Foto: 2016-cı ilin dekabrında İstanbulda İran əleyhinə nümayiş (Reuters)
Hakkı Uygur, İran Araşdırmalar Mərkəzinin müdir müavini (Türkiyə),
"Al Jazeera"
Prezident Ədoğanın fevralın 12-16-da üç Körfəz ölkəsinə təşkil etdiyi ziyarət əsnasında İrana qarşı söylədiyi sərt tənqid, fevralın 19-da Münhendə təşkil edilən Beynəlxalq Təhlükəsizlik Konfransında xarici işlər naziri Mövlud Çavuşoğlunun eyni paneldə, İsrail və Səudiyyə Ərəbistanı xarici işlər nazirləri qədər olmasa da, Tehranı məzhəbçi siyasətdə ittihamlaması iki ölkə arasında yeni gərgin dövrün başlanğıcı kimi şərh edildi.
İranın təpkisi gecikmədi və Türkiyə səfiri Rza Hakan Tekin XİN-ə çağrılırkən, nazirliyin sözçüsü Bəhram Qasımi də Türkiyəni qınadı. Qasımi Türkiyəyə qarşı səbirli davrandıqlarını, ancaq səbrlərinin da bir həddi olduğunu dedi.
Türkiyə XİN sözçüsü Hüseyn Müftüoğlu qarşılıqlı şərhilə əlaqələrin ən azı qısa zamanda gərgin bir dövrə girdiyini təsdiqləyirdi. Müftüoğlu, İranın başqalarını tənqid etmək yerinə, davranışına nizam verməli olduğunu qeyd etdi.
Halbuki bir neçə həftə əvvəl Astana danışıqlarında Türkiyə, Rusiya və İran bir araya gəldikdə, əlaqələrin yaxşı bir nöqtədə olduğu düşüncəsi hakim idi. İki ölkə arasında münasibətlərin xüsusilə məşum 15 iyul hadisəsindən sonra müəyyən yaxşılaşma içinə girdiyi, Astana prosesinin də Suriya böhranını yüngülləşdirməsi barəsində Tehran və Ankaranın müştərək görüşdə olduğu düşünülürdü.
Əslində, bölgə siyasətində İran yönlü dəyişiklik əlamətləri Türkiyə ilə məhdudlaşmır. ABŞ mətbuatında prezident Trampın İsrail baş naziri Netenyahunun ABŞ-a səfəri ilə İran əleyhdarı olan Misir, İordaniya və Körfəz ölkələrinin də iştirak edəcəyi regional bir təhlükəsizlik platforması qurulmasına dair xəbərin həqiqətə çevrilməsi çox mühüm nəticələrə gətirib çıxaracaq.
Buna qədər xüsusilə Əl-Bab əməliyyatı əsnasında türk əsgərləri İran tərəfdarı olan muzdlu milislərlə qarşı-qarşıya gəlsə də, münasibətlərdəki gedişatın müsbət istiqamətdə olduğu barəsində baxış birliyi var idi. Hətta türk əsgərlərinin ölümü ilə nəticələnən hadisələrdə belə Ankara İran əleyhinə kəskin şərhlər vermədi, yüksək səviyyəli diplomatiya və kəşfiyyat rəsmilərini Tehrana göndərməklə kifayətləndi. Buna görə də prezidentin ardınca xarici işlər nazirinin şərhləri Ankara üçün yeni bir mövqe kimi qəbul edilə bilər.
Türk rəsmilərinin şərhlərinin səbəbini ikitərəfli əlaqələrdə meydana gələn problemlərlə yox, yeni formalaşmağa başlayan qlobal və regional səbəblərə əlaqələndirmək daha doğrudur.
Ərdoğanın Körfəz səfərindən bir neçə gün əvvəl, fevralın 8-də Səudiyyə Ərəbistanının xarici işlər naziri Adil əl-Cübeyrin Ankaraya gəlməsi, ertəsi gün CIA direktoru Mayk Pompeonun ilk xarici səfərini Türkiyəyə etməsi və həmkarı ilə geniş əhatəli söhbəti, Ərdoğanın ölkəyə qayıdışından bir gün sonra, fevralın 17-də ABŞ Baş Qərargah Rəisləri Komitəsinin sədri general Cozef Danfordun İncirlik hərbi bazasında Hulusi Akar ilə görüşü Türkiyə-ABŞ əlaqələrində Donald Trampın iqtidara gəlməsilə yeniliyin baş verdiyini və bu vəziyyətin Türkiyənin regional siyasətində dəyişikliyə səbəb ola biləcəyini göstərir.
Xatırladığınız kimi, seçki kampaniyası əsnasında Tramp Obamanın İran siyasətini çox sərt şəkildə tənqid etmiş, xüsusilə nüvə sazişini "həyatımda gördüyüm ən pis razılaşma" deyə səciyyələndirib onun ləğv edəcəyini açıqlamışdı.
