XƏBƏR LENTİ

21 Sentyabr 2020
20 Sentyabr 2020
19 Sentyabr 2020

Digər Xəbərlər

12 Mart 2017 - 17:20

Milli Şura ölkədəki sosial-iqtisadi durumla bağlı hökumətə çağırış etdi:"Ölkəni uçuruma gətirmiş siyasətdən imtina olunmalıdır!"

milli-sura-6

Azərbaycan müxalifətinin bir hissəsinin birləşdiyi Milli Şura ölkədәki sosial-iqtisadi vəziyyətlә bağlı bәyanatla çıxış edib.

Strateq.az xəbər verir ki, Milli Şuranın həmin bəyanatında ölkədəki iqtisadi durum sahələr üzrə rəqmlərlə əsaslı çəkildə təhlil edilir, hakimiyyətin böhranın aradan qaldırılması üçün heç bir addım atamadığı vurğulanır və ona təkliflər verilir. 

Bәyanatda deyilir:

"Sosial-iqtisadi böhranın əhatə dairəsi günü-gündən böyüməkdədir. Dərinləşməkdə olan tənəzzülün durdurulması üçün daha bir illik imkan əldən verildi. Makroiqtisadi göstəricilərin təhlili göstərir ki, iqtisadi vəziyyət, əhalinin yaşayışı ötən il daha da pisləşib və hökumət iclaslarında böhranın durdurulmasına və iqtisadi sabitliyin təmin olunmasına dair söylənən şirin nağılların gerçəkliklə heç bir bağlantısı yoxdur. İlboyu manatın ucuzlaşmasından və az qala buna adekvat yaşanan bahalaşmadan əziyyət çəkən milyonların gözünə belə nağıllarla kül üfürmək mümkün deyil artıq.

Reallıq bundan ibarətdir ki, tənəzzülün qarşısının alınmasında acizlik hökm sürür. Zamanında real islahatların önünü açmayan hökumət özünün imitasiya oyunlarıyla vəziyyətin daha da ağırlaşmasına rəvac verib.

Ötən il ərzində Ümumi Daxili Məhsulun həcmi daha 15 milyard dollar azalaraq 37,5 milyard dollara düşüb (faktiki bazar qiymətləri ilə). 2015-ci ili də nəzərə alsaq, son 2 ildə ümumi gəlirlərin 38 milyard dollar azalması üzə çıxar. İki illik itki məbləği ÜDM-in bir illik həcmindən çox olub. Hökumət hesabat verməlidir bu qədər itkiyə görə. 200 milyard dollar sərmayə yatırılan bir ökədə qısa zaman kəsiyində bu böyüklükdə uçurum yaratmasının izahatını verməlidir siyasi hakimiyyət.

Daha ciddi problem ondadır ki, 38 milyardlıq azalmanın 56%-dən çoxu qeyri-neft sahələrində əmələ gəlib. Neft hasilatının və neftin dünya bazar qiymətlərinin aşağı düşdüyü bir dövrdə ümid yeri sayılan qeyri-neft sahələrinin belə vəziyyətə gətirilməsi sözün həqiqi mənasında fəlakətdir.

İqtisadi fəal əhalinin böyük əksəriyyətinin məşğul olduğu qeyri-neft sektorunda gəlirlərin hələ 2015-ci ildə 9,5 milyard dollar və ya 21% azalması hökumət üçün ciddi siqnal sayılmalıydı. Gərəkən təxirəsalınmaz tədbirlər alınmalı, real islahatların önü açılmalıydı. Lakin fərqli yol tutulub. Fərqli yol tutulduğuna görədir ki, 2016-cı ildə bu sektor daha 12 milyard dollar və ya 33% itkiyə məruz qalıb. Yəni, ttkilərin həcmi 26% böyüyüb. Ümumi tendensiyanın kəskin şəkildə pisləşməsi, məhz hakimiyyətin bacarıqsızlığının ifadəsi kimi dəyərləndirilməlidir.

Əlverişsiz investisiya mühiti 2016-cı ildə də öz sözünü dedi. 2015-ci ildə kapital qoyuluşunu 7 milyard dollar azaltmış investorlar 2016-cı ildə bu göstəricini daha 6 milyard azaltmalı olublar. İnvestisiya fəaliyyəti il ərzində emal bölməsində 63%, kənd təsərrüfatında 58%, qeyri-neft sənayesində 47%, xidmət sektorunda 70% zəifləyib.

