XƏBƏR LENTİ

27 Noyabr 2020
26 Noyabr 2020

Digər Xəbərlər

06 Aprel 2017 - 18:15

İsrailin Suriya münaqişəsinə baxışı:İrana yox, Rusiyaya bağlı Əsədin iqtidarda qalması - Təhlil

Foto: İsrail baş naziri Benyamin Netanyahu Suriya ilə sərhəddəki işğal edilən Colan Təpələrində 

 

Hüseyn Əbdül Hüseyn

"Anadolu News Agency"

 

"İsrail, Əsədin qarşılaşdığı beynəlxalq təcriddən çıxması üçün ona qapını açdı".

Bu, 2010-cu ilin yanvarında Hudson İnstitutunda keçirilən bir paneldə ABŞ dövlət katibinin müavini Cefri Feltmanın ağzından çıxan sözlər idi. 

Feltman hazırda BMT baş katibinin siyasi məsləhətçisidir.

Cefri Feltman sıradan bir ABŞ diplomatı deyil. Hillari Klinton onu 2009-ci ildə bu vəzifəyə təyin etməzdən öncə C.Feltman Yaxın Şərqdə müxtəlif vəzifələrdə olmuş, sonda da ABŞ-ın Livandakı səfirliyinə rəhbərlıik etmişdi. 

2005-ci ilin fevralında, baş nazir Rəfiq Həriri sui-qəsdə məruz qaldıqda, C.Feltman Beyrutda işlərin necə getdiyini hələ təzəcə öyrənirdi. Əsədi qoşunlarını iki ay sonra oradan geri çəkməyə məcbur edən Livandakı unudulmaz xalq qiyamları Həririnin sui-qəsdindən dərhal sonra başlamışdı. 

Bu arada Əsədin Livanda məğlubiyyətinin üstünə Vaşinqtonun təşəbbüsü ilə reallaşan beynəlxalq təcrid tədbirləri gəlmişdi.

Livanın 2005-ci ildəki müstəqillik qiyamının dəstəklənməsində oynadığı aktiv rol ucbatından Əsəd və "Hizbullah" başda olmaqla, livanlı müttəfiqləri Cefri Feltman – təcrübəli ABŞ diplomatı əleyhinə qaralama kampaniyasına başlamışdı. 

Feltmanın Beyrutda tutduğu vəzifəsini xələfinə təhvil verməsindən qısa bir müddət əvvəl bombalı hücum ABŞ səfirliyinin konvoyunu göyə uçurmuşdu. Bir çoxları hücumun ya birbaşa Feltmanı hədəf alması, ya da Əsəd və "Hizbullah"ın Vaşinqtona ünvanladığı mesaj olduğunu düşünmüşdü.

 

Suriya rejiminin Vaşinqtondakı təmasları

 

2009-ci ildə Feltman Yaxın Şərqlə əlaqədar ən yüksək məqamlı ABŞ diplomatı idi. Livan demokratiyasını dəstəkləyən beynəlxalq koalisiyanın başında duran Feltman sabiq prezident Barak Obamanın "Əsədi öz tərəfinə çək" təlimatına uyğun olaraq, bu dəfə Əsədlə görüşmək üçün Dəməşqə səfər etmişdi.

Yəni sözün qısası, Feltman, "İsrail Əsədin qarşılaşdığı beynəlxalq təcriddən çıxması üçün ona qapını açdı", – deyərkən nə söylədiyini bilirdi.

2006-ci ildə Əsəd "dar ayaqda qalmamaq üçün" Vaşinqtonda bir kampaniya başlatdı. Suriyanın ABŞ-dakı o zamankı səfiri İmad Mustafa böyük nüfuzu olan Yəhudi-Amerika Cəmiyyətinin dəstəyini qazanmaq üçün suriyalı yəhudilərlə əlaqə qurdu. Hamıdan xəbərsiz Əsədin nümayəndələri israilli vəzifədaşları ilə "sülh danışıqları" aparırdı – bu addım, Feltmanın fikrincə, Əsədin normal duruma qayıdışına açılan qapı idi.

İ.Mustafa axır ki, ABŞ Nümayəndələr Palatasının rəhbəri Nensi Pelosi və Əsədin özünə ortaq tapmış olan Senatın Xarici Əlaqələr Komitəsinin sədri Con Kerri üçün Dəməşq səfəri təşkil etməkdə uğur qazandı. Obama, Kerri və Əsədin yaxın dostu olan və sonradan Yaxın Şərq məsələlərində ən yüksək məqama malik Milli Təhlükəsizlik Şurasının rəsmisi Robert Malli kimi Obama müşavirləri ilə təmasda oldu.

