XƏBƏR LENTİ

02 Dekabr 2020

Digər Xəbərlər

16 Mart 2017 - 08:00

İranda seçkilərin gərgin keçəcəyinə daha bir işartı –Ruhaninin ən güclü rəqibi uduzsa, Xamneinin varisi olmaq şansını itirəcək - TƏHLİL

SL-appoints-Raeisi-as-the-new-chief-custodian-of-Astan-Quds-Razavi

Sina Azodi

"Atlantic Council" (ABŞ)

 

Praqmatiklər və islahatçıların dəstəklədiyi prezidenti Həsən Ruhani ikinci dönəm üçün mayın 19-da növbəti prezident seçkilərində iştirak edəcək. Opponentləri – "Osulgərəyan"lar (fars dilində "prinsipçilər"tərc.) onu məğlub etmək planları üzərində işləyir. İki potensial strategiyaları var, lakin hazırkı şəraitdə Ruhaninin heç bir ciddi maneə olmadan ikinci müddətə qələbəsini təmin etməsi güman olunur.

Prinsipçilərin güclü və harizmatik namizəd arxasında birləşməsi çətin olacaq. Onların Ruhani üçün ciddi problem yarada biləcək vahid namizəd axtarışı hələ ki, uğursuz olub. Buna baxmayaraq, iki şəxsin prezidentə problem yaratmaq üçün potensialı var – Səid Cəliliİbrahim Rəisi.

S.Cəlili nüvə razılaşması üzrə nümayəndə heyətinuin sabiq üzvü və hökumət orqanları arasında mübahisələrin həlli həvalə edilmiş Məsləhət Şurasının üzvüdür. O, rəsmən namizədliyini elan etməsə də, ehtimallara əsasən, H.Ruhaniyə rəqib olacaq şəxslərin siyahısında birincidir. S.Cəlili yüksək ictimai nüfuzunu qoruyub-saxlayıb və Ruhaninin xarici siyasətini tənqid etdiyi "Twitter" hesabından fəal istifadə edir. Cəlilinin "Cəbhe-ye Paydar"da ("Müqavimət Cəhbhəsi") – prinsipçilərin düşərgəsinin sərt qanadında böyük dəstəyi var. Lakin onun harizması azdır və 2013-cü ilin seçkilərindəki sərt siyasət tərəfdarları arasında zəif bənd idi.

İmam Rzanın (ə.) Məşhəddəki ziyarətgahının ("Astan-e Qods-e Rəzəvi") xadimi və sabiq prokuror hüccəlül-islam Seyyid ibrahim Rəisi "Osulgərəyan"ların parlayan ulduzlarından biridir. Bəzi məlumatalara görə, o, ali lider Ayətullah Seyyid Əli Xamneinin varisi ola bilər. Rəisi bu günə qədər növbəti prezident seçkilərində iştirak etmək çağırışlarını rədd etsə də, mühafizəkarların əksəriyyəti arasında müsbət rəy və rəğbətə sahibdir. Lakin Rəisi seçkilərə qatılarsa və məğlub olarsa, Xamneinin xələfi olmaq şansını zədələyə bilər.

Prinsipçilərin, 2013-cü ildə olduğu kimi, güclü namizədsiz qalması halında, onlar Ruhaninin səslərini "oğurlamaq" üçün çoxlu sayda namizədlə seçkiyə qatıla və çox güman ki, bu təqdirdə seçkiləri ikinci mərhələyə keçirə bilərlər. Bu strategiya "Osulgərəyan"ların ikinci turda güclü namizəd arxasında birləşdirməsinə imkan verir. Eyni strategiya mərhum prezident Əli Əkbər Haşimi Rəfsəncaninin məğlub olduğu 2005-ci ildə Mahmud Əhmədinejadın seçkidə qələbəsi ilə nəticələnib.

