XƏBƏR LENTİ

28 Yanvar 2021
27 Yanvar 2021

Digər Xəbərlər

02 Aprel 2017 - 12:03

Məzhəb qarşıdurmasında lokallıqdan qloballığa:Türkiyə-İran müharibəsi gözlənilir

 

"Türkiyə regionda əhəmiyyətli rolu olan güclü ölkədir. İranın da regionda ciddi nüfuzu var. Əgər bu iki ölkə arasında qarşıdurma yaranarsa, ən çox əziyyət çəkəcək dövlətlərin başında İraq gələcək. Çünki İraq istəsə də, istəməsə də, bu cəbhələşmənin ön planında yer alacaq”.

Strateq.az xəbər verir ki, bunu İraqın baş naziri Heydər İbadi bildirib.

O, ABŞ Dövlət Departamenti tərəfindən dəstəklənən  “Azadlıq” radiostansiyasının ərəbcə  redaksiyasına (“əl-Hürrə”) açıqlamasında onu da qeyd edib ki, ölkəsi ehtimal olunan bu qarşıdurmada tərəfsizliyini qorumağa çalışacaq:

“Türkiyə ilə İran arasında baş verməsi gözlənilən regional müharibənin ortasında sıxışıb qalmamalıyıq. Ortaya çıxacaq olan bu cür mübarizədə İraq öz tərəfsizliyini qorumalıdır”.

İnsafən, Heydər İbadinin bu əndişəsi əsassız deyil. ABŞ Dövlət katibi Reks Tillersonun son Ankara səfərində dilə gətirdiyi bir ifadə Yaxın Şərqdə məzhəb qarşıdurmalarının növbəti mərhələyə-lokallıqdan qloballığa keçəcəyindən xəbər verir. Yeni mərhələnin ən ciddi qarşıdurması isə Türkiyə və İran arasında çıxacağı ehtimal edilən müharibə ola bilər. Təsadüfi deyil ki, Tillerson da Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğluyla görüşündən sonra keçirilən mətbuat konfransında istər Vaşinqtonun, istərsə də Ankaranın regionda öz nüfuz dairəsini genişləndirən İranın bu addımlarından narahat olduqlarını açıq şəkildə etiraf etmiş və bunun qarşısını almaq üçün əllərindən gələni əsirgəməyəcəklərini bildirmişdi.

Maraqlıdır ki, dövlət katibinin bu sözləri Türkiyədə xüsusi senzuraya məruz qalmış, mətbuat konfransında iştirak edən iqtidaryönümlü media qurumlarının “gözlərindən yayınmışdı”. Həmin fikirləri yalnız “Hürriyyət” qəzetinin rəsmi saytı oxucularıyla bölüşmüş, qısa müddətdən sonra isə o da xəbərin bu hissəsini öz səhifəsindən silinmişdi. Bu fakt iki baş diplomat arasında görüşdə İran məsələsinin əsas müzakirə predmeti olduğunu, Türkiyənin bu xəbərin yayılmasını istəmədiyini göstərir. İstər dövlət katibi Tillersonun mətbuat konfransında dilə gətirdiyi fikirlər, istərsə də elə onun rəhbərlik etdiyi ABŞ Dövlət Departamenti tərəfindən maliyyələşdirilən “əl-Hürra”nın poliqona çevrilə biləcək ölkə rəsmilərindən həmin  fikirlərə münasibətlərini soruşması, dolayısıyla, məsələni gündəmdə tutmağa çalışması isə Vaşinqtonun öz niyyətini həyata keçirməkdə israrından xəbər verir.

Heydər İbadi İranla Türkiyə arasında möhtəməl qarşıdurmada İraqın tərəfsiz qalmağa çalışacağını söyləsə də, bunun arzulandığı qədər asan olmayacağı da ortadadır. İranla Türkiyə arasında qarşıdurma baş verəcəksə, hədəf ölkələrdən biri, hətta birincisi elə İraq olacaq. Çünki əhalisinin, hardasa, 65%-i şiə olan İraq hazırda ciddi şəkildə İranın təsiri altındadır. İran İŞİD-ə qarşı mübarizədə ən ciddi fiqur kimi ortaya çıxan Həşdi-Şabi hərbi birliklərini açıq şəkildə himayə edir, maliyyələşdirir, onlara hərbi təlimlər keçir. Bir çox sünni bölgələrinin İŞİD-dən azad olunmasında xüsusi rol oynayan Həşdi-Şabinin bu aktivliyi isə Ankara tərəfindən sərt şəkildə qınanılır, rədd edilir. Bir neçə ay öncə İraq silahlı qüvvələri Mosul əməliyyatına hazırlaşanda Rəcəb Tayib Ərdoğanın göstərdiyi kəskin reaksiya da bu nigarançılığın ifadəsidir. Xatırlayırsınızsa, öz məşhur çıxışında Türkiyə prezidenti Mosul əməliyyatına qoşulan Həşdi Şabini açıq şəkildə təhdid edərək demişdi:

“İndi deyirlər ki 30 min adamla Hasdi-Şabi gəlir. Gəlirsə, gəlsin, gələcəyi varsa, görəcəyi də var”.

