XƏBƏR LENTİ

20 Yanvar 2021
19 Yanvar 2021

Digər Xəbərlər

20 Mart 2017 - 19:00

Sünniləri və şiələri barışdırmaq istəyən Müqtəda Sədr:"Bütün xarici qoşunlar İraqdan çıxarılmalıdır!"

muqtada

Conatan Stil

"Middle East Eye"

 

Onun saqqalına artıq dən düşüb, gözləri daha az sərtdir, lakin ilk növbədə, onun ideyaları dramatik dərəcədə dəyişib.

Müqtəda Sədr – bir vaxtlar Qərb mediasındakı hər məqalədə "radikal-təhrikçi din xadimi" adlandırılan şəxs bu gün, 43 yaşında, özünü məzhəbi tolerantlıq və İraq milli barışığının tərəfdarı kimi təqdim edir.

Son üç ildə xarici jurnalistə verdiyi ilk müsahibəsində işğalın bir neçə ilində amerikalılar və ingilislərlə mübarizə aparan şiə milis dəstələri yaratmış insan "Middle East Eye"a (MEE) bildirib ki, öz milisləri daxil olmaqla, bütün milislərinin buraxılmasını istəyir.

O, həmçinin sünnilər və şiələr, eləcə də ərəblər və kürdlər arasında qarşıdurmaların qarşısını almaq üçün İraqın sünni siyasətçiləri ilə təcili dialoqa çağırış edərək bildirib ki, ölkədə birləşmək üçün artıq ümumi düşmən yoxdur.

Sədr deyib: "Qorxuram ki, İŞİD-in məğlubiyyəti yeni mərhələnin başlanğıc olsun. Mənim təklifim Mosulun azad edilməsindən sonra məzhəbçi və etnik münaqişənin yaranma qorxusundan irəli gəlir".

"Mən İraqın müxtəlifliyi ilə fəxr edirəm, amma bəzi etnik və ya məzhəb qrupların soyqırımına məruz qalacağından qorxuram. Bunun qarşısını almaq istəyirik", – Müqtəda Sədr bildirib.

Müsahibə dünya şiələrinin müqəddəs saydığı İmam Əlinin məqbərəsinin yerləşdiyi şəhərdə, Sədrin ikimərtəbəli evinin yuxarı mərtəbəsində götürülüb.

Qəbul otağı kiçik və İraq VIP-lərinin auditoriyaları üçün demək olar ki, çox kiçik idi. Bəziləri qonaqlarını intizarda saxlamağı xoşlasa da, Sədr, əksinə, bizimlə görüşü əsla yubatmadı.

Sualları tez-tez gülümsəyərək, diqqətlə dinləyirdi, o cümlədən təxribatçı sualımı eşitdikdə, qəfildən dedi: "Mən Britaniyanın Avropa İttifaqını tərk etməsinə görə çox xoşbəxtəm".

Avropa İttifaqını ABŞ-la niyə eyniləşdirdiyinə dair sualıma daha bir təbəssümlə qarşılıq verib: "Birləşmiş Ştatlardan da ayrılsanız, sizə xeyir-dua verəcəyəm".

2005-2006-cı illərdə Sədrin qondarma "Mehdi ordusu" Bağdadı bürümüş məzhəbi cinayətlərə cəlb edilib. Yüzlərlə sünni müxtəlif şiə liderlərinə sadiq olan milislər tərəfindən qətlə yetirilib. Buna cavab olaraq yüzlərlə şiə qətl olunub.

Sədrin sünnilərlə barşığına dair cari arzusu bu gün təqdirəlayiqdir. Lakin nifrət toxumları çoxdan səpilib. Sədr ABŞ işğalının ilk iki ilində tutduğu mövqeyə qayıdıb. 2004-cü ilin aprelində ABŞ dəniz piyadalarının hücumuna məruz qalan sünni Fəllucə şəhərinə yardım göndəriyi dönəmdəki mövqeyinə.

O zaman Sədrin tərəfdarları əllərində bu plakatları tutmuşdu: "Nə sünniyik, nə şiə – hamımız iraqlıyıq!"

Sədr 1999-cu ildə Səddam Hüseynin xəfiyyələri tərəfindən qətlə yetirilən həlim xarakterli, lakin mətin vətənpərvər olan atası Ayətullah Məhəmməd Sadiq Sədrin xəttini izləyir.

Müqtəda Sədrin sünnilərlə bağlı mövqeyi bəhrəsini verir.

"O, sünnilərə ən yaxın şiədir. Bütün şiə liderləri arasında o, sünnilərlə dialoqa ən açıq şəxsdir". Bunu İraq parlamentinin sabiq sədri Mahmud Məşhədani deyib.

Yeri gəlmişkən, son on ildə parlamentin spikeri həmişə sünni olub.

Bir çox sıravi sünnilər Məşhədaninin sözlərini təsdiqləyirlər. Adını vermək istəməyən bağdadlı sünni-tərcüməçi son üç ildə şiə milislərin təhdidi ilə üzləşən sünnilərə dair üç hadisəni nəql edib. Onlar məsələyə müdaxilə və daha sonrakı zorakılığın qarşısı almaq üçün Sədrin milislərindən kömək istəyiblər.

