XƏBƏR LENTİ

28 Noyabr 2020
27 Noyabr 2020

Digər Xəbərlər

25 Mart 2017 - 09:11

Ziya Məmmədovun oğlunun əmlakına həbs qoyulub –«PAŞA Bank»dan götürdüyü krediti ödəməyib

Keçmiş nəqliyyat nazirinin oğlu Anar Məmmədov öz məğlub durumuyla barışıb.

Azadlıq Radiosu bu nəticəyə «Paşa Bank» ASC-nin iddiası üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin bu il yanvarın 9-da çıxardığı qərardaddan sonra gəlib.

Radionun məlumatına görə, sözügedən proses «Paşa Bank» ASC-nin keçmiş nəqliyyat nazirinin ailəsiylə mülk üstündə yeganə məhkəmə çəkişməsi deyil.

 

«Əmlaka həbs qoyulsun»

 

Məhkəmə qərardadında göstərilir ki, cavabdehlərin nümayəndəsi heç bir səbəb gətirmədən apellyasiya şikayətindən imtina edib. Məhkəmə qarşısına isə «Garant İnşaat Sənaye» MMC, «Garant Holding» MMC, «Azpod» MMC və Anar Ziya oğlu Məmmədov çıxarılıb.

Abşeron Rayon Məhkəməsi onlara məxsus bir neçə əmlaka («Bakı şəhəri, Nərimanov rayonu, 507-ci küçə, 2093-cü məhəllə»də yerləşən müəssisə (eyni zamanda əmlak kompleksi), «Nərimanov rayonu, İslam Abışov küçəsi, 5A» ünvanında yerləşən qeyri-yaşayış binası və Anar Məmmədovun mülkiyyətindəki «Nərimanov rayonu, Məmməd Araz küçəsi, 25V, giriş 5» ünvanında yerləşən 9 saylı qeyri-yaşayış sahəsi) həbs qoyub. Dekabrın 2-də verilən qərara görə, məhkəmə işi tamamlananadək həmin əmlakların bağışlanması, satılması, məhv və istismar edilməsi cavabdehlərə və digər şəxslərə qadağan edilib.

 

Anar Məmmədov geri çəkilmək tapşırığı verir

 

«PAŞA Bank» ASC cavabdehlər – «Garant İnşaat Sənaye» MMC-yə (əvvəlki «Azbentonit» sement və tikinti qatqıları zavodu), «Garant Holding» MMC-yə, «Azpod» MMC-yə və Anar Məmmədovun özünə qarşı qarşı iddia qaldırıb. Söhbət 1 milyon 141 min 203 manat 17 qəpikdən gedir. Bu, bankdan götürülən kredit, kredit faizləri və hesablanmış cərimənin toplam məbləğidir. Bank məhkəmədən borcun ipoteka predmetinə yönəldilməsinini də tələb edir.

Apellyasiya şikayəti verən «Garant İnşaat Sənaye» MMC banka olan borcu müqabilində 2 milyon 300 min manatdan yuxarı dəyərdə əmlak təminatı verdiyini göstərmişdi. Şikayətdə vurğulanmışdı ki, Abşeron Rayon Məhkəməsinin qərarında bu hal nəzərə alınmayıb və «qeyri-mütənasib olaraq, tərəflərin mülkiyyət hüquqlarının həyata keçirilməsi kobud şəkildə pozulub». Ancaq artıq diqqətinizə yetirildiyi kimi, Anar Məmmədov şikayətini geri götürüb.

 

Nazir getdi, məhkəmənin nə yerdə olduğu bilinmir

 

«Bakı şəhəri, Nərimanov rayonu, 507-ci küçə, 2093-cü məhəllə»də tikinti sektorunda da fəaliyyət göstərən «ZQAN Konstrakşn» MMC, «Məmməd Araz küçəsi, ev 25V» ünvanında isə keçmiş «Bank of Azerbaijan» ASC-nin 18 saylı filialı yerləşirdi.

Apelyasiya məhkəməsinin qərarından bir ay sonra Nəqliyyat Nazirliyi Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə birləşdirildi. Keçmiş nazir Ziya Məmmədovsa, hələlik, heç bir təyinat almayıb.

Maraqlıdır ki, «Paşa Bank» ASC eyni iddia tələbi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə də müraciət edib. Burada istəyinə nail olmayan bank oktyabrın 31-də Bakı Apellyasiya Məhkəməsində əmlakın üzərinə həbs qoydura bilib. Son nəticəsi barədə tərəflərin məlumat vermədiyi bu prosesdə bankın borcluları «Garant Holding» MMC, «Zqan Holdings Limited» şirkəti (Birləşmiş Ərəb Əmirlikləri), «Azpod» MMC və «Ameritex LLC» MMC olub.

Bu işlə bağlı məhkəmə çəkişməsinin nə yerdə olduğu barədə hələ bilgi yoxdur.

 

Şirkətin adı şübhəli lobbi işində

 

Hər iki məhkəmə prosesində adı çəkilən «Azpod» şirkətinin 4 il öncə bir qrup ABŞ konqresmeninin Bakıya səfərinin təşkilinə qatıldığı iddia olunurdu.

Turan İnformasiya Agentliyi 2014-cü ilin yanvarında Vaşinqtondakı rəsmi mənbələrə istinadən yazırdı ki, «Humpty Dumpty Institute» qrupu və «Azpod» MMC noyabrda konqresmenlərin səfərinə 40 min dollara yaxın pul xərcləyiblər. Həmin illərdə Anar Məmmədovun təsisçisi olduğu Azərbaycan Amerika Alyansı ABŞ-da lobbiçiliklə məşğul idi. 2015-ci ilin yayında – Azərbaycanda iqtisadi böhranın dərinləşdiyi və neft pullarının azaldığı bir zamanda təşkilat fəaliyyətini dayandırdığını elan etmişdi.

Azadliqradiosu.az




Yuxarı Əvvələ Ana Səhifə