XƏBƏR LENTİ

25 Yanvar 2021
24 Yanvar 2021

Digər Xəbərlər

22 Fevral 2017 - 10:43

Sahib Kərimli AXCP dosyesini açır:“Niyə Əli Kərimliyə qarşı çıxıram?”-VİDEO

Sahib Kərimli: ““Qaynar Qazan”la yenidən böyük siyasətə qayıdıram!”

16924179_1324879324240405_1317665360_n

Sahib Kərimli uzun müddət – təxminən bir neçə aydır, “Qaynar Qazan”a çıxmaq, müsahibə vermək istəyirdi. Həm sırada planlaşdırdığım müsahiblərim vardı, həm də açığı, onun nə danışacağı məni maraqlandırırdı. Axı bütün hallarda “Qaynar Qazan”ın formatı çox fərqlidir və burada bir çox hallarda mən özüm belə istədiyim kimi hərəkət edə bilmirəm. O baxımdan, gözləməyi qərara aldım. Bu haqda zaman-zaman Sahib Kərimli ilə də danışdıq. Zaman-zaman yazışdıq və nəhayət, ötən həftəyə qərarlaşdırdıq ki, görüşək.

“Qaynar Qazan”da qonaq dəvət etdiyim adamlar da ciddi müzakirələrdən keçirlər. Dalbadal dəvət olunan qonaqlara da artıq diqqət etməli oluruq. 2-3 qonaq ard-arda AXCP-yə, ya da Əli Kərimliyə yaxın oldularmı, dostlarımız bizi onlara yaxın bilir, elə təqdim etməyə çalışırlar. Ya da tərsinə, hansısa partiyaya yaxın kimsə gəldimi, oluruq onların adamı. Hətta artıq sosial şəbəkələrdə bizim xüsusi yazanlarımız var, nə ediriksə, bir əmma tapa bilirlər. Ona görə də, Sahib Kərimliyə xüsusi diqqət edəsi olduq. Hiss olunurdu ki, Sahib Kərimli AXCP və Əli Kərimlidən danışacaq.

Elə də oldu. Tam kəskin olmasa da, Sahib Kərimli AXCP və Əli Kərimli ilə bir növ hesablaşmağa gəlib “Qaynar Qazan”a. Özü də məhz buradan – “Qaynar Qazan”dan böyük siyasətə qayıtmağı planlaşdırıb. Bu haqda açıqca söylədi də. İndiyə qədər yaşadığı sürgün həyatından Azərbaycanın qaynar siyasi gündəminə qayıdan, ya da onu planlaşdıran Sahib Kərimli bunu “Qaynar Qazan”ın yaratdığı imkanla elan etdi və mənim gümanım odur ki, Sahib Kərimli AXCP-də Əli Kərimli ilə hesablaşmağa qayıdır.

Sahibi içəridən – həbsxanadan tanıyıram. Onunla bir neçə dəfə Kürdəxanının “boks”larında görüşmüşük. Bu haqda “Selcanın məmləkəti”-“Həbsxana gündəlikləri”ndə də məqamlar var. Yəni onun xarakterli adam olduğunu bilirəm. Ancaq bu, siyasətdir. Hələ Sahib Kərimlinin uzun-uzun hakimiyyətə yaxın adamlarla müzakirələr apardığını dilə gətirməsi və o haqda danışması göstərir ki, Sahib Kərimli bu mübarizədə tək olmayacaq. Oyun görünən odur ki, bir komanda oyunudur. Nə deyək, qaydasında və kurallara uyğun oynayan qazansın.

Beləliklə, “Qaynar Qazan”ın 35-ci qonağı AXCP sədrliyinə keçmiş namizəd və keçmiş vicdan məhbusu Sahib Kərimlidir. Onu eşidək…

Əvəz Zeynallı

****

I hissə

Kəndə çəkilməyim sürgün də hesab oluna bilər

16900006_1324881554240182_987524888_n

– “Qaynar Qazan”da bugünkü qonağımız – mən onu AXCP sədrinin müavini bilirdim, o baxımdan da müsahibədən əvvəl verdiyim elanda da belə yazmışdım – “Qaynar Qazan”ın növbəti qonağı AXCP sədrinin müavini Sahib Kərimlidir. Amma sonradan məlum oldu ki, Sahib Kərimli AXCP sədrinin müavini deyil, sıravi cəbhəçi imiş. Yenə də anonsa verilən şərhlərdən elə görünür ki, Sahib Kərimli artıq cəbhəçi də deyil. Hər halda artıq bu məsələni də müzakirə edəcəyik. Mənim özüm üçün də bu məsələ çox maraqlıdır. Bugünkü qonağımız Sahib Kərimlidir. Sahib bəy, xoş gəlmisiniz.

– Xoş gördük.

– Sualların bir çoxu mənim fikirlərimi əvəzləyir. Vüqar Qurdqanlı maraqlanır ki, “nə var, nə yox?” Həzi Bəy yazır ki, “nə vaxtdandır görsənmir, nətəridir? Çox nigaranam.”

– Hər şey çox yaxşıdır. Bildiklərimin üzərinə yeni biliklər gətirirəm. Siyasət, cəmiyyət nədir? Proseslərdən bir az aralanmışam, kənddəyəm. Kiçik kənddir. Min nəfərdən bir az artıq əhalisi var.

– Şəkidə?

– Bəli, bəli. Fərqli-fərqli insanların istəyini öyrənirəm. Nə düşünürlər, nə tələb edirlər, dövlətə necə baxırlar, hakimiyyət necə olmalıdır, cəmiyyət necə olmalıdır – kimi suallara fikirlərini öyrənirəm. Onlar xarici xəbərləri izləyirlər, özlərinə məxsus təhlillər edirlər. Mən onlardan yanaşmaları öyrənirəm. Birəbir insanların problemlərini görürəm. Azərbaycan iqtisadiyyatının inkişafı üçün prioritet sahə elan olunan kənd təsərrüfatı və turizm regionlar üçün daha çox nəzərdə tutulmuş bir sahədir. Kənd təsərrüfatına bağlı insanlar, kənddə yaşayan insanlar nə düşünür, tələbləri nədir, necə fermer təsərrüfatları qurula bilər və s. məsələləri öyrənirəm. Yəni bir siyasətçi öyrəndikcə, oxuduqca, fərqli çevrələri tanıdıqca daha çox ağıllanır, öyrənir, cəmiyyəti bilir. Bu mənada hər şey yaxşıdır.

