XƏBƏR LENTİ

27 Oktyabr 2020
26 Oktyabr 2020

Digər Xəbərlər

23 Mart 2017 - 09:00

İŞİD-in azərbaycanlı döyüşçüləri:yadlar arasında doğma, doğmalar arasında yadlar – Araşdırma

article-2506231-196432D700000578-533_634x353

 

İŞİD-ə BEYƏT ETMİŞ AZƏRBAYCANLILAR

 

İŞİD hər keçən gün tarixin girdabına gömülməyə daha çox yaxınlaşır. Geri sayım artıq başlayıb. Hərgah bir çox analitiklər İŞİD-in məğlubiyyətindən sonra belə, kiçik terror qruplarının açıq və gizli şəkildə bir müddət fəaliyyət göstərəcəyinə dair proqnozlar verirlər.

Bununla belə, acı aqibətdən qurtulmağa çalışan terrorçuların bir hissəsi artıq mənşə ölkələrinə qayıtmağa başlayıb.

Pentaqon və ABŞ-ın kəşfiyyat qurumları ilkin mərhələdə 120 dövlətdən təxminən 45-50 min nəfərin İŞİD sıralarına cəlb olunduğunu iddia edirlər.

Suriyada rəsmi Dəməşqlə birgə antiterror mübarizəsi aparan Rusiyanın güc strukturları da müəyyən təxminlər söyləyirlər. Məsələn, prezident Vladimir Putin 2017-ci ilin fevralında İŞİD sıralarında təxminən 9 min Rusiya və digər MDB ölkəsi vətəndaşının olduğunu bildirib.

Azərbaycan Respublikası Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) rəhbəri Mədət Quliyev isə bu saydan 900 nəfərin sırf Azərbaycana məxsus olduğunu açıqlayıb.

 

QAYIDIŞ DÖVRÜNDƏ DTX ƏMƏLİYYATLARI

 

DTX son iki ildə bir sıra əməliyyatlarla bağlı məlumatlarla İŞİD-çilərin Azərbaycana dönüşünə açıq işarələr verib.

2016-cı il oktyabrın 27-nə aid ilk məlumatda bildirilirdi ki, “Azərbaycan vətəndaşları F.Rüstəmov, A.Quliyev, A.Gülməmmədov və digərləri Azərbaycanda “Qafqaz camaatı” adlı silahlı qolun yaradılması, rəhbərinin seçilməsi, təşkilatlanaraq dini ekstremizm zəminində digər şəxslərin cinayətkar fəaliyyətə cəlb edilməsi məqsədi ilə sövdələşmələr aparıb, qanunsuz olaraq odlu silah və partlayıcı vasitələr əldə edərək, terror aktları və silahlı basqınlar törətməyə hazırlıq hərəkətləri görüblər”.

DTX-nın keçirdiyi əməliyyat nəticəsində A.Quliyev və F.Rüstəmov zərərsizləşdirilib, A.Gülməmmədov isə şübhəli şəxs qismində həbs olunub.

2016-cı il dekabrın 2-də başqa bir məlumat yayıldı: 2012-2015-ci illərdə Suriya və İraqda İŞİD sıralarında döyüşlərdə iştirak etmiş bir qrup şəxsin həbsi. Onlar arasında Suriya ərazisində “Mühacir Ənsar” üzvü (Zöhrab Məmmədov), İraqdakı “Muvahidd camaatı”nın təmsilçisi (İbad Muxtarov) ilə bərabər, “Azəri camaatı”na hərbi təlim vermiş Vladimir Marfin əsas fiqurlar idi.

Ötən ilin son ayında (3 dekabr) DTX 2007-ci ildə zərərsizləşdirilmiş “Əbu Cəfər” ləqəbli Naif əl-Bədəvinin rəhbərlik etdiyi terrorçu təşkilatın tərkibində fəaliyyət göstərdiyinə görə məhkum olunmuş, azadlığa çıxdıqdan sonra yenidən ölkə hüdudlarından kənarda döyüşmüş Azərbaycan vətəndaşı Emin Caminin zərərsizləşdirilməsi xəbərini ictimaiyyətə çatdırdı.

Bu il yanvarın 26-da DTX-nın keçirdiyi xüsusi əməliyyat zamanı Ceyhun Ocaqov zərərsizləşdirilib.

Yanvarın 31-də Bakıda terror aktları törətməyə hazırlaşan Azərbaycan vətəndaşları – “Abu Hafsa” ləqəbli M.Ulubəyov, “Abdulqərib” ləqəbli Q.Dəmirov, “Əbdülxalid” ləqəbli F.Sadıqov, T.Alməmmədov və “Abdullah” ləqəbli S.Məmmədovun tutulması elan olundu. Əməliyyatda 4 terrorçu məhv edilmiş, F.Sadıqov isə şübhəli şəxs qismində yaxalanmışdı.