Son iki ildə qeyri-neft sektoruna yatırımların həcmi 15 milyard dollardan 4 milyarda düşüb. Müqayisə üçün deyək ki, Ermənistan ötən il kənd təsərrüfatında 56%, emal sənayesində 62% sərmayə artımına nail olub. Təzyiqlərdən, məmur özbaşınalıqlarından, qanunsuz əməllərdən cana yığılmış yerli investorlarımız isə sərmayə qoyuluşunu son iki ildə 16 milyarddan 3,7 milyarda endirmək məcburiyyətində qalıblar. İxtisar edilmiş investisiyalar, şübhəsiz ki, xarici ölkələrə axın edib. Azərbaycanlı investorların ötən il Türkiyə və Gürcüstana investisiyaları artırmaları heç də təsadüfi deyildir. Arxada qoyduğumuz ildə ölkə daxilində şərait o dərəcədə pisləşib ki, hətta xarici investorlar da ölkəmizə investisiya qoyuluşunu 1,3 milyard dollar və ya 19% həcmində azaltmalı olublar.

Pul-kredit siyasətində buraxılan kobud səhvlər iflic halına gətirilmiş bank sisteminin tənəzzülünü nəinki ötən il durdura bilməyib, əksinə burada vəziyyəti daha da ağırlaşdırıb. Yalnız onu xatırlatmaq kifayətdir ki, bank sektoru 2016-cı ilin maliyyə-təsərrüfat fəaliyyətini 1,7 milyard manat məbləğində zərərlə başa vurub. Təkcə dekabr ayında zərər məbləğinin 400 milyon manat və ya 31% artması faktı buradakı gerçək tendensiyanı daha bariz şəkildə əks etdirir.

Mərkəzi Bankın yeritdiyi pul siyasəti ölkə üzrə qiymətlərin sabitliyinə ciddi zərbə vurmaqla yanaşı, əhalinin həm milli valyutaya, həm də banklara inamının sarsılması ilə yadda qalıb. Məhz bu səbəblərdən əhalinin əmanətləri il ərzində daha 2 milyard manat və ya 21,4% azalıb. Banklara etibar etməyən əhali, maliyyə və qeyri-maliyyə təşkilatları, hətta xarici valyutada saxladığı əmanət və depozitlərin 2,9 milyard dollarını və ya 23,4%-ni bank sistemindən kənara çıxarmağa üstünlük verib.

Hadisələrin arzuolunmayan yöndə inkişafı bankların resurs imkanlarını təsirli dərəcədə məhdudlaşdırıb. Dövr ərzində milli valyutada kredit qoyuluşu 2,3 milyard manat və ya 21%, xarici valyutada kredit qoyuluşu isə 2,5 milyard dollar və ya 36% azalıb. (Qeyd edək ki, ötən il Ermənistanda milli valyutada kredit qoyuluşunun həcmi 25% artıb)

Alıcılıq qabiliyyətini də nəzərə alsaq, məlum olar ki, son iki ildə ölkəmizin kredit portfeli 2,5 dəfədən çox azalaraq 9,3 milyard dollara düşüb. Banklar tərəfindən geri çəkilən kreditlərin təkrarən iqtisadiyyata dönməməsi daha ciddi mətləblərdən xəbər verir. Belə vəziyyət işgüzarlığın təsirli dərəcədə zəifləməsinə gətirib çıxarmaqla ilboyu sosial-məişət xarakterli problemlərin böyüməsinə rəvac verib.

Tətbiq olunan təzyiqlərin və ağlasığmaz məhdudiyyətlərin sayəsində ölkənin valyuta bazarı can üstə gətirilib. Dollarla valyuta əməliyyatlarının həcmi ötən il 3,2 dəfə azalıb (dövr ərzində valyuta bazarında əməliyyatların 85%-i ABŞ dolları ilə aparılıb). Nağd valyuta bazar seqmentində illik dollar satışının həcmi isə 4 dəfə düşüb. Valyuta bazarına ötən il basqılar o dərəcədə şiddətlənib ki, nağd dollar satışının həcmi, hətta 2014-cü ildəki səviyyəni də 3 dəfə enib. Ölkəboyu valyuta dəyişmə məntəqələrinin fəaliyyətini durduran Mərkəzi Bankın xarici valyutaya olan təlabatı ödəməməsi ucbatından manat əvvəlki ilə nəzərən 2016-cı ildə orta hesabla 55%-dən çox dəyər itirib (xatırladaq ki, Ermənistan dramı ötən il vur-tut 0,5% ucuzlaşıb).

