XƏBƏR LENTİ

28 Noyabr 2020
27 Noyabr 2020

Digər Xəbərlər

29 Mart 2017 - 11:12

Əjdər Əsədov 1987-ci ildə itirilən torpaqlardan danışdı:“Şamil Rəsizadəni ona görə döydülər ki...”-VİDEO

Əjdər Əsədov: “Stepanakerti də Çardaxlı kimi rahatca həll eləmək olardı”

Əjdər Əsədovla müsahibə almaq üçün Yasin bəy aradı məni. Tanımırdım. Heç Əjdər müəllimi də tanımırdım. Yasin bəy Əjdər Əsədovun 1983-1987-ci illərdə Şamxor (Şəmkir) Rayon Partiya Komitəsinin I katibi işlədiyini, bir çox önəmli fəaliyyətlər göstərdiyini dedi. “Qaynar Qazan”da onu qonaq edib-edə bilməyəcəyimlə maraqlandı və vaxt təyin edib görüşəsi olduq. Açığı, bir az da həvəssiz idim. Heç birini tanımırdım. Mövzunun nə olacağını bilmirdim. Keçmiş bir partiya işçisi nə danışa bilərdi axı.

Görüş yerində və görüş əsnasında Əjdər Əsədovla yaxından tanış olduq. Mənim müəyyən səbəblərdən Şamxorun keçmiş rəhbərlərindən tanıdığım adamlar olub. Ona görə də ortaq mövzularımız yarandı və Əjdər müəllimlə söhbət etdikcə, bu adamın dediklərinin bir an öncə çəkilib millətə təqdim olunmasına qərar verdim. Hətta birbaşa çəkilişə belə gələ bilərdim, əvvəlcədən mövzunu bilsəydim.

Əjdər Əsədov sovet dövrünün nümunəvi kadrıdır. O səliqə, o səhman, o dəqiqlik, o sadəlik və təvazökarlıq hər addımında hiss olunur. Danışığından geyiminə qədər öz dövrünün adamıdır. Son dərəcə dəqiq və ətraflı danışığı onun təcrübəsindən qaynaqlanır. Gördüyü işlər və danışdığı hadisələr çox maraqlıdır. Birbaşa tariximizi maraqlandıran və taleyimizə təsir edən işlərdən danışır Əjdər müəllim.

Yadıma gəlir. Hələ lap uşaqlıqdan bizim ellərdə Şamxorun Çardaxlı kəndinin ermənilərin “Böyük Ermənistan” xəstəliyində oynadığı rolundan bəhs edilən əfsanələr danışılardı. Təxminən hamı bu əfsanələri az qala əzbərləmişdi. Hamı Çardaxlı kəndinin “Böyük Ermənistan”ın paytaxtı olacağından, ermənilərin fəaliyyətə buradan başlayacağından danışırdı. Kəndin altının silah bazaları ilə dolu olduğu qorxulu nağıllarda olduğu kimi təsvir edilirdi. Bu kənddən Baqramyan və Babacanyan kimi erməni marşallarının çıxması, bir kəndin yüzlərlə general, polkovnik və digər zabit yetişdirməsi bu kəndi daha əsrarəngiz edirdi. Çardaxlıya haradasa kənd kimi yox, şəhər, önəmli strateji mərkəz kimi baxırdılar. Mən uşaq idim, amma atamın və başqa duyarlı insanların söhbətlərindən eşidirdim ki, ermənilər bu kəndə həyati əhəmiyyət verirlər.

Budur, Əjdər Əsədov bizim nağıl kimi eşitdiklərimizi indi bizə real danışır. Çardaxlı onun raykom katibliyinin dövrünə düşüb. Ermənilərin iç üzünü o görüb. Bir də baxıb ki, kənddə dövlət telefonu var və kəndin separatçıları dünyanın hər yeri ilə əlaqə saxlayırlar. Hətta katibəsi də erməni olan Birinci katib bir də baxır ki, illər əvvəldən onun kabinetinə dinləmə qurğuları quraşdırılıbmış. Ermənilər Çardaxlını əməlli-başlı mərkəz bilirlərmiş və bütün hücum oradan başlayacaqmış. Çardaxlının önəmi oradan da aydın görünür ki, buranın sovxoz sədri də, ikinci kilsəsinin keşişi də erməni katalikosu Vazgenin bacısı uşaqları olub. Diqqət o həddə olub yəni. Ayrıca, buranın ermənilərini qorumaq üçün onlara Yerevanda da vəzifə verirlərmiş. Burada onları ilişdirmək istəyəndə Yerevan onlara sahib çıxırmış.

O illərdə Çardaxlıda 3 böyük hadisə olub. 1987-ci ilin 24 aprelində ermənilər qondarma “soyqırımı” ilə bağlı tədbir keçirməyi planlaşdırıblar. Həmin ilin avqustun 25-də qulaqsız Andranikin, dekabrın 1-də isə Baqramyanın 90 illik yubileyinin keçirilməsini nəzərdə tutublar. Məlumatlar olub ki, bu hadisələri bəhanə edən ermənilər, hər 3 hadisədən də Azərbaycanın əleyhinə istifadə edəcəklər və dekabrın 1-dəki tədbirlə isə fəaliyyətə başlayacaqlar. Əjdər Əsədov və o zaman Şamxorun milis rəisi olan Hüseyn Allahyarovun səyləri nəticəsində bu 3 tədbirdən heç biri baş tutmur. Bütün həyatlarını riskə qoyaraq bu tədbirlərin qarşılarını alırlar.

24 apreldə yolu kəsirlər, 25 avqustda maneə törədirlər, 1 dekabrdan bir gün əvvəl isə Çardaxlıya girib kəndi şumlayırlar. Bununla da ermənilərin dirənişi qırılır və Çardaxlı mifi darmadağın olur. Ermənilər artıq Çardaxlıdan başlaya bilməyəcəyini aydın dərk etdiklərinə görə, başqa bir yumşaq nahiyəyə – Stepanakertə (Xankəndinə) üz tuturlar. Və… başlayır…

Əjdər Əsədov bu tarixi xidmətləri demək olar ki, təkbaşına edir. Mərkəz – Kamran Bağırov başda olmaqla ermənilərə sanki əsir düşüb. Bir-birinin ardınca xəbərdarlıqlar gəlir, “ermənilərlə işin olmasın” deyirlər, amma Əjdər Əsədov heç nəyə baxmadan işinin başında olur. Çardaxlı yarasını da topla-tüfənglə yox, cəsur bir milis rəisinin köməkliyi ilə yalın əllə həll edir. Silahı da yığırlar – armaturlarla, vəssalam. Bax, Stepanakert də beləcə – armaturla həll olunacaq problem idi. Namuslu və fədakar başçılar olsaydı, bu millətin indi erməni problemi olmazdı.

