XƏBƏR LENTİ

16 Yanvar 2021

Digər Xəbərlər

31 Mart 2017 - 10:24

Tillersonun Ankara səfərinin uğursuzluğu:Türkiyə ilə İran qarşı-qarşıya gətiriləcək

 

“ABŞ Dövlət Departamentinin rəhbəri Reks Tillersonun dünənki Ankara ziyarəti Türkiyə ilə ABŞ arasındakı gərginliyi azaltmaqda uğursuz olub”.

Strateq.az xəbər verir ki, bu iddianı İngiltərənin “Financial Times” (FT) qəzeti irəli sürüb.

Qeyd edək ki, Tillerson son Ankara səfərində əvvəl Baş nazir Binali Yıldırım və Prezident Rəcəb Tayyib Ərdoğan tərəfindən qəbul edilmiş,  daha sonra Xarici İşlər naziri Mövlüd Çavuşoğlu ilə görüşmüşdü. Tillersononun bu səfəri ABŞ prezidenti Donald Trampın işə başlamasından bu yana Vaşinqtondan Ankaraya edilən ən yüksəksəviyyəli ziyarət kimi qiymətləndirilir.

Səfərin nəticələrinı şərh edən “FT”-in bildirdiyinə görə, Donald Trampın prezident seçilməsindən sonra ABŞ-la əlaqələrin yenidən nizamlanacağını düşünən Ankaradakı diplomatik qaynaqlar Tillersonun bu səfərini xəyal qırıqlığı yaratdığını etiraf ediblər. İrəli sürülən bu iddianı tərəflərin görüşlərdən sonra keçirdikləri mətbuata konfransında dilə gətirilən fikirlər də təsdiqləyir.

Fərqli mövqelər əsasən Tillerson və Çavuşoğlunun mətbuat konfransında özünü büruzə verib. Türkiyəli nazir həmin toplantıda ABŞ-ın YPG-yə (PYD-nin silahlı qanadı) verdiyi dəstəyə görə gileylənərək, deyib: "Bizi hədəf alan bir terror təşkilatına verilən dəstək, həm bizi üzüb, həm də türk xalqının ABŞ-a baxışına mənfi təsir göstərib”.

Tillerson isə mətbuat konfransındakı çıxışında nə PYD və YPG-dən danışıb, nə də bununla əlaqədar suallara cavab verib. Suriya Dövlət Başçısı Bəşər Əsədin gələcəyi ilə əlaqədar bir suala cavabı isə Ankara və Suriyanın “mülayim müxalifləri” üçün əsl sürpriz olub: "Əsədin gedib-getməyəcəyini Suriya xalqı qərar verəcək".

Sözsüz ki, bu etiraf ABŞ üçün Bəşər Əsədin hakimiyyətdən uzaqlaşdırılması məsələsinin artıq bağlanmış səhifə olduğundan xəbər verir.

Maraqlıdır ki, ABŞ-ın digər yetkililəri də Bəşər Əsədin hakimiyyətdən uzaqlaşdırılmasının artıq onlar üçün prioritet təşkil etmədiyini gizlətmirlər. Dünən ABŞ-ın Birləşmiş Millətlər Təşkilatındakı (BMT) səfiri Nikki Heylinin də gündəmində bu məsələ var idi. Xanım diplomat  Suriya diktatorunun hakimiyyətdən uzaqlaşdırmağı düşünmədiklərini bildirdiyi xəbər verilir. "Əvvəlki hökumətdən fərqli olaraq, Bəşər Əsədin hakimiyyətdən getməsinə ilişib qalmayacağıq. Prioritetimiz orada oturub Əsədi taxtdan endirməyə fokuslanmaq deyil, Suriya xalqı üçün müsbət dəyişiklik yaradacaq ən yaxşı yolu axtarıb tapmaqdır”, – ABŞ-ın BMT-dəki səfiri mətbuat açıqlamasında belə deyib.

Tillersonun dünənki mətbuat konfransında Raqqa əməliyyatında Türkiyənin əməkdaşlıq təklifiylə əlaqədar ABŞ-ın son qərarı vermədiyini açıqlaması da Ankaranın ürəyincə olmayıb. Üstəlik, Tillerson bir suala cavab verərkən, Raqqa əməliyyatında YPG-ni dəstəkləməyin qaçınılmaz olduğunu vurğulayıb.

Ankarada xəyal qırıqlığı yaradan bu ziyarətin ardınca Suriyadan gələn başqa bir xəbər ABŞ-ın bu mövqeyinin kürd separatçılarını xeyli həvəsləndirdiyini gözlər önünə sərir. Məlumata görə, YPG liderliyində qurulan Suriya Demokratik Gücləri sözçülərindən Talal Sello mətbuata açıqlamasında bildirib ki, Vaşinqton onlara Raqqa əməliyyatında Türkiyəyə də rol verilməsini təklif edib: “Biz isə bu təklifi geri çevirdik. Nəhayət, bizim dediyimiz kimi oldu".

Tillersonla görüşlərin əsas mövzularından biri də Fəthullah Gülənin geri qaytarılmasıyla əlaqədar olub və bu məsələdə də Ankara arzuladığı cavabı ala bilməyib. İddaya görə, indiyə qədər görüşülən bütün ABŞ rəsmiləri Türkiyəli həmkarlarına Gülənlə əlaqədar təqdim edilən dəlillərin səhifə sayına görə çox, mahiyyətcə isə qeyri-kafi olduğunu söyləyiblər. Tillersonun görüşdə məsələylə bağlı cavabı yenə də bu ənənəvi mövqedən fərqlənməyib.

Tərəflərin ortaq məxrəcə gəldiyi yeganə məsələ isə, deyəsən, İranla bağlı olub. Hər halda Tillersonun mətbuat konfransında dilə gətirdiyi fikirlərdən belə çıxır. O, çıxışında hər iki ölkənin “İranın bölgədəki dağıdıcı potensialını azaldılması hədəfini bölüşdüyünü” etiraf edib.

Görünən budur ki, Tramp hakimiyyətilə Yaxın Şərqdə yeni gərginliyin əsası qoyulacaq. Döyüş səhnəsinə çıxacağı gözlənilən növbəti “qladiator” isə Azərbaycanla yaxın təmasları olan iki ölkə olacaq – Türkiyə və İran.

Ölkəmizin hər iki tərəfin maraq dairəsinə daxil olması bizim də bu qanlı döyüşlərdən təsirlənməyimizə yol aça bilər. İndidən Türkiyə və İrana bağlı güclərin Azərbaycanda sərt, bəzən hətta bir-birini təhqirə varacaq qədər arzuolunmaz məzhəbçi polemikalarının güclənməsi də müharibədən qabaq çalınan davul səslərini xatırladır.

 

Heydər Oğuz

Strateq.az