XƏBƏR LENTİ

01 Dekabr 2020

Digər Xəbərlər

04 Mart 2017 - 11:56

Bir ildə 10 gərginlik:Türkiyə-Almaniya əlaqələri dalana dirənib – Təhlil

erdogan-merkel-aa

Ece Göksedef

"Al-Jazeera"

 

Almaniya ilə gərginlik bir daha artmaqdadır. 16 Aprel referendumu üçün Almaniyadakı seçicilərə yönəlik kampaniya həyata keçirmək istəyən AKP-li nazirlər Bəkir BozdağNihat Zeybekcinin səfərlərinə icazə verilməməsi yeni böhrana səbəb olub.

Rəsmi Ankara sərt şərhlər verib. Almaniya səfiri Martin Erdmann məsələ ilə əlaqədar Xarici İşlər Nazirliyinə çağırılıb.

Bu, Erdmannın keçən ilin mart ayından bəri altıncı dəfə nazirliyə çağrılışıdır…

Martın 1-də Türkiyə səfiri Əli Kamal Aydın Almaniya XİN-inə çağrılmışdı. "Die Welt" qəzetinin Türkiyə üzrə müxbiri Dəniz Yücelin həbsi ilə bağlı. Yücel, enerji və təbii sərvətlər naziri Berat Albayraka məxsus e-yazıların ələ keçirilib sızdırılması ilə əlaqədar xəbərlərə görə fevralın 27-də həbs olunub.

Almaniya Xarici İşlər Nazirliyi açıqlamasında "Türkiyə-Almaniya əlaqələrinin çətin bir dövr keçirdiyi, Dəniz Yücelin həbs olunmasının bunu daha da çətinləşdirdiyi" ifadələrini işlədib.

Son bir həftədə yaşananlar bir müddətdir Türkiyə-Almaniya münasibətlərində ortaya çıxan gərginliyin yalnız bir hissəsini əks etdirir. Ötən bir ilə nəzər yetirdikdə, bir çox hadisələrin gərginliyə səbəb olduğu görünür.

 

1. Alman kanalında Ərdoğan videosu

2016-cı il martın 17-də Almaniyanın NDR televiziyasındakı satirik proqramda Ərdoğan barədə sərt tənqidi ehtiva edən bir video göstərildi. Videoda prezidentə qarşı təhqir sayılacaq ifadələrin işlədilməsinə görə səfir Erdmann XİN-ə çağırıldı və narahatlıq dilə gətirildi.

Almaniyanın müxalifət partiyaların, o dövrdə Türkiyə ilə qaçqın müzakirəsi aparan alman rəsmilərinə ünvanlanan xəbərdarlığı nəticəsiz oldu. 

 

2. Alman səfirin Can Dündarın məhkəməsində iştirakı

"MİT TIR-ları" xəbərinə görə mühakimə olunan "Cümhuriyet" qəzetinin sabiq baş redaktoru Can Dündar və nəşrin Ankara nümayəndəsi Erdem Gülün martın 25-də İstanbul məhkəməsindəki ilk iclasda səfir Martin Erdmann da iştirak etdi.

Erdmann "mühakiməyə müdaxiləedici davranışlarına" görə bir həftə içində ikinci dəfə XİN-ə çağırıldı.

Prezident Ərdoğan da xarici diplomatlarla bağlı sərt ifadələr işlətdi: "Siz kimsiniz, hə? Sizin orada nə işiniz var? Diplomatiyanın da ədəb-ərkanı var. Bura sənin ölkən deyil. Bura Türkiyədir. Sən konsulluq binası və ya konsulluq sərhədləri çərçivəsində hərəkət edə bilərsən. Bu ölkənin içərisində əzələ nümayişini edə biləcək qədər həddi aşırlar".

Can Dündarla başlayan böhran bununla bitmədi. 5 il 10 ay həbs cəzası alan Dündar apelyasiya şikayətinə baxılan dövrdə xaricə getdi. Barəsində həbs-qəti imkan qərarı olan Dündar 2016-cı ilin iyun ayından etibarən Almaniyada yaşayır.

Noyabr ayında Almaniya prezidenti Yoaxim Qauk Dündarı iqamətgahına dəvət etdi. Dündarın sarayda qəbul edilməsi, daha sonra Almaniyanın Ədliyyə Nazirliyindəki qəbula natiq olaraq dəvət olunması Ankaranın təpkisinə səbəb oldu.

Ankaradakı Almaniya səfirliyinin müşaviri XİN-ə çağırıldı, ona Dündar haqqında həbs qərarının olduğu xatırladıldı.

 Dündar 2017-ci ildən Almaniyada müxalif xəbər portalına rəhbərlik edir.

 

3. Almaniya parlamentində "soyqırım" qərarı

Almaniya parlamenti 2016-cı il iyunun 1-də 1915-ci il hadisələrini "soyqırımı" kimi təsdiqlədi. Qərar mətninin "1915-1916-ci illərdə Osmanlı İmperiyasında ermənilərə və digər xristian azlıqlara tətbiq olunan soyqırımının xatırlanması" başlığı vardı. Yəni yalnız ermənilərə deyil, xristian azlıqlara da "soyqırımı" tətbiq olunması iddia edilirdi.

Qərarın ardınca Türkiyə Berlindəki səfirini məsləhətləşmələr üçün Ankaraya qaytardı. Almaniyanın Ankaradakı səfiri o dövrdə Türkiyədə olmadığı üçün müşavir XİN-ə çağırıldı.

Nazirliyin şərhində qərar "utancverici" kimi xarakterizə edildi.

Keniyaya səfəri zamanı prezidenti Ərdoğan bunun "Almaniya-Türkiyə əlaqələrinə ciddi təsir etdiyini" bildirdi.