– Bu bənzətmə bir qədər qüsurlu ola bilər, amma siz də Kələkiyə çəkilmiş kimisiniz… Hə?

– Təbii ki, ruh halı da var. Qərb rasionallığı ilə bağlı mövzulara yəqin ki, verilən suallarda gələcəyik. Amma nəzərə alaq ki, biz Şərq dövləti və millətiyik. Bunda bir ruhaniyyət də var. Ruh halı da var. Sosioloqların işi də budur. Hər bir siyasətçinin yanında da bir güclü sosioloq olmalıdır. Çünki sosioloqların işi cəmiyyəti öyrənməkdir. Cəmiyyətin verdiyi mesajlar aydın olmalıdır. Siyasətçi bu cəmiyyətlə işləyir və bu cəmiyyəti inkişaf etdirməyi düşünür. Və ya bu cəmiyyətin lideri olmağı düşünür. Ona görə də bu cəmiyyəti yaxşı öyrənməlisən ki, o nə düşünür, tələbləri, həssasiyyəti nədir? Nə istəyir? Siyasətə münasibəti, siyasi şəxslərə, siyasi proseslərə münasibəti necədir?

Bütün sürgünlərin möhtəşəm bir geri dönüşü var

16933679_1324879754240362_2033106451_n

– Amma kəndə – Kələkiyə getməyin digər tərəfi də var. İncidilmiş, küşmüş, proseslərdən kənarlaşdırılmış adam adətən kəndə çəkilir…

– Təbii ki, bu tərəfi də var. Ruhaniyyətin içində bir əzab da var. Bəlkə bir sürgün də hesab oluna bilər, bütün mənalarda. Amma hesab edirəm ki, bütün sürgünlərin möhtəşəm bir geri dönüşü var.

– Mustafayev Xəlil yazır: “Sahib bəy elə bil siyasətdən çəkilib. Fəaliyyətini biznes istiqamətinə yönəldib”.

– Təklif edirəm ki, biz sualları ümumiləşdirək. Ən əvvəl də onu xüsusilə qeyd eləmək istəyirəm. Siz, “nə var, nə yox?”dan başladınız, mən bunu deməyə fürsət tapmadım. Çox cəsarətli yeniliklər edirsiniz. Yəni azad medianın elementləri bol olan, özündə də azadlıq hissi üst səviyyədə olan, ona qarşı bəzən açılımlar ediləndə, məsələn, qeyri-populyar fəaliyyətlər göstərəndə və ya ifadələr səslənəndə polemikaya girib, çox mədəni, kübarcasına bu polemikanı udan bir potensialınız da var. Ona görə də bu layihə çox uğurlu layihədir. Adı da xoşdur – “Qaynar Qazan”.

– Təşəkkür edirəm.

– Mən də sizə təşəkkür edirəm. Təbii ki, mənim siyasətə qayıdışımı bir formada – nəzərdə tutmuşdum ki, müəyyən müddət fasilə götürüb, yenidən siyasətə qayıdacam. Qayıdarkən də daha çox ruh halıma, bir də rasional baxışıma uyğun gələn veriliş “Qaynar Qazan” oldu. Ona görə də hesab edirəm ki, çox şey ola bilər və bunların üzərindən birdəfəlik xətt çəkmək üçün mən xüsusi təşəbbüs göstərib, sizdən xahiş etdim ki…

Bu qazanda mən də qaynamaq istəyirəm

16900004_1324881587573512_256559665_n

– Bəli, bir neçə dəfə xahiş etdiniz…

– Bəli, mən də xahiş etdim ki, o qazanda mən də qaynamaq istəyirəm. Siyasətçinin işi nədir ki? Cəmiyyətə potensialını göstərməlidir. Zatən biz nə zaman inkişaf edəcəyik? Fikir plüralizmi, fərqli baxışlar, fərqliliklər olacaq, fərqli təkliflər olacaq, ictimai müzakirələr olacaq və bütün bunlar süzgəcdən keçəcək. Tamam. “Qaynar Qazan” da bir resursdur və mən də bu resursdan faydalanmaq istədim. Bu resursu yaratdığınız üçün sizə təşəkkür edirəm. Mən bu resursdan istifadə edib, nə dərəcədə bu qazanda qaynadığımı, nə dərəcəyə qədər bişdiyimi göstərmək istədim. Bu da bir siyasətçi kimi mənim doğal haqqımdır.

– Mən elə başa düşdüm ki, siz siyasətə qayıdırsınız?

– Belə də hesab oluna bilər.

– Hə, xoş gəlirsiniz.

– Təşəkkür edirəm.

– Kamal Zeynallı da təxmin edir ki, “qazan qaynayacaq”. Bakıxan Qəribli yazır ki, “Bu müsahibə şəxsən mənim üçün çox maraqlı olacaq.” Deyəsən, Bakıxan Qəribli də sizi tanıyan adamdır. Çünki yazır ki, “mən Sahib bəyə verilən sualları da təxmin edirəm, onun bu suallara verəcəyi cavabları da bilirəm. Çünki tez-tez görüşüb söhbətləşmək imkanlarımız var. Amma bir məsələ məni düşündürür. “Qaynar Qazan”a verilən cavablar da mənimlə etdiyi söhbətlərdə verdiyi cavablara uyğun gələcəkmi?”

– 99 faiz.

– Kimdir Bakıxan Qəribli?

– Bakıxan Qəribli bizim çox əski dostumuzdur. Ona görə bu sualları qısa-qısa keçəcəm. Əvvəlcə isə, mən niyə bu qədər iddialı görünürəm, – dostların suallarını da izləmişəm – buna açıqlama vermək istəyirəm. Həmin suallarda “Niyə bu qədər iddialısan? Niyə birinciliyə çalışırsan? Bu, sənin haqqın ola bilməz” kimi məqamlar var. Belə aşağılayıcı yanaşmalar var.

Mən siyasətə haradan gəlmişəm?

16901756_1324879707573700_1206614252_n

– Bəli, belə suallar var.

– Bütün bu suallara kompleks yanaşmaq üçün elə Bakıxan Qəriblidən – o, bizim dostumuzdur, Müsavat partiyasının Şəki rayon təşkilatının sədridir – başlayaq. Əslində mən siyasətə haradan gəlmişəm? Oradan başlayım. O sualların əksəriyyətini də mən çalışacam ki, danışdıqlarımın içərisində ümumiləşdirəm. Mən siyasətə gələndə 15-16 yaşım var idi. İddialı danışıram. Məsələn, bizim kənd bütövlükdə siyasi proseslərin içinə daxil olmuşdu.