Valyuta bazarında bu baş verənlərin alıcılıq qabiliyyətinin zəifləməsində, yerli istehsalın boğulmasında və istehlak bazarının kiçilməsində rolu böyük olub.

Ölçüləri 2015-ci ildə 5 milyard dollar həcmində daralan istehlak bazarı 2016-cı ildə daha 9 milyard dollar həcmində kiçilib. Ümumi dövriyyə son iki ildə 14 milyard dollar düşüb. Bazar dövriyyəsi üzrə itkilər ötən il 80% böyüyüb. Belə vəziyyət əhalinin istehlak təlabatının ödənilməsində gözlənilən problemlərin nə dərəcədə miqyaslı ola biləcəyinin anonsu sayılmalıdır.

Əhali gəlirlərinin hələ 2015-ci ildə 10 milyard dollar məbləğində və ya 20% azalması sosial vəziyyətin kəskin şəkildə ağırlaşmasının dərk olunması üçün yetərli olmalı idi. Lakin 2016-cı ilin yekunları fərqli mənzərə ortaya qoydu. Məlum oldu ötən il əhali daha 12 milyard dollar (30%) itki verib. Yəni, itkilər 20% böyüyüb.

Belə məlum olur ki, əhalinin həyatında baş verənlərdən ibrətamiz nəticələr çıxarılmayıb. Ona görə də son iki ildə əhali 22 milyard dollar və ya 44% itki ilə üzləşməli olub. Həyat səviyyəsinin pisləşdiyi bir şəraitdə qiymətlərin üstün artımı bütün kəskinliyi ilə durdurulmalıydı. Əmək haqlarının, təqaüdlərin, müavinətlərin, yardımların üstün artımı təmin edilməliydi. Alıcılıq qabiliyyətinin pisləşməsinə imkan verilməməliydi. Lakin bu yöndə vəzifələr tərsinə icra edilib. Odur ki, ötən il əmək haqqının orta aylıq həcmi 313 dollara düşüb (16.02.2016 tarixinə olan məzənnə ilə 285 dollar). Halbuki, bir il əvvəl bu göstərici 457 dollar, iki il əvvəl isə 566 dollar olmuşdu. Orta aylıq əmək haqqı 2015-ci ildə 109 dollar, 2016-cı ildə daha 144 dollar azalıb.

MDB Statistika Komitəsinin açıqladığı məlumatlardan məlum olur ki, real əmək haqqı göstəricisi ötən il Rusiyada, Ukraynada, Moldovada, Tacikistanda, Qırğızıstanda, hətta Ermənistanda artdığı halda, Azərbaycanda azalıb. Odur ki, hakimiyyətin əmək haqqı siyasətinin iflasa uğramasını əminliklə söyləmək mümkündür.

Belə şəraitdə ərzaq və qeyri-ərzaq mallarının bahalaşması, xüsusən də təbii qazın, elektrik enerjisinin tariflərinin artması həyat səviyyəsinin daha da pisləşməsinə səbəb olub.

Xarici ticarət sahəsində yaranmış təhlükəli tendensiya 2016-cı ildə də davam edib. Gömrük Komitəsinin yaydığı məlumatlardan məlum olub ki, xarici ticarət dövriyyəsi ötən il daha 4,3 milyard dollar və ya 19,5% azalıb. 2015-ci ildə əmələ gəlmiş 10 milyard dollardan çox itkini də nəzərə alsaq, o zaman bu sektorda hansı acınacaqlı vəziyyətin yaranmasını təsəvvür etmək elə də çətin olmamalıdır.

