XƏBƏR LENTİ

25 Oktyabr 2020
24 Oktyabr 2020

Digər Xəbərlər

24 Mart 2017 - 09:00

Türk kəşfiyyatının məşhur veteranından maraqlı analiz:"Türkiyənin uğuru üçün müdafiə gücü və strategiyası necə olmalıdır?"

-ismail-haqqı-1

İsmayıl Haqqı Pekin

Baş Qərargahın Kəşfiyyat Departamentinin sabiq başçısı, təqaüddə olan general-leytenant

"Al-Jazeera"

 

Türkiyə çoxlu təhdidlərlə üzləşib və mənzərə gündən-günə daha da pisləşir. Hazırda və gələcəkdə baş vermə ehtimalı yüksək olan proseslərin – təhdidlərin qarşısı necə alınacaq, hansı tədbirlər görüləcək, başda Türk Silahlı Qüvvələri (TSQ) olmaqla, dövlət qurumları necə formalaşdırılacaq və ya onlar necə şəkillənməlidir? Mövcud təsisatlar, mövcud sistemlər, strategiyalar sözügedən təhlükələrin qarşısını almaq üçün kifayət qədərdirmi?

Bütün bunları müəyyən etmək üçün əvvəlcə bunu anlamaq lazımdır ki, Türkiyə gələcəkdə hansı vəziyyətlə qarşılaşa bilər. Bax bu, strateji uzaqgörənlik adlanır. Təbii ki, bunu edə bilmək üçün həm keçmiş, həm cari vəziyyəti, həm də gələcəyə istiqamətli kəşfiyyata çıxaraq, ola biləcək, ya da başvermə ehtimalı yüksək olan ssenarilər təyin edilməlidir.

Beləcə, ortaya qoyulan strateji uzaqgörənlik tələbinə söykənərək, alınması lazım olan qısa, orta və uzun müddətli tədbirləri müəyyənləşdirmək mümkündür. Hazırkı proseslər və əldə edilən kəşfiyyat məlumatları işığında bu strateji uzaqgörənliyin tezisləri təyin edilməli, bununla bağlı tədbirlər planı tutulmalıdır.

Bəs, Türkiyə üçün hansı strateji uzaqgörənlik lazımdır?

 

REGİONAL TƏHDİDLƏR VƏ MÜMKÜN SSENARİLƏR

 

Türkiyə həm daxildə, həm də xaricdə böyük təhdidlərlə çarpışır. PKK, FETÖ və s. terror təşkilatları ilə mübarizə aparır və bu mübarizə, görünür ki, gələcəkdə də davam edəcək.

Bundan əlavə, İraq və Suriyada davam edən İŞİD və digər təşkilatlarla mübarizəyə görə də bu terror təşkilatlarının Türkiyə daxilində hərəkət etmə və terror təşkilatları ilə əməkdaşlığa getmə ehtimalı yüksəkdir.

Suriyadakı vətəndaş müharibəsinin hələ xeyli müddət də davam edəcəyə gözlənilir. Sülh üçün razılaşmaya yetişmək, bölgənin təkrarən sabitliyə qovuşmasını təmin etmək qısa dövrdə mümkün görünmür. Ölkənin hansı quruluşa çevriləcəyi, ərazi bütövlüyünün necə təmin ediləcəyi kürdlər və ərəblər arasındakı qarşıdurmalar və bu qarşıdurmalar nəticəsində regional və qlobal aktyorların iştirakı ilə əldə olunacaq sazişlərlə müəyyən ediləcək.

İŞİD-lə qarşıdurmalar sona çatdıqdan və ya marjinal hala gəldikdən sonra qısa müddətdə dincliyin təmin edilməsi qeyri-mümkün görünür. Kürdlər həm Suriya, həm də İraqda öz muxtar təsisatlarını yaratmaq, müstəqilliyə gedəcək imkanları təmin etmək üçün ərəblərlə və onların təmsil etdiyi mərkəzi hökumətlərlə döyüşəcəklər.

İŞİD təhdidini aradan qaldırmaq üçün Mosul-Raqqa ilə bağlı İŞİD döşəməsini meydana gətirən ərəblərin başqa bir İŞİD yaratması mümkündür.

Digər tərəfdən, İraq və Suriya federasiya və ya konfederasiyaya çevrilə bilər. Kürdlərin tələbləri ərəblərlə kürdləri qarşı-qarşıya gətirə bilər. Təbii ki, bölgədə həmişə ərəb-kürd, şiə-sünni, sünni-şiə və təkfirçi sələflər arasında çəkişmə, qarşıdurma, hətta müharibə riski olacaq.

Bu məsələ ərəb ölkələri ilə kürdlər arasında da mübarizə, hətta müharibəyə səbəb ola bilər. Üstəlik, bu ehtimal ən azı ərəb ölkələri qədər Türkiyəni, Türkiyənin varlığını və təhlükəsizliyini də təhdid edir. Bu vəziyyət Türkiyənin istər-istəməz mövzunun içində, hətta göbəyində olmasını tələb edir.