– Hansı kənddir?

– Şəki rayonunun Bideyis kəndi. Hal-hazırda da bzim kənddə ciddi siyasi polemika mədəniyyəti var. Məsələn, bizim yapçılar da digər yapçılara bənzəməz. Kifayət qədər siyasi polemikaya hazır bir əhalisi var. Bu, jurnalistlər üçün maraqlı ola bilər. Məsələn, bizim çayxanalarda elə səviyyəli siyasi söhbətlər gedir ki… O zamanlarda bizdə bir hərəkat vardı və uşaq ikən biz o hərəkatlara qoşulmuşuq. Mən də komsomol olmuşam. Bunu da bu arada etiraf edim. Məsələn, məktəbdə gecə ikən 26-ların şəklini yandırdıq. Bu hadisənin şahidləri var. Facebook-da kəndimizin səhifəsi də var və kəndimizdən olan çoxlu sayda fəal uşaqlar var ki, onlar hətta sizin proqrama da baxırlar. Daimi tamaşaçılarınız var. Mənim burada hər dediyim ifadənin şahidləri var. O məsuliyyəti də üzərimdə hiss edirəm ki, kimsə buna görə üzərimə gələ bilər. Ona görə də mən 16 yaşımda prosesə gələndə, bizim komsomolun Şəki rayonunun özündə olan bürosunda məsələmizi qoydular. O zaman mən orada bir pafoslu çıxış etmişdim. Pavlik Morozov sayağı. O zaman da instituta girəndə komsomoldan verilən xarakteristikanın pis verilməsi təhlükəsi də var idi. Biz cəbhəçilər kolxoz ayırmışıq. Kəndin ortasında park salmışıq. Rəhmətlik Qüdrət Əbdülsəlimzadə 90-cı ildə bizim kəndə deputatlığa namizədliyini verdiyi üçün gəlmişdi. Həmin dövrdə kəndlər birləşib, bir namizəd elan edirdi. Qonşu kənddən başqa namizəd də var idi. Biz siyasi proseslərin içində 16 yaşından olmuşuq. Rahim Qazıyev Lefortovodan çıxandan sonra bizim kəndə gəlmişdi. Mən dinləmişəm, proseslərin içində olmuşam. Lap yeniyetməliyimdən siyasi proseslərin içində olmuşam. Bakıxan Qəribli dostumuz da o zaman bizim qonşu kəndin cəbhəçisi idi. Məsələn, Qüdrət Əbdülsəlimzadəni çiynimizdə keçirirdik. Çünki ziyalıya bir basqı var idi. Adam iqtisadiyyat, elmi-tədqiqat sahəsilə məşğul idi, adamlar ona hücum edirdilər ki, “Narxoz-da rüşvət böyüyübdür, sən gəlib, burada alternativ olursan?” Belə qaragüruh yanaşma da var idi. Ziyalı yanaşması da var idi. O baxımdan, bizim müqayisə etmək imkanlarımız da var idi. Öyrənirdik. Yəni mən siyasətə təsadüfən gəlməmişəm. Mən sonralar siyasi proseslərdə Bakıxan Qəribli ilə illərin siyasi polemikalarında iştirak eləmişik. Mən rayonla ciddi əlaqələrim sonradan bərpa olundu. Təbii ki, oxumağa gəldikdən sonra rayonla əlaqələrimiz kəsildi və məlum 2000-ci il hadisələri – AXCP-nin parçalanma məsələləri oldu. 1998-ci ildə biz Gənc Demokratlar Hərəkatını yaratmışdıq. AXCP-nin bazasında Xaqani 33 ünvanında bizim ciddi gənclər təşkilatımız var idi. 2000-ci ildə AXCP parçalanarkən, o proseslərdə təbii ki, gənclər təşkilatında olduğum üçün mənim də rolum oldu. Konfransımız keçirildi və klassiklərlə orada məlum qarşıdurmamız oldu. Həmin konfransda təşkilat komitəsinin sədri oldum. Əbülfəz bəy o zaman Kələkidə idi. Hətta bizi “Nəzər Nöqtəsi”nə də dəvət elədilər. Çünki çox ciddi ictimai-siyasi proseslər olurdu. Əbülfəz bəy Kələkidən dönəndə, mənə olan suallardan biri də bu idi ki, “siz Bəyə qarşı oldunuz?” Əslində o zaman Xalq Cəbhəsində Gənclər komitəsi əsasən, o zamanın təbirincə desək, klassiklərə yaxın qrupda Zahir bəygil idi. Biz konfransda məsələni udduq, ciddi qarşıdurma oldu. Əslində bu, mediaya, cəmiyyətə Əli Kərimlinin Əbülfəz Elçibəy üzərindəki gənclər sahəsindəki qələbəsi kimi təqdim olundu və s. Bu cür basqıların qarşısında Əbülfəz bəy Türkiyədən müayinədən qayıdanda Xaqani 33-də yerləşən AXCP qərərgahının qarşısında maşından düşdü və yaxınlaşıb birinci mənimlə görüşdü. Tutub, sinəsinə çəkdi.

– Əbülfəz bəy…

– Bəli. Yəni adam o dəqiqə mənə mesaj verdi, birdən içində bir narahatçılıq olar ki, mənə qarşı çıxmısan. O zaman mən onda bir işıq gördüm. Budur liderlik. Qorxmayacaqsan. Heç nədən qorxmayacaqsan. Fərqli fikir olsun, hər şey olsun, qorxmayacaqsan. Əbülfəz bəylə bağlı yəqin ki, mənə suallar ünvanlanıb. O mövzuya biz yenidən gələcəyik. Amma birdən-birə Şəkidə təşkilat bütövlükdə – Əli Məsimli də bilirsiniz qarşı tərəfdə idi. Birdən Şəki rayon şöbəsi keçdi…

Əli Məsimli məni çağırıb dedi ki, “Sən də Şəkidənsən…”

sahib

– …Əli Kərimlinin tərəfinə?

– Xeyr. Klassik Xalq Cəbhəsinin tərəfinə. Əli Məsimli o zaman KXCP-də idi. O zaman da parlament seçkiləri idi. Əli bəy o zaman məni çağırıb dedi ki, “Sən də Şəkidənsən…” O zaman mənim paralel olaraq Bakıda da işim var idi. Siyasətlə yanaşı, mən həmişə paralel olaraq bizneslə məşğul olmuşam. “Siyasətlə qabağa gedim” fikrində olmamışam. Hər zaman iş sahəm olub – mətbəə işlətmişəm, telefon dükanlarım olub, biznesim olub. Reklam çarxı da olub ki, Region TV-də – Mingəçevir şəhərində yayımlanıb.

