XƏBƏR LENTİ

28 Yanvar 2021
27 Yanvar 2021

Digər Xəbərlər

08 Mart 2017 - 15:11

Misirdə “çörək imtahanı”:"Biz istəyirik ki, prezident yoxsulların bahaçılıqdan öldüyünü bilsin" - Təhlil

A woman carries bread as she leaves a bakery in Cairo, Egypt January 10, 2017. REUTERS/Mohamed Abd El Ghany - RTX2YCGQ

Heyzəm əl-ŞeyxƏhməs Əbd Əlkavəy

"Reuters"

 

Martın 7-də yüzlərlə misirli yolları bağladı və hökumət ofisləri ətrafında etiraz aksiyaları keçirdi. Buna səbəb çörəkdən istfadəyə dair dəyişikliklərlə hökumətin qida subsidiyalarını azaldacağına dair qorxu idi.

Çörək subsidiyaları 70 milyondan çox insanın dövlət payı aldığı Misirdə partlayış törədə biləcək məsələdir.

Misir hökumətinin sərt kəmərsıxma proqramını dəstəkləmək üçün Beynəlxalq Valyuta Fondundan 12 milyard dollarlıq kredit paketinin təmin edilməsindən (2016-cı ilin noyabrı) sonra milli valyutasının satış məzənnəsini sərbəstləşdirmiş ölkədə inflyasiya 30 faizdən yuxarı qalxıb.

Etirazlar martın 6-da, çörək dotasiyası sxeminə dəyişiklikləri ilə onların rasionunda bu nemətin əskik olacağını düşünən kütlə arasında başlayıb.

Qahirənin yoxsul məhəllələrində, liman şəhəri olan İsgəndəriyyədə və Misirin bir sıra digər şəhərlərində toplanan qəzəbli kütləni yatırtmaq mümkün deyildi. Misirlilər çörək üçün küçələrə axışan insanların şəkillərini haştaqlarla "Twitter"də paylaşırdılar.

Hökumət misirliləri "məsələ yaxın günlərdə həll olunacaq" deyə sakitləşdirmək istəyib.

"Təchizat Nazirliyinin onların payını kəsməsi bəhanəsi ilə çörəkçilərin insanlara çörək verməkdən imtinası bizi təəccübləndirdi," – İsgəndəriyyə sakini Əhməd Fərəc bildirib.

Etirazların çoxu kiçik dəstələr halında olub və yüksələn yaşayış xərcləri ilə əlaqədar ictimai qəzəbin varlığına ilk böyük sübut idi.

"Biz bahaçılıqdan əziyyət çəkirik. Yaşamaq üçün ehtiyaclarımızı güclə ödəyirik. Çörəkdən başqa heç nə ala bilmirik və indi hökuməti bizi ondan da məhrum etmək istəyir" – Samiyə Dərviş, isgəndəriyyəli 50 yaşlı evdar qadın bildirib.

Təhlükəli iqtisadi narazılığı prezident Əbdülfətttah Sisi də görməmiş deyil. O, 2011-ci ilin "Ərəb Baharı" qiyamından sonra xalqa rifah və sabitlik, yoxsul kütləni kəmərsıxma tədbirlərindən qoruyacağına dair vədlər edib.

"Biz istəyirik ki, prezident yoxsulların bahaçılıqdan can verib öldüyünü bilsin", – deyə İsgəndəriyyə sakini Camal Əhməd bildirib.

Misirdə hər bir ailə üçün adambaşına gündəlik beş dotasiya çörəyi almaq imkanı verən plastik kart sistem fəaliyyət göstərir. Hökumət çörəkçixanalara hər çörək üçün dotasiya ödəyir.

Çörəkçilər də smart kart olmadan fiziki şəxslərə çörək satmaq üçün "qızıl kart"lar alırlar. Adətən bu, müvəqqəti kağız kartlar olur.

Bazar ertəsi Təchizat Nazirliyi çörək subsidiyalarının, habelə gündəlik beş çörək payının üç çörəyədək azalacağına dair yerli medianın verdiyi xəbəri təkzib edib.

Lakin hələ ötən həftə "qızıl kart" sxemi vasitəsilə çörək satan çörəkçilərin sayı azalıb. Bu addım güman ki, bir ildə milyonlarla funt ziyana qalan dövlətin həmin kartlardan sui-istifadə hallarını azaltmaq məqsədi güdür.

Təchizat naziri Əli Mozeli mətbuat konfransında bildirib ki, vətəndaşların istifadəsində olan müvəqqəti kağız kartlar mərhələli şəkildə smart kartla əvəz olunacaq və onların çörəkdən istifadəsi azalmayacaq.

Nazir deyib: "Çörək ala bilməmiş bütün vətəndaşlardan üzr istəyirik. Əmin olun ki, bu məsələ 48 saat ərzində həll olunacaq. Hər bir vətəndaş çörək almaq hüququna malikdir…"

"Reuters"in ötənilki hesabatı göstərib ki, dotasiya sistemindəki qüsurlar çörəkçilərə şəxsi mənfəət üçün satış miqdarını şişirtmək imkanı verir. Onlar subsidiyalı unu "qara bazar"da özəl çörək zavodlarına satmaqla hökuməti milyardlarla funt ziyana salır və mənfəət əldə edirlər.

İsgəndəriyyə Ticarət-Sənaye Palatasında çörəkçilik şöbəsinin müdiri olan Əbdül Əal Dərviş hökuməti bu addımı ləğv etməyə və hər bir misirlini kartlara təmin etməyə çağırıb. 

Tərcümə: Strateq.az