XƏBƏR LENTİ

19 Yanvar 2021
18 Yanvar 2021

Digər Xəbərlər

11 Mart 2017 - 13:52

Amerikanın “dəniz piyadaları” veteranı mümkün ABŞ-İran savaşından yazdı:"İstənilən zərbə ABŞ və müttəfiqlərinin zərərinə olacaq " - Təhlil

abd-asker_1224

Adam Vaynşteyn,

 "Atlantic Council"


Tramp administrasiyasının, xüsusilə Suriyadakı müharibə ilə əlaqədar İranı siyasi cəhətdən təcrid etmək, habelə İslam Respublikasına qarşı hərbi və iqtisadi təzyiqi intensivləşdirmək cəhdləri, uzunmüddətli perspektivdə regional sabitlik üçün əks-təsir doğura bilər.

Güclənməkdə olan Rusiya-İran ittifaqını pozmağa, İrandakı hədəfləri birbaşa təhdid etmək və ya İrana qarşı kölgə müharibəsinə başlamaq əvəzinə, Mosul əməliyyatının sonuna qədər ABŞ təxribatlardan minimum yayınmalı və ideal halda, Tehranla diplomatik təmasları davam etdirməlidir.

Yeni administrasiyanın İrana qarşı əsas siyasi strategiyası ABŞ-ın Körfəz Əməkdaşlıq Şurası (KƏŞ) ilə əlaqələrini möhkəmləndirmək və Rusiyanı İranla tərəfdaşlıqdan vaz keçirtməkdir.

Bu, əvvəllər də olub. 1987-ci ildə prezident Ronald Reyqansovet lideri Mixail Qorbaçov İran-İraq müharibəsinin həlli, Yaxın Şərqdə sülh və nüfuz hakimi olmaq üçün yarışa girmişdilər. Rusiya bütün tərəflərlə diplomatik kanalları saxlayırdı, lakin regionda ABŞ hegemonluğunun qorxusuna son qoymaqdan ötrü bir qədər Tehranın xeyrinə meyillənmişdi.

ABŞ "İran-kontras" qalmaqalı sonrasında İran və Suriyaya ilə diplomatik kanallara malik olmayıb, KƏŞ dövlətləri və İraqla əlaqə saxlayırdı. Bu müddət ərzində Sovet İttifaqı və ABŞ-ın təzyiqinə İranın ilkin cavabı müharibəni davam etdirmək idi. Eyni sözü bu münaqişədə İranın əsas ərəb müttəfiqi Hafiz Əsəd barədə də demək doğrudur. Böyük iqtisadi təzyiqlərə baxmayaraq, o da İraqa müqavimət göstərirdi…

Hazırkı administrasiya sadəlövhlüklə düşünür ki, Rusiyanın köməyi ilə İran və Suriya arasındakı ittifaq dağıda bilər. Rusiya ABŞ-ın regiondakı maraqlarını təmin etmək üçün heç bir stimula malik deyil və İran ABŞ hegemonluğuna qarşılıq kimi nəzərdən keçirilir. Bu gün Rusiyanın yenidən, eyni zamanda, KƏŞ, İsrail, Suriya və İranla diplomatik əlaqələri var. Odur ki, ABŞ öz diplomatik əlaqələrin genişləndirməli, özünü "ənənəvi müttəfiqlər"lə məhdudlaşdırmamalıdır.

Səddam Hüseyni aradan götürməklə, ABŞ yalnız labüdlüyü tezləşdirdi. Tehrana yağış kimi yağan İraq raketləri və (ABŞ tərəfindən təmin edilmiş) Səddamın kimyəvi silahları ilə hərəkət halında donmuş İran əsgərlərinin təsvirləri iranlıların kollektiv yaddaşlarına gömülür.

Bu tarixi bəxtsizliyin nəticəsi İranın Qərb və KƏŞ-in İraqda təsirini eksiztensial təhlükə kimi görməsidir. Lakin İraqda İranın maraqları strateji mülahizə çərçivələrindən kənara çıxır. İnsanlar bir-birinə bağlıdır. Hər bir ölkənin ruhani elitası bir-birilə qohumluq telləri qurur. İraqın şiə dini lideri Ayətullah Seyyid Əli Sistani Məşhəddə doğulmuş iranlıdır. İranın baş məhkəmə hakimi Sadiq Laricani Nəcəfdə anadan olub və böyüyüb. 

Əgər ABŞ İraq və Suriyada İŞİD-ə qalib gəlmək istəyirsə, o, "şər ittifaq"ının uğuru və uğursuz regional hegemonluq strategiyası arasında seçim etməlidir.