– Hə, Mingəçevir şəhərində… Burada Emil Cəfərli yazıb ki, “hələ 2005-ci ildən özünün Mingəçevirdə biznesini qurmuşdu.”

– Təbii. Mən zatən xronoloji ardıcıllıqla bütün bunların hamısını deyəcəm. O zaman Əli bəy çağırıb məni dedi ki, “Şəkidə təşkilat bütövlükdə gedib. Parlament seçkiləridir. Dairə Seçki Komissiyasına təqdim eləməyə adam tapmırıq. Sən bu prosesi idarə etməyi üzərinə götürməlisən”. Təbii ki, mən də Şəkidə mümkün əlaqələrə keçdim. Belə iddia olunur ki, o zaman Şəkidə çox ciddi bir müxlifət strukturu var idi. Müsavat partiyası çox güclü idi. Güclü Klassik Xalq Cəbhəsi Partiyası var idi. Yəni onları keçmişdilər o tərəfə. Çox güclü Boz Qurd təşkilatı var idi. Fəal uşaqlar və ciddi təşkilatlanma var idi. Vəhdət partiyası var idi. O zaman bir Əmək partiyasının da yaranmağına cəhd olunmuşdu. Bakıda yarana bilmirdi, amma Şəkidə çox ciddi təşkilatlana bilmişdi. Ciddi siyasiləşmə var idi və məlum 2000-ci ildə olan  Şəki hadisələri bunun nəticəsi olaraq parlament seçkilərinin sonunda baş verdi. Xatırlayırsınızsa.

– Bəli.

– Bu zaman mən əlaqə yaratdım. Şəkinin mərkəzində yaxşı bir otel tikiblər, Şəki oteli. O zaman orada müxalifətin çayxanası və qərargahları var idi. Rayonun mərkəzindəki bu çayxana çox uzun idi və təsəvvür edin ki, o çayxanada 150-200 adam birdən çay içirdi. Onların böyük əksəriyyəti müxalifətçilər idi. Kəndlərdə ciddi təşkilatlanma var idi. O zaman icra başçısı Əşrəf Məmmədov yerli adam idi və qəsdən çayxanada yayılan o stolların arasından keçirdi. O zaman mübahisə yaranırdı ki, “durmaq lazım deyil…” Belə bir qarşıdurma yaranırdı. Kimsə durub görüşsəydi, polemika yaranırdı. Müxtəlif şeylər olurdu…

– O da pis adam olmayıb, çünki bir dəfə redaksiyamıza da gəlmişdi.

– Mən ümumiyyətlə, adamları pis-yaxşı yerə bölmək istəmirəm.

Problemlərin kökündə sistem məsələsi dayanır

16924259_1324881677573503_526816940_n

-Yəni demək istədiyim odur ki, hərəkata qarşı sərt, basqıçı olmayıb deyəsən.

– Bu, sistem problemidir. Bizdə bəzən problemlərin kökündə sistem məsələsi dayanır. Mən ona görə bir az da şəxsiyyətləri, ayrı-ayrı adamları xarakteristika eləmək məsələlərindən yayınıram. Niyə? Çünki hesab eləmirəm ki, Danimarkada rüşvət almayan məmur əxlaq baxımından bizim rüşvət alan hacı məmurumuzdan daha çox əxlaqlıdır, yaxşı adamdır və ya nədir. Yox. Bizim hacı məmur yeri gəlsə öz qohumuna, qardaşına yardım eləyir, kömək eləyir, bir mərhəmətli əli var. O məmurda inanmıram ki, mərhəmət anlayışı bundan çox olsun. Amma o rüşvət almır, bu isə alır. Rüşvəti alıb-almamaq vətəndaşın fərdi əxlaqına bağlı məsələ deyil. Sistem qoymamalıdır. Yəni rüşvət almaq istəsə belə, onu eləmək üçün imkanlar məhdud olmalıdır. Sistem onu kilidləməlidir. Buna inandığım üçün insan faktoruna bir az məhdudiyyət qoyuram. Bu mərhələdə Şəkidə gəlib, mənim çayxanada deməyim ki, – bunun şahidləri var, kənddən də kifayət qədər fəal uşaqlar var ki, dediklərimi təsdiq edə bilərlər – “Mən Əli Kərimlinin təmsilçisiyəm” və mənim vurulma təhlükəm var. Bunu mənə açıq dedilər.

– Elə orada?

– Bəli, bəli. Necə ki, bu hadisə sonradan oldu. Bütün bunlara baxmayaraq, mənim əlaqələrim də çeşidlidir, mən heç bir zaman dayanmıram. Müxtəlif təbəqələrlə… “Ocaq” cəmiyyəti var idi. Sabir Yanardağ, Şamil Saleh, Elməddin Əlibəyzadə və s. Onlar Şəkiyə tez-tez gələrdilər və Şəkidə ciddi təşkilat var idi. Nəsib Muxtarovu yəqin xatırlayarsınız… Bəzən oxumağa da zaman çatmırdı. Amma Sabir Yanardağın yanına gedib, bir neçə sual vermək kifayət edirdi.

Əslində, mən ictimai hesabat verirəm

16923694_1324881474240190_1971234247_n

– Onun özü canlı tarix kimi bir adam idi.

– Hə, bəli, bəli. Zamanı bəzən bu cür şəxsiyyətlərlə, bu cür insanlarla – mən onlara faydalı insanlar deyirəm – kompensasiya eləmək olur. Onların əməyi də istismar sayılmır, cəmiyyət üçün faydalı əməkdir. “Ocaq” cəmiyyəti ilə əlaqə yaratdım. Siyasi proseslərə ardıcıllıqla gəlirəm. İstəmirəm qırılma olsun. Nə qədər suallarda ironiya və aşağılama var, onlara bir ümumiləşdirilmiş cavab verməliyəm. Bəzi suallar da bu cavablarla yox olacaq. İddianın da haqlılığını ortaya qoymaq lazımdır. Əslində, mən ictimai hesabat verirəm. Amma hesabatımı da tam verməliyəm. Bitkin verməliyəm. Açıq yer qalmamalıdır. Sizin də veriliş çox professionaldır, siz də çox professionalsınız. Bu məsələ də çox həssasdır. Ona görə bir az yenilik eləyək. Bu məsələlərə kompleks yanaşım.

– Buyurun.