Əjdər Əsədovun müsahibəsini “Azadlıq Salnaməsi”ndə götürdük. Tam “Azadlıq Salnaməsi”dir. Onun etdikləri dediyi kimidirsə və bu boyda ölkənin bu boyda problemini həqiqətən də dedikləri kimi həll ediblərsə, həm Əjdər Əsədova, həm də Hüseyn Allahyarova bu ölkənin ən yüksək mükafatları da təqdim olunsa azdır. Adamlar Milli Qəhrəmandırlar. Belə də bilinə…

Əsas isə odur ki, özünüz baxasınız, əziz tamaşaçılar. Bir daha bu müsahibənin fonunda sübut olunur ki, hər kəs öhdəsinə düşəni etsəydi, indi bu ölkənin heç bir problemi yox idi.

“Azadlıq Salaməsi”ndə Şamxor rayonunun 1983-1987-ci illərdə Rayon Partiya Komitəsinin I katibi işləyən, Andranikin yubileyinin, Baqramyanın 90 illiyinin qarşısını alan, 24 aprel saxta erməni "soyqırımı"nı keçirməyə qoymayan, məşhur "Çardaxlı əməliyyatı"nı keçirən Əjdər Əsədovun müsahibəsinin I hissəsidir. Çox maraqlı müsahibədir… Buyurun…

Əvəz Zeynallı, “Azadlıq Salnaməsi”

 

I hissəni buradan oxuya bilərsiniz:

http://strateq.az/manshet/153882/sabiq-raykom-katibind%C9%99n-sensasion-aciqlamalar.html (Sabiq raykom katibindən sensasion açıqlamalar:“Hücum Çardaxlıdan başlamalı idi, Stepanakertdən yox”-VİDEO)

 

II hissəni buradan oxuya bilərsiniz:

http://strateq.az/manshet/154280/kecmis-raykom-katibind%C9%99n-sok-aciqlamalar.html (Keçmiş raykom katibindən şok açıqlamalar:“Çardaxlını yumruq və armaturla ermənilərdən təmizlədik”-VİDEO)

 

III – sonuncu hissə

 

Kamran Bağırov çox qorxaq adam idi

 

– Kamran Bağırov da Heydər Əliyevin adamı deyildimi?

– Axır vaxtlar, deyəsən deyilmiş də… Mən elə hiss eləyirdim. Çünki rusların işində Kamran Bağırov mənə demişdi ki, “onlara kömək elə, ruslara kömək elə.” Mənim bu, xoşuma gəlmədi. İndi Allah rəhmət eləsin, ölübdür. Amma mən ona elə o vaxt demişdim ki, “Sənə də çörəyi Heydər Əliyev verib, mənə də çörəyi Heydər Əliyev verib, ayıb deyil? Mən kimin əleyhinə ruslara kömək eləyim? Heydər Əliyevin əleyhinə?” Mənə dedi ki, “ты был глупым и остался глупым.” Dedim, «Я не когда не был глупым и не остался глупым». Dedi ki, «Если они тебя арестуют, я не буду вмешыватся». Dedim, məni niyə həbs edirlər? Mən nə eləmişəm ki, məni həbs eləsinlər? O nəzəriyyədən səni də tutmalıdırlar. Dedim, “bu məsələyə heç Heydər Əliyevin də dəxli yoxdur. Çünki o vaxt o heç burada işləməyib. O dövrlərdə sən burada işləmisən də. Sənə nə düşüb ki, özünü qırağa çəkirsən?” Dedi, “ты такой нахальный…” Dedim, “Я не нахальный, я правду говорю.” Kamran Bağırov çox qorxaq adam idi, əşşi…

– Bu hadisələrdə bircə Əlisahib Orucov sizi müdafiə eləyib?

– Hə. Demək məni çıxarıblar, iki gün sonra – dekabrın təxminən 30-da Mərkəzi Komitənin Plenumu keçirilir. Plenum qurtarmaq üzrə idi, Mərkəzi Komitənin işçiləri, instruktorları məni çevrəyə, mühasirəyə alıblar. (Gülür…) Sağa baxıram, MK-nın işçisi, sola baxıram MK-nın işçisi. İndi məni gülmək tutub. Soruşuram ki, nə olub? Deyirlər ki, iclasdan sonra sən heç yerə getmə… Dedim, “a bədbəxt uşağı, siz məni neçə ildir tanıyırsınız? 20-25 ildir mən bu çevrədəyəm də, sizi mən heç adam yerinə qoymamışam. İndi hara qaçacam mən? Kamran Bağırovdan qorxub qaçıram? Mən heç Qorbaçovdan qorxub qaçmamışam. İndi kimdən qorxub qaçacam? Gedin, işinizlə məşğul olun.” İclas qurtardı, hamını zaldan çıxardılar ki, qoyun hamı çıxsın. Məni saldılar araya, arxada böyük bir zal var idi, ora apardılar. Orada büronun qapalı iclasları keçirilirdi. Hərbçilər də orada oturublar, büro üzvləridir. İndi bunlar mənimlə müzakirə aparırlar ki, niyə mən erməni Yegiyanı işdən çıxarmışam, niyə erməniləri incitmişəm. Nəsə, işdən çıxarıblar, indi yenə təzədən müzakirə edirlər. Niyə çıxarmışam? Düz eləməmişəm-filan. Kamran Bağırov mənə qayıtdı ki, “sən deyərsən, kimdir günahkar?” Dedim, «Виноват Вазген Каталикос. Виноват Демирчиян. В первую очеред виноват Горбaчов. Виноваты вы”. Dedi ki, “Товарищи, вы видите уровен первого секретаря?” Dedim, “Мой уровен на месте и первый виноватый сам Горбaчов”.

 

Baqramyanın adyutantı büroda general kimi oturmuşdu

– Bütün bunlar büronun qapalı iclasında səslənir?

