XƏBƏR LENTİ

05 Dekabr 2020
04 Dekabr 2020

Digər Xəbərlər

04 Mart 2017 - 21:40

Ərdoğan “şnitzel” istəmirsə, Fatmagülün suçu nədir? –24 misralıq satirik şeir 18 dəfə qayçılanıb – Təhlil

11Germany1-master768

FOTO: Almaniya məhkəməsinin qərarı ilə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanı təhqir edən əxlaqsız şeirinin 24 misrasından 18-i qayçılanmış Yan Böhmermann /European Pressphoto Agency

 

Əziz Rzazadə

Strateq.az


Türkiyə iqtisadi tənəzzül yaşayır. TL-nin (yeni türk lirəsi) üzən məzənnəsi təxminən 1$=3.50 nöqtəsindədir. İstehlak qiymətlərdə artım 14%-ə yaxınlaşıb. İşsizlik – 12%.

Referendum ərəfəsində Türkiyədə “Hə” və “Yox”un savaşı həyatın əyləncəsini, bütün dadını-duzunu da qaçırıb. İslamabaddan geri dönərkən təyyarədə jurnalistlərə açıqlama verən prezident Ərdoğan referenduma qatılma ilə bağlı ehtimala qayğılı halda “Hələ də tərəddüd edənlər çoxdur”, – deyib.

Konstitusiyaya “Hə” deyənlərin düşərgəsində qollar dirsəyədək çırmalanıb. Qürbətçilər arasında belə tərəddüdə yer qoymamaq üçün Ərdoğanın həyatını əks etdirən “Rəis” bədii filmi Avropa məkanında nümayişə çıxarılır.

Həbsxanalarda hazırda 150 türk jurnalisti var. Ərdoğanın “alman casusu və PKK üzvü" adlandırdığı “Die Welt”in Türkiyə təmsilçisi Dəniz Yücelin həbsindən sonra türk nazirlərə ölkəyə giriş izni verməyən Almaniyada isə ZDF telekanalının həftəlik satirik verilişində əxlaqsız şeiri ilə Türkiyə prezidentinin xətrinə dəymiş Yan Böhmermannın məsələsində son nöqtə qoyulmayıb.

Doğrudur, Rəcəb Tayyib Ərdoğanın cinsi yönü, davranışı və intellektinə lağ edən komediyaçıya əsərini publik oxumaq artıq qadağan edilib.

Ötən il martın 31-də Almaniya ictimai televiziyasının bir verilişi ilə başlayan siyasi qalmaqaldan sonra Y.Böhmermann bir neçə həftə polis mühafizəsi altında yaşayıb. Ərdoğan hələ ötən il şeirinin 24 misrasından 18-i yasaq edilən Y.Böhmermannı cinayət məsuliyyətinə cəlb etməyə çalışıb. Həm də almanlara dövlət başçısını təhqir etməyi qadağan edən 1871-ci ilin qanununa əsaslanaraq. Təsəvvürünüzə gətirirsinizmi!

2016-cı ilin oktyabrında Maynz şəhərinin prokurorluğu Y.Böhmermanna məxsus satirik şeirin sadəcə, mübaliğə olmasına və cinayət niyyəti ilə bağlı dəlilin yoxluğuna əsaslanaraq həbs-qəti imkan tədbirinə əl atmayıb. Amma şerin qadağası ilə bağlı məsələ Hamburq məhkəməsinin icraatına verilib.

Satirik şeirin qayçılanması barədə qərarı da məhz Hamburq məhkəməsi çıxarıb. Y.Böhmermannın vəkili Kristian Şertz bunun ifadə və söz azadlığına zidd olduğunu deyərək apellyasiya şikayəti veriləcəyini bildirib. Elə Ərdoğanın vəkilləri də sonadək getmək niyyətindədirlər.

Türkiyənin özündəsə “görünməz senzur”a qayçısı referendumda “Yox”a azca eyhamın belə qarşısına divar hörür. Əvvəlcə, Çilinin diktator Auqusto Pinoçet dönəminin referendumundan bəhs edən “No” (“Xeyr”) filmi nümayişdən çıxarıldı. İndi də rejissorlar Kaan Arıcıİsmət Qurtuluşun yeni komediya filminin nümayişi əngəllənir.

22 dəqiqəlik qısametrajlı filmin adı “Son şnitzel”dir. Baş rolda ustad aktyor Haluk Bilginer çəkilib. Süjet çox sadədir: uzaq gələcəkdə və xəyali bir ölkədə – Möhtəşəm Türkiyə Cümhuriyyətində prezident qızarmış toyuq əti (alman dilində – “Schnitzel”, yəni “dilim-dilim doğranmış”) yemək istəyir və yavərini şnitzel tapmağa göndərir. Bu zaman artıq bütün dünya xalqları planetimizi tərk etməyə hazırlaşır. Yer kürəsində qida yoxdur, odur ki, ərzaq yerinə həblə dolanan insanlar arasında yavərin şnitzel axtarışı çox uzun çəkir…

433 kino xadiminə qarşı cinayət işini açıldığı dönəmdə filmin nümayişinə izn verilməməsi Türkiyədə təəccüb doğurmur. İndi məmurlar, müstəntiqlər, prokurorlar və hakimlər hər müxalif və ya azad fikirdə “Vətənə xəyanət”, “dövlət çevrilişi”, “terror” çalları görürlər.

“Panafilm”in “Kurtlar Vadisi-Darbe”dəki bir epizodda, başdaşında “Ərdoğan” yazısı da elə bu cür oxunub-yozulmamışdımı?!

““Osmancık”, "Kiçik Ağa” kimi Osmanlı tarixini, Qurtuluş savaşı illərini təsvir edən serialların, yeni nəslə təsirini vurğulayan Ərdoğan Lütfi Kırdar Konqres Mərkəzində təşkil edilən 3-cü Milli Mədəniyyət Şurasındakı çıxışında deyib: “İndi də “Diriliş Ərtoğrul” serialı oxşar şəkildə ölkəmizin içində və xaricində maraqla baxılır. Əgər mənim 6-7 yaşlı nəvəm, yaxud 12-13 yaşındakı nəvəm yalnız nümayiş saatı ilə kifayətlənməyib, filmin təkrarını da baxmaqla məzmunu yaxşı dərk edirsə, deməli, bundan sonrakı dövrdə də bu cür seriallara daha çox maliyyə ayırmaq məcburiyyətindəyik”.

3-cü Milli Mədəniyyət Şurasındakı çıxışın təhlili Türkiyə rəhbərliyinin “Möhtəşəm yüzilliklər” xiffətini ortaya qoyur. Bu sayaq açıqlamalardan sonra Avropa Evinə üzv olma ilğımı tamamilə yox olur. Ərdoğan zahirən bu sarıdan narahat deyil. Artıq neçənci dəfədir ki, o deyir: “Mənim üçün əsas Aişələrin, Fatmaların rəyidir…”

Ərdoğan şnitzel istəmirsə, Fatmagülün suçu nədir…

 




Yuxarı Əvvələ Ana Səhifə