XƏBƏR LENTİ

26 Yanvar 2021
25 Yanvar 2021

Digər Xəbərlər

28 Fevral 2017 - 11:37

Qorxulan oldu:“Kürdüstan” zolağı quruldu

 

pyd

"Suriya ordusu əl-Babın cənubundakı bir çox kəndin idarəsini ələ keçirdi. Bu həm Türkiyənin keçirmək istədiyi Raqqa əməliyyatının qarşısını almaq, həm də Azad Suriya Ordusu ( ASO) müxaliflərinin əl-Babın cənubundan Hələbə potensial hücumlarını qarşısını almaq üçün reallaşdırıldı. Suriya ordusunun əl-Babın cənubunda ondan çox kəndi İŞİD-dən almasıyla Türkiyə üçün əl-Bab-Raqqa yolu da bağlanmış oldu".

Strateq.az xəbər verir ki, bu sözləri əksəriyyəti PYD döyüşçülərindən təşəkkül tapan Demokratik Suriya Gücləri hərbi birləşmələrinin adı açıqlanmayan yetkilisi bildirib.

Suriya ordusu ilə özlərinin çarpışma ehtimalını istisna edən yetkili rəsmi Ankaranın ciddi narahatlığına səbəb olacaq açıqlamalar verməkdən də çəkinməyib. Onun fikrincə, Suriya Ordusunun əl-Babın cənubundan Menbiçə doğru irəliləməsiylə Afrin yolu dünən axşam saatlarında açılıb. Bu isə qardaş ölkənin illər boyu dilə gətirdiyi və “Fərat qalxanı” əməliyyatına başlamağa vadar etdiyi əsas “qırmızı cizgiləri”ndəndir.

Cənub sərhəddi boyunca İraqdan Aralıq dənizinə qədər uzanan kürd zolağında yeni dövlətin formalaşmasının öz daxilindəki separatçı meylləri də gücləndirəcəyindən əndişə duyan Türkiyə nəyin bahasına olursa-olsun bu tendensiyanın qarşısını alacağını dəfələrlə açıqlamış və bunun əyani sübutu kimi, Suriyanın şimalında hərbi əməliyyatlara başlamışdı.

Əməliyyatın əsas hədəfi kürd separatçılarının nəzarətində olan Menbiçlə Arfin arasındakı torpaq əlaqəsini kəsmək, xarici imperialist qüvvələr tərəfindən hazırlanan “Kürdüstan” proyektinin  ərazi bütövlüyünün qarşısını almaqdı. DSG-nin yetkilisinin sözlərinə inansaq, Suriya ordusunun bölgəyə müdaxiləsilə artıq bu xəyal çin olmağa başlayıb.

 "Suriya ordusu cənubdan və qərbdən Menbiçə gəldi. Ordu Menbiç Hərbi Məclisinin sərhədlərinə qədər dayandı. Menbiç-Afrin arasındakı yolun açılması bizim üçün böyük bir hadisədir.  Bu yol Suriya ordusunun nəzarəti altında artıq açılmışdır. Afrin-Hələb arasındakı yol isə onsuz da daha əvvəl İŞİD-dən təmizlənmişdi. Afrin-Menbiç arasındakı yolun açılmasıyla Afrin-Kobani əyalətləri arasındakı əlaqə də bu vəsiləylə qurulmuş oldu", – həmin DSG yetkilisi belə deyib.

Maraqlıdır ki, Suriyanın bölünməsi və ya federal dövlətə çevrilməsi demək olan bu proyektin həyata keçirilməsində Bəşər Əsədə bağlı hərbi qüvvələr mühüm rol oynayıb. İlk baxışdan xeyli müəmmalı görünən bu hadisə səbəbsiz deyil. Başlıca səbəblərdən biri Bəşər Əsədin ABŞ proyektində rol almağa çalışması və beləcə, özünü xarici güc mərkəzlərinə qəbul etdirməsidir. Digər tərəfdən, Dəməşq bölgədə sıxışdırılan Suriya kürdlərini öz himayəsi altına almaqla və gələcəkdə onlara bəzi siyasi haqlar verməklə, ölkənin federallaşaraq ərazi bütövlüyünü qismən qoruya biləcəyinə ümid bəsləyir. O, həmçinin bu əməliyyatla Mosulun İŞİD-dən təmizlənməsindən sonra “xilafət”in əsas paytaxtına çevrilən Raqqanın işğaldan azad edilməsində özünün ən ciddi alternatif olduğunu, lazım gələrsə, PYD ilə birgə əməliyyatlara qoşula biləcəyini ortaya qoymağa çalışır.

