XƏBƏR LENTİ

30 Oktyabr 2020

Digər Xəbərlər

12 Mart 2017 - 19:55

Qırğızıstanın devrilmiş prezidenti sensasion faktlar açdı:“Putin zəng vurdu, ölkəni tərk etməmi istədi”

bakiyev-1

"Qırğızıstanın ikinci prezidenti Kurmanbek Bakiyev Belarusa mühacirət edib, prezident Lukaşenkoya, ailəsinin biznesinə yardım edir. Onun yenidən Qırğızıstana və böyük siyasətə qayıtması ehtimalından danışılır".

Bu haqda "Currenttime.TV" yazıb.

Xatırladaq ki, Kurmanbek Bakiyev 2005-2010-cu illərdə “Zanbaq inqilabı” nəticəsində Əskər Akayevdən hakimiyyəti təhvil almışdı. Elə özü də növbəti inqilab nəticəsində ölkəni tərk etməli olub. Artıq neçə ildir ki, o, ailəsi ilə birgə Belarusda siyasi mühacir kimi yaşayır. Qırğızıstan hakimiyyəti onun geri verilməsini tələb edir. Onun hakimiyyətinin üzvləri britaniyalı biznesmenin həyatına qəsddə və vəzifə səlahiyyətlərindən sui-istifadədə günahlandırırlar.

Kurmanbek Bakiyev "Azadlıq Radiosu"nun Belarus xidmətinə müsahibəsində bir çox məqamlara toxunub.

O, keçmiş prezident Əskər Akayevin onun Lukaşenko ilə eyni cür düşünməsi ilə bağlı şərhinə belə cavab verib:

“Belə bir müqayisə yersizdir. Akayevin məntiqilə, o da Putinə mənəvi baxımdan və tərziylə oxşayır. Amma mən Akayevi də, Putini də yaxşı tanıyıram. Deyə bilərəm ki, belə deyil. Düzdür, biz Lukaşenko ilə nədəsə oxşayırıq, nədəsə yox. Digər normal insan kimi…”

Kurmanbek Bakiyev Qırğızıstanı tərk etmə səbəblərindən danışıb. Deyib ki, Prezident Adminstrasiyası ələ keçiriləndən sonra o, 9 gün ölkənin cənubunda qalıb. Bir gün Putin ona zəng edib və ölkəni tərk etməsini məsləhət bilib, çünki regional münaqişə başlasa, səbəbkar onu biləcəkdilər.

Bakiyev deyir ki, görünür, artıq bu münaqişənin əlamətləri hiss olunmağa başlayıb, çünki o ərəfədə Lukaşenko ona zəng edib: “Telefonu açan kimi, dedi: "Kurmanbek, sən hələ sağsan?"”

Sabiq prezident Lukaşenkonun təklifi ilə ölkədən çıxdığını deyir. Bakiyev, onu ölkədən çıxarmaqla Qırğızıstanda münaqişə yaranmasının qarşısını aldığı və ailəsini qoruduğu üçün ömrü boyu Lukaşenkoya minnətdar olacağını deyib.

Kurmanbek Bakiyev vurğulayıb ki, 2010-cu ildə baş verənlər inqilab yox, dövlət çevrilişi idi. O, 2005-ci ildəki “zanbaq” inqilabının bütün ölkəböyu başladığını, 2010-cu ildəki etirazları isə bir neçə min adamın təşkil elədiyini söyləyir.

O xatırlayır ki, britaniyalı biznesmenin ölümü ilə bağlı Londonda keçirilən məhkəmə prosesində onu və böyük oğlunu prosesə cəlb ediblər: “Guya, onun ölümünü biz hazırlamışıq”.

O bildirib ki, vətənində bu işlə bağlı ittiham olunsa da, Qırğızıstanın indiki hakimiyyəti bunu London məhkəməsində sübut edə bilməyib.

Bakiyev deyib ki, onun Qırğızıstanda heç bir sərvəti yoxdur, ona məxsus iki evi də dağıdıblar: “Deyirlər ki, onun oğlu bizneslə məşğuldur. Bəli, oğlum biznesmendir, ancaq o, hansı səhmlərin sahibidir, bir ata kimi bunu bilmirəm”.

Sabiq prezidentin sözlərinə görə, oğlu hüquqşünas kimi Londona gəlib və burda öz işini qurub, əgər oğlu Qırğızıstan hakimiyyətinin iddia etdiyi kimi, ölkədən milyardlar, milyonlar çıxarıbsa, onda qırğız hökuməti əlindəki sübutları London məhkəməsinə versin.

Bu il Qırğızıstanda keçiriləcək prezident seçkisinə qoşulmuş namizədlərlə bağlı konkret fikrini söyləməyən Bakiyev bunu belə əsaslandırır: “İndi desəm ki, hansı namizədə rəğbətim var, o dəqiqə deyəcəklər ki, Bakiyev filankəsi dəstəkləyir. Xeyir vermək əvəzinə, zərər vermiş olaram. Ona görə rəğbətim kimədir, söyləmirəm. Bütün normal ölkələrdə olduğu kimi, prezidentliyə layiq namizədlər var”.

​Ancaq o vurğulayıb ki, Qırğızıstanda müxtəlif və çoxlu hakimiyyət iddiasında olan siyasi qruplar var: “Baş naziri əlcək kimi dəyişirlər. Bu zaman hansı iqtisadi yüksəlişdən danışmaq olar? Hakimiyyətdə sabitlik yoxdur. MDB ölkələri baş nazirləri arasında belə bir zarafatın dolaşdığını eşitmişəm ki, bir forumda bir baş nazirlə tanış olmağa vaxt tapmamış digərinə ayrısı gəlir”.

Bakiyev deyir ki, bir ölkədə prezidentlərin tez-tez dəyişməsi yaxşı hal deyir. Onun fikrincə, hakimiyyət pilləsi artdıqca, liderə daha çox vaxt lazımdır ki, ideyalarını gerçəkləşdirə bilsin. O, güclü prezident-güclü parlament quruluşunun tərəfdarı olduğunu, belə sistemin ölkəni inkişaf etdirdiyini söyləyir. Ancaq sabiq prezident onu da vurğulayır ki, əsas olan qanunların işləməsidir.

K.Bakiyev Qırğızıstandan Amerika hərbi bazasının çıxarılmasını mənfi hal sayır, deyir ki, bu hərbi baza Amerikadan çox, Qırğızıstana lazım idi.

Bakiyev “Siz Rusiyadan ötrü rahat prezident idiniz” sualına belə cavab verib: “Mən nə Rusiya üçün, nə qonşulardan ötrü rahat prezident idim. Amma həmişə yola gedirdik”.

“Niyə rahat prezident deyildiz?” sualına isə cavabı belə olub: “Rəhmətlik anam deyərdi ki, səndən heç vaxt rəis olmayacaq, çünki əyilməyi bacarmırsan. Həmişə düşünürdüm, niyə əyilməliyəm ki? Mən İslam Kərimovla, Nazarbayevlə, Putin və Medvedevlə hər zaman açıq danışmışam. Qırğızıstan, düzdür, onlarla müqayisədə balaca ölkədir. Ancaq heç vaxt onlara quyruq bulamamışam, yaltaqlanmamışam”.