XƏBƏR LENTİ

29 Sentyabr 2020

Digər Xəbərlər

24 Mart 2017 - 15:28

Rusiyada vətəndaş müharibəsi başlayır? - Çeçenistanda alovlandırılan rus-müsəlman gərginliyi harayadək gedəcək? - TƏHLİL

çeçen

Çeçenistanda gərginlik yenidən artmağa başlayıb.

Strateq.az xəbər verir ki, bu gecə Çeçenistanda təhlükəsizlik qüvvələriylə partizanlar arasında atışma baş verib.  Atışma nəticəsində 6 rus əsgəri öldürülüb, 3-ü yaralanıb.

TASS xəbər agentliyinin məlumatına görə, insident Naurskaya bölgəsində baş verib. Sayı açıqlanmayan bir qrup çeçen silahlısı gecə ərtafı bürüyən çiskindən faydalanaraq rus hərbi birliyini ələ keçirmək istəyib. Qrupun son anda fərq edilməsiylə tərəflər arasında atışma yaşanıb.

Çeçen yaraqlılarından da ölənlər var. İlkin məlumata görə, onların da sayı 6 nəfərdir.

Qeyd edək ki, Rusiyanın Çeçenistan bölgəsi hər zaman ciddi qarşıdurma riskləri daşıyan ərazi kimi tanınır. SSRİ-nin dağılmasından sonra çeçen mücahidlərinin milli-azadlıq hərəkatına qalxması uzun illər Rusiyanın baş ağrısına çevrilib. Putinin hakimiyyətə gəlməsindən sonra bu gərginlik zorla yatırılsa da, sosial-iqtisadi vəziyyətin ağırlığı, Moskvaya bağlı Ramzan Kadırov hakimiyyətinin sərt idarəçilik metodu çeçen probleminin həllini nəinki sürətləndirməyib, əksinə, hər an partlaya biləcək barıt çəlləyi halına gətirib.

Moskvanın aqressiv siyasəti nəticəsində milli azadlıqlar məhdudlaşdırıldığından xarici ölkələrin, xüsusilə radikal islami cərəyanların təsiri altına düşən çeçen mücahidləri çarəni Suriya və İraqda yaradılan İŞİD-ə qoşulmaqda görsələr də, son zamanlar Yaxın Şərqin bütün dünyanın qəzəbinə məruz qalması onları öz vətənlərində mübarizələrini davam etdirmək məcburiyyəti qarşısında qoyub. Mümkündür ki, cəbhə xəttinin daha geniş coğrafiyalara yayılması zərurəti də məhz sözügedən özünüqoruma instinktindən doğur.

Rusiyanın öz daxilində başının qatılması, ölkədəki stabilliyin pozulması dünyaya ağalıq etmək istəyən güclərinin də maraqlarına uyğundur. Son zamanlar Qara dənizə hərbi qüvvələrini yerləşdirmək, bununla da Rusiyanın dünyaya çıxışını bağlamaq istəyən NATO dövlətləri də rəqibiylə öz içində savaşmağa üstünlük verirlər. Nədən ki, atom silahına malik olan və xarici düşmənlərini açıq şəkildə nüvə hücumlarıyla təhdid edən Moskvaya vurulacaq ən tutarlı zərbə öz daxili gücündən özünə qarşı istifadə etməkdir. Rusiya əhalisinin dini-etnik xarakteri də bu hibrid müharibəsinin tələblərinə tam cavab verir.

85 federal subyekti özündə birləşdirən ölkədə müsəlmanların sayı az deyil. Bəzi statistik məlumatlarda bu say 17, bəzilərində isə 20 milyon olaraq göstərilir. Keçmiş sovet respublikalarından da çox sayda insanın çörək dalınca bu ölkəyə getməsi və onların əksəriyyətinin qeydiyyata alınmaması rusiyalı müsəlmanların sayının daha çox ola biləcəyindən xəbər verir.

Ölkənin başlıca problemlərindən biri də getdikcə etnik rusların azalması, müsəlmanların isə artmasıdır. Rəsmi statistik məlumatlar da bu arqumenti təsdiqləyir.

Məlumatlara görə, SSRİ dağıldığı sıralarda – 1989-cu ildə Rusiyada 119 milyon etnik rus yaşayırdı. 2002-ci ildə isə bu say 115 milyona düşdü. Nəticədə ruslar 13 ildə əhalinin 81%-dən 79 faizinə gerilədi. 2013-cü il statistikasında isə bu nisbət 77%-ə yaxın oldu. Yəni növbəti 11 ildə də rusların sayında yenə 2% azalma qeydə alındı.

Birləşmiş Millətlər Təşkilatının təxminləri isə ruslar üçün daha qorxuncdur. Təxminlərə görə, hazırda Rusiyanın 140 milyon olan əhalisi 2050-ci ilə qədər üçdə bir nisbətində azalacaq və 95 milyona düşəcək. Ən çox azalan isə etnik mənşəcə ruslar olacaq. Çünki rusların arasında doğum nisbəti hər il azalarkən, federasiya içindəki müsəlmanlarda bunun tam əksinə proses baş verir. Bu minvalla önümüzdəki 40-50 il içində Rusiyada müsəlmanların çoxluğa çevrilməsi ehtimalı da var.

Müsəlmanlaşma qorxusu altında yaşayan Rusiyanın çeçen və digər müsəlman etniklərin dini cəhətdən fəallaşmasına səbrsiz yanaşmasının başlıca səbəblərindən biri də budur.

Bir tərəfdən Qərbin təzyiqləri, digər tərəfdən isə müsəlmanlaşma xofuyla nəfəs alan Rusiyanın Çeçenistanda yenidən alovlanan dini radikalizmə yumşaq davranacağını gözləmək çətindir. Amma məsələ burasındadır ki, yenidən aparılacağı gözlənilən represiya siyasətinin də müsbət nəticə verib-verməyəcəyi bilinmir. Çeçenistanda qızışan rus-müsəlman gərginliyinin ölkənin digər ərazilərinə sıçraması da mümkündür. Ölkənin sosial-iqtisadi vəziyyəti də ictimai narazılığı artırdığından, bu cür gərginliklərin yüksəlməsinə münbit şərait yaranır.

Rusiyaya qarşı yürüdülən hibrid müharibəsinin müxtəlif böyük şəhərlərdə terror hadisələrilə müşayiət olunacağı da istisna deyil. Bu isə əhali arasında etnik düşmənçiliyi artıra və vətəndaş qurşıdurmasını tətikləyə bilər. Rusiya kimi çoxmillətli və çoxdinli ölkələrin dağıdılmasının ən qısa yolu isə, təbii ki, budur.

Məsələyə bu aspektdən nəzər salanda dünən gecə Çeçenistanda baş verən və hər iki tərəfdən xeyli sayda insan itkisiylə nəticələnən insidentin təsadüfən törədilmədiyi aydın olur.

Heydər Oğuz

Strateq.az




Yuxarı Əvvələ Ana Səhifə