XƏBƏR LENTİ

02 Dekabr 2020
01 Dekabr 2020

Digər Xəbərlər

31 Mart 2017 - 14:00

Prezidentliyə namizədlərdən daha fəal olan Əhmədinejad:O, Rəhbərin nəsihətinə sonadək əməl edəcəkmi?

Səid Cəfəri

“Al-Monitor”

 

Sabiq prezident Mahmud Əhmədinejad qəribəlik və gözlənilməzlikləri ilə, İranın siyasi səhnəsində ən unikal oyunçulardan biridir. Fevralın 11-də o, rəsmən 19 may prezident seçkilərində heç bir namizədə dəstək verməyəcəyini açıqladı. Lakin 2005-2013-cü illərdə dövlət başçısı olmuş Əhmədinejad hazırkı kampaniyanın ən fəal iştirakçılarından biri, hətta seçkilərdə namizəd olmağa hazırlaşanlardan da daha fəaldır. O, qəti şəkildə namizədliyini açıqlamış sabiq müavini Həmid Bəqayiyə dəstək verir. Həm də heç kimin tərəfində durmayacağına dair açıqlamasının üstündən bir neçə gün keçəndən sonra.

Fevralın 26-da Əhmədinejad unikal üslubunda məsləhət təklif ilə ABŞ prezidenti Donald Trampa 13 səhifəlik məktub yazdı. Bir həftə və ya ona yaxın keçdikdə, martın 5-də – Milli Ağacəkmə Günü Əhmədinejad Bəqayi, eləcə də keçmiş ofisinin rəhbəri İsfəndiyar Rəhim Məşai ilə birgə xüsusi mərasimdə iştirak etdi.

Bu, namizədliyinin açıqlanmasından bəri Bəqayi və Əhmədinejadın birlikdə kameraya tuş gəldiyi ilk hal idi. Mərasimdə seçkilər və ya Bəqayiyə siyasi dəstək barədə hər hansı bəyanat səslənməsə də, İran mediası və sosial media bu görüntünü geniş işıqlandırdılar.

Bir çoxları bir-biri ilə danışan Məşai, Bəqayi və Əhmədinejadın əks olunduğu videoçarxı məsxərəyə qoyur və onlara lağ edirdilər.

Bununla belə, İran siyasi səhnəsində Əhmədinejadın iştirakı son həftələrdə artıb. Martın 4-də dərc edilən bəyanatında o, hazırkı prezident Həsən Ruhaninin hökumətinə sözlü hücum etdi. Ertəsi gün Əhmədinejad rəsmən “Tweetter”ə qoşuldu, öz hesabında hətta video ilə birlikdə ingilis dilində “tweet” ataraq insanları akkauntunu izləməyə çağırdı.

Sabiq prezidentin son siyasi fəaliyyətinin zirvəsi martın 19-da yerləşdirilən videoda Bəqayinin namizədliyini dəstəkləməsi barədə bəyanat idi. Həmin videoçarxda Əhmədinejad Ali Dini Lider (Rəhbər) Ayətullah Seyyid Əli Xamneinin ötən ilin sentyabrında "qarşıdakı prezident seçkilərində iştirak etməmək” barədə açıq "tövsiyə"sinə istinad etdi.

“Bəqayinin namizədliyi Rəhbərin məsləhətinə əsla zidd deyil. Onun seçkilərdə iştirak etmək qərarının mənimlə bağlılığı yoxdur. Məndən seçkilərdə iştirak etməyi istədilər. Dörd il bundan əvvəl baş vermiş səhv, saleh insanların seçkilərdə iştirakının qarşısının alınması təkrarlanmamalıdır və biz ölkəni tərəqqi yoluna qaytarmağa kömək etməliyik. Keçmişdə, dörd il geridə qalmış tərəqqi yoluna…"

Martın 20-dəki başqa bir videomesajında Novruz bayramını qeyd edən iranlıları təbrik edərkən, Əhmədinejadın Bəqayi ilə yanaşı oturduğu görünürdü. Dörd dəqiqəlik klip Bəqayinin də bir neçə saniyə danışaraq xalqı Novruz münasibətilə təbrik etməsilə başa çatırdı.

Sabiq prezident, həmçinin martın 2-də ölkənin cənub-qərb vilayəti olan Xuzistana yollanaraq əyalət səfərlərini bərpa edib. Son aylarda toz fırtınaları və çirklənmə ilə mübarizə aparan bu vilayətdə vəziyyətin ağırlığını Ruhani administrasiyasının üzərinə ataraq, ictimai fikirdə geniş rezonans doğurub.