Xatırladaq ki, sərvətlərinə, coğrafiyasına və əhali sayına görə Azərbaycandan çox-çox geri qalan qonşu Gürcüstan ötən il xarici ticarət dövriyyəsini 2 milyard dollar artıra bilib. Arxada qoyduğumuz ilin yanvar-dekabr aylarında ölkəmizin ümumi ixrac dövriyyəsində 28% azalma qeydə alınıb. Halbuki, torpaqlarımızın 20%-dən çoxunu hələ də işğal altında tutan Ermənistan ixrac dövriyyəsini ötən il 20% artıra bilib. Dövr ərzində xarici ticarətdən cəmi-cümlətanı 611 milyon dollar valyuta qazancı əldə edilib. Halbuki, xalis valyuta qazancı 2015-ci ildə 3,5 milyard dollar (Gömrük Komitəsi sonradan – 2016-cı ildə bu göstəriciyə düzəliş edib), 2014-cü ildə isə 12,6 milyard dollar olub. Deməli, bu göstərici son bir ildə 6 dəfə, son iki ildə 21 dəfə azalıb.

İxracın 86%-dən çoxunu xam neft, neft məhsulları və təbii qaz təşkil edib. Qeyri-neft mallarının ixrac potensialının artırılmasının vacibliyinə dair səslənən rəsmi açıqlamaları bu sahədəki real faktlar alt-üst edib. Belə ki, qeyri neft-qaz mallarının ixracı 2015-ci ildə 150 milyon dollar azalmışdırsa, 2016-cı ildə bu göstərici 350 milyon dollar azalıb. Yəni, burada itkilər 2,4 dəfə böyüyüb. Odur ki, xarici ticarətdə itirilən milyardların heç omasa, müəyyən hissəsini qeyri-neft sahələrinin hesabına bərpa etmək istəkləri də boşa çıxıb.

Ölkənin tikinti sektoru, daşınmaz əmlak, avtomobil bazarları, demək olar ki, çöküb. Kənd təsərrüfatı gəlirsiz sahəyə çevrilib. Burada inkişafın ekstensiv imkanları tükədilib, intensiv amillərin rolu isə əhəmiyyətli dərəcədə sıradan çıxarılıb. Bu sahədə çalışan milyon yarımdan çox insan Allahın ümidinə buraxılıb.

Emal sahələrinin 46 faizə qədərində tənəzzül yaşanır.

Milyardlarla investisiyaları udan nəqliyyat sahələrini hələ də böhranın caynağından xilas etmək mümkün olmayıb. Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin Azərbaycan hissəsində tranzit yükdaşımaların həcmi də düşməyə başlayıb.

Ticarət və digər xidmət sahələrində analoji vəziyyət hökm sürür.

Qiymətli Kağızlar bazarı əhəmiyyətsiz bir struktura çevrilib. 

Ölkədə fəaliyyət göstərən müəssisə və təşkilatlar milyardlarla ölçülən borc yükünün altına salınıb. Zamanında yerinə yetirilməyən borc öhdəlikləri kəskin şəkildə böyüyərək təhlükəli həddi (60%) də keçib. Statistika Komitəsinin 2015-ci il üçün açıqladığı məlumatlardan aydın olub ki, borc öhdəlikləri (kreditor borclar) sonuncu 5 ildə 2 dəfədən çox artaraq 36 milyard manata yüksəlib və illik ÜDM-in 65 faizini üstələyib. Debitor borc məbləği qeyd edilən dövrdə 18 milyard manata qalxıb. “Öhdəliklər”in “tələb” göstəricisini 2 dəfə üstələməsi də heç bir yaxşı perspektiv vəd eləmir. Ümumi hesabla, təxminən ÜDM-in illik həcminə bərabər ölçüdə (36+18=54) qarşılıqlı borc yaranıb. Ciddi maliyyə problemlərinin yaşandığı 2016-cı ildə bu problemin daha da böyüməsi şübhə doğurmur.

Ölçüsünə görə ötən ilin dövlət büdcəsi 2015-ci ilin büdcəsindən 6 milyard, daha əvvəlki ilin büdcəsindən isə 13 milyard dollar az olub. Ölçüləri əhəmiyyətli dərəcədə kiçilmiş dövlət büdcəsinin icrasındakı qaydasızlıq və biabırçılıq dərhal diqqəti cəlb edir. Ən böyük rəzalət odur ki, büdcə gəlirlərinin dörddə birindən çox olan hissəsi (4,5 milyard manatı) ilin sonuncu ayında-dekabrda icra edilib. Ödəmə qabiliyyəti yüksək səviyyədə olan Dövlət Neft Fondunun büdcə qarşısında üzərinə düşən öhdəlikləri zamanında icra etməməsi və bunu süni şəkildə yubatması belə bir rüsvayçılığın yaranmasına gətirib çıxarıb.

