XƏBƏR LENTİ

21 Yanvar 2021
20 Yanvar 2021

Digər Xəbərlər

13 Mart 2017 - 22:42

Mərkəzi Kəşfiyyat İdarəsi televizorları da dinləyirmiş- "Apple", "WhatsApp", "Signal", "Telegram" necə ələ keçib?

Ötən həftənin ən qalmaqallı olaylarından biri "WikiLeaks" saytının ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin gizli sənəd arxivini yayması oldu. Bu səs-küylü sənədlərdə idarənin bütün dünyada smartfon, kompüter və televizorlara necə nüfuz etməsindən və insanları gizli dinləməsindən bəhs olunur.

Vaşinqton "soyuq duş" effekti yaradan bu hadisəyə sərt reaksiya verdi. Mərkəzi Kəşfiyyat İdarəsindən bildirdilər ki, "WikiLeaks"in bu addımı amerikalıların təhlükəsizliyinə təhdid yaradır, eyni zamanda ABŞ-ın düşmənlərinə xidmət edir.

Strateq.az xarici mətbuata istinadən ABŞ kəşfiyyatının adı ətrafında cərəyan edən bu qalmaqala aydınlıq gətirməyə çalışacaq.

Ən nəhəng məlumat sızması…

"WikiLeaks" bu sənədlərin yayılmasını Mərkəzi Kəşfiyyat İdarəsinin tarixindəki ən nəhəng məlumat sızması adlandırıb. Söhbət, bütün dünya üzrə gizli dinləmə və izləmələrin nəticələrinin əks olunduğu 8761 sənəddən gedir.

Saytın iddiasına görə, bu sənədlər Mərkəzi Kəşfiyyat İdarəsinin Vircinya ştatındakı kəşfiyyat bölməsinə məxsusdur.

Kəşfiyyat xidmətindəki mənbələr əminliklə bildirirlər ki, sənədləri idarədə müqavilə əsasında işləyən mülki əməkdaşlardan biri sızdırıb.

Eynilə Edvard Snouden nümunəsində olduğu kimi.

ABŞ əleyhinə casusluqda ittiham olunan Snouden də Mərkəzi Kəşfiyyat İdarəsində müqavilə əsasında işləyirdi. Bununla belə, məxfi sənədlərə çıxış imkanı var idi.

Ələ keçən sənədləri "unikal kolleksiya" adlandıran "WikiLeaks" orada texnoloji avadanlıqları sındırmaq üçün minlərlə vasitə və virus proqramları barədə məlumatın olduğunu bildirir.

Yayılan materiallardan belə məlum olur ki, ABŞ xüsusi xidmət orqanlarının "Apple", "Google" və "Microsoft" kimi, əməliyyat sistemlərinə, həmçinin "WhatsApp", "Signal" və "Telegram" kimi, messencerlərə çıxış imkanı var və onların müdafiə sistemini yara bilirlər.

Sənədlərdə amerikalı xəfiyyələrin daha bir fəaliyyəti üzə çıxarılıb. Onlar həm də bir çox ölkələrin, eləcə də Rusiyanın haker hücumlarının mexanizm və metodlarını öyrənirlərmiş.

Rusiya mediası iddia edir ki, bu, həm də sonradan hansısa haker hücumunu Kremlin ayağına yazmaq üçündür. 

Yayılan arxiv sənədlərində məxfi sənədlərə kimlərin çıxış imkanının olduğuna dair də qeydlər var. Məlum olur ki, dinləmə vasitələrinin sınaqdan keçirilməsi, virusların yaradılması ilə idarənin kiberhücum mərkəzi məşğul imiş. 

Bu mərkəz idarənin ən nəhəng strukturlarından olan Kəşfiyyat Direkorluğuna tabedir. Şöbənin mütəxəssisləri zərərli proqramlar hazırlayaraq bütün dünya üzrə gizli kəşfiyyat əməliyyatlarında istifadə ediblər.

"Ağlayan mələk"…

Sənədlərdə bəhsi keçən böyük əməliyyatlardan biri də "Weeping Angel"dir (Ağlayan mələk).

Sən demə, ABŞ xüsusi xidmət orqanlarının "Samsung" televizlorlarına da müdaxilə imkanları olub. Və Mərkəzi Kəşfiyyat İdarəsi danışıqları bu televizorların mikrofonu ilə yaza bilib.

Smart TV funksiyalı "Samsung" televizorlarına çıxış əldə etmək üçün isə idarənin mütəxəssisləri xüsusi proqramlardan istifadə ediblər. 

Bu funksiyanın köməyilə həmin televizorların yanında olan hər kəsin danışığını yazmaq mümkün imiş. Bu işdə ABŞ-a Britaniya kəşfiyyatının da yaxından köməklik etdiyi deyilir.