Cəlili və Rəisidən əlavə, mühafizəkarların ən azı beş digər prezidentliyə namizədi var:

Mustafa Mir Səlim İslam Koalisiyası Partiyasının ("Heyəte Motalefeh İslami") rəsmi namizəd olacaq. Rəfsəncani dönəmində mədəniyyət və islami təhsil naziri vəzifəsini yerinə yetirən İslam Respublikasının ən sirli simalarıından biri olan Mir Səlimin İran siyasətdə uzun karyerası var və medianın diqqətindən kənarda qalıb. Onun şəxsi həyatı barədə çox az məlumat var, lakin bir mənbənin iddiasına görə, Mir Səlim fransız qadınla evlidir, bu da onun şansını azaldır.

Məhəmməd Baqir Qalibaf – Tehranın hazırkı bələdiyyə başçısı, sabiq polis rəisi və İnqilab Keşikçiləri Hərbi Hava Qüvvələrinin komandiri 2013-cü ilin seçkilərində H.Ruhanidən sonra ikinci yeri tutmuş mühafizəkar siyasətçidir. O, seçkilərə qatılarsa, "Osulgərəyan"ların ənənəvi qanadının – "Came'eye Ruhaniyət Mobarez"in (Mubariz Ruhanilər Cəmiyyəti) dəstəyini alacaq. Lakin korrupsiya ittihamları və "Plascobuilding"də (Tehranda yanğına məruz qalmış göydələntərc.) yanğın onun uğur şansına təsir göstərə bilər.

Məhəmməd Həmid Bəqayi bu yaxınlarda prezident seçkilərində iştirak etmək qərarını açıqlayıb. O, Əhmədinejad və sabiq vitse-prezident İsfəndiyar Məşai ilə yaranan "üçbucaq"ın bir hissəsidir və Mədəni İrs Təşkilatının rəhbəri, daha sonra Əhmədinejadın icra işlər üzrə müavini olub. Prezident seçkilərində Bəqayinin iddiası ilə bağlı qeyri-müəyyənliklər var. Çünki o, həm islahatçılar, həm də mühafizəkarların güclü təzyiqi ilə üzləşir və Nəzarətçilər Şurası tərəfindən kənarlaşdırıla bilər.

Pərviz Fəttah hazırda İmam Xomeyni İmdad Fondunun sədridir və "Osulgərəyan"lar düşərgəsinin müxtəlif qanadları ilə səmimi münasibətləri var. O, Əhmədinejadın yaxın dostudur və sabiq prezidentin hökumətində enerji naziri (2005-2009) olub. P.Fəttah heç bir siyasi iddiasının olmadığını açıqlayıb. Lakin son anda seçkilərdə iştirak qərarı verə bilər.

Mərziyə Vəhid Dəstcerdi – Əhmədinejad hökumətində səhiyyə naziri olmuş İslam Respublikasının ilk qadın naziridir. O, həmçinin parlamentin sabiq üzvüdür. Dəstcerdi seçkilərdə iştirak edə bilər, lakin o, Nəzarətçilər Şurasının yoxlamasında keçməlidir. İran konstitusiyasına görə, prezident "Rical-e Siyasi" (dövlət ərkanı) üzvü olmalıdır – bu, prezident seçkilərində qadının iştirakını sual altına alır.

Hazırkı şəraitdə H.Ruhani sadalanmış namizədlərin heç biri ilə mübarizədə ciddi problemlə qarşılaşmayıb və "Osulgərəyan"ları 2013-cü ildəki kimi məğlub edə bilər. Həm də mövcud ənənədə bir şəxsin iki dönəm prezident olması var. Buna görə də, Ruhani yenidən dövlət başçısı seçilə bilər. Buna baxmayaraq, İran siyasətində hər şey mümkündür.

 

Tərcümə: Strateq.az

 

Strateq.az-dan P.S: "Tasnim News"un məlumatına görə, İran Radio-Televiziya Qurumunun (IRIB) sabiq rəhbəri Seyyid İzzətullah Zərğami də prezident seçkilərində iştirak edəcəyini rəsmən elan edib.

 

 




Yuxarı Əvvələ Ana Səhifə