İsrail də Əsədlə sülh danışıqlarına başlamağa hazır olduğunu göstərdiyindən Vaşinqton Əsədə qucaq açmağa hazır idi.

Təl-Əvivin Əsədi qoruması, əslində, məntiqə zidd idi. Necə olursa-olsun, Əsəd İsrailin qan düşməni "Hizbullah"ı yalnız dəstəkləməklə kifayətlənmirdi. 2006-ci ildə İsrailə qarşı Suriya raketlərindən istifadə üçün "Hizbullah"a hərbi sursat anbarlarının qapısını da açan məhz o idi.

2011-ci ilə qədər İsrailin mövqeyi, xüsusilə İraq, Livan, Fələstin əraziləri və İran daxil olmaqla, Yaxın Şərqdə demokratiyanı dəstəkləməyə yönəlmişdi. İsrailin mövqeyi, sabiq prezident oğul-Corc Buş və onun davakar neokonları ilə sinxron haldaydı.

 

"İsrail Əsədi xilas edir"

 

Feltmanın İsrailin Əsədi xilas etməsi barədə açıqlaması İsrailin ərəb ölkələrində demokratiyanın yayılması məsələsinə səmimi bir maraq doğuracağını düşünən hər kəsi ağlını başına yığmağa sövq etməliydi. 2011-ci ildə İsrail və İsrailin Vaşinqtondakı dostlarınn çoxu "Ərəb Baharı"na qarşı qərarlı mövqe tuturdu və onlar Misirin sabiq prezidenti Hüsnü Mübarəkə açıq dəstək verirdi. 

Daha sonra İsrail, general Əbdülfəttah Sisinin Qahirədə iqtidara gətirənlərin ən sadiq müdafiəçisi oldu.

İsrailin Vaşinqtondakı bir neçə dostu, Təl-Əvivin əksinə, ərəb ölkələrində demokratiyanın yayılmasına maraqlı olduğunu sübut etdi. Məsələn, Buş dövründə Yaxın Şərq məsələlərində səlahiyyətli şəxs – Eliot Abrams İsrailin mövqeyinə zidd şəkildə, Misir inqilabını əvvəldən ta sonadək dəstəklədi. 

Yeri  gəlmişkən, İsrailin Əsədi xilas etdiyinə dair açıqlamanın verildiyi 2010-ci ildə E.Abrams Hudson İnstitutundakı paneldə ikinci məruzəçi idi.

Zahirən İsrailin ərəb ölkələrində və ya İranda "demokratiyanın bərqərar edilməsi" ilə əlaqəsi yoxdur. Bəlkə də İsrail sadəcə, yalnız düşmənlərinin idarə etdiyi ölkələrdə "dəyişiklik" görmək istəyir. Buna görə də İsrail 2003-ci ildə Səddam Hüseynin devrilməsini müdafiə etdi, 2005-ci ildə Livanda "Hizbullah" əleyhinə nümayişləri dəstəklədi, Yasir Ərafatın taxtını laxlatmaq və Mahmud Abbasın seçilməsi üçün dünyanı fələstinlilərə dar etdi, lakin fələstinlilərin bundan sonra seçki prosesini dayandırmasını da vecinə almadı. 

2009-ci ildə İsrailin Vaşinqtondakı dostları, İranın "Yaşıl İnqilab"ına dəstək verdiyi üçün Obamanı şiddətli şəkildə tənqid etmişdilər.

 

İsrail üçün iki "pis"dən biri

 

Lakin İsrail ərəblər və ya iranlılar arasında – Səddam, "Hizbullah", Ərafat və İrandan o yana – demokratiyanın yayılmasıda maraqlı görünmür. İsrailin yeganə istəyi Əsədin "Hizbullah"ı dəstəkləyə bilməyəcək dərəcədə zəifləməsi, amma çökməyəcək qədər də güclü qalmasıdır.

Bu da bizi İsrailin Suriya inqilabının başladığı 2011-ci ilə qaytarır.

İsrail Əsəd ailəsinin tərəfindədir – həm Hafiz Əsədin, həm də oğlu və xələfi Bəşərin. Əsəd ailəsi İsrailə meyillənməməklə bərabər, həddini də bilir. 

1974-2011-ci illər arasında Əsəd ailəsi Colan Təpələrində sabitliyi, İsrailin dincliyini heç pozmadı. İsrail Colan Təpələrini işğal etməklə kifayətlənmədi, rəsmi olaraq ilhaq etdi. 