Türkiyə ilə Avropa İttifaqı arasındakı qaçqın sazişinin memarlarından biri olan baş nazir A.Merkel gərginliyi azaltmaq üçün yumşaq ifadələrdən istifadə etdi: "Hər hansı bir məsələdə fərqli baxışlar olsa da, Türkiyə ilə dostluq və strateji əlaqələrin miqyası çox genişdir".

 

4. İncirlik səfərinin rədd edilməsi

1915-ci il hadisələrini "soyqırımı" kimi qəbul edən qərardan sonra bu dəfə İncirlik səfəri ilə əlaqədar gərginlik yaşandı.

İyul ayında Müdafiə Nazirliyinin müşaviri Ralf Brauksiepin rəhbərlik etdiyi millət vəkillərindən ibarət heyətinin İncirlikdəki alman əsgərlərini ziyarət etmək tələbi rədd edildi.

Xarici işlər naziri Mevlüt Çavuşoğlu dedi: "İncirliyə hərbi və texniki heyətlər gələ bilir, hərbçi olmayanların, xüsusilə siyasətçilərin İncirliyə səfərini münasib görmürük". Bunun ardınca Almaniyanın müdafiə naziri Ursula fon der Leyen İncirliyə gedərək, alman əsgərlərlə şəxsən görüşdü. Oktyabr ayında millət vəkillərinin hərbi bazanı ziyarət edəcəyi açıqladı.

İncirlik gərginliyi o dövrün xarici işlər naziri Staynmayerin "1915 qərarı" ilə bağlı şərhindən sonra yumşaldı. Türkiyə XİN bu açıqlamanı məqbul saydı. Beləcə, oktyabrda deputatların səfəri reallaşdı.

 

5. 15 İyul sonrası Ərdoğanın telekonfransına qadağa

15 İyul sonrası Berlindən gözlənilən dəstəyi Ankara ala bilmədi.

İyulun 31-də Kölndə "Çevrilişə qarşı demokratiya mitinqi"nə telekonfrans üsuluyla qatılmalı olan Ərdoğanın bu icazəsi ləğv edildi. Köln polisinin bu istəyini Almaniyanın Konstitusiya Məhkəməsi təsdiqlədi.

Avqustun 1-də Ankaradan kənarda olan alman səfiri yerinə, müşavir Robert Dölger bir daha XİN-ə çağırıldı.

Prezident sözçüsü İbrahim Kalın da Ərdoğana maneə törədilməsini qınadı.

 

6. "Gülən təşkilatı"na mənsub bəzi şəxslərin Almaniyada sığınacaq tapması

Bu məsələ də Türkiyə və Almaniya arasındakı əlaqələri gərdi. Ankara bu şəxslərin ekstradisiya edilməsini tələb edir.

Ədliyyə naziri Bəkir Bozdağ PKK, DHKP-C və ifrat sol təşkilatların Almaniyada həm dəstək tapdığını, həm də rahat şəkildə fəaliyyət göstərdiyini bildirdi: "Fətullahçi terror təşkilatı Almaniyada dəstək alır. Hörmətli prezidentimiz, baş nazirimiz, xarici işlər nazirimiz və bütün türk rəsmiləri bunu çox açıq, dəqiq şəkildə alman rəsmilərinə deyib… Almaniya Türkiyənin əleyhinə fəaliyyət göstərənləri himayə edir".

 

7. HDP-çilərin həbsinə Berlindən sərt təpki 

Staynmayer HDP-çi millət vəkilləri ilə bağlı Berlindəki səfirliyin müşavirini XİN-ə çağırdı. Almaniyanın dövlət naziri Mariya Böhmer isə HDP Məclis qrupunu ziyarət etdi.

Xarici işlər naziri M.Çavuşoğlu Almaniyanı "terrorçuları qorumaq" və "terrora dəstək vermək"də ittiham etdi. 

 

8. AKP-li deputatın saxlanılması

Dekabr ayında Almaniyaya gedən AKP-li millət vəkili və TBMM-in sədr müavini Ayşenur Bahçekapılı pasportu oğurlandığına görə müvəqqəti pasportla Köln hava limanında saatlarla saxlanıldı.

Prezident Ərdoğan "Buna eyni qarşılıq verməliyik", – dedi.

Alman səfiri Erdmann XİN-ə çağırıldı.

Türkiyədəki hava limanlarında diplomatik pasaportlu Almaniya vətəndaşlarının giriş-çıxışları araşdırıldıqdan sonra onlara uçuş icazəsi verildi. Dörd diplomat təyyarəyə minməyə gecikdi.

 

9. İmamların evinə basqın

Almaniyadakı Diyanət İşləri Türk-İslam Birliyi məscidlərində bəzi imamlar barəsində casusluq ittihamı ilə istintaq hərəkətləri başlanıldı.

Fevralın 15-də yeni böhrana yol açan hadisə yaşandı. Almaniyanı tərk edən imamların dördünün əvvəllər yaşadığı evlərə federal prokurorluq basqın etdi.

Bəkir Bozdağ yazılı şərhlə buna təpki verdi.

 

10. Nazirlərə icazə verilməməsi

Baden-Vürttemberg əyalətinin Qaggenau şəhərində martın 2-də nəzərdə tutulan toplantıda ədliyyə naziri Bəkir Bozdağın iştirtakına izn verilmədi.

Martın 5-də Kölndə iqtisadiyyat naziri Nihat Zeybekcinin iştirakı ilə baş tutmalı olan yığıncaq üçün də salon "tapılmadı".

 

Tərcümə: Strateq.az




Yuxarı Əvvələ Ana Səhifə