– Mən o zaman “Ocaq” cəmiyyətinə müraciət elədim ki, mənə bir adam verin, Dairə Seçki Komissiyasına təqdim edə bilim.

– Hətta adam belə yox idi?

– Yoxdu.

– Bir özünüzsünüz?

– Mən də Bakıda, Nəsimi rayonunda qeydiyyatdayam. Şəki ilə mənim əlaqəm 1993-cü ildən kəsilib. İndi isə 2000-ci il idi. Həm də mən yeniyetmə olanda bütün siyasi proseslər kənddə olub. İndi isə artıq rayon mərkəzidir. Və onlar mənə bir adam təqdim elədilər və həmin proses təbii ki, Klassik Xalq Cəbhəsi Partiyası (KXCP), o zaman Dairə Seçki Komissiyasına adam verməklə bağlı hüquqi baxımdan o dövrdəki mübahisələri də yəqin ki, xatırlayırsınız?

– Bəli.

– Burada ciddi qarşıdurma yarandı ki, bu adamı kim təqdim eləyib? Adı müəyyənləşdirəndən sonra mənə xəbər gəlir ki, hamı Sahibi axtarır ki, o kimi və niyə verib? O kimdir adam təqdim eləsin. Bura gəlməsin. Mən çox cəsarətlə avtobusa oturdum, buradan bütün bizə lazım olan sənədləri götürdüm. Partiya qərargahında o zaman mən əsasən gənclərin işi ilə məşğul idim. Bütün rayon təşkilatı ilə bağlı seçki prosesi ilə bağlı Dairə Komissiyasına verilən sənədlər-filan… Getdim həmin çayxanaya yaxınlaşdım. Təsəvvür eləyin ki, bunu bilən kimi 7-8 stol ayağa qalxdı. Bunun şahidləri də var. Sonradan onlarla dostlaşdıq. Bizdə bir İlham bəy var. O zaman KXCP-də idi. Əvvəllər icra başçısının müavini olmuşdu. O, tam olaraq vurmağa qalxdı. Elə bu an sonradan bizim rayon təşkilatının sədri olan – çox təəssüf ki, onu mənimlə qarşı-qarşıya qoydular – “Bozqurd” təşkilatının sədri Əli Abdullayev ayağa qalxdı və bozqurdlar ortaya girdilər. Orada bozqurdların da çox güclü təşkilatlanması var idi, müsavatçıların da… KXCP də ciddi təşkilatdır. Orada təsəvvür edin ki, açıq-aşkar görünürdü müsavatçıların kənardan bizi müşahidə eləməyi. O zaman onlar da kifayət qədər bizə qarşı aqressiv idilər. Sonralar onlarla da dostlaşdıq. Bakıxan bəy məni əvvəldən də tanıyırdı. Təsəvvür edin ki, davanı zor-güclə dayandırdılar və mən o insanlara dedim ki, “Ay kişilər, biz müxalifətik!” Dedilər, “Yox, Əli Kərimli hökumətin adamıdır, siz hamınız satqınsınız, sizə bu mübarizədə yer yoxdur, siz bu milləti satmısınız. O dairəyə kimi vermisən?” Dedim, “Qardaş, dairəyə birini mən vermişəm, iki yer də boşdur. Üç Dairənin bütün məntəqələri boşdur. İndi sizə sübut eləməkdən ötrü ki, mən müxalifətəm, burada elan edirəm, bizim heç kimimiz yoxdur. Siz o namizədlərin hamısını bizə təqdim eləyin.” Eyni vaxtda bir 20 stoldan sual gəldi ki, “deyərsən, eləməzsən.” Şəkidir də… Dedim, “deyərəm də, eləyərəm də, verin adamlarınızın hamısını təşkilat yaradım”. Bu zaman AMİP də qoşuldu. AMİP də o zaman kifayət qədər ciddi təşkilat idi. AMİP-in, Boz Qurdun, Müsavatın, KXCP-nin arasında təsəvvür edin ki, 4 dairənin arasında o zaman bütün mətəqələrinə paylaşdırandan sonra – Xalq Cəbhəsinin də əsaslı yeri vardı bilirsiniz… Bir məntəqədə iki yer, digər məntəqələrdə bir yer və s. – mən tədricən onlarla dostlaşmağa başladım. Dedim, “Bəli, burada təşkilat qurulacaq. Burada Əli Kərimlinin partiyasının da yerli strukturu yaranacaq. Siz buna aqressiya ilə yanaşmamalısınız. Biz də ziyalı insanları tapacağıq. Biz də çalışacağıq ki, təşkilatlanaq. Bu belə olmalıdır. Əgər siz hesab edirsinizsə ki, Əli Kərimli satılıb və hökumət adamıdır, bütün hallarda Yeni Azərbaycan Partiyasının burada siyasi fəaliyyəti yoxdurmu? Bizim də Xalq Cəbhəsində siyasi fəaliyyətimiz olacaq”.

Şəkidə AXCP-ni mən təşkilatlandırdım

16933709_1324882610906743_1338537479_n

Və mən AXCP-ni təşkilatlandırmağa başladım. Təsəvvür edin ki, o zamanlarda ciddi biznes gəlirlərim var idi. Mətbəə işi görürdüm və o zaman mətbəə işi də yenilik idi. Mən o pulu Şəkinin dərələrinə, dağlarına xərclədim. Yəni bunun şahidləri var. Mən öz cibimdən qərargah tuturdum, qərargahın ofis pulunu verirdim. Mən cibimdən partiyanın yerli şöbə sədrinə əmək haqqı verirdm. Mən dairə komissiyasında olan adamlara iki-üç dəfə mobil telefon alıb vermişəm. O zaman mobil telefon xəyal kimi bir şey idi. 400-500 dollar dəyərində idi. “Sony Erixon” var idi, uzun. Bunun şahidləri var yəni. Cibimin pulu ilə bütün kəndlərdə ciddi struktur qurduq. Bir qohumum işləyirdi, şöbənin sədri oldu, keçmiş “raykom” işçisi idi. “Raykom”da təlimatçı işləmişdi. Ciddi təşkilatlanma ilə biz orada struktur qurduq.Təsəvvür edin ki, biz Şəkidə 20 Yanvarda “Şəhidlər Xiyabanı”na yürüş eləyərkən, Müsavat partiyası bir kolonla, Boz Qurd partiyası bir kolonla, KXCP bir kolonla və AXCP də bir kolonla gedirdi. O zaman Müsavat partiyası ilə müqayisə oluna bilməsək də, AMİP, Boz Qurd Partiyası və KXCP ilə müqayisə olunacaq dərəcədə kolonumuz fərqlənirdi. Şəkidə güclü təşkilat qurduq. Orada mən Ali Məclisin üzvü oldum. Yəni mən biznesdə ola-ola siyasətdə də fəaliyyət göstərdim. Mitinqlər… 2003-cü ilin mitinqində..