1996-cı ildən etibarən Əsəd, İsrail və "Hizbullah" arasında savaşın geniş diametrli bir qarşıdurmaya dönməyəcəyinə zəmanət verdi. İsrail və "Hizbullah" arasında müharibə baş vermək üzrə olduqda (1993 və 1996-cı illər) Əsəd, İsrailə müvəqqəti atəşkəsin təmin edilməsi yönündə çıxış yolu göstərdi.

Zaman-zaman problem çıxarsa da, İsrail onun davranışlarına dözüm göstərib yenə də Əsədə dayaqlandı. Çünki Əsəd İsrailin tanıdığı "pis"dir, amma yəqin ki, islamçılarla müqayisədə alternativdir, çünki bu, ikincisi "pis"i İsrail həzm edə bilmir. 

Buna görə də mülayim və ya radikal olsun, suriyalılar Əsədi devirmək üçün hərəkətə keçdikdə, İsrailin Əsədin qalmasını istəməklə birlikdə, ona nicat vermək üçün edə biləcəyi çox şey yox idi. 

İsrail üçün talesiz proses baş vermiş, düşmənləri İran və "Hizbullah" Əsədi xilasetmə səylərini artırmış və Əsəd sağ qala bilmək üçün qısa müddətdə hərbi baxımdan İrandan asılı hala düşmüşdü.

 

İrandan gözdağı

 

Əsədin İsraillə qonşuluqdakı cənub sərhədinə nəzarəti zəiflədikcə, İran və "Hizbullah" İsrailə təhdid ünsürü ola biləcək bölgədə infrastruktur inşa etməyə çalışdı. Bunu İsrailə qarşı Livan cəbhəsinə alternativ olaraq etdilər. Çünki Livan cəbhəsi İsrailə qarşı istifadəyə yararsız vəziyyətdədir. 

Hərbi toqquşma baş verərsə, İsrail "Hizbullah"ın Livandakı şiə dəstəkçilərini eyni sərtliklə hədəfə alacaq. Buna görə də İsrail "Hizbullah"ın Suriyanın cənubunda silah təchizatını hava hücumlarına məruz qoydu.

Rusiyanın 2015-ci ilin sentyabrında Suriya müharibsinə qatılması ilə yalnız Əsədin iqtidarda qalma şansı artmadı, eyni zamanda, Moskva Əsədin İran asılılığına alternativ təqdim etmiş oldu. 

2011-ci ildən bəri ilk dəfə məhz bu ay İsrail Suriyada hava hücumları reallaşdırdığını etiraf etdi: hədəf – İran və şiə milisləri İsrail sərhədindən uzaqda tutmaqdır.

"İranın dostu Obama"nın yerini İran düşməni Trampın tutması ilə İsrail, İran və "Hizbullah"ı Suriyadan çıxarma fürsəti əldə edə bilər. Beləcə, Əsəd Rusiyadan asılı vəziyyətə gələcək. Bu addımı Rusiyada da məmnuniyyətlə qarşılayacaq.

Həmin yöndə və 2011-ci ildə bəri ilk dəfə İsrail Siriyanın şimal-şərqindəki Tadmora (Palmira) çatacaq şəkildə, Suriyadakı İran güclərini hədəf alacağı mənzili genişlədir.

İran İsrailin oyun qaydalarını dəyişdirdiyini anladığı üçün, böyük ehtimalla, israillilərə İranı Suriyadan söküb atmanın asan olmayacağına dair xəbərdarlıq olaraq İsrailə layiqli cavab verdi. Eyni həftədə İran Suriyanın cənubunda İsrailə aid bir pilotsuz təyyarəni (dronu) məhv etdi.

Belə görünür ki, yaxın dönəmdə İsrail Əsədi İrandan qoparma və Rusiyaya yaxınlaşdırma layihəsinin təqibçisi olacaq. Bu halda, Əsədin yerini hansısa yeni sünninin, yaxud yeni şiənin tutmamasına zəmanət varmı?

Zamanın axarına buraxaq…

 

Tərcümə: Strateq.az

 

Strateq-dən arayış: Vaşinqtonda yaşayan livanlı jurnalist-politoloq Hüseyn Əbdül Hüseyn "Chatham House"da çalışır, "New York Times", "Washington Post", "Christian Science Monitor", "USA Today" kimi qəzetlərə məqalələr yazır, CNN, BBC kimi aparıcı televiziya kanallarında Yaxın Şərq üzrə şərhçilik edir.




Yuxarı Əvvələ Ana Səhifə