XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

27 February 2017 - 14:23

Təklənən Ankara:Türkiyə Suriyada Rusiya ilə qarşı-qarşıya gətirilir

 

tadif

Suriyanın şimalındakı əl-Bab mahalına bağlı Tadif qəsəbəsi ətrafında "Azad Suriya Ordusu" birlikləri ilə Bəşər Əsəd rejiminə bağlı əsgərlər arasında atışma baş verib. Atışma nəticəsində 22 Suriya əsgəri öldürülüb, 4 əsgər əsir götürülüb.

Strateq.az xəbər verir ki, məlumatı “Fərat qalxanı” çərçivəsində Suriyanın şimalında əməliyyata qatılan "Azad Suriya Ordusu"na bağlı hərbi birləşmələr rəsmi internet səhifələrində yayıblar.

Qeyd edək ki, Tadif qəsəbəsi Türkiyə ordusunun bir neçə gün öncə azad etdiyi əl-Bab şəhərinin 1 kilometrliyində yerləşir. Bildirildiyinə görə, əl-Bab azad olunandan sonra müqavimət gücü qırılan İŞİD-ə qarşı Suriya ordusu da hücuma başlamış, bölgəyə yaxın bəzi əraziləri ələ keçirmişdi. Tadif də həmin ərazilərdəndir və bir neçə gün əvvəl Suriya ordusunun hava hücumları və top zərbələrinə məruz qalmış, qəsəbədəki İŞİD qüvvələri çarəni qəsəbəni tərk etməkdə görmüşlər.

Tadifin İŞİD-çilərdən təmizlənməsindən bir gün sonra ASO qüvvələrilə Suriya ordusu arasında döyüşlərə səhnə olması təsadüfi deyil. Türk ordusunun himayəsilə “xilafət”in əsas qalalarından sayılan əl-Babda İŞİD  müqavimətini qıran ASO bu zəfəri özününkü hesab edir və dolayısıyla qəniməti də kimsəylə paylaşmaq istəmir. Üstəlik, “Fərat qalxanı” əməliyyatının əl-Babla tamamlanmayacağını bəyan edən Ankara növbəti mərhələnin Münbic və Raqqa olduğunu bildirib. Tadif isə Münbiç güzərgahının üzərində yerləşdiyindən, qəsəbənin Suriya ordusunun nəzarətində olması “Fərat qalxanı”nın gələcək planlarının reallaşdırmasının qarşısını kəsə, hətta çətinliklə qurtarılan əl-Babın özünün Bəşər Əsəd rejiminin əlinə keçməsinə şərait yarada bilərdi. Odur ki, qəsəbədə nəzarətin tam təminat altına alınması zəruri şərtlərdən biri idi.

Bu qədər strateji əhəmiyyətə sahib qəsəbənin İŞİD tərəfindən ciddi müqavimətlə üzləşilmədən tərk edilməsi də səbəbsiz deyildi. Ekspertlərin fikrincə, İŞİD bu addımı ilə özünə qarşı olan bütün qüvvələri üz-üzə qoymağı planlaşdırıb və faktiki olaraq, öz istəyinə də nail ola bilib. Rusiyanın dəstəyiylə öz torpaq bütünlüyünü bərpa etmək istəyən Suriya ordusu ilə Türkiyənin himayəsindəki ASO-nun qarşı-qarşıya gəlməsi hamilər arasındakı münasibətləri də gərginləşdirə və ciddi insidentə yol aça bilər.

Xatırladaq ki, bundan əvvəl də əl-Babın girişində yerləşən bir kənd uğrunda ASO və Suriya ordusu arasında döyüş baş vermişdi. ASO-nu müdafiə edən Türkiyə ordusu onunla bərabər bu kəndə daxil olmuş və rus təyyarələrinin bombardımanı altına düşmüşdü. Bombardıman nəticəsində 4 türk əsgəri həlak olmuş, 11-i yaralanmışdı. Hadisə ilə bağlı məlumat yayan Rusiya Müdafiə Nazirliyi türk əsgərlərinin “olmaması gərəkli bölgədə” yerləşdiyini və insidentin “koordinat yanlışlığı”ndan qaynaqlandığını bildirərək, məsuliyyətdən boyun qaçırmışdı. Sonradan məlum olmuşdu ki, hərbi razılaşmaya əsasən, həmin kənd Suriya ilə Türkiyə ordusu arasındakı neytral bölgəyə düşürmüş və heç bir tərəf ora girməməli imiş.