Vilayətin paytaxtı Əhvaz şəhərində Əhmədinejad Ruhaninin idarəçiliyini tənqid edib. Həm də yalnız ekoloji böhranla yox, aylıq ödənişlərin (sosial müavinətlərin) məhdudlaşdırılması ilə bağlı. Üstəlik, o, Ruhanini diktatorluqda ittiham edib.

Onun Xuzistandakı çıxışının digər hissəsi böyük mübahisə və sosial mediada geniş müzakirə doğurub. Çıxışında Əhmədinejad deyib: “İranlıların 97 faizi nəsə istəyir, amma yuxarıda oturan bir nəfər onlara "yox” deyir. Bu, çox pis şeydir. Siz kimsiniz ki, başqalarının yerinə qərar çıxarırsınız? Bu səlahiyyəti sizə kim verib? Məgər həmin səlahiyyəti sizə verən bu insanlar deyil? İran xalqı məhz bu cür şəxsləri hakimiyyətdə görməmək üçün inqilab etdi".

Bəziləri Əhmədinejadın bu sözlərini Rəhbərin birbaşa tənqidi kimi şərh edərkən, digərləri Əhmədinejadın həqiqətdə Ruhanini nəzərdə tutduğuna inanır. Çıxışının hərtərəfli təhlili həqiqətən həmin sözlərin hədəfində Ruhaninin olduğunu göstərir. Çünki "iranlıların 97 faizi" ifadəsi aylıq müavinətlər istəyənlərin faiz göstəricisidir.

Ruhani administrasiyası əhalinin dövlətdən dotasiya alan hissəsinin sayını azaldıb. O, bu siyasətin ölkə iqtisadiyyatına zərər verdiyini bəyan edərək, cəmiyyətdə ələbaxımlılıq zehniyyətini dəyişməyə çalışır.

Xatırladaq ki, aylıq sosial müavinətlər əsas dotasiya islahatlarının bir hissəsi kimi Əhmədinejad tərəfindən təsis edilib.

Əhmədinejadın fəaliyyəti prezident seçkilərinin nəticələrinə nə cür təsir göstərə bilər?

Sabiq prezident bir çox bəyanatlarında müstəqil olduğuna israr etsə də, onun adı heç bir siyasi hərəkatla birbaşa bağlı olmasa da, iki dönəmdə öz hökuməti üzvlərinin davranışları kimi, Əhmədinejad da, İranın siyasi həyatının yeni mərhələsinə prinsipçilər (Osulgərəyan) qismində daxil olub. Əlbəttə, bu o demək deyil ki, o, yalnız prinsipçilərin dəstəyi vasitəsilə hakimiyyət pillələrində yuxarı qalxıb. Həm də indi onun adı ilə yanaşı seçki yarışına çıxacaq istənilən şəxsin və ya hərəkətın prinsipçilərlə oxşarlığı olacaq.

Sadiq Zibakəlam – Tehran Universitetinin siyasi elmlər doktoru, tanınmış professor, “Al-Monitor”a bildirib: “Cənab Bəqayinin Nəzarətçilər Şurası tərəfindən təsdiqlənməsi ehtimalı çox aşağıdır, çünki onun keçmişində məhkəmə (korrupsiya) tarixçəsi var. Lakin o, təsdiq olsa belə, mən onun prinsipçilərin səslərini parçalayacağına inanmıram, çünki hətta Əhmədinejadın tərəfdarları ona səs vermək istəmirlər".

Şübhəsiz, Bəqayidə Əhmədinejadın harizması yoxdur, amma Nəzarətçilər Şurası ona yaşıl işıq yandırsa, həqiqətən prinsipçilərin düşərgəsini zədələyə bilər.

Məşayinin 2013-cü il seçkilərində namizədliyinin qeydə alınmadığını görən Əhmədinejad bu dəfə "saleh şəxslər"in iqtidara gəlişinə maneə törədilməsinə imkan verməyəcəyi ilə təhdid edib. 2013-cü ildə Məşayinin kənarlaşdırılmasına açıq və ciddi etiraz etməsə də, siyasi analitiklər bu dəfə onun Bəqayinin kənarlaşdırılmasına necə təpki verəcəyinə dair aydın təsəvvürə malik deyillr.

Əhmədinejad hakimiyyətdə qalmaq üçün nə desən eləməyə qabil, gözlənilməz davranış sərgiləyən şəxs olmasını çoxdan sübut edib, amma cari tənlik aydın şəkildə fərqlidir – seçkilərdə iştirakına qadağa qoyan Xamneyinin "nəsihəti". Əhmədinejad ona əməl edəcək, amma bu, müttəfiqlərinə yox, ona verilən "məsləhət"dir.

 

Tərcümə: Strateq.az

 




Yuxarı Əvvələ Ana Səhifə