Təbii ki, Türkiyənin xaricində İran, İsrail, ABŞ, Rusiya, İngiltərə, Almaniya, Fransa, hətta Səudiyyə Ərəbistanı, İraq da Suriyanın yeni quruluşu məsələsində tərəf olmağa və bunu istiqamətləndirməyə davam edəcəklər. Bu vəziyyət bölgədəki mübarizənin nə qədər kompleksli olduğuna və daha uzun müddət bu qarışıqlıq və inamsızlığın sürəcəyinə də işarə edir.

 

TÜRKİYƏNİN GÖRMƏLİ OLDUĞU TƏDBİRLƏR 

 

Türkiyənin mövcud digər problemlərini də nəzərə alsaq, görülməli tədbirlər və hazırlıqların ölçüsünün böyüklüyünü bilməliyik. Bu problemlərin öhdəsindən gəlməyimiz üçün hərbçi istifadəsindən tutmuş siyasətə, diplomatiyadan iqtisadi tədbirlərə qədər bir çox addımlar dövriyyəyə girir. Döyüşə hazır olmaq və lazım olduğu təqdirdə döyüşmək də bura daxildir.

Əvvəlcə Türkiyənin İran, İraq və Suriya ilə iqtisadi və müdafiə sahəsində əməkdaşlığı, ya da ittifaq bağlaması gərəkdir. Bu əməkdaşlığa müəyyən şəkildə Səudiyyə Ərəbistanı, Qətər, Körfəz ölkələri və Misir də qatılmalıdır. Belə bir ittifaqa Rusiyanın qatılması ilə regional və qlobal tarazlıqlar baxımından əhəmiyyətlidir. Təbii ki, nə ABŞ, nə də İsrail, İngiltərə, Almaniya və Fransa bölgədən kənarlaşdırılmalıdır. Körfəz ölkələrinin İran qorxusu, fələstinlilərin tələbləri ilə bağlı İsrailin təhlükəsizlik problemi diplomatik fəaliyyətlərdə nəzərə alınmalıdır.

Əlbəttə, kürdlərin tələbləri bölgə ölkələrinin mövcudluğuna təhdid təşkil etmədən necə qarşılanacaq, – buna da cavab axtarmaq məcburiyyətindəyik.

Türkiyə bölgədəki bütün dövlətlər və qruplarla (kürdlər də daxil olmaqla) müzakirə aparmalıdır. Buna siyasi, iqtisadi, müdafiə sahələrində və terrora qarşı əməkdaşlıq əlavə edilməli və lazım olduğu təqdirdə, onlara təhsil, material, avadanlıq dəstəyi təmin etməlidir. Bu dəstəyə strategiya, anlayış və doktrinanı inkişaf etdirmək də daxildir.

Bu hədəfləri reallaşdırmaq üçün bölgəni, ölkələri və demoqrafik quruluşu çox yaxşı tanıyan diplomat, hərbçi və strateqlər yetişdirmək, xüsusi təyinatlı qüvvələrimizi və Milli Kəşfiyyat Təşkilatımızı bu bölgələrin və burada yaşayanları daha dərin tədqiq etməli, habelə bölgəyə yönəlik ətraflı planlar hazırlanmalı və bunları davamlı tətbiq etmək gərəkdir.

Türkiyəyə lazım olduqda sülh gücünü, lazım olduğunda isə bölgədə döyüş və təcili müdaxilə gücünü təmin edəcək tutumda qurum lazımdır. Əlbəttə, daxildəki problemlərimizi həll etməli, yəni daxili cəbhəni güclü və möhkəm tutmalıyıq.

 

TÜRKİYƏNİN MÜDAFİƏ STRATEGİYASI NECƏ OLMALIDIR?

 

Türkiyənin bu mübarizədən uğurla çıxması üçün müdafiə gücü və strategiyası necə olmalıdır? Hansı imkan və qabiliyyətlərə sahiblənməlidir?

Təbii ki, bunları müəyyən etmək üçün mövcud təhdidlər, müharibə sahəsindəki güclərin imkan və qabiliyyətləri qədər döyüşün, müharibənin necə cərəyan edəcəyini, hansı üsulların istifadə ediləcəyini da çox yaxşı bilməliyik.

Bu baxımdan, əvvəl bölgədəki təhdidlərin, müharibənin necə olacağını, müharibə sahəsindəki və ölkənin maraqlarına istiqamətli təhdidlərin nələr olduğunu, potensial imkan və qabiliyyətləri ortaya qoymaq məcburiyyətindəyik.

Daha sonra da müdafiə sistemi, struktur və strategiya təyin edilməlidir. Bu vaxt ehtiyacımız olan imkan və qabiliyyətləri qazanmaq üçün keçən müddətdə zəifliklərimizi necə aradan qaldırmalı olduğumuzu, hansı tədbirləri görəcəyimizi bilməliyik.

Qısaca, belə yekunlaşdıraq:

– TSQ pilləli qüvvə quruluşuna sahib olmalıdır.