Büdcə gəlirlərinin icrasında yol verilən bu özbaşınalıq ilin ilk 11 aylıq dövründə təhsil, səhiyyə, sosial müdafiə və sosial təminat sahələrinin, habelə iqtisadiyyatın böyük ölçüdə kəsirlə maliyyələşdirilməsinə səbəb olub və ilboyu “tələb” amilinin zəiflədilməsinə xidmət edib. Yalnız dekabr ayında dövlət büdcəsindən 4 milyarda yaxın maliyyə vəsaiti xərclənib, əgər buna “xərclənib” demək mümkündürsə. Bu vəsait illik büdcənin 21 faizi qədərdir. Məsələnin heyrətamiz tərəfi də ondadır ki, tək dekabr ayında xərclənən büdcə vəsaitləri ölçüsünə görə əvvəlki 11 aylıq dövrün faktiki orta aylıq xərc məbləğindən 3,5 dəfə çox olub. Odur ki, 4 milyarda yaxın maliyyə vəsaitinin təyinatı üzrə istifadə olunması real deyil.

Ölkədə korrupsiya və rüşvətxorluğun yüksək səviyyədə olması faktı külli miqdarda dövlət maliyyə vəsaitlərinin təyinatından yayındırılması, silinməsi ehtimalını xeyli dərəcədə yüksəldib. Hökumətin dövlət maliyyə vəsaitlərini bu cür qaydasız və səmərəsiz şəkildə xərcləməsinə, ümumiyyətlə, hər hansı bir don geyindirmək mümkün deyil.

Dövlət Neft Fondunun idarə olunması sahəsində yarıtmaz fəaliyyət 2016-cı ildə də davam etdirilib. Ötən ilin sonuncu 3 ayında Fondun ehtiyatları 2,7 milyard azalaraq 33 milyard dollara düşüb. Üç aya ümumi ehtiyatların 7,5% azalması böyük itkidir. Xatırladaq ki, 2014 cü ilin avqust ayının sonuna olan məlumata görə, gələcək nəsillər adına Neft Fondunda 38 milyard dollar ehtiyat toplanmışdır. Bu hesabla, ehtiyatların artıq 5 milyard dolları və ya 13%-i əriyib. Ehtiyatların iqtisadi təhlükəsizliyini təmin etməli olan Neft Fondu bu əsas vəzifənin öhdəsindən gələ bilməyib.

Milyardlarla sərvəti idarə edən Fondun illik gəlirlilik səviyyəsi ötən il vur-tut 1,9% olub. Bu cüzi gəlirlər də ya inflyasiyanın, ya da “gözlənilməyən” xərclərin sayəsində yoxa çıxıb. İnvestisiya vəsaitlərinə böyük ehtiyac, ucuz kredit resurslarına hamılıqla möhtac qaldığımız bir zamanda xalqa məxsus milyardların simvolik faizlərlə əcnəbi ölkələrin və bacarıqsız idarəetmənin yeminə çevrilməsinə heç bir sağlam məntiqlə haqq qazandırmaq mümkün deyil.

Həm əlavə borclanma, həm də milli valyutanın ucuzlaşması hesabına dövlətin xarici borcu sürətlə böyüməkdədir. 01.10.2016 tarixinə olan məlumata görə, xarici borc 7,6 milyard dollara yüksəlib. İlin ilk 9 ayında borc məbləği 11% artıb. Xarici borcun ÜDM-də payı iki ilə yaxın bir dövrdə 9%-dən 23%-ə yüksəlib. Xarici borca görə bu ilin dövlət büdcəsindən 1,6 milyard manat ödəniş etmək lazım gələcək. Bu qədər borclanma ilə kifayətlənməyən hökumət daxili mənbələrdən də 7,3 milyard manat (01.07.2016-cı il tarixə olan məlumat) borc alıb. Ötən ilin sonuncu 6 ayında daxili borc məbləği 57% çoxalıb. Bu hesabla, dövlət borcunun ÜDM-də payı 35%-ə yüksəlib. Hazırda borc səviyyəsinin 40%-i haqlaması şübhə doğurmur. Sürətli borclanma siyasəti yürütməklə ölkə borc bataqlığına yuvarlanır. Borc bataqlığının bu il qurşaqdan yuxarı qalxması çox realdır.

