XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

23 February 2017 - 22:21

Bakıda olmuş amerikalı general:"ABŞ-ın hərbi qüdrəti daha böyükdür və ruslar bunu bilir"

3070763

"Rusiya ilə münasibətlər Moskva ilə dostluqda ittiham edilən Donald Trampın hakimiyyətə gəlişinə qədər də Krımın ilhaqı ilə bağlı gərgin idi".

Strateq.az "Fars News"a istinadla xəbər verir ki, bunu  ABŞ-ın Baş Qərargah Rəisləri Komitəsinin sədri, general Cozef Danford Brukinqs İnstitutunda görüşü zamanı deyib.

General C.Danfordun sözlərinə görə, Rusiyanın Krımı ilhaq etməsi və Suriyaya müdaxuiləsi ötən əsrin 80-ci illərindəki köhnə siyasətin davamıdır: "Biz Rusiyanın nüvə sahəsində, dəniz imkanları spektrində necə modernləşdirmə apardığını, adi silahları, kiber imkanları, hərbi-dəniz sferasını, hətta sualtı donanmanı təkmiləşdirdiyini görürük. Bununla belə, Birləşmiş Ştatların adi silahların imkanları baxımından rəqabət qabiliyyətli üstünlüyü var".  

C.Danford deyib: "Əlbəttə, ABŞ-ın hərbi qüdrəti daha böyükdür. Mən bu üstünlüyə inanıram. Əminəm ki, ruslar da bunu bilir".

"ABŞ NATO üzrə müttəfiqləri qarşısında öhdəliklərini yerinə yetirir və etibarımız ləkələnməyib", – deyə C.Danford əlavə edib.

TASS-ın Brukinqs İntitutunda keçirilən görüşlə bağlı məlumatında qeyd olunur ki, C.Danford deyib: "Pentaqon və Rusiya Federasiyasının Müdafiə Nazirliyi əməkdaşlığı bərpa etmirlər. Çünki bu, qanunla qadağandır. Söhbət "anlaşılmazlıqlar"a yol verməmək üçün təmaslardan gedir".

Bakıda Rusiya Ordusunun Baş Qərargah rəisi Valeri Gerasimovla görüşmüş ABŞ hərbçisi bildirib: "Həmkarımla görüş ABŞ-ın siyasətini dəyişmək məqsədi daşımayıb. Mən "əməkdaşlıq" sözündən istifadə etməzdim. Bu, müzakirə etdiyimiz məsələ deyildi. Bizə istənilən ölkə ilə ünsiyyət kanalı lazımdır".

C.Danford xatırladıb ki, Pentaqonun maliyyələşdirilməsi haqqında qanun 2017-ci ildən etibarən amerikalı hərbçilərə Rusiya ilə əməkdaşlıq etməni yasaqlayır. 

"Fars News"un məlumatına görə, İran mövzusundan da yan keçməyən general C.Danford bildirib ki, Tehranın davranışında heç bir yenilik yoxdur: "Suriya, Livan, İraq və regionun digər ölkələrində İranın təsirini görmək mümkündür".

Cənubi Çin dənizindəki gərginlikdən danışarkən, o deyib: "Çin də, Rusiya kimi, öz hərbi qüdrətini gücləndirir".

General C.Danford İŞİD-lə mübaizəyə dair D.Trampın xüsusi plan hazırlamaq barədə tapşırığından da danışıb.

ABŞ hərçisi deyib: "Pentaqonun bu məsələ ilə bağlı bir neçə təklifi var və onlar prezident Trampa təqdim olunub, indi seçim onundur". 

O bildirib ki, Pentaqonun rəyinə görə, İŞİD və digər transmilli terrorçu qrupların tərkibində döyüşmək üçün 120 ölkədən 45 min adam Suriyaya və İraqa gəlib.

Xatırladaq ki, Brukinqs İnstitutu (Brookings Institution) 100 illik tarixi olan (1916-cı il) ABŞ-ın başlıca analitik mərkəzlərindən biridir. Onun hazırkı rəhbəri ABŞ dövlət katibinin sabiq müavini Stroub Telbotdur.