Fevralın 2-də Qəbələdə Gülsurə Əliyeva, Mahir Musayev və Əfqan Aslanovun evlərindən ümumilikdə dini təyinatlı 92 ədəd kitab, 13 ədəd jurnal, 4 ədəd qeyd dəftəri, 51 ədəd CD və DVD disklər, 5 ədəd yaddaş kartı, eyni zamanda, 1 ədəd kustar üsulla hazırlanmış tüfəng, 12 ədəd patron və 1 ədəd bıçaq aşkar edilərək götürülməsi barədə xəbər yayılıb.

2017-ci il martın 10-da DTX-nın xüsusi əməliyyatı zamanı silahlı cinayətlərin hazırlanmasında şübhəli bilinən iki Azərbaycan vətəndaşı (Azər Hüseynov və Əli İslamov) zərərsizləşdirilib.

Bu əməliyyatdan bir neçə gün əvvəl – martın 3-də Bakıda “Terrorçuluğa, ekstremizmə və radikalizmə qarşı mübarizədə gənclərin rolu” mövzusunda konfrans keçirilib. DTX-nın rəisi, general-leytenant Mədət Quliyev təəssüf hissi ilə vurğulayıb ki, əksəriyyəti gənclər olan 900-dək Azərbaycan vətəndaşı Suriyada və İraqda fəaliyyət göstərən terrorçu təşkilatların sıralarına qoşulub. Onların çoxu döyüşlərdə öldürülüb.

Son iki il ərzində 84 nəfər Azərbaycana qayıtdıqdan sonra cinayət məsuliyyətinə cəlb olunub. Terrorçu təşkilatların tərkibində döyüşdüklərinə görə son bir ildə 54 nəfər Azərbaycan Respublikası vətəndaşlığından xaric edilib.

 

SOSİAL ŞƏBƏKƏLƏRDƏ “TERRORÇU YÜKLƏNMƏ”

 

Sələfi-təkfirçi əqidə sahibi olan azərbaycanlı terrorçulardan söz açarkən, 2004-cü ildə ifşa edilmiş “Qarabağ partizanları”ndan başlamaq gərəkdir. Bu, Çeçenistandakı hərbi əməliyyatlarda iştirak etmiş və sonradan “Dağlıq Qarabağda erməni qüvvələrinə qarşı cihad kampaniyası” məqsədi güdən qrup idi.

“Partizanlar”dan iki nəfərin – Rüstəm Əsgərov və Rövşən Bədəlovun azadlığa çıxdıqdan sonra Suriyada öldürüldüyü iddia olunur.

Ötənlərə nəzər salaraq, Suriya və İraqda döyüşən azərbaycanlı terrorçulara gəlincə, ilk məlumatlar 2014-cü ildən etibarən və başlıca olaraq sosial şəbəkələrdə görünməyə başladı. Xüsusilə ölkədə çox populyar olan “Facebook”da.

Yaxın Şərq Siyasəti üzrə Vaşinqton İnstitutu Azərbaycan mediası və sosial şəbəkə məlumatlarının monitorinqini həyata keçirib. Monitorinqin nəticələri əsasında hazırlanan hesabatda göstərilir ki, Suriya və İraqda azərbaycanlı döyüşçülərin mövcudluğunu xatırladan məlumatlar əsasən 2013-2014 və qismən 2015-ci ili əhatə edir: “2013-cü ilin əvvəlində Azərbaycanın muzdlu döyüşçülər Suriyada əsasən harizmatik lider Nicat Aşurovun (Əbu Yəhya əl-Azəri) başçılıq etdiyi “Ceyş əl-Muhacirin val-Ənsar” qrupunun tərkibində olub, Aşurovun ölümündən sonra (sentyabr, 2013-ci il) isə onlar İŞİD-ə qoşulublar.

“Twitter” hesabında təqdim edilən foto və video-çarxlardan azərbaycanlıların hətta qarışıq Türkiyə-Azərbaycan qruplarında, o cümlədən türk vətəndaşı Abuzər Şahinin rəhbərlik etdiyi “Cundullah”ın tərkibində olduğu da aydın olur”, – deyə hesabatda vurğulanır.

 

BİR QRUPDAN DİGƏRİNƏ KEÇİD

 

Başqa bir qarışıq türk-Azərbaycan qrupu 2014-cü ilin noyabrında İraqın Fəllucə şəhərində üzə çıxıb. Azərbaycana qayıtdıqdan sonra həbs edilən Elşən Qurbanov isə Əmir Xəttabın rəhbərlik etdiyi “Camaat əl-Xəttab”ın sıralarında olduğunu etiraf edib. Azərbaycanlı terrorçuların əsas hissəsinin çeçenlərdən ibarət “Camaat əl-Əbu Kamil” qrupuna daxil olması barədə məlumatlar var.

