arasında qeyri-adi populyarlığının izah edə biləcək səbəblərdən bəzisinə işıq salmaqdır.

Q.Süleymani Kerman əyalətində, məhdud maliyyə vəsaiti ilə keçinən kəndli ailəsində anadan olub və 1979-cu ildə İslam İnqilabı Keşikçiləri Korpusuna (İİKK) qatılmazdan əvvəl inşaatda çalışıb. İİKK onun praqmatik məqsədli dindar insan kimi formalaşmasında rol oynayıb.

Süleymani 20 ildən çoxdur ki, İİKK-nin "Qüds" birliyinə rəhbərlik edir. 2001-ci ilin 11 sentyabrında "Əl-Qaidə"nin ABŞ-a hücumlarından sonra onun dolayısı ilə Əfqanıstanda "Taliban"ı devirmək üçün Amerika kəşfiyyatı və hərbi qüvvələri ilə əməkdaşlıq etməsi geniş yayılmış məlumatdır.

İran ilkin olaraq İraqın ABŞ tərəfindən işğalını dəstəkləyib, lakin ABŞ-ın işğal davam etdikdə kurs dəyişib və İraqdakı etibarlı şiə ardıcılları vasitəsilə ABŞ qüvvələrinə qarşı mübarizə başlayıb.

Süleymani İranın xarici hərbi əməliyyatlarında, o cümlədən İraq və Suriyada qondarma "İslam Dövləti" ilə mübarizədə baş strateq olaraq qalır. İranın müdaxiləsi intensivləşən kimi, o, ictimai xadim və regionda İranın enerji proyeksiyasının rəmzi olub.

qasim-suleymani

Süleymaninin fotoşəkilləri, 190 minə çatan ardıcılının çoxsaylı "Instagram" hesabları daxil olmaqla, sosial mediada 2014-cü ildə görünməyə başladı. Marilənd Universiteti Beynəlxalq və Təhlükəsizlik Araşdırmalar Mərkəzinin (CISSM) bu yaxınlarda keçirdiyi tədqiqat göstərir ki, 2016-ci ilin yanvarında onun populyarlığı 73 faiz təşkil edib. 2016-cı ilin dekabrında isə bu göstərici 74 faizə çatıb.

Onun populyarlığı əsasən İran zehniyyətinin nüvəsindədir, fədakarlıq və təvazökarlıq üçün təşəkkürdən qaynaqlanır.

İranlılarda milli qəhrəmanlar yaratmağa güclü meyl var. İstər epik "Şahnamə"dəki kimi, mifoloji olsun, istərsə döyüşdə son damla qanınadək vuruşmuş əsgər. Post-inqilabi İranda, bilbordlar, xüsusilə 1980-88-ci illərin İran-İraq müharibəsində, inqilab və ölkəyə xidmət üçün həyatlarını fəda edənlərin portretləri ilə doldurulur. Buna baxmayaraq, bu qəhrəmanlar artıq keçmişdə qalıb və yeni nəsilə yaşayan qəhrəman lazımdır. İran hökuməti biclik işlədərək hətta rəqiblərinin hörmətini qazanmış Süleymanini milli qəhrəman kimi təqdim edib.

İŞİD-in artan təhlükəsi və şiə müqəddəslərinin məzarlarının qorunmasından bəhanə kimi istifadə edərək, İslam Respublikası Süleymanini İraq və Suriyaya Bağdad hökuməti və Bəşər Əsəd rejimini dəstəkləməyə göndərib. Süleymani komanda stilində "cəbhə rabitəsi"ni təcrübədən keçirərək ön cəbhədə fəallıq göstərən ən yüksək rütbəli İran zabitdir. Tərəfdarları üçün Süleymani İŞİD-lə döyüşən, müqəddəs türbələri və regionda İranın maraqlarını qoruyan qəhrəmanıdır.

Süleymaninin iranlılar arasında populyarlığının başqa bir mümkün səbəbi daxili siyasətdə maraqlarının açıq-aydın olmamasıdır. Siyasi ofislərdə çalışan digər İİKK-li komandirlərindən fərqli olaraq, Süleymani əsasən siyasi hay-küylərdən yayınaraq, İran siyasətinə cəlb olunmaqdan imtina edib. Bunun əvəzinə, İraq və Suriyada çəkilən "selfi"lər istisna olmaqla, o, rəsmi ildönümlər və ya dəfn mərasimlərində təsadüfi çıxışlar edərək "evin kölgəsində" qalıb.

Tehran Universitetinin siyasi elmlər üzrə professoru və islahat hərəkatının tərəfdarı, doktor Sadiq Zibakəlam iddia edir ki, Süleymani eyni zamanda həm islahatçıların, həm də mühafizəkarların etibarını qazanıb. Çünki o, daxili siyasətdən uzaqda qalıb və öz vəzifəsini İranın xaricində icra edir.

qasem-tehran

2016-ci ilin sentyabrında şayiələr yayılmağa başladı ki, Q.Süleymani 2017-ci ilin mayında prezidentliyə namizəd ola bilər. Lakin o, tez bir zamanda hər hansı siyasi ambisiyasını inkar etdi və bildirdi ki, "Vilayət"in (Ali Dini Liderin idarə etdiyi məmləkət tərc.) "təvazökar əsgəri" qalacaq.

Maraqlıdır ki, tərəfdarları bəzən onu "Hac Qasim" və ya hətta "Sərdar-e Delha" ("Qəlblərin sərdarı, yaxud komandiri"tərc.) adlandırırlar. Özü barədə "dağlar və dərələr" arasında şəhidlik axtaran fədakar əsgər obrazı yaradıb. İİKK-dəki silah yoldaşlarından, komandirlərdən fərqli olaraq, Q.Süleymani döyüş meydanında əsasən xaki rəngli döyüş şalvarı və köynəklə görünür. O, həmçinin mehriban ata imicinə malikdir. 2015-ci ilin martında internetdə ona dair bir video peyda oldu. Həmin videoda valideynlərinə hörmət etmək və onların arzularını yerinə yetirmək üçün gənc bir tərəfdarına nəsihət verirdi. Bu xüsusiyyətləri onun xarizmatik, hələ də təvazökar əsgər kimi obrazını dəstəkləyir.

Ümumən iddia etmək olar ki, onun populyarlığı İran zehniyyətinin kökündə, xarizmatik və mömin liderləri dəstəklmək meylindədir. Həm də fars mədəniyyəti və şiəliyin təlqin etdiyi fədakarlıq və təvazökarlıq dəyərlərində.

Onun təsiri və lazımi anda lazımi yerdə olma bacarığı "Şübhəli şəxslər" filmindəki uydurma Keyser Söze personajı (yaxud Kayzer Söze, aktyor Kevin Speysinin rol aldığı, 1995-ci ildə çəkilən filmdə Keyser Sözenin türk, atasının isə alman əsıllı olduğundan bəhs edilir – tərc.) kimi, İranda və bütün Yaxın Şərqdə Q.Süleymaniyə əfsanəvi qəhrəman statusu qazandırıb. Sözedən fərqli olaraq, regionun geosiyasətinin formalaşmasında Süleymaninin rolu artıq kölgədə deyil. O, indi İranın ünlü sərkərdəsidir.

 

Tərcümə: Stateq.az




Yuxarı Əvvələ Ana Səhifə