XƏBƏR LENTİ

22 Oktyabr 2020

Digər Xəbərlər

04 Aprel 2017 - 09:00

Ağ Evin post-İŞİD mərhələsinə dair planı:ABŞ İraqda daimi hərbi baza qura biləcəkmi? - TƏHLİL

Mustafa Səadun

“Al-Monitor”

 

İŞİD-in Mosulda məğlubiyyətindən sonra ABŞ qoşunlarının İraqda qalıb-qalmayacağı mövzusunda iraqlılar arasında mübahisə qızışır.

Martın 26-da İraq hökuməti rəsmi olaraq elan etdi ki, o, bəzi ABŞ qüvvələrinin ölkədə olması ideyasını dəstəkləyir. Baş nazir Heydər İbadi “Fox News”a müsahibəsində bildirib ki, post-İŞİD dövründə İraq qüvvələrinə təlim vermək üçün kifayət qədər ABŞ qoşunlarının İraqda saxlanılmasının tərəfdarıdır.

"Biz təlim, maddi-texniki dəstək və kəşfiyyat sahəsində əməkdaşlıq və informasiya toplanmasında maraqlıyıq. Bu üç mühüm element üçün, fikrimcə, bəzi ABŞ qoşunlarının İraqda qalması lazımdır", – deyə baş nazir bildirib.

Deyəsən, parlamentin təhlükəsizlik və müdafiə komitəsində məlumat var ki, ABŞ-ın bəzi bazalarında artıq proses başlayıb. Komitənin üzvü Məcid əl-Qərəvi "Al-Monitor”a deyib: "İraqdakı ABŞ qoşunları hər gün artır, onlar İraqda qalmamalıdır”.

Qərəvi sədrçi hərəkatın siyasi nümayəndəsidir və onun baş nazirin ideyasına qarşı çıxması təəccüblü deyil.

"Amerika qüvvələri iraqlıların müqaviməti ilə qarşılaşacaq. İraqlılar öz ərazisində istənilən xarici hərbi varlıqla barışmayacaqlar", – o deyir.

Sədr Hərəkatının lideri Müqtəda Sədrin mətbuat xidmətinin rəhbəri Cəfər əl-Musəvinin fikirləri onun rəyi ilə üst-üstə düşür: “İraq parlamentinin razılığı olmadan istər amerikalı olsun, istər olmasın, İraqda hər hansı xarici qüvvə işğalçıdır. Beləliklə, o, Sədr Hərəkatı və ya iraqlıların yerdə qalan hissəsinin müqaviməti ilə qarşılaşacaq, çünki hərəkatın ABŞ-ın mövcudluğu ilə bağlı mövqeyi dəyişməyib".

“Fox”a müsahibəsində əvvəl İbadi ABŞ prezidenti Donald Tramp ilə görüş barədə “Washington Post”a bunu demişdi: "Mənim ölkəmə ABŞ-dan daha çox yardım lazımdır. Prezident Tramp və mən iki ölkə arasında 2008-ci ildə imzalanmış Strateji Çərçivə Sazişi əsasında əməkdaşlığı necə qurmaq lazım olduğunu müzakirə etdik".

Tramp hələ martın 20-də eyham vurmuşdu ki, o, hətta İŞİD-dən sonra da İraqdakı ABŞ qüvvələrini saxlamaq niyyətindədir. Jurnalistlər ondan "Birləşmiş Ştatlar İraqdan çıxarmalıdırmı?" – deyə soruşduqda, Tramp demişdi: "Biz heç əvvəldən çıxmamalıydıq".

Beynəlxalq koalisiyanın və daha çox ABŞ-ın qoşunları Mosul yaxınlığındakı Qayyara hərbi hava bazasına cəmləşib. Bu qoşunların post-İŞİD dövründə İraqda qalacağına dair əlamətlər var.

Ninəva şəhər bələdiyyəsinin Məclis üzvü Xələf əl-Hədidi deyib ki, Birləşmiş Ştatlar Mosul şəhərinin 56 kilometr (35 mil) cənubunda yerləşən Qayyara sahəsinə böyük maraq göstərir və onu Türkiyənin İncirlik hava bazasına mümkün alternativ olaraq görür. “ABŞ qüvvələri Mosul su anbarı zonasında yeni baza inşa edirlər. Lakin o, Qayyara hava bazası kimi böyük deyil. İşlər davam edir və biz gözləyirik ki, Vaşinqton bu sahədə, xüsusilə Ninəvada təsirə malik olacaq".