Azərbaycanlıların rəqib qruplaşmanın tərkibində bir-birinə qarşı döyüşdüyü də gizli deyil. Məsələn, 2014-cü ildə sumqayıtlı Fariz Abdullayev və Ruslan Əliyevin “Cəhbət əl-Nusra” ilə döyüşdə öldürüldüyü söylənilir.

2014-cü ilin noyabrında isə Həmzə Azəri və Ümeyr Azəri birləşmə komandiri Ömər al-Şişaniyə xəyanət etmə ittihamı ilə edam olunublar.

Çeşidli qruplarda bəzi terrorçuların mənşə ölkəsi mübahisə doğursa da, “Ceyş əl-Muhacirin” üzvü Əbu Məhəmməd əl-Colani kimi, sonradan əslən Azərbaycandan olmaları üzə çıxıb.

Başqa bir bədnam şöhrət sahibi sumqayıtlı Musab Əbdürrəhim Əbdülmaciddir. O, İŞİD-də “Musab əl-Azəri” adlı birləşmənin lideri olub. Əl-Azəri 2014-cü ilin martında YPG silahlıları ilə döyüşdə öldürülən 12 azərbaycanlı arasında idi.

 

İŞİD-ə DƏVƏT

 

Sosial şəbəkələrdə paylaşılan bir video-çarxda Məhəmməd əl-Azəri 50-dən çox döyüşçünün əhatəsində həmvətənlərinə “İslam Dövləti”nə köçməyə çağırış etməsindən sonra əsasən Türkiyə vasitəsilə Suriya və İraqa neçə-neçə azərbaycanlı yollanıb.

Radikal dindarlıqları ilə yanaşı, idmançı (əsasən güləşçi və ya boksçu) olan Azərbaycan əsilli döyüşçülər arasında müxtəlif bölgələrin təmsilçiləri var. Aşağı sosial təbəqələrin nümayəndələri (2014-cü ilin mayında öldürülən şuşalı Şirazi Kərimov və əslən ağdamlı Cavid Qasımov məcburi köçkünləri xatırlamaq yetərlidir) ilə bərabər, onların arasında, məsələn, Dövlət İqtisad Universitetinin məzunu olan və Suriyaya getməzdən əvvəl beynəlxalq neft şirkətində işləmiş sumqayıtlı Elməddin Quliyev kimilər də az deyildi.

Azərbaycanlıların hava nəqliyyatı və quru yollarla Türkiyədən Suriyaya keçmə cəhdləri heç də həmişə uğurlu olmayıb. Məsələn, Türkiyə sərhədçiləri bir dəfə 3, başqa bir halda 4 azərbaycanlının qanunsuz keçidinin qarşısını alıblar. Qrup şəklində (İŞİD döyüşçüsü Araz Paşayev və 3 ailə üzvü) keçid cəhdinin də qarşısına sədd çəkilib.

Bununla yanaşı, qadınların, yaxud döyüşçü ailəsi üzvlərinin ayrılıqda İŞİD-ə qoşulmasına dair məlumatlar var. Məsələn, Xaçmaz rayonundan olan Çiçək Bəybalayeva və Könül Hacıyevanın uşaqları ilə birgə Suriyaya getməsi kimi.

 

QAYIDIŞIN MÜƏMMALARI

 

Hazırda Mosul əməliyyatı tamamlanmaq üzrədir. Hələb ətrafındakı yaşayış məntəqələrinin azad edilməsi də davam edir. İŞİD-in son qalası Raqqaya yönəlik əməliyyatın tarixi tezliklə bəlli olacaq.

2015-ci ilin ikinci yarısından başlayaraq sosial şəbəkələrdə İŞİD-çi azərbaycanlılar barədə məlumatlar, demək olar ki, yoxdur. Ehtimala görə, onların əksər hissəsi artıq əməliyyatlarda məhv edilib. Digər hissə ya qonşu və uzaq ölkələrə mühacirət edib, ya da gizli şəkildə Azərbaycana dönmək hazırlığındadır.

Milli Məclis muzdlu döyüşçülüyə və terror aktlarında iştiraka görə cəzaların sərtləşdirilməsi ilə bağlı mövcud qanunvericiliyə əlavə və dəyişikliklər edib. Lakin görünən budur ki, bu sahədə əsas yük nə qanunvericilərin, nə də ədalət mühakiməsi təmsilçilərinin, daha çox DTX-nın və DİN-in üzərinə düşəcək.

 

Əziz Rzazadə

Strateq.az

 




Yuxarı Əvvələ Ana Səhifə