– Bəli. Qapalı iclasdır. 60-70 nəfər də iştirak edir. Mərkəzi Komitənin üzvləri və dövlət adamları. Bu Əlisahib Orucovun da boğazı bağlı idi, “qlanda”sından əməliyyat elətdirmişdi. Orada hərbi generallar da var idi. Fuad Musayev durub dedi ki, “əşşi, əsas problemi qoymusunuz qırağa, bu adamı müzakirə edirsiniz. Yegiyan öz kefində, dağıdıb, söküb. Düşmüsünüz birinci katibin üstünə. Heç fikirləşmirsiniz ki, bu adamı necə işlə təmin edəcəksiniz? Bunun evi yox, eşiyi yox. Heç nəyi yox”. Kamran Bağırov əlini havada yellədi ki, “Это потом!” Hərbçilər qayıtdılar ki, “niyə Yegiyana qarşı elə münasibət olub?” Əlisahib Orucov da dedi ki, “Mən istintaqda işləmişəm. Mən hakim işləmişəm və s. İndi də Ədliyyə naziriyəm. Bu işi verin mənə, mən təzədən bu işin istintaqını aparım. O Yegiyana güllələnmə düşür. Sizsə durub, burada ona etimad göstərirsiniz. İttiham edirsiniz ki, niyə onu partiyadan çıxarıb”. Onda general qayıtdı ki, “Зачем сажать.” Dedim, “Теперь мне понятно господин генерал, зачем вы проигрываете войну в Афганистане”. Əfqanıstanda sizin adamlar silahı düşmənlərə satırlar. Əfqanlara “duşman” deyirdilər də… “Вашы солдаты продают оружие душманам, а вы здесь занимаетесь сельхозяйством. Вы же являeтесь первым адютантом Баграмяна. А теперь защишаете его земляков, его родственников”. Belə qaldı. Mən bütün bunlar haqqında məlumatlı idim. Əlisahib Orucov dedi ki, “bu məsələni bu cür şəraitdə araşdırmaq olmaz axı. O işi verin mənə, mən o işi aparım. Orada 100 nəfər də əlavə tutulsun. Hamısı bu hökuməti dağıdıblar. İndi də düşübsünüz birinci katibin üstünə. Birinci katib nə edib ki? Düz hərəkət edib də”.

– Aşotun axırı nə oldu?

– Aşot mənə dedi də. Ki, dünənki gündən bizim yox, Ermənistan KQB-sinin milli məsələlər üzrə idarəsinin rəisi təyin olunub. Özü də Xanlardan idi.

– O dövrlərdə Azərbaycan rayonlarından torpaqlar paylayırdılar ermənilərə…

– Bəli.

– Qazaxda da bir torpaqvermə hadisəsi olmuşdu.

– Olmuşdu.

– Şamil Rəsizadə iləmi baş vermişdi o hadisə?

– Şamil Rəsizadə yazıq, onların tələsinə düşdü. Qazaxda Kəmərli kəndi var. Kəmərli kəndinin qəbiristanlığı arasında ermənilərlə bizim torpaq davamız var idi. O torpaq mübahisəsini müzakirə etmək üçün erməni tərəfindən nümayəndə gəlmişdi, Azərbaycan tərəfindən də Şamil Rəsizadə Nazirlər Kabinetinin müavini idi. Kənd təsərrüfatı üzrə…

– Artur Rəsizadənin qohumu idi?

– Artur Rəsizadənin əmisi oğlu idi. Bunlar Hüseyn Cavidin qardaşı uşaqlarıdırlar. Şamil Rəsizadə kənd təsərrüfatı sahəsini çox gözəl bilirdi. O, çox güclü və savadlı adam idi. Kənd təsərrüfatını yaxşı bilirdi. Məndən əvvəl katib işləmiş Məmməd (Qasanoviç) Əsgərov var idi. Onlar kənd təsərrüfatı sahəsini çox güclü bilən adamlar idilər.

– Birini qoyub, digərinə keçirəm. Məmməd Əsgərovdan sonra gələn Hidayət Vəliyevin də vaxtında ermənilər işləyib də… Belə çıxır.

– İşləyirdilər. A kişi, bir şey ki, 5 telefondan birini özlərinə götürüb, bütün dünya ilə danışıblar. Məmməd Əsgərovun özünün erməni köməkçisi var idi. O, burada Nazirlikdə olandan ermənilərə işləmişdi. Ermənilər Şamxorda çox idilər. Əksəriyyətinin də arvadı erməni idi.

– İndi siz də dediniz ki, katibənizin anası erməni idi.

– Hamısının, əksəriyyətinin anası erməni idi. Mənim katibəmin anası erməni idi. Mən dedim ki, “səni mən çıxaracam”. Mən gedəndə gözəl, hündürboylu, qəşəng bir qadın var idi – Babacanyan. Şamxorda Çörək Zavodunun direktoru idi.

 

Həsən Həsənov erməni qadının III katib olmasını istəyirdi

 

– Üzr istəyirəm. Çox maraqlı bir şeydir. Çörək Zavodlarının çoxunun direktoru erməni qadınları olub. Bakıda da ən böyük çörək zavodlarının direktoru ermənilər idi.

– Bəli. İndi bu Babacanyanı mənə III katib gətirmək istəyirlər. Təzə gəlmişəm, seçilirəm. Gözəl qadın idi, özünün də naz-qəmzəsi otağa sığmırdı. Həsən Həsənov bunu katib seçmək üçün gətirmişdi. Mən deyirəm ki, bu arvad kimdir? Həsən Həsənov deyir ki, arvad deyil. Dedim, nədir bəs, qızdır, gəlindir, kimdir? Dedim, yaxşı, dama. Dedi ki, hə, dama demək olar. Dedi ki, bu, sənin III katibin olacaq. Dedim, Həsən Həsənoviç, başa düşmədim. Bir də dedi ki, bu, III katib seçiləcək. Dedim, heç cür ola bilməz, mümkün olan şey deyil. III katib də Məmmədov Sabir adlı oğlan idi. Dedim, ona nə olub ki, işləyir də. Dedi, yox, bu olacaq. Dedim, “Həsən Həsənoviç, sən yaxşı bilirsən ki, mən Şamxora gəlmək istəmirdim. Kamran Bağırov da bunu bilir. Tüpürərəm hər şeyə. Bəyəm mən bura gəlmişəm ermənini katib seçməyə? Sonra desinlər ki, Əsədov gəldi ermənini katib seçdi. Özü də qadın xeylağı. Heç ola bilməz”.