– Yəni o zaman siz AXCP-ni müəyyən bir mövqeyə həm özünüzün çalışmanızla, həm də cibinizin pulu ilə gətirdiniz?

– Yerli şöbəni. Amma sonra…

– Təbii ki, söhbət AXCP-nin Şəki şöbəsindən gedir.

– Bəli, bəli, bəli. 2003-cü ildə də məlum prezident seçkiləri, bilirsiniz. Etibar Məmmədovun Şəkidəki mitinqi çox əzəmətli oldu. Baxmayaraq ki, bütün rəy sorğularında İsa bəy öndə idi. Şəkidə də təbii ki, İsa bəyin seçkilərdə qalib gələcəyi gözlənilirdi. Amma bütün bunlara baxmayaraq, biz orada daha əzəmətli mitinq keçirə bildik. Elə də oldu. İsa bəy seçkilərdə qalib gəldi. Onda mitinqin aparıcısı da…

– O zaman siz Etibar Məmmədovun namizədliyini dəstəkləyirdiniz də. Əli Kərimlinin nümayəndəsi olaraq?

– Siz yəqin ki, 2003-cü il hadisələrini xatırlayırsınız… Ümumi siyasi prosesləri qiymətləndirərkən, liderlərdən umacağım və ya iddialı olduğum məsələlərə gələndə bu məsələlərin üzərinə gələcəyik, növbəti suallarda. Xüsusilə, mən bu siyasi proseslərdə necə fəallaşdım, necə partiya rəhbərinə… Çünki belə bir yanaşma var da… “Neçə illərdir, bir yerdədirlər. Mübarizə aparırlar. Birdən-birə indi rejimlə ən sərt mübarizə aparıldığı yerdə Əli Kərimliyə qarşı durmağa başlayıb.”

Əslində, mən niyə qarşı çıxıram?

16901612_1324881680906836_1020299298_n

– Elə rəy var…

– Hakimiyyətin barmağı olmasa… Niyə qarşı çıxdı? Nə deyir? Əslində, mən bunu ifadə eləmək istəyirəm. Əslində, mən niyə qarşı çıxıram? Niyə tənqid edirəm? Niyə elə görünürəm? Məsələn, mən niyə köhnə dostların bəzilərilə – çox az hissəsilə mən əlaqəmi kəsmişəm, istərdim ki, bu şeylər olmasın. Amma bunu əsaslandırım. “Niyə”sini istəyirəm əsaslandırım. Onu əsalandırmağın ana xətti – siyasətə mən necə gəlmişəm, bunun altını xüsusilə cıza-cıza gəlirəm. AXCP-də necə olmuşam, Əli bəylə dostluğumuz, mübarizə yolumuz necə olub? Onun bir xronologiyasını vermək istəyirəm ki, məsələ bir az aydınlaşsın. Bəzən insanlar məsələyə münasibətdə fərqli pəncərədən baxırlar. Məsələn, məni Razi Nurullayev ilə eyniləşdirirlər.

– Sahib bəy, bunlara sual ətrafında gələcəyik. Gəlin, artıq biz başlayaq. Oxucu, tamaşaçı sizi bilir. Bildiyi üçün də bu qədər sualları yağdırıb. Siz partiya sədri deyilsiniz, amma sizə partiya sədri qədər suallar gəlib. Bir çox məsələləri narahatçılıqla soruşanlar var. O suallara cavab verildikcə, məncə bir çox şeylər aydınlaşacaq. Əslində, mən bu sualla müsahibəyə başlamaq istəyirdim. Orxan Baxışlı maraqlı bir sual ünvanlayıb sizə: “Sahib bəyə iki sualım var. 1. Sahib bəy qurultayda qalib gələcəyinə inamını belə ifadə edib: “Qalib gələcəyimə daha çox inanıram. Tərəfdarlarım durmadan artır. Şərəfli cəbhəçilər mənə bu böyük etmadı göstərməsələr, sıravi cəbhəçi olaraq, fəaliyyətimi davam etdirəcəyəm və bundan qürur duyacağam”. Bu gün isə nə siyasi xadim kimi, nə də sıravi cəbhəçi kimi fəaliyyəti demək olar ki, yoxdur. Bunun səbəbi nədir? Axı, onun özü söyləmişdi ki, “mən sədr seçilməsəm sıravi cəbhəçi kimi fəaliyyət göstərəcəm və bununla qürur duyacam.” Bugünkü fəaliyyətini qürurverici hesab edirmi? 2. Milli Şura üzvlüyündən kənarlaşdırılmasına münasibət bildirərək, qeyd edib ki, bu qərarı referendumdan sonra geniş şərh edəcək. “Eyforik dönəmdir. Prosesin bir mərhələsi bitsin, ayılmalar olsun, soyuq başla müzakirələr edərik. Ölkəmdə açılımların olması üçün siyasət ölkəyə qayıtmalıdır. İmitasiyaya qayıtmamalıdır. Ondan bir üst mərhələyə adlaya bilib, dövlətin və cəmiyyətin potensialından istifadə etməliyik. Hələliksə, tezdir. Referendumdan sonra geniş açıqlama verəcəm. Ölkənin siyasi həyatının daha da aydınlaşması mümkün olacaq. Başıma və başımıza dirənənləri sizə tanıdacam.” Qeyd etdiyi siyasi ayılmalar baş verdimi? Bir də söyləmişdi ki, “referendumdan sonra başıma və başımıza dirənənləri tanıdacam.” Buyurun, o şəxsləri tanıdın və necə dirəniblər, bunu da söyləyin ki, xalq da həqiqətləri bilsin”. Mən şəxsən bu açıqlama ilə indi tanışam. Bu müsahibə həm də odurmu? Başınıza dirənənlərin kimliyini açıqlamaqmı istəyirsiniz?

