XƏBƏR LENTİ

29 Noyabr 2020
28 Noyabr 2020

Digər Xəbərlər

18 Mart 2017 - 11:26

İsrail üç cəbhədə müharibə apara bilərmi?- Netanyahu üçün dəhşət ssenarisi - Təhlil

22175963551_6c35115dc9_b

Alon Ben-Meir, 

Qlobal Problemlər Mərkəzinin (ABŞ) baş elmi işçisi

"Huffington Post"

 

İsrailin baş nazir Netanyahu ölkənin milli təhlükəsizlik məsələsində diqqəti Fələstin və İran təhdidlərində cəmləşdirməklə tanınır. Lakin son aylarda o, fələstinlilərdən daha çox İranla bağlı həyəcan keçirir. Çünki İŞİD-in İraq və Suriyada məğlub olacağı labüddür. Odur ki, indi Netanyahunun əsas narahatlığı vətəndaş müharibəsində Əsəd rejiminə verdiyi davamlı dəstəyə görə İranın təzminat olaraq Suriyada mühüm hərbi istinad nöqtəsinin saxlanılmasına təkid etməsidir.

Təbii ki, bu, bölgənin hegemonu olmaq istəyən İranın ambisiyaları ilə tanış olan Netanyahu və ya başqa kimi isə təəccübləndirməməlidir. Əlbəttə, Suriyada hərbi istinad nöqtəsi onun Aralıq dənizi hövzəsində təsirini qorumağa imkan verəcək. 

Lakin Netanyahu üçün İsrail-Fələstin münaqişəsini arxa plana keçirmək dəhşətli səhvdir. Əslində, artan İran təhlükəsinə görə Netanyahu hərtərəfli Ərəb-İsrail sülhü kontekstində indi fələstinlilərlə sülh sazişi üzrə danışıqlara var gücünü sərf etməlidir. Bu halda, o, yalnız Fələstin təhlükəsini neytrallaşdırmayacaq, həm də müəyyən dərəcədə İran təhlükəsini yumşaldacaq. Əks təqdirdə, o, sadəcə İranın əlinə oynamağa davam edəcək.

İranın Suriyada iştirakı yeni şey deyil və vətəndaş müharibəsindən çox-çox əvvəl başlayıb. Yeni olan budur ki, indi Tehran HƏMAS (Qəzza) və "Hizbullah"dan (Livan) əlavə, Suriyada İsrailə qarşı üçüncü cəhbə yaratmaq istəyir.

İsrailin ali hərbi komandanlığını xüsusilə bu narahat edir ki, İsrail və HƏMAS arasında hərbi münaqişəyə "Hizbullah" qoşula bilər (və ya əksinə) və İran İsraili üç cəbhədə mübarizə aparmağa məcbur edər. Bu da Qərb Sahilində fələstinliləri işğala qarşı çıxmaq imkanı ilə təmin edəcək.

Netanyahu başa düşür ki, Tramp administrasiyasını İranla imzalanmış nüvə sazişini ləğv etməyə razı sala bilməz. O, əmin olmaq istəyir ki, Vaşinqton regionda İranın nadinc və sabitliyi pozan davranışını diqqətlə izləyir və Tehranı sövdələşməyə riayət olunmasına vadar edir.

Bundan əlavə, Netanyahu əmin olmaq istəyir ki, Vaşinqton Əl-Kuneytra şəhərində, Colan Təpələrindən cəmi bir neçə mil uzaqlıqda baza quran İranın Suriyadakı hərbi iştirakının doğurduğu təhlükəni anlayır. Bu məqsədlə, o, İŞİD-in məğlubiyyyətindən sonra İsrailin belə bir nəticəyə dözə bilməyəcəyini birmənalı olaraq Rusiya prezidenti Putinə bildirib.

İŞİD-in məğlubiyyətinə şübhə olmasa da, bütün hərbi hesablamalara əsasən, onun tam ölümü ən azı altı ay çəkəcək. Bu arada, İran Suriyadakı varlığını möhkəmləndirir. O, hərbi texnikanın, o cümlədən qısa və orta mənzilli raketlərin sayını artırır. Əsəd buna heç bir etiraz bildirmir. Çünki onun fikrincə, İranın iştirakı yaxın gələcəkdə sistemli hakimiyyətinin mühüm dayağıdır.

Moskva və ya Vaşinqton Netanyahunun mövqeyini dəstəkləyə bilər, lakin İranın iştirakı ilə İŞİD-ə qarşı müharibə davam edir, indi bu qeyri-mümkündür. Bundan əlavə, Tehran "Hizbullah"a silah, o cümlədən raket transferi edir. İsrail silah daşımalarını ələ keçirməyə və məhv etməyə davam etsə də, onların xeyli hissəsi hələ də Livandakı təyinat nöqtəsinə gedib-çatır.

İndi təxmin edilir ki, HƏMAS və "Hizbullah"ın təxminən 200 min qısa və orta mənzilli raketi var. Onların bir çoxu şimaldakı Metulladan ölkənin cənub ucundakı Eylata qədər İsrailin istənilən nöqtəsinə zərbə endirə bilər. Birlikdə, onlar təxminən yeddi ayda hər gün mindən çox raketi yağış kimi yağdırar.