Nüvə sazişinin müxtəlif səbəblərlə ləğv edilməsi gözləntisi də Trampın İranı sıxışdırmaq üçün əlində saxladığı çoxsaylı "koz"lardan biridir. Onsuz da heç bir zaman tamamilə aradan qaldırılmamış sanksiyalar Tehranın ballistik raket sınaqları ilə yenidən sərtləşdirilə bilər. Bəzi ekspertlərin rəyinə görə, sazişin ləğv edilməsi ilə İranın alacağı fayda sıfıra bərabər olacağına görə ölkədəki mühafizəkarlar onun icrasından geri çəkilə bilər. Bu halda, sazişin zaminləri olan Rusiya və Çin qarşısında ABŞ-ın mövqeyi güclənəcək.
Vaşinqtonun yeni rəftarının fərqli səbəbləri də olsa, bunun Türkiyə, Ərəbistan və İsrail kimi ölkələr tərəfindən məmnuniyyətlə qarşılandığı aydındır. Çünki Obamanın ənənəvi müttəfiqlərini küsdürməsi, xüsusilə iqtidarının ikinci dövründə İranın qarşısını açan siyasətə imza atması təkcə Suriyada Rusiya və İranın sahə hakimiyyətlərinin artmasına gətirib çıxarmayıb, eyni zamanda, Yəmən münaqişəsinin Səudiyyə Ərəbistanı-Yəmən savaşına çevrilməsinə və İrana yaxın qrupların Bəhreyn rəhbərliyini silahlı qiyamla təhdid etmələrinə səbəb olub.
İsrail baxımından isə Vaşinqtonun Suriya böhranına biganəliyi "Hizbullah"ın daha təsirli döyüş təcrübəsi qazanmasına və əlindəki silah ehtiyatını keçmişdə görünməmiş şəkildə çeşidləndirməsinə və inkişaf etdirməsinə gətirib çıxarıb.
Ərdoğanın İranın "işğalçılıq siyasəti"nə qarşı şərhlərini Bəhreyndə etməsi xüsusilə diqqətçəkicidir. Əslində, Türkiyə heyətinin Bəhreynə ziyarəti rəmzi mənaya malik idi. Çünki əhalisinin əksəriyyəti şiə olan Bəhreyni İran öz haqq sayır. Tramp administrasiyası İrana ciddi qlobal meydan oxuduğu dövrdə bölgənin bütün təsirli güclərinin İran əleyhinə mövqe tutması, Tehranın vəziyyətini olduqca çətinləşdirir. Buna görə də İran rəsmilərindən bərabər səviyyədə təpki gəlmədi və iranlılar böhranın çox boyüməməsi üçün mülayim rəftar içinə giriblər.
Ərdoğana Bəhreynin ən yüksək dövlət nişanının verilməsi, Türkiyə və Bəhreyn arasında müxtəlif təhlükəsizlik müqavilələrinin imzalanması, İran mətbuatında bəhreynli müxalifət lideri Şeyx İsa Qasimin Türkiyəyə sürgünə göndəriləcəyinə dair xəbərlərin çıxması, Türkiyənin bundan sonra Bəhreynlə bağlı daha aktiv mövqe tutacağını və Körfəzin bu kiçik ölkəsinin təhlükəsizliyi ilə daha yaxından maraqlanacağını göstərir. İranın da yeni dövrün şifrələrini çox tez anladığı və buna uyğun strategiya təyin etməyə çalışdığı görünür.
Həsən Ruhani Ərdoğanın səfəri ilə eyni vaxtda Körfəzdə İran ilə mülayim əlaqələrə sahib olan Küveyt və Omana səfərə çıxdı. Regional cəbhələşmənin qarşısını almağa çalışan addım atdı. Bu cəhdlər Tramp admistrasiyasının İran əleyhinə şərhlərinin dozasını düşürməyə meyillənib. Çünki İran, ənənəvi deyilə biləcək şəkildə, beynəlxalq sahədə çətin vəziyyətdə qaldığı dövrlərdə bu cür təzyiqləri regional iş birliyi ilə aşmağa çalışır. Məsələn, İran-İraq müharibəsi zamanı, yaxud nüvə fəaliyyəti ilə bağlı qlobal sanksiyalara məruz qaldıqda zamanlarda İranın ən əhəmiyyətli nəfəs borularını Türkiyə, ya da Birləşmiş Ərəb Əmirlikləri kimi bölgə gücləri təşkil edirdi.
Nəticə olaraq bildirək ki, Türkiyə və İran arasındakı gərginlik ikitərəfli əlaqələrdən qaynaqlanmır. O, Tramp və rəsmi Tehranın bölgədə atacağı addımlara paraleldir. Ankara hər nə qədər İran əleyhinə sərtləşdirsə də, ikitərəfli münasibətlərin müəyyən bir səviyyənin altına enməsinə icazə verməyəcək. Və bölgənin bəzi aktyorları kimi, tam olaraq İran əleyhdarı olmayacaq.
Tərcümə: Strateq.az