Siyasət ölkəyə qayıtmalıdır

sahib-evez1

– Siyasət ölkəyə qayıtmalıdır –ifadəsinin altını xüsusilə cızmışam. Siyasət ölkəyə hələ tam qayıtmayıb. Heç imitasiya prosesinə də qayıtmayıb. Hökumət çox ciddi yanlış yola girdi. Hökumət fikirləşdi ki, neft pulları var, siyasi təşkilatları sıradan çıxarım, heç bir alternativ qalmasın. Bu məsələ də bitsin. Beləliklə də, siyasətin bütün elementlərini qadağan elədi. İndi pul tükənib. Cəmiyyəti idarə etmək üçün də pul lazımdır, ağıl lazımdır, sistem qurmaq lazımdır. Sistemi qurmaq üçün də siyasət qayıtmalıdır. Bu, şərtdir. Siyasi proses başlamalıdır.

– Pül tükənibsə, deyirsiniz ki, siyasət qayıtmalıdır?

– Təbii, təbii. Əvvəllər böyük neft pulları əvəzinə loyallıq da satın alınırdı. İndi hökumətdə hər kəs danışacaq. Parlamenti görmürsünüz, necə çat verir. Siyavuş Novruzov məcbur olub deyir ki, komanda dəyişməlidir. Bu, nə deməkdir? Hansı komanda dəyişməlidir? Parlamentə göz ağardır. Bu nə tələbdir? Amma tutalım ki, deputat Aqil Abbas bu problemləri bir formada ifadə eləyir. Hökumətin pul vəsaiti ayırdığı ciddi media vardı. Azad yazarları da əmək haqqı müqabilində ora cəlb edə bilmişdilər. Hamı narazıdır, hamı tələb edir ki, sistem dəyişsin. Bu, hamının problemidir, ümumən. Elə hökumətin də problemidir, məmurların da… Orta məmur təbəqəsi deyir ki, pul qurtarıb, indi bizim əlimizdəkiləri də satdıracaqlar. Ona görə də sistem dəyişsin, leqallaşma getsin… Yəni hər kəsin bir tələbi var. Ona görə də siyasət qayıtmalıdır. Siyasət hələ tam qayıtmayıb. Ona görə də, “nə başımıza, nə də başıma dirənənləri”, ümumi sistem problemi adlandıraraq, amma ümumi siyasət qayıdanda artıq onlar ciddi mane olmağa başlayanda təbii ki, onların adı tam çılpaqlığı ilə açıqlanacaq. Bilirsinizmi, belə bir yanaşmalar var. Bəzi tabuları qırım, sonra. Siyasətin üzərinə bir gəlmisinizsə, məhbus həyatı yaşamısınızsa, dəfələrlə məhkum olunmusunuzsa, iki dəfə deputatlığa namizəd olmusunuzsa, seçkilərdə ciddi nəticələr göstərmisinizsə, təbii ki, hökumət, hökumət adamları səninlə hansısa formada ünsiyyətdə olacaq və siz də siyasi məhbus olmusunuz, kimləri görməmisiniz ki? Kimlərlə söhbət eləməmisiniz ki? Siyasətdə kimsə durub desə ki, mən hökumət adamı ilə söhbət etməmişəm, mənə hansısa təklif olunmayıb, bu, nağıl və qeyri-ciddi söhbətlərdir. Cəmiyyəti aldatmaq lazım deyil. Cəmiyyəti arxanca aparmaq istəyirsənsə, ilk növbədə səmimi olacaqsan. Görüşürsən, söhbət eləyirsən, təkliflər də olur. Görüşdüyün adama baxır. Hansı səviyyənin adamıdır. Necə adamdır? Nə istəyir? Alverçidirmi? Məsələyə makler gözü ilə baxırmı? Dəyərləri, düşüncələri görməzdənmi gəlir? Və ya pulunu verib, səni almaqmı istəyir? Heç eləsi ilə təbii ki, cavabını əvvəlcədən verib, öz şəxsiyyətinə hörmət edəcəksən. Bəzən bir məsələni qaldırırlar da… Bu adam millətçiliyə meyllidir-filan. Mən əslində millətçi deyiləm. Mən ona görə millətçiyəm ki, uşağımı çox istəyirəm. Yalan demərəm ki, uşaqlarımı millətimdən çox istəyirəm. Bu, qeyri-səmimi olar. Mən uşaqlarımı daha çox istəyirəm. Amma mən özüm bir var-dövlət saxlayıb, öz uşaqlarımı gələcəkdə xoşbəxt eləmək, onlara  qalan pul və s., təhsilsiz, sistemsiz olsalar bu onları xoşbəxt eləməyəcək. Amma bir sistem qurulsa – xidmət edən sistem – səhiyəsi, təhsili ilə və başqa parametrlərlə, mən bilərəm ki, övladımın gələcəyi yaxşı olacaq. Bu mənada o sistem də bu ölkə üçün qurulmalıdır, mən bunu ölkəm üçün istəyirəm. Əgər mən bunu öz ölkəm üçün istəyirəmsə, o zaman tamam, mən millətçiyəm. Amma bütün hallarda səmimi olaq. Biz sistemi nə üçün istəyirik? İstəyirik ki, rahat yaşayaq, xoşbəxt, problemsiz yaşayaq. Bu mənada mən millətçiyəm, deyib də, qışqırmıram. Amma milli mənafe deyərək, o dövlət məmuru ilə söhbət eləyəndə bunu qabardıram. Məsələn, şəxsi məsələ qabartsam, deyə bilər ki, şəxsi məsələn, şəxsi problemin nədədirsə, o zaman onu həll eləyək, məsələ də qurtarsın. O mənada deyirəm ki, qardaş, bu milləti, bu cəmiyyəti dəyişmək lazımdır. Fərqli sistem qurmaq lazımdır. Bu mənada o hökumət adamları ilə danışanda, baxırsan…

Hökumət adamı ilə danışmaq deyəndə, əgər bu hökumət adamı…

16900176_1324881580906846_21748605_n

– Sizin hökumət adamları ilə danışıqlarınızmı gedir?