2007-ci ildən "dondurduğu" "Mehdi ordusu"na 2014-ci ilin iyununda Mosul ələ keçirilərkən, Sədr yeni ad verib – "Saraya əs-Salam" ("Sülh Briqadaları").

Briqadanın 40 min könüllüsü Bağdadın şimalında, əsasən Səmərrada mühüm şiə ziyarətgahlarının müdafiəsi üçün yerləşdirilib. Onlar Mosulun azad edilməsi kampaniyası ilə məşğul deyil.

İraqlılar ölkənin post-Mosul gələcəyini müzakirəsini başlayandan bəri müxtəlif milis dəstələrinin rolu prioritet mövzudur. Xüsusi problem rəqib şiə siyasətçilərinə beyət etmiş və İŞİD-dən azad edilən şəhərlərdə sünni əhaliyə qarşı vəhşiliklərdə ittiham edilən "Haşd əl-Şaabi"dir.

Parlament noyabr ayında "Haşdi"çilərin İraq ordusuna inteqrasiyasına dair qanun qəbul edib. Lakin hələlik onların orduya fərdi əsgər və ya bütöv bölük kimi qəbul edilməsinə aid yekun qərar yoxdur. Hələ ki, onlar müstəqil hərəkət edə bilər.

Sədr "MEE"yə müsahibəsində narahatlığını bildirib: "Bu, çətin məsələdir. Amma "Saraya əs-Salam" buraxılacaq. "Haşd əl-Şaabi"yə dair qanun var, amma gümanıma görə, İraq müxtəlif milis qruplarının nəzarəti altında qalacaq".

"Buna görə biz hökumətlə birgə buna güclü müqavimət göstərməliyik. Təhlükəsizliyə yalnız İraq ordusu cavabdeh olmalıdır".

O, "Haşdi"nin buraxılması və üzvlərinin fərdi qaydada orduya qatılmasına qarşı deyil.

Bəzi "Haşdi" liderləri İraq qüvvələrinin Suriyaya yollanması, İŞİD-in paytaxtı Raqqanın azad edilməsində iştirakı tərəfdarıdırlar. Hətta Səudiyyə qüvvələrinə müqavimət üçün Yəməndəki husi-şiə milislərə kömək məsələsini müzakirə edirlər.

Sədr buna qarşı çıxır, həm də Suriyada İŞİD hədəflərini vurmaq üçün ABŞ-ın təlimlərinə etiraz edir.

"Suriyada münaqişə güclənə bilər, – o deyir. – Biz Suriyada hava hücumları aparmaq barədə İbadinin qərarını eşitmişik. Bir çox "Haşd əl-Şaabi" liderləri Suriya və Yəməndə müdaxilə istəyindən danışırlar".

"Mən qorxuram ki, münaqişələr qonşu ölkələrdən İraqa sıçrayar. Biz başqalarının işlərinə müdaxuilə etməməliyik. Başqaları da işlərimizə müdaxilə etməməlidir".

Sədrin qorxusu İraqın Suriyaya müdaxiləsinə dair İrana yaxınlığı ilə tanınan "Haşdi"nin rəhbəri Əbu Muhəndisin bəyanatı və sabiq baş nazir Nuri əl-Malikinin də buna dəstək verməsindən irəli gəlir.

Mosulun azad edilməsindən sonra İraqın siyasi gələcəyinə dair Sədrin "İlkin təkliflər" adlandırdığı 29 bəndlik sənəd noyabrda hazırlanıb.

Sənədin əsas qayəsi məzhəb gərginliyinin aradan qaldırılmasıdır.

Sədr, İran və Amerika qüvvələri və məsləhətçiləri kimi, bütün xaric qoşunların İraqdan çıxarılmasını istəyir.

Sünni siyasətçilərə müraciət edən Sədr bu yaxınlarda İraqın sol və mütərəqqi partiyalarının dünyəvi liderləri ilə sıx əlaqələr qurub.

İraq Kommunist Partiyasının baş katibi Raid Fəhmi "MEE"yə deyib: "İranın şiələrindən fərqli olaraq, İraqın şiə liderləri dini dövlət modelini müdafiə etmirlər. 2015-ci ildən Sədr də vətəndaş dövləti çağırışları edir".

Fəhmi qeyd edib ki, hətta Əmmar əl-Hakim – Ali İslam Şurası şiə partiyasının rəhbəri Kommunist Partiyasının son qurultayına təbrik mesajı göndərib. Halbuki onun ayətullah atası bir neçə il əvvəl kommunizmə qarşı fətva verib.

Solçular Bağdadda, Təhrir Meydanında son nümayişə gənc sədrçilərlə bir yerdə çıxaraq əllərində eyni plakatlar daşıyıblar: "Vətəndaş dövləti və demokratiya uğrunda! Hakimiyyətin qənimət mübadiləsi sisteminə "yox" deyirik!"

Nümayişdə bu hayqırtılar da var idi: "Oğrular, oğrular! Onlar insanların pulunu oğurlayıblar".

 

Tərcümə: Strateq.az

 




Yuxarı Əvvələ Ana Səhifə