– Sizin işlədiyiniz dönəmdə heç erməni katibiniz olmadı?

– Yox.

– Amma əvvəl var idi?

– Hə, mən gələn kimi çıxardım. Gələn kimi ona etiraz elədim. Dedim, seçilmirəm. Mən gördüm ki, nə desəm, bunlar razılaşırlar. Bircə katibliyə razılaşım, seçilim deyə…

– Əjdər müəllim, o zaman nə yaxşı o cür mühitdə 4-5 il işlədiniz? Danışırsınız, adama qəribə gəlir.

– Çünki 5 il (1983-87-ci illər) niyə? Rusların hesabına…

– Moskvadan gələn rusların, komissiyanın hesabına?

– O komissiya orada işləyir. Bunlar da heç Şamxora zəng eləmirlər. Dostlarım, yoldaşlarım heç Şamxora gəlmirdilər qorxularından ki, burada 500-600 rus var, bunları izləyərlər, şəkilini çəkərlər, bunları tutarlar.

– Deməli, aradakı qazanc Çardaxlı əməliyyatı oldu da?

– Hə, “Çardaxlı əməliyyatı oldu”.

– O məsələni həll eləyə bildiniz.

– Yox, tək o yox, rusların da qabağını mən kəsdim. O boyda zırıltı yoxlamalardan sonra 41 adam həbs olundu. Onlar da müvəqqəti tutuldular, şərti cəza aldılar. Sonradan da onları buraxdılar.

 

Özbəkistan hadisəsini burada təkrar edəcəkdilər…

– Yəni istədiklərini də orada edə bilmirdilər də… Məsələn, Özbəkistan hadisəsini burada eləyə bilmədilər.

– Eləyə bilmədilər. Qoymadım mən. Mən onları çağırırdım, üzlərinə dirənirdim ki, “siz kimsiniz? Sən kimsən ki, gedib üzüm bağını gəzirsən. Sən kimsən ki, gedib pambıq zəmilərinə girirsən? Müstəntiqsən, get müstəntiqliyini elə”. Onların özündən teleqrammalar vurdururdum. Camaatın adından Moskvaya teleqramlar vurdururdum. Çox böyük iş idi bu. Bir gün xəbər çıxdı, Luzkov briqadirlərə, mühasiblərə tapşırıb ki, kim gətirib 500 manat, 1000 manat pul verib, zərəri ödəsə, ona nə iş kəsiləcək, nə də ona toxunulacaqdır. Birinci pulu da Gəncədə türmədə rəis işləyən bir nəfər şamxorlu verib qardaşına, aqronom idi, o gətirib 10 min manat verib. Bunu mən eşitdim. Büronu çağırdım. Əldə eləmişdim, artıq siyahı məndə var idi. O vaxt həmin briqadirlərin, aqronomların hamısını işdən çıxardım. Yerlərinə də adam qoydurdum. Dedim, “sizin hamınızı tutduracam”. Bunlar cumdular Luzkovun üstünə ki, “sən bizi aldadırsan. Sən dedin ki, pulunuzu verin, sizinlə işimiz olmasın. Amma Əsədov bizi işdən çıxardı”. Luzkov yanıma gəldi, dedi ki, “Зачем вы так делаете?” – “Bizim işimizi sən pozursan, mən yuxarı xəbər verəcəm.” Dedim, “Ə, tы каждый день сообшаещ да… Ты что меня пугаешь? Думаеш я ничего не знаю? Иди, куда хочешь сообщай. Раз он виноват, не должен работать.” Bunların hamısını işdən çıxarandan sonra pul yığmaq məsələsini dayandırdılar. Bunlara da o lazım idi ki, əllərində pul olsun və “sübut” eləsinlər ki, baxın burada yeyinti, pozuntu, dağıntı olub. Guya yedikləri pulu indi də ödəməyə başlayıblar. Oğurladıqları pulu ödəyirlər. Mən dirənəndən sonra Luzkov mənimlə lap düşmən oldu. O türmənin də rəisini burada yoldaşlara zəng vurub dedim, işdən çıxardılar.

– O iş bitdi, qurtardı da?..

– Bəli, bəli. Cəmisi 41 nəfər tutuldu. Nə qədər adam tutulmuşdusa, sonra da buraxırdılar. Qalanları da qaçırdırdım. Məsələn, sizin kimi hörmətli bir şamxorlunun qardaşı orada pambıq məntəqəsinin müdiri işləmişdi. Mən bilirdim ki, onu bu gün-sabah tutacaqlar. Mənim çox geniş məlumatım var idi. Hüseyn Allahyarov mənə çox kömək edirdi. O, çox savadlı milis işçisi idi. Bu, mənimlə görüşməyə gəldi. Furman adlı oğlan idi. Deyəsən, Nəbi Xəzrinin kürəkəni idi. Dost idik. Yaxşı oğlan idi, tərbiyəli. Rəhmətlik öldü. Gəldi, kabinetdə mənimlə görüşdü. Dedim, “Furman, axşam nə qədər istəyirsən oturaq, yeyək-içək söhbət edək, amma indi dur get evinizə. Qardaşını da götür, get Tovuzda söhbət elə. Hər saniyə sənin qardaşını tutmağa gələcəklər. Özü də sənə görə ki, səni ləkələsinlər. Sən də “KQB”-nin müavini Bahadır Hüseynovun kürəkənisən. Səndən də o kişini ləkələmək üçün istifadə edəcəklər. Deyəcəklər ki, qohumu oğrudur. Qardaşını götür, daha març-murç öpüş olmasın, get Tovuzda söhbət elə. Bir saniyə içində sənin qardaşını tutacaqlar”. Dedim, “maşının yoxdursa, dur mənim maşınımla get”. Bu gedir çatır evə, çatan kimi də qardaşına deyir ki, “min maşına”. Amma əvvəlcədən də dedim ki, qardaşının dalınca gələn olsa, bir yolla sənə xəbər versinlər. Bu deyir ki, “Tovuza filan yerə gedirəm”. Bunlar gedəndən 5 dəqiqə sonra ruslar milislə-filan bunun ardınca gəlirlər. Onu da demişdim ki, “kim qaçsa, narahat olmasın, tutulmayacaq”. Bircə qaçın, qurtarın, arxiv materiallarını yandırın. Bütün materialları mən arxivə verdirmişdim. Arxivə son iki-üç ilin materialları verilməlidir də… Bütün materilların hamısını verdirdim arxivə, dedim ki, arxivi də yandırın. Mən onların əllərinə material keçməyə qoymurdum. Mən orada o qədər tədbirlər keçirirdim, elə-belə keçirmirdim.