İsrail və HƏMAS, habelə "Hizbullah" arasında artan gərginliyi nəzərə alaraq, hərbi əməliyyatlar ehtimalı istisna edilə bilməz. İsrailin müdafiə qüvvələri belə bir ehtimala barmaqarası baxsa da, onlar belə bir yanğın fəlakətinin baş verə biləcəyinə dair çeşidli ssenarilərlə qarşılaşırlar.

İsrailin hava müdafiə sistemi dünyada ən inkişaf etmişi olsa da, İsrail hələ də bütün raketləri zərərsizləşdirmək iqtidarında deyil. HƏMAS və "Hizbullah" hər gün min raket ata, İsrailin şəhər mərkəzlərində yaşayan adamlar sığınacaqlarda gizlənə bilər. Lakin sığınacaqların məhdud sayda olduğu və ya mövcud olmadığı sahələrdə itkilər və kütləvi struktur zərərləri labüddür.

Bundan əlavə, müəssisələr bir neçə həftəyə qapadılacaq, ərzaq və dərman təchizatı getdikcə qıtlıqla əvəzlənəcək, məktəblər və xəstəxanalar dağılacaq. Üstəlik, Qəzza və Livana, habelə Suriyadakı İran obyektlərinə müdaxilə, Fələstin qiyamını yatırtmaq və Qərbi Şəriyədə mühacirlərin qorunması halında, İsrailin hərbi qüvvələri səpələnmiş olacaq.

Belə bir dəhşətli ssenarinin qarşısını almaq üçün İsrail hökuməti bütün üç cəbhədə geniş bombardman aparmaq haqqı olduğunu hiss edə bilər. "Hizbullah" və HƏMAS raketlərinin çoxunun ictimai obyektlərdə olduğunu nəzərə alaraq, güman ki, mülki əhali arasında on minlərlə itki olacaq. Bundan başqa, Suriyadakı İran qüvvələrinin İsrailə hücumu da İrandakı hədəfləri, ölkənin nüvə qurğularını bombalamağa məcbur edə bilər.

Ərəb dünyası, Avropa, ABŞ və Rusiyanın buna təpkisini proqnozlaşdırmaq çətindir. Lakin bir məsələ aydındır: Yaxın Şərq yanğına bürünəcək və nəticələri təsəvvürə gətirmək qeyri-mümkündür.

Bəli, İsrail texniki cəhətdən müharibəni udacaq, ancaq bu, müasir dövrdə müharibə salnaməsinə ən dağıdıcı qələbə kimi yazılacaq.

Bu, az ehtimal edilən ssenari kimi görünə bilər, lakin onun baş vermə ehtimalı hər keçən gün artır. Əgər İranın Suriyada daimi hərbi baza yaratma planı Netanyahunu həqiqətən narahat edirsə (bu, İsrailin milli təhlükəsizliyinə ciddi təhdiddir), belə bir dəhşətli ssenari istisna deyil.

İran təhlükəsi barədə onun ciddiliyi indi İsrail-Fələstin münaqişəsinin həllində hərəkət və ya hərəkətsizliyi ilə sınaqdan keçirilir. Mən xüsusilə hazırda, ərəb dövlətlərinin İran barədə narahatlıqlarını paylaşdığı dövrdə, hərtərəfli İsrail-Ərəb sülhü kontekstində, barışıq prosesi ilə ikidövlətli həll seçənəyinin çox diqqətlə nəzərdən keçirilməsi üçün ən yaxşı vaxt olduğunu düşünürəm.

Misir, Səudiyyə Ərəbistanı, İordaniya, Mərakeş və Qətərin başçılıq etdiyi ərəb dövlətləri (İsrailin sülh üçün əsl iştaha göstərdiyi bu dönəmdə) Fələstin Muxtariyyəti və HƏMAS-a indi hər zamankından daha çox təsir göstərə bilərlər.

Netanyahu və onun bəzi itaətsiz nazirləri də bunu nümayiş etdirə bilər. İsrailin bir daha Fələstin ərazilərini ilhaq niyyətlərinin olmadığını və ən azı bir il müddətinə yeni qəsəbələrin genişləndirilməsinə moratoriumun elanı ilə.

Əgər Netanyahunun koalisiya tərəfdaşları belə bir təşəbbüsə dəstək verməzlərsə, onda baş nazirin bu adamları istefaya göndərmək, fələstinlilərlə sülh danışıqlarına dəstək verən solçu və mərkəzçi partiyalarla yeni hökumət qurmamaq cəsarəti olmalıdır.

Netanyahu yalnız sözdə Fələstin dövlətinin yaradılması ideyasına dəstək verib. Lakin öz təbirincə, İran təhdidi ucbatından İsrailin mövcudluğu "qırmızı xətt"ə yaxınlaşıbsa, o, bu ideyanın tərəfində durması üçün gücü və ictimai dəstəyə malikdir. Baş nazirin İsrail xaricində yəhudilərin can atdığı daha perspektivli və təhlükəsiz gələcək naminə sülh yaratmağa əlverişli imkanı var.

 

Tərcümə: Strateq.az