XƏBƏR LENTİ

26 Noyabr 2020
25 Noyabr 2020

Digər Xəbərlər

20 Mart 2017 - 09:00

İsraili Türkiyəyə yaxınlaşdıran səbəb: İran və "Hizbullah" Təl-Əvivin yuxusunu qaçırıb - Təhlil

2899995654

Deniz Kilislioğlu

NTV

 

Türkiyə və İsrailin "böhran mötərizəsi" dübbədüz səkkiz il davam etdi. Bu gün münasibətlər normallaşma prosesinə girib. Amma o səkkiz ildə bölgədəki mənzərə elə dəyişib ki, Türkiyə və İsrail "Mavi Mərmərə" böhranının zədəsini kənara qoyub yaxınlaşırlar.

İndi iki ölkə bəzi həssas mövzulardakı rəy fərqlərinə baxmayaraq, əlaqələri tam hamarlama yollarını axtarır. Amma hələ ki cavabı maraqlı olan sual budur: bu ölkələr niyə və məhz indi barışdı?

İsraildəki ümumi atmosferə baxılarsa, Türkiyə ilə yaxınlaşmanın əsas səbəbi qaz sahəsində əməkdaşlıqdan daha çox bölgədəki hadisələrdir – 2011-ci ildə başlayan Suriya böhranının yaratdığı yeni regional mühitdir.

Bu mühit bölgə ölkələrinin təhlükəsizlik qayğılarını da, prioritetlərini də dəyişdirib.

İsrail İran təhdidinə qarşı Türkiyəni bölgədə əhəmiyyətli ortaq olaraq görür. "Kanal 2"də "Xarici Xəbərlər"in redaktoru Arad Nir Türkiyə ilə normallaşma zəruriliyini "İsrailin Atatürkü" kimi tanınan ilk baş nazir David Ben Qurionun sözləri ilə izah edir: "İsrailin bölgədəki üç ölkədən ən azı ikisiylə barışığı olmalıdır – İran, Misir və Türkiyə. Bu üç ölkədən ən az ikisiylə yaxşı əlaqələr qurulmalıdır…"

Bu gün İsrail üçün ən böyük təhdid – İrandır. Təl-Əviv və Qüdsdə hansı rəsmi şəxslə görüşürsən-görüş, bu cavabı alırsınız. İsrailin sabiq milli təhlükəsizlik müşaviri Amidrorun rəyincə, prioritetlər sırası dəyişəcək, amma ən böyük təhdid İrandır.

"Əgər "İsrailin varlığına kim təhdiddir?" – deyə soruşsanız, bircə cavabı var: İran. Nüvəli İran dözüləcək bir şey deyil və İran-"Hizbullah" bağı çox qüvvətlidir. Əgər bu sualı hərbi baxımdan versəniz, "Hizbullah" ikinci sıradadır. Əgər "Ən yaxın təhdid nədir?", – deyə soruşsanız, cavab: sabah səhər partlayacaq HƏMAS-ın idarəçiliyindəki Qəzza zolağı…"

İsrailin yuxularını qaçıran kabus ssenarisi İranın Suriya vasitəsilə dəhliz yaradaraq Aralıq dənizinə çıxışıdır. İran və "Hizbullah" qorxusu – İsrailin bölgədəki "qırmızı xətti"dir. Colan təpələrinin İran və "Hizbullah" təhdidi altına girməsindən narahatlıq keçirilir. Hazırda Suriya rejimi Colan təpələrində nəzarəti itirmiş vəziyyətdədir. Sərhədin 80 faizi İŞİD və onunla əlaqəli qrupların nəzarətindədir.

İsrailin sabiq milli təhlükəsizlik müşaviri Yaakov Amidrorun fikrincə, İran təhdidi Türkiyə və İsraili yaxınlaşdıran səbəblərdən biridir. Amidror belə izah verir: "Sünni ölkələr ABŞ-ın Yaxın Şərqə müdaxiləsinə hazır və ya kifayət qədər istəkli olmadığını anlayıb. Biz də bölgəmizdə iki sual qarşısındayıq: İranın qarşısını kim alacaq? Bölgədə radikal İslam ilə kim mübarizə aparacaq? Cavab – İsrail.

Misir və İordaniya ilə əməkdaşlıq etməyimiz sirr deyil. Oxşar düşmənə qarşı döyüşürük. Sünni ölkələr İrana qarşı cəbhələşmə məsələsində kiminsə köməkçi olmasını anlayıb. Bu siyahıda Türkiyə çox əhəmiyyətli bir gücdür.