 

Şamil Rəsizadəni “barev, axber” dediyinə görə döydülər

 

– Kəmərlidə qalmışdıq. O zaman Şamil Rəsizadə niyə döymüşdü camaat?

– Həmin yerə ermənilər də gəlmişdi, azərbaycanlılar da…

– Qarşıdurma olmuşdu, deyəsən orada.

– Görüşməyə və məsələni həll eləməyə, müzakirə eləməyə gəlmişdilər. Rəsizadə maşından düşüb, gələnlərə ermənicə deyib ki, “barev, axber”. Bizimkilər elə bilib ki, bu ermənidir. “Ə, erməni köpəkoğlu, sən bura gəlmisən?”,- deyib başlayıblar bunu döyməyə. Bu qaçıb maşına minib. Maşını-zadı da aşırıblar. Yazığı o qədər döymüşdülər, ölümcül halda. Mənə Tovuzun katibi zəng elədi ki, Rəsizadə deyir ki, “Əjdəri çağır, Əjdəri çağır”. Durdum, gəldim ki, yazıq pis vəziyyətdədir. Ağır vəziyyətdədir. Kostyumu, pal-paltarı tökülür. Təzədən orada Aslan Süleymanov var idi, katib, ona dedim ki, “ə, utanmırsan, ölmürsən, adını katib qoymusan. Nazirlər Soverinin müvinini vermisən qabağa, camaatın gözünün qabağında döyürlər. Hələ sən də hırıldayıb gülürsən?” Ona Kamran Bağırov dəyib toxunmadı. Rəsizadə yazığı işdən çıxardılar. Onu həm erməni bilib döydülər, həm də işdən çıxardılar. Nazirlər Sovetinin müavinliyi vəzifəsindən çıxardılar.

– Onda Qazaxın katibi Aşurov idi?

– Qazaxda başçı Süleymanov Aslan idi, sonra onu dəyişdilər Aşurov yerinə gəldi. Aşurov ermənicə təmiz bilirdi.

– Aşurov Xanlarda da işlədi.

– Bəli, Xanlarda da işlədi. Üzümçülük Kombinatının sədri idi. Aşurov elə-belə adam deyildi.

– Əjdər müəllim, o dövrdə bütün rayonların rayon komitəsinin katibləri var idi. Onlar erməni məsələsinin nə qədər ciddi olduğunu bilirdilərmi?

– İnanın ki, heç dərk eləmirdilər. Bax, vallah dərk eləmirdilər. İndi mən sizə deyim. Mənim qonşu rayonların katibləri ilə hər gün bir yerdə çörək yeyirdik. Mən orada qan içində üzürəm. Gecə-gündüz qan ağlayıram. Vəziyyət ağırdır. Ermənilər bir tərəfdən, ruslar bir tərəfdən, Mərkəzi Komitə də bir tərəfdən məni sıxışdırır. Pis gündəyəm e, pis gündə. Bir dənə də olsun qonşu rayonun katibi mənə kömək eləməyə gəlmir. Birisi də gəlmədi. Demədi ki, “A kişi, qorxma, biz də varıq-filan”. Bir nəfər də olsun gəlmədi. Əgər Mərkəzi Komitənin rəhbəri dərk eləmirsə ki, erməni qapının ağzını alıb, bunların başqa məqsədləri var, o biri katiblərdən daha nə gözləyəsən?

– Xanlarda birinci katib kim idi?

– Onda Qərib İsgəndərov idi. O da elə ermənipərəstin biri idi. O da elə ermənipərəst idi. 

– Katalikosun bir neçə dəfə Çardaxlıya gəlməsi məsələsi var. O haqda sizin məlumatınız var idimi?

– Yox, ora Katalikosun müavini gəlmişdi. Müavini Çardaxlıdan idi axı.

– Katalikosun?

– Katalikosun müavini Çardaxlıdan idi. O gəlirdi, gedirdi. Öz evi-eşiyi idi də… Sizə bir hadisə danışım. Mənə dedilər ki, “müavin gəlib”. Uzun, hündür gədə idi. Cavan adam idi. Qara paltarda, hündür papaq-filan. Mən kəndin mərkəzinə gəldim. Bu da mənə dedi ki, “Господин первый секретарь – o vaxt “господин” sözü deyilmirdi, “товорищ” deyilirdi”.  Dedim, «Товариш, а не господин»,  Dedi, «какая разнится, один и тот же черт». Dedim, “черт ты сам. Тем более в черном платье… Я тебе даю всего 10 минут…” Adamların da hamısı belə yığılıb…

– Həmişə belə gərgin olubsunuz da?

– Həmişə gərgin olmuşuq. Dedim, “sənə 10 dəqiqə vaxt verirəm, gəlmisən bura. 10 dəqiqəyə kimi əgər Çardaxlını tərk eləməsən, sənin başını o payaya keçirəcəm. Bax, adamların da eşidir. Ermənilər də eşidir. Hamısı buradadır”. Dedim, cəmi 10 dəqiqə sənə vaxt verirəm. Dedim, UAZ maşınım var idi, mindim getdim. Özüm də hirsimdən ağappaq ağarmışam. Özüm də hiss edirəm ki, bədənim əsəbdən əsir. Qayıdıb gəldim. Ermənilər xəbər verdilər ki, “товарищ Асадов, йекала е йекала”, “getdi, getdi, getdi”. Dedim, “getməyəydi də…”

 

Ermənilər çəkdiyimiz sudan 20 metr aralıda donuz ferması tikməyə başladılar

– Orada bir donuz ferması da tikirlərmiş.

– Qonşuluqda Telman kolxozu vardı, Qasımalılar kəndində. Bizim kənd idi, Şamxorun kəndi idi.