– Mövcud təhdidlər və təhdid bölgələri nəzərə alaraq çevik qüvvələr (təcili müdaxilə gücləri), onları möhkəmləndirəcək qüvvələr müəyyən edilməlidir.

– Təcili müdaxilə qüvvələri və möhkəmlətmə qüvvələri hər an müharibəyə hazır, peşəkar və hər şeyi ilə tam təşəkküllü birliklərdən ibarət olmalıdır.

– İkinci mərhələ gücləri 40-50%-lik daimi hazırlıq səviyyəsində olmalı, ehtiyac olarkən, bir həftə-on gün içində hərbə tam hazır hala gələ bilən, peşəkar və həqiqi hərbi xidmət edənlərdən ibarət qarışıq bir quruluşda olmalıdır.

– Üçüncü addım yalnız qərargahlar və kiçik qərargah heyəti, saxlanılan silah, maddi-material və təchizat olmalıdır. Bu qüvvələr 30 gündə hərbə hazır hala gətirilməli, əksərən təkrarən əsgərliyə çağırılacaq vətəndaşlardan ibarət olmalıdır.

– Xüsusi Təyinatlı Qüvvələr Komandanlığı və xüsusi birliklər (komandos və paraşüt birlikləri) gücləndirilməlidir.

– Xüsusi qüvvələr sülhyaratma üçün istifadə edilməlidir.

– Səfərbərlik üzrə bölgə strukturları yenidən təsis edilməli və ölkənin immunitet sistemi yenidən gücləndirilməlidir.

– Hərbi kəşfiyyat, xarici və daxili kəşfiyyat, siqnal kəşfiyyatı, peyk və görüntü kəşfiyyat təşkilatları yenidən qurulmalı və onların texnoloji imkanlarla təmin olunmalıdırlar.

– Kibermüdafiə komandanlığı qurulmalıdır.

– Elektron hərb qabiliyyətimiz yenilənməli və bütün silah sistemləri üçün inkişaf etdirilməlidir.

– Yüksək hündürlükdə və uzun mənzilli hava hücumundan müdafiə sistemlərinə sahib olmalıyıq.

– Uzun mənzilli ballistik raket sistemləri inkişaf etdirilməlidir.

– Nüvə texnologiyasına sahib olmalıyıq.

– Sualtı gəmilərdə qurudakı hədəflərə raket zərbəsi  endirə biləcək, uzun mənzilli raketlərə, donanmaya yüksək hündürlükdə və uzun mənzilli regional hava hücumundan müdafiə imkanının təmin edilməsi və hava qüvvələri təyyarələri və donanma gəmilərinin elektron qabiliyyətinə sahib olmalıyıq.

– TSQ-nin komandalıq quruluşu və qüvvələr arasındakı prioritetlər də buna uyğun olaraq müəyyən edilməlidir. Jandarma Komandanlığı və Sahil Təhlükəsizlik Komandanlığının bu quruluşla əlaqəsi çox yaxşı bir şəkildə müəyyən edilməlidir.

 

MÜDAFİƏNİ SƏRHƏDİN O TAYINDA BAŞLAMAQ

 

Müdafiə strategiyamızın necə olması da çox əhəmiyyətli məsələdir. Türkiyənin istər terrorla mübarizə, istərsə klassik döyüş, ya da bunların qarışığı olan döyüşdə müdafiə sərhədlərdən etibarən başlamasını demək, bu döyüşü, adı nə olursa-olsun vətən torpaqlarında qəbul etməsi mənası verir. Ölkənin müdafiə sərhədləri olduqca irəlidən başlamalıdır. Bu məqsədlə Türkiyənin təsir sahəsi və maraq sahəsi müəyyən edilməli və burada baş verən proseslər diqqətlə təqib olunmalıdır.

"Türkiyənin təsir sahəsi" dedikdə, buna Yaxın Şərq, Şərqi Aralıq dənizi, Kipr, Egey dənizi, Balkanlar, Şərqi Avropa, Qara dəniz, Qafqaz, Xəzər hövzəsi, Orta Asiya, İran, Bəsrə Körfəzi, Süveyş kanalı daxil olur. "Maraq sahəsi" dedikdə isə Ərəbistan yarımadası, Məğrib ölkələri, Avropa, Qərbi Avropa, Ukrayna, Rusiya, ABŞ, Çin və Afrika.

Təbii ki, Rusiya, ABŞ, Çin və Qərbi Avropa da (xüsusilə Almaniya, Fransa, İngiltərə) bu ölkələrin Türkiyəyə təsirləri baxımından təsir sahəmiz içində sayıla bilər.

Bu strategiyanın həyata keçirilməsində uğur – daşındırıcı təməl sistemlərə (nüvə texnologiyası, uzun mənzilli ballistik raket sistemi və s.), çox yaxşı diplomatiyaya, mümkün qədər hərbi sahə, habelə iqtisadiyyatımızı müdafiə edə bilmə və müdafiə sənayemizin iqtisadiyyatımızı dəstəkləmə imkanlarına bağlıdır.

 

Tərcümə: Strateq.az

 




Yuxarı Əvvələ Ana Səhifə