Təhlükəsizlik məsələlərində ixtisaslaşmış iraqlı analitik və yazıçı Hişam əl-Haşimi “Al-Monitor”a bildirib ki, İraqın şimalı və qərbində müntəzəm və müvəqqəti əsaslarla 8,400 ABŞ əsgəri var. O cümlədən Qayyara, Hamam əl-Alil, Ərbil, Dahuk, Kərkük, Ayn əl-Əsəd, Rabia, Madinat əl-Habbaniya, Haləpcə və Bağdad beynəlxalq hava limanında. Lakin "ABŞ qoşunlarının mövcud olduğu hər yeri baza adlandırmaq olmaz. Bağdad beynəlxalq hava limanı istisna olmaqla, qalanlar sadəcə düşərgələrdir”, – deyə Haşimi qeyd edib.

Səlahəddin əyaləti qubernatorunun köməkçisi Əmmar Hikmət Baldavi ABŞ əsgərlərinin əyalətin Balad və Tikrit, habelə Diyala əyalətinin əl-Mənsuriyyə bazasısında daha çox qalmaq niyyətində olduğunu “Al-Monitor”a təsdiqləyib.

Elə görünür ki, sünnilər və kürdlər post-İŞİD mərhələsində ABŞ qoşunlarının qalmasını təqdir edir, çünki bəzilərinin fikrincə, İraqda şiə təsirini və İranın dəstəklədiyi silahlı qrupların gücünü azaltmaq üçün yeganə yol məhz budur. Onlar ABŞ qoşunlarını təhlükəsizliyə nəzarət, ölkədə silah və milislərin yayılmasını neytrallaşdırmaq üçün bir vasitə kimi görür.

İraq Kürdüstanı İraqda ABŞ bazalarının böyük mövcudluq rayonu ola bilər. Bu kiçik təhlükəsiz mühitdə Amerikanın mövcudluğunu işğal hesab edən sünni və ya şiə çoxluq, yaxud İraqın bir çox əyalətlərindən fərqli olaraq, Amerikanın iştirakı heç bir siyasi və ya sosial müqavimətlə üzləşmir.

Lakin Kürdüstan regionunun xaricində də bəzi yerli rəhbərliklər təhlükəsizliyi saxlamaq, investisiya və yenidənqurma üçün ABŞ hərbi bazalarının xüsusilə qeyri-sabit bölgələrdə saxlanılması ideyasını dəstəkləyirlər.

"2008-ci ildə imzalanan İraq-ABŞ müqaviləsi üzrə vilayətdə ABŞ hərbi bazaların saxlanılmasını dəstəkləyirik, çünki bu, vilayətə daha çox sabitlik gətirir, – Baldavi bildirib. – Biz həmin sazişin tam aktivləşdirilməsini gözləyirik”.

Baldavi əlavə edib: "Biz bütövlükdə vilayətdə və İraqın azad edilməsi üçün İraq qüvvələrinə kömək edən Birləşmiş Ştatların başçılıq etdiyi beynəlxalq koalisiyanın səylərini yüksək qiymətləndiririk".

Bəldavinin əyaləti 2003-cü ildəki işğaldan bəri mübarizə və zorakılıq dövründə şahidi olub. 2014-ci ildə İŞİD-in əlində düşsə də, indi İraq hökumətinin tam nəzarəti altındadır.

“Al-Monitor” ABŞ qoşunlarının iştirakı ilə bağlı “Haşdi əl-Şəabi”nin mövqeyini müəyyən etmək üçün qurumun təmsilçisi Yusif Kilabi müraciət edib və cavabı qısa olub: "”Haşdi” İraq silahlı qüvvələrinin bir hissəsidir və İraq hökuməti ilə eyni mövqe tutur".

Təbii ki, cavabsız suallar qalır.

Birincisi, Heydər İbadi ABŞ qoşunlarının İraqda qalmasının lazımlığını rəqiblərinə və dostlarına başa sala biləcəkmi?

İkincisi, ABŞ qoşunları İraqı ardıcıl böhrandan qoruya və sabitlik gözətçisi ola biləcəkmi? 

Üçüncüsü, İraq İranla məsləhətləşmədən ABŞ qoşunlarına ölkədə qalmağı təklif etsə, İran bu qoşunlara qarşı hansısa tədbirlər, müqavimət göstərəcəkmi?
 

Tərcümə: Strateq.az




Yuxarı Əvvələ Ana Səhifə