– Susuz qalan kənd?

– Onların suyu yox idi. Çünki dağın başındadırlar. Çardaxlı kəndinin girəcəyində balaca bir su çıxır, bir banka deyək. O da axıb tökülür 100-150 metrlik dərəyə, dərəynən də axır gedir. Oranın camaatı da yazıqlar eşşəklə, səhənglə ora düşüb, su daşıyırlar. Mən də getdim, baxdım. Dedim ki, “bu suyu çəkək də ora”. Fikirləşdim, məsləhətləşdim. Dedilər ki, çəkmək asandır. Buradan dirəklərlə qoyacağıq o biri dərəyə, oradan da nasosla vuracağıq. O vaxt Şamxorda çoxlu tikinti təşkilatları var idi. Hamısı da yaxşı, qüvvətli təşkilatlar idi. Mən bunların hamısını yığıb gətirdim ora. Milis risini də, prokuroru da, ispalkomu da, hamını yığdım. Dedim, burada bir dənə böyük hovuz tikək, onu sonra vurarıq dərəyə. Bu hovuzu tikəndə səhər gəlib, mənə dedilər ki, ermənilər gəliblər, bundan bir 20 metr aralıda donuz ferması tikirlər.

– Hovuzun yanında?

– Hovuzun yanında. Ora gəldim, soruşdum ki, burada siz nə tikirsiniz? Dedilər ki, donuz ferması tikirik. Dedim, axı buradan o kəndə su gedəcək. Dedilər ki, biz su vermirik, su ora getməyəcək. Dedim, niyə? Dedi, “biz suyu ora vermirik”. Dedim, elə şey olarmı? Qonşusunuz, ata-baba qonşularısınız. Buradan köçməyəcəksiniz, getməyəcəksiniz. Sizin kəndə Qazaxda layihə tutdurub, su çəkdirmişəm, sizə bol-bol su gedir. Hər yerə su çəkdirmişəm – xəstəxanaya, məktəbə, bağçaya, evlərə, küçələrə. Amma öz kəndimizin suyu yoxdur. Balaca bir suya möhtacdırlar.

– Erməni kəndinin hər şeyi var, öz kəndlərimiz susuz qalıb.

– Bu su da siz inanın ki, əgər 1 metr o tərəfdə çıxsaydı, artıq Çardaxlının yox, elə Telman kolxozunun ərazisi idi. Dedilər, “yox, bu suyu biz verməyəcəyik”. Dedim, “necə yəni verməyəcəksiniz?” Nəsə, bunları yığdım kabinetə – həmkarlar ittifaqını, kolxoz sədrini, komsomolu, neçə aktivləri varsa, onları. Mənim kabinetimdə dedilər ki, “yox e, o suyu biz verməyəcəyik”. İndi danışırlar ki, guya “Баграмян когда приехал, люди попрасили чтобы он сказал своим односельчанинам чтобы они нам дали воду. Баграмян сказал что, я не имею права. Это народное добро.” Dedilər, “Даже Гейдар Алиев этого не мог делать». Heydər Əliyevin adını çəkəndə cin vurdu təpəmə. Dedim, “ə siz dəlisiniz, nəsiniz?” Üstlərinə elə qışqırdım ki, duranda başım fırlandı. Başımı qaldıranda baxdım ki, bunlar qaçırlar. Mən də bunların dalınca. İndi yolnan qaçıram, camaat da deyir ki, yəqin birinci katib dəli olub. Dedim, yaxşı, mən suyu çəkərəm, siz də baxarsınız. Bu suyu ora çəkdirdim.

– Həmin kəndə?

– Həmin kəndə. O materialı da gətirib tökmüşdülər, guya donuz ferması tikirdilər. Sibir adlı bir oğlan var idi. “Yeraz” idi, amma Sibirdə doğulduğu üçün atası adını Sibir qoymuşdu. Onun traktoru var idi. Sibirə dedim, “Sibir, o donuz ferması mənim çox xoşuma gəlir”. Dedi, “mənim də çox xoşuma gəlir”. Gəldi, hər şeyi verdi traktorun altına, saldı 200-300 metrlik dərinlikdə dərəyə…

– Donuz fermasını?

– Tikilməmişdi. Hələ materiallarını gətirib tökmüşdülər. Ondan sonra komissiyanı tökdülər, gəldilər. Mən də dedim ki, “əgər adam kimi yoxlayacaqsınızsa, mən razı. Özüm qabağa düşüb, hər şeyi göstərəcəm”. Rusiyadan, Moskvadan, Bizim MK-dan nümayəndələr vardı komissiyanın tərkibində. Gətirdim, ermənilərə çəkdirdiyim suyu göstərdim. Qazaxdakı Layihə İnstitutunun layihəsini göstərdim, pulunu göstərdim ki, ispalkomun hesabına tikilib. Suyu da xəstəxanalarından tutmuş evlərinə qədər çəkdirmişəm. Dedim, bu budur. İndi gəlin bu suya baxaq. Bu su Çardaxlının girəcəyindədir. Buradan da Çardaxlıya 8 km var. Bu su Çardaxlıya nasosla da vursan getməz. Balaca sudur. Amma o üzbəüz kənd dərənin o tərəfindədir. Onlar susuz qalıblar. Onlar bəyəm adam deyil? Camaata su vermişəm, indi nə istəyirsiniz, yazın”. Nə görmüşdülərsə, yazdılar, elə də hər şey onunla getdi. Ermənilər əllərini çəkdilər, bacarmadılar. Amma artıq hiss eləyirdilər ki, məndən onlara dost olmaz. Çardaxlıda oturub dağıdırdılar. Heç kimi də saymırdılar. Azərbaycanı ümumiyyətlə saymırdılar.

– İşdən çıxandan sonra nə elədiniz, Əjdər müəllim?

– İşdən çıxarandan sonra bir neçə ay iş vermədilər. Sonra bir gün gəldim Kommunist Partiyasına, dedim ki, “mən işsiz qalmamalıyam da… Mənə icazə verin, elmlər namizədiyəm, filanam. Müdafiə eləmişəm Ukraynada. İcazə verin gedim, bitkiçilik-gülçülük sovxozunda fəhlə işləyim də… Sizin də üzvlük haqqınızı verim”. KP MK-dan gələn rus Afanasyev var idi. Məhəmməd Əsədov rəhmətə getmişdi, o da bura gəlib çıxmışdı.

