XƏBƏR LENTİ

26 Noyabr 2020
25 Noyabr 2020

Digər Xəbərlər

16 Mart 2017 - 13:24

Astana-3 sammitinin nəticələri:Uğursuz sülh arayışları

Astana-3

 

İslam dünyasında müasir məzhəb savaşlarının əsas poliqonuna çevrilən Suriya məsələsinin müzakirəyə çıxarıldığı Astana-3 toplantısı da dünən sona çatdı. Toplantıda iştirakçıların imzaladığə ortaq bəyanatda irəliləmə qeydə alındığı bildirilsə də, verilən məlumatların analizi tamamilə əks mənzərəni göstərir.

Bəyanatda İranın Suriyada atəşkəsin qarantoru ölkələrdən biri kimi qəbul olunması əldə edilən yeganə uğur kimi irəli sürülür. Astana görüşünün nəticələri barədə verilən açıqlamalarda isə atəşkəsin özünün belə, taleyinin qeyri-müəyyən olduğu anlaşılır.

Məlumata görə, Astana-3 yığıncaqlarında Türkiyə tərəfindən dəstəklənən silahlı müxaliflər iştirak etməyiblər. Onlar öz qərarlarını Suriya rejiminin atəşkəs sazişinə əməl etməməsilə əsaslandırıblar.

Astana-3 sammitinin yığıncaqlarından kənarda qalan təkcə “mülayim müxaliflər” deyil. ABŞ-ın dəstəklədiyi PYD də müzakirələrə qatılmayıb. Səbəb, Ankaranın kürd separatçılarını müzakirə masasında görmək istəməsidir. Astana-3 sammiti sırasında Türkiyənin Şanlıurfa şəhərində toplanan 50 ərəb əşirəti liderinin öz bölgələrini qorumaq üçün ordu yaratmaq məsələsini müzakirə etməsi də Suriyada asanlıqla sülhə nail olunmayacağından xəbər verir. Əşirət liderlərinin Şanlıurfa yığıncağını izləyən müşahidəçilərin bildirdiyinə görə, hətta onlar arasında da ciddi fikir ayrılıqları var və bu fərqli mövqelər həmin toplantıda da özünü büruzə verib. Hətta əşirət başçılarının müzakirə sırasında söyüşdükləri və dava etdikləri bildirilir.

Acınacaqlı haldır ki, Suriyaya sülh gətirmək istəyən regional və qlobal güclər arasında da vahid fikir birliyi yoxdur və onlar artıq özlərinə bağlı qüvvələr vasitəsilə bir-birilərini açıq ittiham etmək mərhələsinə qədəm qoyublar. Rusiyalı ekspertlər Astana-3 sammitinin arzulanan nəticələrə tam çata bilməməsində Türkiyəni, Türkiyənin dəstəklədiyi silahlı qüvvələr İran, Suriya və Rusiyanı ittham edirlər. ABŞ-la Türkiyə də ortaq mövqe sərgiləmirlər.

Rusiya Elmlər Akademiyası Şərqşünaslıq İnstitutunun Türkiyə kafedrasının müavini Andrey Boldırevin Astana sammitlərinin uğursuzluğunda Ankaranı sərt dillə ittiham etməsi iki qonşu dövlət arasında son zamanlar yaranan müttəfiqliyin incə teldən asılı olduğunu göstərir. Qeyd edək ki, Boldırev rus mətbuatına açıqlamasında Ankaranı Suriya siyasətində irqçiliyə varmaqda ittiham edib və bu mövqenin Astana prosesinə də mənfi təsir göstərdiyini bildirib. Onun sözlərinə görə, Ankaranın bu məsələdə mövqeyi ikili standartlara söykənir: "Türkiyə bir tərəfdən atəşkəs sazişinin qarantoru kimi Astanadaki müzakirə platformasında aktiv yer almağa çalışır. Digər tərəfdən isə Şanlıurfada Suriya müxalifəti liderlərinin toplantısını keçirir. Bu da Ankaranın həll prosesində suriyalı kürdlərlə əməkdaşlıq etmək istəməməsindən qaynaqlanır. Halbuki, bu, Astanada davam edən müzakirə prosesinə uyğun gəlmir”.

Mütəxəssisə görə, Türkiyənin Suriya siyasətindəki bu mövqeyi İranla əlaqələrinə mənfi təsir göstərə və Astana sammitlərinin əhəmiyyətini azalda bilər: "Halbuki, Astana prosesinin başladılmasında Ankara aktiv rol oynamışdı".

Türkiyənin suriyalı 50 əşirət liderini bir araya toplayaraq, müqavimət ordusu yaratmaq niyyəti isə səbəbsiz deyil. Son zamanlar istər ABŞ, istərsə də Rusiyanın kürd separatçılarını açıq şəkildə dəstəkləməsi Ankaranı bu addımı atmağa vadar edir. Suriyanın şimalında yaradılması gözlənilən kürd dövləti Türkiyənin milli maraqlarına zidd olduğundan və onun ərazi bütövlüyünü təhdid etdiyindən, Ankara özünü gözləyən təhlükəni iki əsas istiqamətdə zərərsizləşdirməyə çalışır. İstiqamətlərdən biri kürd separatçılarını daxildən parçalamaq, digəri isə bölgədə yaşayan yerli ərəbləri bu prosesə cəlb etməkdir.