Buna görə də "Mavi Mərmərə"dən sonra qarşılaşdığımız problemlərin həllini tapmalıyıq. Yaxşılaşma bir gündə, bir ayda olmayacaq, bu, zaman alacaq. Çox böyük mənfəət olduğu üçün gələcəkdə daha yaxşı əlaqələrin olacağına inanıram. Amma bu əlaqələr yalnız Türkiyə-İsrail deyil, bütün Yaxın Şərqdəki dəyişikliyin bir hissəsidir.

Hər iki tərəf münasibətlərin normallaşmasının mənfəətli olduğunu anlayıb.

Ətrafımızda daha yaxşı bir siyahının olması üçün nələr etməliyik? Əlbəttə, hər kəs öz cığırı ilə gedəcək. Gələcəkdə Yaxın Şərqdə bir problemlə qarşılaşanda, deyəcəyik ki, bu sənin mənfəətin, bu da mənim faydam üçün…"

İsrail Xarici İşlər Nazirliyinin sözçüsü Emmanuel Nahşonun sözlərinə görə, Türkiyə və İsrail Suriya mövzusuna fərqli baxışa malikdir, amma bu ziddiyyət mənasını vermir.

Nahşon deyir: ""Hizbullah", İran və Suriyadakı sabitliksizlikdən çox əndişəliyik. Sizin prioritetləriniz fərqlidir. Bizim kürd məsələsi ilə əlaqədar söyləyəcək sözümüz yoxdur. Yalnız Suriyanın yenidən sabit ölkə halına gəlməsini istəyirik. Suriyanı başqa bucaqlardan müzakirə etmək üçün güclü bir dialoq olmalıdır. Sizin Suriyaya baxışınız bizim Suriyaya baxışımızla üst-üstə düşmür".

Bax Türkiyə-İsrail arasındakı fərqlilik burada ortaya ortaya çıxır. İsrailin "qırmızı xətti" "Hizbullah" təhdididir. İranın Suriya vasitəsi ilə Aralıq dənizinə çıxmasıdır. Türkiyənin "qırmızı xətti" isə PKK-nın Suriyadakı qolu PYD-YPG-nin Suriyanın şimalında muxtar, ya da müstəqil bir dövlət qurmasıdır.

"Hizbullah" döyüşçülərindən Suriyaya girdikləri gündən Türkiyə narahatlıq keçirir. Türkiyə İran ilə dialoqu davam etdirir, amma aradakı məsafəni qoruyur. 

Suriya rejiminə İranın verdiyi dəstək ucbatından bu ölkə ilə altı ildir ki, fərqli səviyyələrdə böhranlar baş verdi. Ankaranın mövqeyi bu mənada İsrailə nisbətən daha dəqiqdir.

"İsrailin Suriyada kürd muxtar bölgəsi və ya dövlət qurulmasına dair mövqeyi nədir?" – deyə soruşsanız, bu mövzuda tam sükuta bürünmüş vəziyyətdədirlər.

100-cü ilində Sayks-Piko müqaviləsinin artıq az qala yırtıldığı, Yaxın Şərqdə sərhədlərin yenidən çəkilmə ərəfəsində olduğu zamanda, bölgədəki bütün ölkələr qısa-orta-uzun müddətli planlarını bu geosiyasi zəlzələyə görə edir. İsrailin "Kürd dövləti" məsələsində səssiz qalması isə bir çox müşahidəçi üçün təəccüblü deyil.

Bunun xoş olmadığı, hətta düşmənçilik yaradacağını, bölgə ölkələrinin tam ortasında kürd varlığının meydana gəlməsindən məmnun olacaqları bir çox müşahidəçinin ortaq qənaətidir. Amma İsraildə bu mövzuda fikir bəyan edərkən hər kəs ehtiyatlıdır.

Bir İsrail rəsmisi deyir: "Bizim baş ağrımız çoxdur. Uzaqdakı bir məsələni də əlavə dərd etmək istəmirik. Ortada İŞİD var, "Hizbullah" var. Bunlar kifayət qədər baş ağrısıdır".

Türkiyə və İsrailin Suriya mövzusunda fikir ayrıldığının digər bir məqamı Bəşər Əsədin gələcəyidir.

"İsrail Suriya böhranını Əsəd məsələsi olaraq görmür. Bu nə deməkdir? Məsələ bir adam ilə yox, sistemlə bağlıdır. Biz sistemin necə işlədiyi ilə maraqlanırıq", – deyə bir İsrail rəsmisi bildirir.

İsraildəki ümumi abı-hava Suriyada siyasi həllin qısa zamanda mümkün olmadığı şəklindədir. Suriyada bir neçə il içində siyasi sabitlik təmin edilə biləcəyini düşünmürlər.

 

Tərcümə: Strateq.az