Gizli dinləmə üçün istifadə olunan modellərdən biri də 2013-cü ildə istehsal olunan "Samsung F8000" olub. Bu televizlorlar çox vaxt yüksək vəzifəli şəxslərin ayaq saxladığı otellərdə olub.

Mərkəzi Kəşfiyyat İdarəsinin mobil qurğular bölməsi əsasən Android, iOS və Windows əməliyyat sistemlərindəki boşluqları axtarırmış.
 

"Apple" tələsi…

Bu arayış "Apple" telefonları ilə yanaşı, "iPad"larda da olub.

iOS-un müxtəlif versiyalarında onlarla boşluq aşkarlanıb. Bu boşluqlardan heç istehsalçının da xəbəri olmayıb.

Məlumata görə, Mərkəzi Kəşfiyyat İdarəsində iPhone v iPad-la iş üzrə ayrıca şöbə olub. Və şöbənin əməkdaşları bu qurğulardan istifadə edənlərin harada olduğunu asanlıqla müəyyən edə, danışıqlarını və yazışmalarını izləyə biliblər.

Ehtimal olunur ki, "Apple"ın hədəf seçilməsi bir çox məmur, biznesmen və nüfuzlu şəxsin bu markaya marağı ilə bağlı olub.

Zəif nöqtlərin müəyyən edilməsi "WhatsApp", "Signal" və "Telegram" kimi, messencer xidmətlərinə də çıxış imkanı yaradıb. 

İzləmədə olan telefonlarda bütün məlumatları, o cümlədən sahibinin olduğu yeri, yazılı və səsli mesajları əldə etmək, mikrofon və kameranı aktivləşdirmək mümkün olub.

2015-ci ildə Edvard Snouden də Britaniyada oxşar imkanların mövcudluğu barədə danışmışdı.

Onun dediyindən belə məlum olurdu ki, kəşfiyyat orqanının əməkdaşları şifrələnmiş mesajlar göndərməklə telefonlara çıxış imkanı (mesajları oxumaq, fotoları görmək) əldə edirmişlər. Həmin vaxt əsasən "Smurf suite" izləmə mexanizmindən istifadə olunmuşdu.

"WikiLeaks" yazır ki, kompüterləri, diskləri və USB-fləşləri virusa "yoluxdurmaqla" ayrıca şöbə məşğul olub. 

Hakerlərin dediyinə görə, hökumətlər məlum avadanlıqların müdafiə sistemindəki boşluqları aşkar etmək və onların qapanmasının qarşısını almaq üçün böyük pullar xərcləməyə hazır olur. Bəzən yarım milyon dollar, bəzən daha artıq.

Maraqlıdır ki,  Smart TV funksiyalı "Samsung" televizorlarının ətrafdakı səsləri yazmaq imkanına sahib olması gizli məlumat deyil. 

Ekspertlər üzə çıxarıb ki, istifadəçi razılaşmasında şirkət məlumat verir ki, səs idaredicisi ətrafdakı səsləri həm yazır, həm də bunları serverə göndərir. Məqsəd də sistemin daha yaxşı çalışmasını təmin etməkdir.


"WikiLeaks" hesab edir ki, hazırda kibersilahlar nüvə arsenalından daha təhlükəlidir:

"Nüvə silahı əleyhinə çoxsaylı beynəlxalq məhdudiyyətlər mövcuddur və onu fiziki baxımdan önləmək mümkündür. Lakin xüsusi xidmət orqanlarının əlində olan kiberpotensial istənilən an ölkəni nəzarətdən çıxara bilər".

 "WikiLeaks" məlum materialları dərc edəndə ona işarə vurdu ki, hazırkı xüsusi xidmət strukturlarını yox etmək lazımdır. Yəqin elə bu səbəbdən də sənədlərin arxivinə daxil olmaq üçün «Splinter It Into A Thousand Pieces And Scatter It Into The Winds» («Bunları min parçaya ayırıb küləyə vermək lazımdır") parol-ifadəni daxil etmək tələb olunur. 

Bu ifadəni ABŞ-ın 35-ci prezidenti Con Kennedi 1963-cü ildə – Li Xarvi Osvald güllələnməzdən 1 ay əvvəl Mərkəzi Kəşfiyyat İdarəsinin ünvanına səsləndirmişdi.

Deyilənə görə, "WikiLeaks" məlum sənədləri yayandan sonra Amerikada sosial şəbəkə istifadəçiləri arasında belə bir zarafat başlayıb ki, Kennedi dirilib bu əməlinə görə ABŞ xüsusi xidmət orqanları ilə hesablaşmalıdır…

Strateq.az
 




Yuxarı Əvvələ Ana Səhifə