 

Kamran Bağırova dedim ki, məni erməni adı ilə çıxarma

– Təyyarə hadisəsində….

– Bu da mənimlə görüşdü, soruşdu ki, “Вы где работаете?” Dedim, “Когда вы уехали и меня куда поставили там и работаю”. Dedi, “Да, не может быть”. Sonra bura gələndə Ayaza demişdi ki, “belə olmaz axı, biz bilirik ki, onu heç nədən işdən çıxarıblar. Ona iş verin”. Məni Kənd Təsərrüfatı Nazirliyinə mühəndis-texnik göndərdilər. Dedim, “mən mühəndis deyiləm axı. Mən mikrobioloqam. Ayıbdır, vallah. O adı mənə heç verməyin”. Dedilər, yaxşı müvəqqəti işlə. Sonra Ayaz Mütəllibov özü məni çağırdı, göndərdi respublika təchizat birliyinə baş direktor. Yox, ondan əvvəl məni qoydular Respublika Çörək-Sənaye Birliyinin baş direktoru. Böyük idarədir, böyük təşkilatdır. Belə yaxşı… O hay-həşirdə Kamran Bağırovu çıxarırlar, yerinə də Vəzirov gəlir. Bir dəfə iclasda Kamran Bağırov gəldi, əlini belə kürəyimə vurub dedi ki, mən gərək sənə inanaydım. Mən sənə inanmadım, Əjdər, məni bağışla!” Dedim, “Kamran Mamedoviç bağışlasam, ya da bağışlamasam, bundan sonra nə xeyri var? Sən özünü də bədbəxt elədin, məni də bədbəxt elədin, camaatı da bədbəxt elədin. Ermənilər onda hələ təzə-təzə qalxırdılar…”

– Əjdər müəllim, əgər Kamran Bağırov bir az da qətiyyətli olsaydı, hadisələr başqa cür cərəyan edə bilərdi?

– Ay qardaş, mən işin içində idim. Mən bunları bilirdim. İndi də mən bunların hamısından çox bilirəm. Mənim hərbi rütbəm polkovnikdir. Polkovnikliyə qədər də oxumuşam. 3 ay bir, 5 ay bir, 6 ay bir.

– Yəni siz necə Çardaxlını sakit həll elədiniz, eləcə də Stepanakerti həll eləmək olardı.

– Olardı. O Stepanakerti qalxmağa belə qoymamaq olardı. O vaxt bu mümkün idi. Onlar məni işdən çıxarmaqla, elə bildilər ki, ermənilər bunlara sağ ol deyəcəklər. Mən iclasda dedim, “siz məni çıxarırsınız, erməniləri bununla boynunuza mindirdiniz. İndi düşürə bilməyəcəksiniz. Kamran Mamedoviç, məni işdən çıxarırsansa, ayrı adla çıxar. Rüşvətxorluq adı ilə çıxar, tərbiyəsizlik adı ilə çıxar. Erməni adı ilə çıxarma məni. Bunları siz boynunuza mindirdiniz, indi bunlar boynunuzdan düşməyəcəklər. Bunlar elə millət deyil. Erməninin üstünə getdikcə, qaçacaq, dala çəkildikcə, erməni sənin başına minəcək. 5 ildir mən erməniləri yaxşı tanıyıram, bilirəm onları…” İnanmadılar… Sizi inandırıram bu günün özündə mən onlardan çox bilirəm. 5 il ermənilərlə Çardaxlıda vuruşmuşam axı. 5 il az müddət deyil ki. Özü də bütün bicliklərini öyrənirdim. Bəlkə də 100-dən çox erməni agentim var idi. Özləri də çox satqın millətdirlər. Həm qorxaqdırlar, həm də satqındırlar. Özləri kimi qorxaq ikinci bir millət də yoxdur. Bizimkilər Qarabağ müharibəsində bir dəfə hücum eləsinlər ha, vicdanım haqqı, qoyub qaçacaqlar, Yerevanı qoyub qaçarlar İrana. Necə ki, Andranik o vaxt Naxçıvanda olanda türkün bir qırxdüyməli topu düşüb Andranikin çadırının yanına. Andranik deyib, “türk gəldi, qaçın”. İran yol verdi, qaçdı getdi Fransaya. Bütün bunları atam mənə danışıb, mən bunları bilirəm.

– Özünüz hansı zonadansınız?

– Özüm Zakataladanam. Əslimiz Naxçıvan zonasındandır.

– Yəni Naxçıvanda baş verənləri atanız sizə danışıb…

– Atam o işlərin içində olub. Atam deyir ki, “Andranik Kəlbəli xana deyib ki, siz onsuz da azsınız, biz isə qoşunuq, çoxuq. Biz sizə dəyib toxunmarıq. Silahları-zadı yığın verin, sizinlə işimiz yoxdur. Gedən getsin, qalan qalsın.” Kəlbəli xan Naxçıvanski deyib ki, “bizə vaxt verin, silahları yığaq”. Soruşub, “nə qədər vaxt verək?” Deyib, “10 gün”. 10 günə kimi Kəlbəli nümayəndələr göndərib, Ağrı dağından Türkiyəyə. Türk paşasının yanına çatanda onlar deyiblər ki, bəs belə-belə, ermənilər bizi qırırlar, kəndləri-zadı dağıdırlar. Bizə köməyə gəlin”. Deyib ki, “biz ərəblərlə döyüşürük. Ərəblər inanmırlar ki, biz müsəlmanıq. Bizim özümüz də bu saat müharibədəyik. Mümkün qədər çalışacağıq sizə kömək edək. Gedin vaxtı uzadın, camaatı qırğına verməyin, mən sizə kömək göndərəcəm”. Andranik bir həftə vaxt verib ki, gəlib silahları aparacaq. Bir həftədən sonra Andranik furqonlarla qoşunlarını göndərir ki, Naxçıvandan silahları aparsınlar. Kəlbəli xan da camaatı divarların arxasında gizlədib, silahlandırıb. Qadınlara da yalvarıb ki, çölə çıxmayın, gözləyin. Demək, Kəlbəli xan görüb ki, türklərdən kömək gəlmədi, ermənilərin də qoşunları gəlib çatır. Bu məqamda Andranikin çadırının yanına top düşüb. Andranik deyib ki, bu, türkün qırxdüyməli topudur. Türk gəldi, qaçın! Naxçıvana silah aparmağa gələnləri də naxçıvanlılar qırıblar. Buradan da Andranik qoşununu çəkib, İran yol verib bunlara, onlar da qaçıb gediblər Fransaya. İndi ermənilər çox igid millət-filan deyillər.