Türkiyə prezidenti həmin çıxışında ölkəsinin mütləq Mosulda olacağını, bölgə insanlarını himayə altına alacağımı bildirmiş, və bu mövqeyini məzhəbi amillərlə əsaslandırmışdı: “Mosul ərəb və türkmənlərin yaşadığı, ağırlıqlı olaraq sünnilərdən ibarət bir bölgədir. İndi bizə “burada sünni-şiə müharibəsi olmaması lazımdır”- deyirlər. Bəs sənin “Bağdad” dediyin nədir?-tamamilə şiədən təşəkkül tapan bir ordu. Biz Mosulun taleyini onlaramı ötürəcəyik?”

Ərdoğanın bu sözlərindən açıq-aşkar göründüyü kimi, Ankara hələ 2016-cı ilin payızında İrana bağlı Həşdi-Şabi qüvvələriylə döyüşməyə hazırlaşır, Mosulun işğaldan azad olması əməliyyatlarına şiələrdən ibarət bir qoşunun qatılmasını istəmirdi. Ankaranın bu istiqamətdə atacağı hər hansı addıma isə Tehranın seyrçi qalmayacağı aydındır.

Məsələ burasındadır ki, istər Türkiyənin, istərsə də İranın Mosulda qarşı-qarşıya gəlməsinin özləri baxımından haqlı tərəfi də var. Türkiyə baxımından, Mosulun İraq ordusu və Həşdi Şabi qüvvələri tərəfindən azad olunması həmin ərazidə yaşayan sünni əksəriyyətin həyatını təhlükəyə atır.  İran baxımından isə, Mosul bir İraq şəhəridir və Türkiyənin bu proseslərə müdaxilə etməsi əhalisinin böyük əksəriyyəti şiələrdən formalaşan qonşu dövlətin suverenliyini tapdalamaqdır. Hər iki tərəfin öz mübarizələrini haqlı görməsi isə onları qanlı döyüşlərə sürükləyir.

Obama hakimiyyəti dövründə Türkiyəni bu açıq döyüşdən yayındıran səbəblərdən biri xarici dəstəyinin olmaması idi. Başda ABŞ olmaqla Qərb ölkələri Türkiyəni dəstəkləmir, Rusiya isə İran və regionun digər aktyorları ilə birlikdə ittifaq yaratmağa çalışırdı. ABŞ-dan umduğu dəstəyi ala bilmədiyini Ərdoğan da haqqında bəhs etdiyimiz çıxışında açıq şəkildə etiraf edərək, deyirdi: “Amerikalı dostlarımıza həmişə bunu söyləyirik: bizi burada oyuna gətirə bilməzsiniz. Biz sizinlə NATO-da birlikdəyikmi?- birlikdəyik. Sizin İraqla NATO-da ortaqlığınız varmı?- yox. “Əfqanıstan” dediniz, köməyinizə İraqmı gəldi?-biz gəldik. Hələ də orada sizinlə birlikdə mübarizəni biz aparırıq. Yaxşı, burada terror təşkilatlarına qarşı nə üçün birlikdə deyilik? Niyə bizi yox, terror təşkilatlarını yanınıza alırsınız?”

Rusiyanın bu məsələdə mövqeyi isə İran və Türkiyə ilə birlikdə başlatdıqları Astana görüşlərində ortaya çıxdı. Suriyanın Hələb şəhərindən Türkiyə tərəfindən dəstəklənən “mülayim müxaliflərin” sıxışdırılıb çıxarılmasından sonra tərəflər Qazaxıstanın paytaxtı Astanada bir araya gəldilər. ABŞ-ın başı o zaman prezident seçkilərinə qarışdığından Astana sammiti ilk əvvəl olduqca konstruktiv abu-havada keçirdi. Zamanla Tramp hakimiyyəti möhkənlənincə isə hər şey yenidən öz cığırından çıxmağa başladı.

Tramp komandasının aparıcı üzvləri də özlərindən əvvəlki hökumətin İraq və Suriyada çox fürsətləri əldən qaçırtdıqlarını, regionu rəqiblərinə buraxdıqlarını etiraf edirlər. Onların bu mövqeyi Yaxın Şərqdə yenidən insiativi ələ almağa çalışacaqlarını sübut edir. ABŞ-ın yeni hədəflər isə, Ağ evin etiraflarından da göründüyü kimi, Yaxın Şərqdə yaranmış boşluğu dolduran İran və Rusiya olacaq. Tillersonun Ankara səfərində İranla bağlı dilə gətirdiyi sözlər də bunu göstərir.

Regionun iki gücü arasında məzhəb müharibələrinin başlanmasından isə təkcə İraq, yaxud Suriya təsirlənməyəcək. Bu müharibənin bütün İslam coğrafiyasına yayılacağı istina deyil. Təbii ki, hər iki ölkənin arasında yer alan Azərbaycan da məzhəb müharibələrinin qloballaşmasından öz nəsibini ala bilər. Azərbaycan rəsmiləri ölkə üçün əsl təhlükəni məhz bu istiqamətdən gözləməlidirlər.

Heydər Oğuz

Strateq.az