Hadisənin bu aspektinə nəzər salanda aydın olur ki, İŞİD Tadifdən çəkilməklə eyni ssenarini yenidən təkrarlamaq istəyir və bu geriçəkiliş əslində hərbi taktikadır. Məqsəd bir düşməni digəriylə qarşılaşdırmaq və zaman qazanmaqdır.

Zaman-zaman Rusiya və İranın himayə etdiyi Bəşər Əsəd Suriyasına bağlı hərbi qüvvələrin Türkiyə ilə qarşı-qarşıya gətirilməsi taktikasının regionun bir çox aktyorları tərəfindən həyata keçirildiyini görürük. Əl-Babın təmizlənməsi əməliyyatından qabaq PKK-nın Suriya qolu kimi tanınan PYD-nin müraciət edərək, Dəməşqi bölgəyə çağırması da bu qəbildəndir. Məlumata görə, separatçı təşkilatın siyasi məsələlər üzrə yetkilisi Rəzzaq Hido müraciətində öz çağırışını belə əsaslandırmışdı: “Suriya ordusu əl-Babı almalıdır. Çünki bu şəhərin nəzarət altına alınması Bəşər Əsədin son zamanlar qazandığı uğuru daha da gücləndirə və Hələbin təhlükəsizliyini zəmanət altına ala bilər”.

Hido Rəzzaqın həmin müraciətində Bəşər Əsədin Hələb zəfərindən danışması da təsadüfi deyildi. “Fərat qalxanı” əməliyyatına qoşulan ASO ilə rejim gücləri arasında ölkənin ikinci böyük şəhəri Hələb uğrunda 4 il yarım ərzində ciddi döyüşlər olmuşdu. Hərb tarixində indiyə qədər görülməmiş taktikaların və silahların istifadə olunduğu bu ağır döyüşlər Rusiyanın müdaxiləsi ilə qısa zaman ərzində Suriyanın xeyrinə nəticələnmişdi. Hələb yarasının hələ sağalmadığı bir zamanda Bəşər Əsədə bağlı qüvvələrin ölkənin şimalına müdaxiləsi, onsuz da, gərgin olan münasibətləri daha çox pisləşdirə bilər və bundan faydalanan isə PYD olardı.

İŞİD-in də eyni hərbi taktikayla öz rəqiblərini zəiflətməyə çalışması Türkiyə ordusunun regionda nə qədər risklər və təxribatlarla üz-üzə qaldığının göstəricidir.

Riski artıran digər amillərdən biri Hələb məğlubiyyətinin acılarını unuda bilməyən ASO-nun emosional hərəkətləri, nizami ordu mədəniyyətinə tam yiyələnməməsi və Suriyanın öz ərazi suverenliyini əsas gətirərək, Türk ordusunun bölgədəki mövcudluğunu istəməməsidir. Məlumatlara görə, əl-Bab ətrafında Suriya ordusuna məxsus hərbi qüvvələrlə qarşılaşan ASO-çular Hələb məğlubiyyətinin gətirdiyi qisasçılıq hislərinə sahib ola bilmir və dərhal hücuma keçirlər. Bəşər Əsəd tabeliyindəki hərbçilər isə bundan faydalanaraq onları tələyə salır, rus bombarımanlarının altına çəkirlər. Bəzən türk əsgərləri də bu oyunun qurbanı olur və son zamanlar Türkiyə-Rusiya arasında yaranan isti münasibətlər də soyuyur.

İki dövlətin yaxınlaşmasından narahatlıq keçirən və bu gedişlə özünün ən yaxın müttəfiqini itirəcəyindən çəkinən İran da araya nifaq toxumunun səpilməsindən yanadır. Prinsipcə, Ankaranın ABŞ-ın dəstəyini alaraq, “Fərat qalxanı” əməliyyatının əhatə dairəsini Raqqaya qədər genişləndirməsindən heç Moskva da məmnun deyil.

Bütün bu amillər “Fərat qalxanı” əməliyyatları çərçivəsində Türkiyənin yalnızlaşdığını və ciddi risk altına girdiyini göz önünə gətirir.

 

Heydər Oğuz

Strateq.az