Məlum olduğu kimi, İŞİD-ə qarşı mübarizədə kürd separaçılarına daha çox güvənən ABŞ Raqqa əməliyyatında da onların gücündən istifadə etmək niyyətindədir. PYD-nin isə bu mübarizəni təkbaşına aparmağa nə hərbi qüdrəti var, nə də həvəsi. Nədən ki, əhalisinin böyük əksəriyyəti ərəb olan Raqqa əslində PYD-nin hədəfləri arasında deyil. Bu amil həm Raqqa əhalisinin kürd separatçılarına qarşı ciddi müqavimətinə səbəb ola, həm də “özgələrinin” torpaqlarında vuruşmaq məcburiyyətində qalan PYD silahlılarının döyüş əzmini zəiflədə bilər. Odur ki, Raqqanın ərəblər tərəfindən azad olunması hərbi-strateji baxımdan və uzunmüddətli sülh naminə daha məqbul görünür.

Türkiyə də məhz bu amili əldə rəhbər tutaraq, Raqqanın PYD tərəfindən azad olunmasına qarşı çıxır, özünün dəstəklədiyi Azad Suriya Ordusuna üstünlük verilməsini ön plana çəkirdi. Ankaranın kürd separatçılarını təcrid edən bu təklifi regionda “Kürdüstan” proyektini həyata keçirmək istəyən ABŞ-ın hədəflərinə uyğun gəlmir və super güc PYD-nin də əməliyyatda iştirakını şərt qoşurdu.

 ABŞ-dan aldığı dəstəyi itirərsə, başına nələr gələcəyini yaxşı anlayan PYD-nin gözü Raqqada yox, Menbiç-Afrin arasındakı ərazilərdə olsa da, məcburən bu təlimatla razılaşır, özünün əməliyyat ortağını gözləyirdi. Rusiyanın himayəsinə sığınan Suriya ordusunun Menbiçə gəlməsi və Raqqa əməliyyatına kürd separatçılarıyla birgə başlamaq istiqamətində mesajlar verməsi gözlənilən ortağın ortaya çıxması deməkdir. Suriya ordusu əsgərlərinin böyük əksəriyyətinin ərəblərdən təşəkkül tapması da Türkiyənin söykəndiyi ən ciddi arqumenti ortadan qaldırır.

Suriyanın şimalında yaranan mövcud vəziyyət Türkiyənin “Fərat qalxanı” əməliyyatının sonunu gətirə bilər. Deyəsən, Ankara da tədricən bu reallıqla razılaşmağa başlayıb. Baxmayaraq ki, bir müddət əvvəl Türkiyə prezidenti Ərdoğan əməliyyatın Raqqaya qədər davam edəcəyini bildirmiş və Menbiçi də öz hədəfləri arasına daxil etmişdi. Amma Ərdoğandan əvvəl Türkiyə baş nazirinin müavini Numan Qurtulmuş isə tamamilə başqa fikirlər səsləndirərək, “Hər halda əl-Babla birlikdə “Fərat qalxanı” bitər, hədəflərə çatmış olarıq. Raqqa başqa məsələdir. Türkiyə sərhədlərini təhdid edən bir şey deyil”, – demişdi. Əslində Türkiyə prezidentinin son hədəf kimi Raqqanı gəstərən bəyanatı da Niman Qurtulmuşun bu sözlərinə aydınlıq gətirmək, daha doğrusu, təkzib etmək üçün verilmişdi.

Hökumət yetkililərinin bir-birini təkzib edən açıqlamaları rəsmi Ankaranın Raqqa ilə bağlı vahid bir strategiyasının olmadığını, bölgədə yaşanan hadisələrə görə hərəkət planı qurduğunu təsdiqləyir. Bu isə onun hər cür status-kvo ilə razılaşmağa hazır olduğunun göstəricisidir.

 

Heydər Oğuz

Strateq.az




Yuxarı Əvvələ Ana Səhifə