XƏBƏR LENTİ

25 Yanvar 2021

Digər Xəbərlər

10 Mart 2017 - 17:54

Mürəkkəb diplomatik rəqs:Netanyahunun son 11 ayda Moskvaya 3-cü gəlişinin gizli səbəbi

İsrail baş naziri Binyamin Netanyahu Rusiya prezidenti Vladimir Putinlə danışıqlar aparmaq üçün dünən Moskvaya səfər etdi. Son 11 ayda sayca üçüncü olan bu səfər Rusiyanın İsrailin strateji planlarında nə dərəcədə vacib yer tutduğunu göstərir.

Ondan başlayaq ki, Moskvanın Suriyadakı hərbi əməliyyatlarda birbaşa iştirakı Bəşər Əsədin mövqelərini gücləndirdi. Beynəlxalq aləmə Suriyadakı rejimin hələ tezliklə dəyişməyəcəyinin mesajını verdi.

Rusiyanın bu savaşda iştirakı həm də İsrail hərbi aviasiyasının taktiki əhatəsini dəyişdi. Rusların hərbçiləri, ultramüasir radarları, raketdən müdafiə sistemləri İsrail təyyarələrinin Suriya hava məkanında sərbəst hərəkətini məhdudlaşdırdı.

Bu baxımdan, Netanyahu ilə Putinin müzakirə etməyə xeyli mövzusu vardı.

İki siyasətçi buna qədər də tez-tez bir araya gəlmişdi. Görüşlərin intensivliyi Yaxın Şərq diplomatiyasında bu ikilinin xüsusi rolunu bir daha təsdiqləmiş olur.

O da unudulmamalıdır ki, Rusiya BMT Təhlükəsizlik Şurasının daimi üzvü olmaqda və Suriya münaqişəsində əsas oyunçu kimi qalmaqda davam edir. Eyni zamanda yüz minlərlə İsrail vətəndaşı üçün doğma ölkə sayılır. Bu şəxslər hələ sovet dövründə İsrailə köçsələr də, Rusiya ilə sıx əlaqələrdədilər.

Kreml Suriyadakı münaqişədə açar rolunu oynamaqla həm də işarə verdi ki, bu ölkədə hələ uzun müddət qalmaq fikrindədir.

Moskvanın planları arasında Suriyada hərbi-dəniz bazasını genişləndirmək də var. Suriyadakı Rusiya hərbi bazası isə az qala, daimi hərbi obyekt statusundadır.

Hazırda Suriyanın gələcəyi Türkiyə və İranın siyasətindən asılıdır. Lakin İsrail inanır ki, ruslar bölgədə Tel-Əvivin strateji maraqlarını da təmsil edə bilər.

Buna qədər İsrail Suriya lideri Bəşər Əsədin aqibətinə laqeyd yanaşırdı. İsrailin narahatlığı sərhədyanı bölgədə –  nəzarətində olan iki yüksəklliyə yaxın ərazidə baş verənlərdən sonra yarandı.

İsrail ehtiyat edirdi ki, ekstremistlər ora ayaq açar və yerli hərbçilər də İŞİD-ə dəstək verər.

Hələb Rusiya və İranın dəstəyi ilə Suriya ordusu tərəfindən ələ keçiriləndən sonra İsrailin şübhələri artmağa başladı.

İsrail yüksək rütbəli hərbçilərindən biri BBC-nin əməkdaşına bildirib ki, "Hizbullah" kimi İran yönümlü qruplaşmalar sərhədyanı bölgələri nəzarətə götürə bilər. Bu isə Tehranla Tel-Əviv arasında yeni qarşıdurmaya yol açmaq deməkdir.

Beləliklə, səfər müddətində Netanyahu Putinin diqqətinə çatdırmağa çalışıb ki, Suriyada sülh olacağı təqdirdə, İrana bağlı qüvvələr İsrail sərhədindən kənarlaşdırılmalıdır.

Görüşdə iki ölkə arasındakı hərbi əməkdaşlıq da müzakirə olunub. İsrail Suriya hava məkanında münaqişədən yayınmaq üçün bu əməkdaşlığa razıdır.

İsrail hər şeyi etməyə hazırdır ki, "Hizbullah" müasir silahlarla təchiz edilməsin.

Bu silahların bir hissəsi İrandan gəlir və İsrail inanır ki, məhz Moskva Tehranın bölgədə nüfuzunun artmasının qarşısını ala biləcək…

Strateq.az




Yuxarı Əvvələ Ana Səhifə