XƏBƏR LENTİ

27 Oktyabr 2020
26 Oktyabr 2020

Digər Xəbərlər

17 Mart 2017 - 18:14

ABŞ-ın “dişsiz” dövlət katibinin Ankara səfərindən nə gözlənilir?-Təhlil

tillerson-2

ABŞ dövlət katibi Reks Tillersonun martın 30-da Türkiyəyə səfər edəcəyi gözlənilir.

Strateq.az xəbər verir ki, Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu dünən “Haberturk” televiziyasına açıqlamasında bunu bildirib. Nazirin sözlərinə görə, səfər hər hansı fövqəladə hadisənin baş verməyəcəyi təqdirdə mütləq baş tutacaq.

ABŞ-ın Xarici İşlər naziri səlahiyyətlərini yerinə yetirən rəsmisinin səfərinin Türkiyə-Qərb münasibətlərinin pisləşməsi və Şimali Suriyada İŞİD-ə qarşı mübarizənin dalana dirənməsi dövrünə təsadüf etməsi istər-istəməz ağıllara bu sualları gətirir: görəsən, Tramp hakimiyyəti dövründə ABŞ-Türkiyə arasında əlaqələr necə olacaq? İki xarici işlər rəhbərinin planlaşdırılan görüşü regional gərginliyi səngidə və yoluna qoya bilərmi? Axı, istənilən dövlət rəsmisinin hər hansı ölkəyə səfər edəcəyi və ya etməyəcəyi əvvəlcədən bəlli olur və onun reallaşa bilməsinin qarşısını yalnız fövqəladə hadisələr ala bilər. Elədirsə, bunun xüsusilə vurğulanmasına nə ehtiyac vardı?

Zənnimizcə, Mövlud Çavuşoğlunun məlum xəbəri bu cür təqdimatının bir səbəbi ola bilər – səfərin baş tutma ehtimalının yüksək olmaması.

Məsələ burasındadır ki, ABŞ-ın indiyəqədərki dövlətçilik ənənələrində dövlət katibliyi kifayət qədər mühüm vəzifə hesab olunub. Bir çox hallarda bu vəzifəni tutanlar hətta nüfuz, idarəçilik gücü və təcrübə baxımından ABŞ prezidentlərini belə, kölgədə qoyub. Di gəl ki, eyni sözləri Reks Tillerson barədə demək mümkün deyil.

Heç bir diplomatik səriştəsi olmayan, indiyə qədər neft istehsalı sahələrində çalışan, ABŞ-ın nəhəng enerji şirkəti “ExxonMobil”in sabiq rəhbəri olan Reks Tillersonun Tramp kabinetinin ən təsirsiz üzvlərindən olduğu bildirilir. Tillersonun ABŞ-ın xarici siyasətində ümumiyyətlə rol oynamadığını iddia edənlər də az deyil.  Onların fikrincə, bu ilin 20 yanvarında hakimiyyət kreslosunu sələfi Obamadan təhvil alan Donald Tramp iqtidarı artıq 2-cü ayı tamamlamaq ərəfəsindədir. ABŞ dövlət ənənələrində iqtidarların fəaliyyətinə ilk qiymət onların 100 günlüyündə verilir. Tramp iqtidarının da ilkin hesabat dövrünə çox qalmayıb. Bununla belə, hələ də rəsmi olaraq Reks Tillersonun rəhbərlik etdiyi Dövlət Departamentində bir çox vəzifələr öz sahibini gözləyir. Təyinatların indiyə qədər edilməməsinin səbəbi isə Reks Tillersona etimad göstərilməməsiylə izah olunur.