 

Vəzirov məni Heydər Əliyevin qohumu kimi işdən çıxardı

 

– Buradan da işdən Vəzirov sizi çıxardı.

– Demək, Vəzirov seçildi elədi, aradan bir həftə, 10 gün keçmişdi. “Azərbaycan müəllimi” qəzetinin redaktoru var idi, Şahin Səfərov. “Leçkomissiya”dan mənə zəng elədilər ki, “sənin vaxtın varsa, bir görüşək.” Dedim, vaxtım var, gələrəm. Orada məni 2-3 aydır təyin ediblər. Sakit yerdir, böyük idarədir. Çörək də mənim sahəmdir, mikrobioloqam axı. Dedilər ki, bu gün Vəzirov MK şöbə müdirlərini, qəzet redaktorlarını, nazirləri yığıb iclas keçirirdi. Orada dedi ki, “Есть некий Асадов он проливал кровь армян. Армяни пишут, армяни плачут. Горбaчов каждый день звонит что, почему его не наказали? В место того чтобы его сажать, ему дали министерский должность. Почему? Потому что он племянник Гейдара Алиева. Надо создать комиссию. Пусть комиссия проверит и накажет этого человека. Горбaчов так велил” (Burada bir Əsədov var, o, ermənilərin qanını axıdıb. Ermənilər yazırlar, ermənilər ağlaşırlar. Qorbaçov hər gün zəng edib deyir ki, niyə onu cəzalandırmayıbsınız? Onu cəzalandırmağın əvəzinə, ona nazirlik boyda bir vəzifə veriblər. Niyə? Ona görə ki, Heydər Əliyevin qohumudur. Komissiya təşkil etmək lazımdır. Qoy komissiya araşdırsın və bu adamı cəzalandırsın. Qorbaçov belə məsləhət bilir – Red.) Bunu da iclasda deyir. Bunlar da yazıqlar məni tanıyırlar, narahat olurlar. Beləcə, komissiya yaratdılar ki, bunlar gedib Çardaxlıda ermənilərdən soruşsunlar ki, Əsədovdan nə narazılığınız var. Ermənilər də deməyəcəklər ki, Əsədov bizim başımızı tumarlayıb. Deyəcəklər ki, hər şeyi haram edib də bizə. “Leçkomissiya”nın baş həkimi Arif Hacıyev, bir də Şahin müəllim idi. Dedim, siz nə məsləhət görürsünüz. Mən MK-nın üzvüyəm, həm də deputatam. Gedim, girim Vəzirovun yanına, deyim ki, “a kişi, nə azərbaycanlı, nə filan. Vallah, mən zır ləzgiyəm. Mənim azərbaycanlıları görməyə gözüm yoxdur. Naxçıvanlıların atası da belə, filanı da elə”. Bərkdən bu cür danışıram. Binanın da həyətində adamlar gəzir. Belə dayanıb, üzümə baxdılar-baxdırlar. Dedim, “ə, Vəzirovun da filanı belə-belə olsun”. Bunlar qaçdılar. O vaxt Taxıl Tədarükü naziri, Rəhim Cəmilov var idi, tatar. Zaqatalada qonşu idik. Məndən yaşca kiçik idi. Çıxardıb, verdim ki, bu da mənim ərizəm. Bu şad oldu, sevindi. Dedim, “niyə şad oldun?” Dedi ki, “biz inanmırdıq ki, sən ərizə verərsən”. Dedim, “ərizə verməyim, Vəzirov kimi bir avara ilə döyüşüm? Mən görməli olan hər şeyi gördüm də. Sizin sifətinizi gördüm də. MK-nı da gördüm. Mən nə etmişdim ki, ermənilər görə məni çıxarmışdınız. İndi də komissiya yaradırsınız məni tutdurmağa? Tutdurun hə, sonra nə olacaq?” Aparıb ərizəni verəndə Vəzirov demişdi ki, “ну ладно, раз подал заявления не надо сажать его”. Bir il də bekar gəzdirdilər. Sonra da iş verdilər də, nə isə…

– Əjdər müəllim, “Çardaxlı hadisəsi” çox önəmli və böyük hadisə olub…

– Çox, çox.

– Bu məsələnin Azərbaycan xalqının problemi olmaqdan çıxardığınıza görə sizə təkcə təşəkkür azdır.

– Çox sağ olun. Çox sağ olun.

– Sağ olun.

 

P.S.

– Aylarla danışmağa faktlarım var. Aylarla, siz inanın. Dayanmadan danışa bilərəm. İndi mən danışdıqlarım çox şeyi qısaldıram, çox şeyi deyib, tez ayrı məsələyə keçirəm. Aylarla faktlarla danışa bilərəm. Mən 5 il Şamxorda nələr çəkdim. Düzdür, Şamxor camaatından çox razıyam. Onlar mənim qədrimi bildilər. Hələ də deyirlər, hələ də danışırlar. O camaat da çox qeyrətli camaatdır. Əgər Şamxor camaatını Çardaxlıya çıxmağa qoysaydım, Çardaxlıda bir dənə də olsun sağ erməni qalmazdı. Mən milisi göndərdim ki, maşınla gələnlərin qabağını kəssin. Gecə saat 12-də camaat xəbər tutub, maşınlara doluşub, Çardaxlıya axışırdılar. Çox qeyrətli, həm də zəhmətkeş camaat idi Şamxor camaatı. Bu haqda aylarla danışaram, qurtarmaz. İndiki vəziyyətdə də inanın ki, mən onlardan çox bilirəm. Mən həyat təcrübəsi ilə bütün bunları eləyirdim, elə-belə yox. Yoldaşları yığırdım, söhbətləşirdik, danışırdıq.

– İnşallah, biz də sizinlə zaman-zaman danışacağıq.

– Oldu.

 

 

SON

 

Strateq.az




Yuxarı Əvvələ Ana Səhifə