– Yox, danışıqlarımız gedir, demək də doğru deyil. Yəni müxtəlif hallarda rastlaşa bilərsən. Savadlı adamlar olur da. Məsələn, Şəkidə referendumda, seçki vaxtında bir avtomobil məni izləyirdi. Bir dostumuzla gedib onların ofisində oturmuşduq. Birdən ofisin başqa bir işçisi gəldi ki, Sahib bəyin arxasınca avtomobil gəzir. Həmin adam da Şəkidə məşhur adamdır, Nəsib müəllim. Uzun illər neft bazasının direktoru olub. 4-5 ay qabaq “Azərbaycan Saatı” proqramında danışıb. Təcrübəli adamdır. Arabir onunla görüşürük, mən onun təcrübəsindən suallar verirəm. Söhbətimiz tutur. Maşın bizi izləyir, əl çəkmir. Bu da çıxıb dedi ki, nə istəyirsiniz? Mən çıxandan sonra bir də bu avtomobil arxamca gələndə orada bir mübahisə yarandı. Referendum günü idi. Dedilər ki, rəis səni çağırır. Getdim, Şəkinin Polis İdarəsinin rəisidir. Bakı Dövlət Universitetinin hüquq fakultəsində dərs deyib. Nardaran səhv etmirəmsə, Sabunçu rayonunun ərazisidir. Orada əməliyyat rəisi olub. Kifayət qədər təcrübəli adamdır. Hakimiyyətə, dövlətə bağlıdır. Amma ciddi təcrübəsi var, ən azı BDU-da dərs deyir. Nardaran kimi ciddi cəmiyyət üçün problemli sahədə əməliyyatlara rəhbərlik eləyib. Şəki kimi rayonda da indi polis rəisidir. Təbii ki, mən onunla oturub, cəmiyyətin problemini, sistemin problemini danışacam. Əgər savadlı, həssasiyyətli adamdırsa, bir də məsuliyyəti var. Onunla söhbət eləyəcəm, səmimi danışacam. Sistem problemini müzakirə eləyəcəm. Onun mövqeyi öz yerində, mənim mövqeyim öz yerində. Hökumət adamı ilə danışmaq deyəndə, əgər bu hökumət adamı ilə “danışmaq” kimi nəzərdə tutulursa, danışmaqdır. Amma danışmaq fərqli adamlarla da ola bilər. Yəni bu şəkildə. Söhbətdir eləyirsən. Əsas məqsəd odur ki, biz istəyirik, ölkədə siyasi açılımlar olsun. Siyasət ölkəyə qayıtsın. Ölkəmizin ciddi problemi var.

– İndi nədir fikriniz? Siz partiya qurmaq istəyirsiniz? Deyəsən, elə suallar da var. Cəfər Şərbətov soruşur: “Siz yeni bir müxalifət partiyası yaratmaq istəyərdinizmi?”

– Hər dəfə məcbur oluram ki, özümə aid olan bir xronologiyadan başlayam. Bayaq dayandığım yerdən gəlirəm. Sual da onun içində istifadə olunacaq. Mən Şəkidə bu təşkilatlanmanı qurduqdan sonra 2005-ci ildə deputatlığa namizəd oldum. Hər kəs bilir ki, mən seçkilərdə qalib gəldim. Amma seçkilərə bir gün qalmış avtomobil qəzasına düşdüm. Müəmmalı şəkildə. Mən seçki günü koma vəziyyətində oldum. Buna baxmayaraq, mənim əlimdə 20 məntəqədən uduş protokolu var. O zaman adamları qorxutdular, ciddi problemlər oldu. Nə isə… sözüm onda deyil. Mən 7-8 ay da qolumda dəmir yataqda qaldım. Mənim işimi məhkəməyə verən olmadı. Yəni o zaman “Azadlıq” blokundan namizəd idim. Məsələn, bizim partiya, ADP, Müsavat partiyası o Blokda idi. Hər kəsin işi Avropa Məhkəməsinə təqdim olunmuşdu.

– Bir çoxu da Avropa Məhkəməsində bu işi uddu.

– Bircə mənim işim getmədi.

– Niyə? Sonra maraqlanmadınız?

– Çünki mənim işimlə sadəcə maraqlanan olmadı.

– Niyə? Səbəb nə idi?

– Maraqlanmadılar sadəcə. Bircə mənim işim getmədi.

– Hamının işi getdi, bircə sizin işiniz getmədi?

– Bəli, bəli, bircə mənim işim getmədi.

– Bəs sonra soruşdunuzmu partiya sədrindən, “Azadlıq” bloku rəhbərliyindən ki, “qardaşlar, niyə belə elədiniz?”

– Təbii ki, soruşdum. Elə mənim də gəlmək istədiyim məsələ odur. İlk xəyal qırıqlığı yaşadım və ayağa durandan sonra 2006-cı ildə kredit götürdüm. Mən hələ də sənədləri saxlayıram, atamın, anamın, öz adıma 80-90 min civarında kredit götürdüm. Sonradan mən onu hissə-hissə yatırdım. Dostlarla birlikdə Narmobile-nin distributorluğunu almışdıq. Mingəçevirdə 4 maqazin açmışdıq. Region TV-də bizim reklam çarxları nümayiş olunurdu. Biz orada bir sistem qurmuşduq. Məsələn, mən bu biznes həyatını yaşadım. Böhranlar yaşadıq. Dövlət sahibkarı qorumaq üçün nə etməlidir? Daha müfəssəl bilgilərim, təkliflərim var. Əslində, bunu yaşaya-yaşaya, siyasətdə ola-ola, bir də bu problemləri birəbir yaşadım. Mən o zaman 2008-ci ildə banklar vasitəsilə yaxşı bir sistem qurmuşdum. İstehlak krediti olurdu.

– Yəni biznes fəaliyyətiniz hər zaman davam eləyib?

– Bəli, bəli. 2005 uğursuzluğundan sonra cəmiyyətdə belə bir fikir yaranmışdı ki, ənənəvi müxalifət heç bir iş görə bilmir, bunlar siyasətdən geri çəkilməlidirlər. Liberal xətt ortaya çıxmışdı. “Dalğa” Gənclər Təşkilatı var idi. “Alma” qəzetinin ətrafında gənclər toplaşmışdılar. Onların bütün bunlara kifayət qədər tənqidi yanaşması var idi. Qərbin liberal problemlərini daha üst plana çıxarmaq və bu yöndə fəaliyyətlərini davam etdirmək və s. belə bir strukturlar var idi. Bir az da siyasətdən çəkilib, onlar yəqin bir şeylər bilirlər, eləyərlər, bir az da onun fikri ilə demək olar, siyasətdən tamamilə çəkilib, bu biznes fəaliyyəti ilə məşğul oldum. 2008-ci ildə Kərimli zəng elədi, Əli bəy, “proses ağırdır, sən qayıtmalısan, təşkilatı bərpa eləməliyik” dedi. Bilirsiniz ki, 2005-2008-ci illər arası 3 il ərzində hökumət konkret olaraq siyasi partiyaları dondurmuşdu.

– Durğunluq hakim idi.

– Bəli, bəli. Əli bəy dedi, “…Facebook-a gəl!”

– Yəni sizi facebook-a gətirən də Əli bəy olub?

I hissənin sonu

Strateq.az




Yuxarı Əvvələ Ana Səhifə