Prinsipcə, regiondakı bir çox kürd və ərəb əşirətləri də qlobal güc mərkəzlərinin bölgədə həyata keçirdikləri siyasəti öz tayfa maraqlarına zidd olaraq qiymətləndirdiklərindən, Ankaranın bu təşəbbüsünə biganə qalmırlar. Xüsusilə Şimali İraq kürd muxtariyyətinin son zamanlar PYD ilə münasibətlərinin korlandığı müşahidə edilir. Bir müddət əvvəl muxtariyyət rəhbərliyi İraqın Sincar vilayətini ələ keçirən PKK-PYD qüvvələrinin bu ərazidən çıxmağa çağırmış və iki qüvvə arasında silahlı insident baş vermişdi. Rəsmi Ərbilin dünən yaydığı bəyanatda da eyni fikirlər təkrarlanıb, əks halda daha ciddi silahlı toqquşmaların qaçınılmaz olduğunun vurğulanıb. Kürdüstan Demokrat Partiyasının adından yayılan bəyanatda həmçinin PKK-nın Şimali İraqda 515 kəndi işğal etdiyi və bu əraziləri təcili boşaltması qeyd olunur.

Bərzani hakimiyyətinin bu kəskin bəyanatının ABŞ-ın regiondakı hərbi qüvvələrinin sözçüsü polkovnik Con Dorrianın Şimali İraq kürd muxtariyyəti ilə bağlı açıqlamalarından sonra gəlməsi də düşündürücüdür. Polkovnik açıqlamasında Raqqa əməliyyatına PYD ilə başlamaq istədiklərini, özlərinin təlim keçmədikləri və yaratmadıqları (Bərzaniyə bağlı silahlı qüvvələr) peşmərgələrlə isə birgə fəaliyyət göstərmək barədə düşünmədiklərini açıq etiraf etmişdi. Sözsüz ki, bu fikirlər ABŞ-ın dolayısıyla Bərzaniyə güvənmədiyinin etirafı idi.

Con Dorrianın Türkiyə ilə bağlı fikirləri Ankaranı da qane etmədi. Sözçü Ankaranın bütün israrlarına rəğmən, PYD ilə birgə əməliyyatına hazırlaşdıqlarını etiraf etməklə qalmadı, həmçinin Türkiyənin bu prosesdə rolunun hələ müəyyənləşmədiyini də dilə gətirdi. Bu isə Ankarada Türkiyəsiz Raqqa əməliyyatı planına eyham kimi qiymətləndirildi.

ABŞ-ın Şimali Suriyada PYD-yə hədsiz güvənməsi ərəb əşirətlərini də narahat edir. Əsrlər boyu yaşadıqları və sahibləri olduqları coğrafiyada ikinci sinif vətəndaşa çevrilmək ehtimalı onları, təbii ki, çox narahat edir. ABŞ isə PYD-nin hegemonluğu altında regional idarəçilik formalaşdırmaq niyyətindədir. Pentaqonun Raqqa əməliyyatına birgə başlamaq istədiyi Demokratik Suriya Gücləri koalisiyasının şəxsi heyəti də Vaşiqtonun görmək istədiyi regional idarəçiliyin mənzərəsi təsiri bağışlayır. Böyük əksəriyyəti kürd separatçılarından, bütün komandir heyəti isə PYD-çilərdən formalaşan DSG-də çox az sayda ərəb kökənlilər var. Onlar isə olduqca əhəmiyyətsiz hərbi vəzifələrdə təmsil olunur, PYD-nin bölgədəki ərəb və türkmənləri sıxışdırıb çıxarmasının, dolayısıyla regionun kürdləşdirilməsinin qarşısını ala bilmirlər.

Şimali Suriyanın yerli sakinlərinin və regional güc kimi ortaya çıxan Türkiyənin ortaq maraqları istər-istəməz onları birləşdirir, regiona yerli iradəni nəzərə almayan idarəçilik sistemi gətirmək istəyən qüvvələrin isə əlini zəiflədir. Beləcə, mövcud vəziyyət faktiki olaraq iki qütbə bölünən bölgə xalqı arasındakı vətəndaş müharibəsinin sona çatmasını əngəlləyir, bölgədə marağı olan qüvvələri qarşı-qarşıya gətirir, problemin daha da ağırlaşmasına yol açır.

Rusiya Elmlər Akademiyası Şərqşünaslıq İnstitutu Kürdologiya kafedrasının müdiri Kirill Vertyayev də bu fikirdədir. O, Astana-3 sammitini şərh edərək, deyir:

"Görünən budur ki, Türkiyə Astanadakı danışıqlar əsnasında PYD-yə qarşı mübarizə fikrini keçirə bilmədi. Ankara Moskvanın PYD-ni terrorist təşkilat olaraq tanımasını təmin etməkdə da uğursuz oldu. Bu uğursuzluqlar nəticəsində Ankara təkbaşına hərəkət etmək və öz oyununu oynamaq qərarına gəldi. Suriya silahlı müxalifət liderləriylə Şanlıurfada təşkil olunan yığıncaq da tam bu məcrada qiymətləndirilməlidir. Əlbəttə, Ankaranın bu hərəkətləri Moskva və Tehran qarşısında müəyyən suallar yarada və Türkiyəyə güvənin azalmasına yol aça bilər. "

Regionda faktiki olaraq bütün qüvvələrin eyni hədəf müstəvisində Türkiyənin milli maraqlarına qarşı cəhbə alması istər-istəməz “qardaş ölkə düşdüyü bu çətin durumdan necə çıxa biləcək” sualını gündəmə gətirir. Sualın müsbət cavabı Ankaranın yürüdəcəyi incə və balanslaşdırılmış siyasətdən çox asılıdır.

Heydər Oğuz

Strateq.az




Yuxarı Əvvələ Ana Səhifə