Əslində Reks Tillersona etimadsızlığın haqlı səbəbləri də az deyil. Məsələ təkcə onun diplomatik təcrübəsizliyi ilə bağlı deyil. O, həm də ABŞ-ın əzəli rəqibi Rusiya ilə ciddi əlaqələrdə şübhəli bilinir. Məhz son amil dövlət katibinin indiki vəzifəsinə təyin olunmasında da ciddi sıxıntılara yol açmışdı. Təsadüfi deyil ki, o, təyinatının təsdiqlənməsi üçün Senatdan cəmi 56 səs ala bilmişdi. 43 senator isə Tillersonun əleyhinə səs vermişdi. Kabinetdə necə rol oynayacağı maraqla gözlənilən Tillersonun vəzifəyə təyin olunduğu gündən indiyədək qeyri-adi dövlət katibi profili cızması da, görünür, qeyd etdiyimiz amillərlə bağlıdır.

Reks Tillersonun iki aylıq fəaliyyəti də öz “dişsizliyi” ilə seçilib. İndiyə qədərki sələflərindən fərqli olaraq, o, mətbuatda çox görünməkdən xoşlanmır. Halbuki, sələfləri hər gün müxtəlif məsələlərlə bağlı jurnalistlər qarşısına çıxar, medianın imkanlarından maksimum yararlanardılar. Tillerson isə xarici səfərlərə belə, jurnalistsiz gedib-gəlir, “igidlik ondur – doqquzu qaçmaq, biri də heç gözə görünməmək” yoluna üstünlük verir. Müşahidəçilər bu səssiz diplomatiyanı təcrübəsiz dövlət katibinin “ağzından quş buraxması” əndişəsindən qaynaqlandığına inanırlar.

Tillersonun “dişsiz” xarakteri hakimiyyətin xarici siyasətə ayırdığı büdcəyə də ciddi təsir göstərib. “Ağlamayana süd verməyən” Tramp administrasiyasının xarici işlər sahəsinə və Beynəlxalq İnkişaf Agentliyinə (USAID) ayrılan büdcəni əvvəlki iqtidarlarla müqayisədə, nə az-nə çox, 37% azaltdığı bildirilir.

Sözsüz ki, dünya hegemoniyasında olduqca mühüm çəkiyə malik olan ABŞ-ın yeni administrasiyası da xarici siyasətsiz keçinə bilməz. Səssiz baş diplomatına, əskik kadr potensialına, xeyli azaldılmış büdcə imkanlarına baxmayaraq, Trampın da xarici siyasətə ciddi zaman ayırdığı inkarolunmazdır. Məlumata görə, yeni prezident dövlət katibindən “qırtdığı” səlahiyyətləri öz yəhudi əsilli kürəkəni Jared Kuşnerə həvalə edib. Görünür, prezidentin öz kürəkənini böyük diplomat kimi mədh etməsi də bu cür təsəvvürlərin yaranmasında mühüm rol oynayıb. Bildirildiyinə görə, Tramp Kuşner barədə bunları deyib: "Jared çox yaxşı uşaqdır. İsrail ilə kimsənin bağlaya bilməyəcəyi müqaviləyə imza atacaq. Sövdələşmə qabiliyyəti onda anadangəlmə vergidir. Yaxın Şərqdə sülhü Kuşnerdən başqa heç kim təmin edə bilməz”.

Qısası, bir neçə gündən sonra Türkiyəyə təşrif buyuracaq olan ABŞ dövlət katibi Reks Tillerson vəzifəsi qeyri-adi dərəcədə böyük, səlahiyyəti isə elə bir o qədər də məhdudlaşdırılmış rəsmi şəxsdir. Mövlud Çavuşoğlunun səfər barədə ehtiyatlı danışması isə ABŞ-lı həmkarının hansısa xarici səfərə çıxıb-çıxmamasının öz iradəsindən asılı olmadığı ehtimalını ağla gətirir.

Müşahidəçilər məhz bu səbəblərə görə də Tillersonun Ankara səfərinin ciddi nəticələri olacağına inanmırlar.

Heydər Oğuz

Strateq.az




Yuxarı Əvvələ Ana Səhifə