XƏBƏR LENTİ

02 Dekabr 2020
01 Dekabr 2020

Digər Xəbərlər

07 Mart 2017 - 11:05

Mahmud Əhmədinejadın növbəti zarafatı –Qudaların vahid namizədi – Təhlil

Mahmoud-Ahmadinejad--Hamid-Baghai

Əziz Rzazadə

Strateq.az

 

EKS-PREZİDENTİN KUKLA TEATRI

 

Seçkilər ərəfəsində sabiq İran prezidentinin adı siyasi çevrələr və mediada tez-tez hallanır. Elə bil özünü okeanda damlaya bənzədərək “Mən İran xalqının xidmətçisiyəm, heç bir siyasi partiya və ya qrupu, yaxud namizədi dəstəkləmirəm”, – deyən Mahmud Əhmədinejad deyildi…

Rəsmi olaraq hazırda elmlə məşğul olduğu deyilən eks-prezident indi kukla oynadan rolundadır. Üçüncü dəfə namizəd olmasına ən yüksək səviyyədə sədd çəkilən M.Əhmədinejad kulislərdə sabiq müavini Həmid Bəqayinin təbliğatını aparır.

Bu arada o, xələfini – Həsən Ruhanini də sərt tənqid etməkdən çəkinmir və özü də hazırkı iqtidar təmsilçiləri tərəfindən avantüraçı, əcaib xarici siyasət yürüdüçüsü və israfçı kimi damğalanır.

Məsələn, İranın birinci vitse-prezidenti İshaq Cahangiri M.Əhmədinejadı OPEC qiymətlərinin yüksək olduğu dövrdə 950 milyard $ neft gəlirini israf etməkdə və səkkiz ildə inflyasiyanı 41%-ə çatdırmaqda suçlayıb. Bunu deməklə ürəyi soyumayan İ.Cahangiri iqtidarının iki dönəmində korrupsiyanı zirvəyə yetişdiyini söyləməklə, M.Əhmədinejada od qoyub.

Bu çılğın bəyanatlar eks-prezidenti İ.Cahangiriyə qarşı şikayət verməyə sövq etsə də, İran məhkəmə sistemi iddianaməni rədd edib.

 

QUDALAR İQTİDARININ AQİBƏTİ

 

Bir çox analitiklər deyir ki, 2005-ci ildə prezident seçilən Mahmud Əhmədinejad 2009-2013-cü illərdə ikinci dönəmin Əhmədinejadından çox fərqlənirdi.

Doğrudan da əvvəllər Ərdəbil və Tehranda valilik edən eks-prezident ilkin mərhələdə çox cazibədar idi. Bəstəboy, arıq və zahirən sadəlövh görünüşlü siyasətçinin mühafizəkar qanadda böyük dəstəyi vardı. Üstəlik özündən əvvəlki (uğursuz Bənisədr və nakam Rəcai istisna olmaqla) və sonrakı prezidentlərdən fərqli, o, ruhani cübbəsi olmayan yeganə dövlət başçısı idi.

Birinci dönəmində mərhum Haşimi Rəfsəncaniyə qalib gələn, ikinci dönəmində isə Mir Möhsün Musəvini ovcunu yalamağa məcbur edən Mahmud Əhmədinejadın bir sıra qərarları indi gülüşlə xatırlanır. Məsələn, Londonda rəsmi səfərdə ikən xarici işlər naziri Mənuçöhr Müttəkini işdən çıxarması.

Dəstək xallarını itirməsinin bir çox digər səbəbləri də vardı. Bu zaman kəsimində onu gözdən salan həm qudası (gəlini tərəfdən), həm də birinci müavini İsfəndiyar Rəhim Məşai oldu. İslam ideologiyasını milliyyəçi düşüncəyə dəyişməyə çağıran, hətta “İranın yəhudi xalq ilə tarixi dostluğu”na dair ağzından söz qaçıran Məşai də 2013-cü ildə namizədliyini elan etdi, lakin Nəzarətçilər Şurasının ələyindən keçmədi.

 

Cyrus-Cylinder-returns-to-UK5

Foto: İsfəndiyar Rəhim Məşai və Həmid Bəqayi əfsanəvi İran şahı Kuruşun tarixi silindri qarşısında  

 

PREZİDENTLİYƏ NAMİZƏDİN MÜƏMMALI HƏBSİ

 

Fevralın 20-də İranın sabiq vitse-prezidenti və Mədəni İrs Fondunun rəhbəri Həmid Bəqayi namizədliyini irəli sürəcəyi barədə bəyanat verdi. Lakin onun da Əhmədinejad və Məşai kimi eyni aqibətlə üzləşməsi ehtimalı böyükdür. Ən azı 2015-ci ildə həbs edilməsinə görə.

Həbsin dəqiq səbəbi müəmmadır, lakin H.Bəqayinin M.Əhmədinejadın ikinci dönəmində qanun pozuntularına yol verildiyinə dair şayiələr dolaşır.

Nəzarətçilər Şurasının onun namizədliyini qeydə almayacağına dair söz-söhbəti islahatçıların dedi-qodusu adlandıran H.Bəqayi fevralın 21-də “Twitter”də yazdı: “Böyük İran milləti! Qanuna zidd heç bir əməlim və Nəzarətçilər Şurasının məni kənarlaşdırması üçün heç bir səhvim yoxdur”.

Rəqib düşərgədə deyirlər ki, Bəqayinin namizədliyinə dəstək Əhmədinejadın qisas planıdır. Sabiq vitse-prezident də deyib ki, Mahmud ağa onun iqtidarında yer alacaq.

Əbdülrza Davari, Əhmədinejada yaxın siyasətçi indidən coşqulu “tweet” atıb: “Heç bir şübhə yoxdur ki, 12-ci prezident seçkilərində mühəndis Həmid Bəqayinin qələbə xəbərini eşitdikdən sonra şənbə günü, 2017-ci il mayın 20-də biz işə başlayacağıq”.

 

TARİXİN TƏKRARLANMA EHTİMALI

 

Hüccətül-islam Əbdülvahid Musəvi Lari, 2005-ci ilədək daxili işlər naziri “ILNA”ya müsahibəsində deyib ki, “Əhmədinejad özünün bütün siyasi təsir vasitələrini yandırıb”. Və əlavə edib: “Həmid Bəqayini dəstəkləməsini isə Əhmədinejadın növbəti zarafatı kimi qəbul etmək lazımdır”.

Vitse-prezidentin namizədliyinə istər mühafizəkar, istərsə də islahatçılar qanadında münasibət məhz belədir. Lakin hazırda H.Bəqayinin dəstəkçiləri arasında olan İsfəndiyar Məşai deyir: “Bəzi cənablar Bəqayinin namizədliyini zarafat hesab edir. 2005-ci ildə də Əhmədinejadın namizədliyi zarafat hesab edildiyi kimi”.

Doğrudan da 2005-ci ilin prezident seçkilərində bütün müşahidəçilər Ayətullah Əli Əkbər Haşimi Rəfsəncanini məğlub edən Əhmədinejadın qələbəsini böyük təəccüblə qarşılamışdılar…

 




Yuxarı Əvvələ Ana Səhifə