2008-ci ildə general David Petreus bölgədə İranın hərbi siyasətinə nəzarət edən "Qüds" qvardiyasının lideri Qasim Süleymanidən bir məktub almışdı. Petreusun Süleymaniyə cəsarətli, hətta həyasız cavabı "get …dir" idi. 

Petreus milli təhlükəsizlik icması sıralarını çoxdan tərk edib. Süleymani isə İraq və Suriyada dayanmadan düşmənləri "üç hərf oyana göndərirdi".

"Onun oyunda əli gətirdi. Amma bu, uzun oyundur, gəlin hadisələri tələsdirməyək". 2015-ci ildə Petreus Süleymani haqqında belə demişdi. Petreusun etiraf etmədiyi – İranın bu "uzun oyunda" bəxtinin gətirməsidir.

İslam İnqilabı Keşikçiləri Korpusunun (İİKK) əməkdaşları Mosuldakı döyüş meydanlarına səfər edərkən, məsləhət verdikləri şiə milislər tərəfindən arxadan vurulacaqlarından narahat olmurlar. Bundan başqa, İran komandirləri öz müttəfiqlərini həvəsləndirmək üçün "İraq millətçiliyi"ndən bəhs etmirlər. ABŞ etiraf etməlidir ki, İraq və İranın taleləri bir-birinə sıx bağlıdır və buna görə də Tehran həmişə Bağdadda öz təsirini təsdiq edəcək.

Nüvə razılaşmasına nail olma ABŞ və İran arasında gələcək əməkdaşlıq və birgə fəaliyyət üçün qapı açırdı. Hər iki tərəf bu qapını çox tez bağladı. Əgər ticarəti bərpa etməyə çox yüksək sədd olarsa, onda hərbi əməkdaşlıqdan, əlbəttə, söhbət belə gedə bilməz. Lakin hazırda regionda İİKK komandirləri, şiə milisləri, İraq hərbçiləri, ABŞ-ın xüsusi təyinatlı qüvvələri və ABŞ təyyarələri Mosulun azad edilməsini uğurla davam etdirən asta kampaniya aparır. On il bundan əvvəl ABŞ dəniz piyadaları və Müqtəda əl-Sədr milislərinin hər gün döyüşdüyünü nəzərə aldıqda, bu, özü-özlüyündə inanılmazdır. 

Bu, döyüş meydanında, İraq ordusu və kürdlərin vasitəçiliyi ilə, İİKK və ABŞ qoşunları arasında münaqişəsizlik deməkdir. Bu, simbiotik hərbi əlaqə növüdür. O, yalnız ümumi düşməndən təhlükə gəldiyi təqdirdə, diplomatiya çərçivələrindən kənarda baş verə bilər. 

Fars körfəzində Səudiyyə və ABŞ hegemoniyası İranın xarici siyasəti üçün çağırışdır. Tehran üçün ideal ssenaridə İİKK katerləri de-fakto döyüşə girmədən İranın gücünü nümayiş etdirə bilər. Hər iki tərəf üçün ən pis halda, ilk atəş açan ABŞ gəmiləri olacaq və İran ABŞ-ın təcavüz etdiyini iddia edəcək. Hərbi toqquşmadan yayınma çox vacibdir və ABŞ hazırda İİKK ilə gərəksiz atışmadan yayınır. İstənilən zərbə İraq və Suriyada ABŞ qüvvələri və onların müttəfiqlərinin zərərinə olacaq.

Əgər ABŞ və İran arasında normal diplomatik əlaqələr hələ də, demək olar ki, əyani və ya ideoloji cəhətdən boşa çıxırsa, onda Tramp administrasiyası İraq və Suriyada İŞİD-i məğlub etməli və Hörmüz boğazında status-kvonu saxlamalıdır. Bu strategiya İran və ABŞ-a öz simalarını qoruyaraq, ümumi düşmənə qarşı əməkdaşlıq etmə imkanı verəcək.

 

Tərcümə: Strateq.az

 

Qeyd:  Adam Vaynşteyn Əfqanıstanda döyüşmüş keçmiş dəniz piyadası qüvvələri veteranıdır. O, İran-Amerika Milli Şurasının (ABŞ) eksperti, "Foreign Policy", "The Diplomat","Newsweek" nəşrləri və London İqtisadiyyat Məktəbinin "Yaxın Şərq Mərkəzi" bloqunun daimi yazarıdır. 




Yuxarı Əvvələ Ana Səhifə