Ölkənin Tədiyyə Balansı göstərir ki, 2016-cı ilin “yanvar-sentyabr” dövründə xarici ölkələrlə aparılmış Cari Əməliyyatlar 1,1 milyard dollar həcmində kəsirlə başa vurulub. Bunun əsas səbəbi xarici ticarət bölməsində xalis valyuta qazanclarının 2 dəfə azalması, habelə “xidmətlər” və “investisiya gəlirlərinin bölüşdürülməsi” sektorlarında 4 milyard dollar məbləğində valyuta itkisi ilə üzləşməyimizdir. Təəssüflə qeyd olunmalıdır ki, Cari Əməliyyatlar bölməsində əmələ gəlmiş kəsiri maliyyə və kapital axınları hesabına kompensasiya etmək imkanları da əldən verilib. Çünki qeyd edilən dövrdə xaricə maliyyə-kapital axınları ölkəyə maliyyə-kapital axınlarını 2 dəfə üstələyib və bu hesaba bu bölmədə 2 milyard dollar ölçüsündə kəsir yaranıb. Belə vəziyyət ehtiyat aktivlərin 9 aya 1,2 milyard dollar azalması ilə müşayiət olunub.

Mövcud vəziyyətin təhlili göstərir ki, 2016-cı ildə ölkənin gəlirləri kəskin şəkildə azalmış, sərmayə qoyuluşunun həcmi əhəmiyyətli dərəcədə düşmüş, xaricə investisiya və valyuta axınları sürətlənmiş, istehlak bazarının ölçüsü daralmış, əhalinin həyat səviyyəsi pisləşmiş, dövlət borcu, habelə yerli müəssisə və təşkilatların öhdəlikləri sürətlə artmış, ehtiyyatlar azalmışdır. Bir sözlə, yanlış idarəetmənin gətirdiyi iqtisadi fəlakət böyüməkdə, illərlə bünövrəsi tökülmüş problemlər fəallaşmaqda və kəskin xarakter almaqdadır.

Milli Şura hökumətin nəzərinə çatdıraraq bildirir ki, reallığa söykənməyən cürbəcür “yol xəritələri” ilə ictimaiyyəti növbəti dəfə aldatmağa yönələn hərəkətlər yolverilməzdir! Fərqində olmaq lazımdır ki, ölkənin iqtisadi və sosial həyatını bürümüş tənəzzülə göstərilən seyrçi münasibət mövcud vəziyyəti daha da ağırlaşdıra bilər. Dərk olunmalıdır ki, iqtisadi islahatların önünü açmadan, ölkədə hüququn aliliyini təmin etmədən, müstəqil məhkəmə hakimiyyəti yaratmadan, azad parlament seçkiləri keçirmədən, vətəndaş cəmiyyəti quruculuğu yolunda yaradılmış süni əngəlləri aradan götürmədən böhrandan yaxa qurtarmaq, əsla mümkün deyil.

Milli Şura bütün bunları ölkədə baş verənlərə görə məsuliyyət daşıyan hakimiyyətin nəzərinə çatdıraraq, islahat görüntüsü yaratmaq şousunun yığışdırılmasını, məmur özbaşınalığının durdurulmasını, cinayətkar fəaliyyətə və ayrı-seçkiliyə son qoyulmasını, vətəndaşların konstitusiyon hüquq və azadlıqlarına sayğı ilə yanaşılmasını, korrupsiya və rüşvət maşınının, monopoliya piramidasının dağıdılmasını, ölkədə əlverişli investisiya və rəqabət mühitinin yaradılmasını tələb edir.

Milli Şura xəbərdarlıq edərək bildirir ki, ölkəni uçuruma gətirib çıxarmış hazırkı siyasətdən təcili şәkildә imtina olunmalıdır. Bu siyasətin davam etdirilməsi mövcud problemləri daha da böyüdə, tənəzzülün hüdudlarını genişləndirə, əhalini var-yoxdan çıxara bilər".




Yuxarı Əvvələ Ana Səhifə