XƏBƏR LENTİ

30 Oktyabr 2020

Digər Xəbərlər

02 Aprel 2017 - 22:36

İngiltərə ilə İspaniya müharibə astanasında: “Savaşa hazır olun!” –Cəbəllütariqlə bağlı gərginlik pik həddə çatdı

Böyük Britaniya ilə İspaniya arasında münasibətlər savaş həddinə çatıb.

Strateq.az xəbər verir ki, buna səbəb Böyük Britaniyanın Avropa Birliyindən ayrılma qərarının rəsmi qüvvəyə minmə üzrə olmasını bəhanə edən İspaniyanın Böyük Britaniyanın tərkibində olan Cəbəllütariqə rəsmi iddiasını açıqlamasıdır.

Xatırladaq ki, "Brexit referendumu" zamanı Cəbəllütariq sakinləri 96 faiz səslə Böyük Britaniyanın Avropa Birliyində qalmasını istəyib. Məhz bu istək və Britaniyanın birlikdən çıxmaq qərarı Cəbəllütariqə heç vaxt iddiasını gizlətməyən İspaniyanı hərəkətə gətirib:

"İspanlar ingilislərə Cəbəllütariqi bölüşməyi təklif edib. Üstəlik, indidən Cəbəllütariqə İspaniya bayrağının da asılmasının vacibliyini rəsmi şəkildə irəli sürüb. Bundan əlavə, İspaniya Cəbəllütariqin yerli hökumətinə bildirib ki, əgər İspaniya bayrağı orada dalğalanarsa, o zaman boğaz sakinləri Avropa Birliyinin üstünlüklərindən yararlana biləcəklər".

İspanların Cəbəllütariqə iddiasını bu şəkildə qətiyyətli açıqlaması ingilislərin çox sərt reaksiyasına səbəb olub.

Xarici işlər naziri Boris Conson Cəbəllütariqin "bazarlıq söhbəti" olmayacağını bildirib.

Baş nazir Tereza Mey isə dərhal Cəbəllütariqin baş naziri ilə bir araya gələrək, onlara hər cür iqtisadi və sair dəstək verəcəklərini diqqətə çatdırıb. 

İngiltərənin müdafiə naziri Mişel Fallon isə ispanları hədələyib:

"Cəbəllütariq​ə göz-qulaq olmağa davam edəcəyik. Cəbəllütariq bütün yollardan istifadə edilməklə qorunacaq.  O ki qaldı Cəbəllütariqin statusunun dəyişdirilməsinə, oranın sakinlərinin istəyi olmadan bunu heç bir ölkə dəyişdirə biməz"

Cəbəllütariqlə bağlı gərginliyin artan xətlə davam etdiyi bir anda, İspaniyadan gələn daha bir həmlə "yanğını bir qədər də alovlandırıb".

Belə ki, İspaniya Xarici işlər naziri Alfonso Dastis İngiltərənin tərkibində olan şotlandlara müraciət edib. O, Şotlandiyanın müstəqil olacağı təqdirdə, Avropa Birliyinə üzv olmasına heç bir əngəl qalmayacağını da bildirib.

İspaniyanın Britaniyanın başqa bir ərazisinə "qarmaq atması" vəziyyəti daha da gərginləşdirib. Bu isə Londonda müharibə çağırışlarını çoxaldıb. Artıq Britaniya hökuməti və müxalifətinin ayrı-ayrı nüfuzlu şəxsləri  "savaşa hazır olun, müharibə etməli olacağıq" – deyə, açıqlamalar verməyə başlayıblar…

F.Əhməd