XƏBƏR LENTİ

28 Oktyabr 2020
27 Oktyabr 2020

Digər Xəbərlər

06 Aprel 2017 - 19:39

Rusiya ilə Türkiyə yenə üz-üzə gəldi- Moskva ilə Ankara arasında "razılaşdırılmış nikah" pozulacaqmı?

"Su-24" qırıcısının vurulmasından sonra Rusiya-Türkiyə münasibətlərində xeyli dəyişiklik oldu. Rusiya hər fürsətdə qəzəbli olduğunu göstərir, Türkiyəyə öz tələblərini diktə edirdi. 

Düzdü, gərginlik bir müddət sonra aradan qalxdı. Hətta tərəflər dostluq-müttəfiqlik bəyanatları da səsləndirdilər. Lakin Ankara ilə Moskva arasındakı bu isinmə çox çəkmədi. Bir sıra mal və məhsulların idxalı ilə bağlı qarşılıqlı qadağalar, martın 10-da baş tutan Ərdoğan-Putin görüşünün gözləntiləri doğrultmaması iqtisadi müstəvidə yaranan mübahisəni siyasi ziddiyyətlərə sürüklədi.

Rusiya ilə Türkiyə arasında əsən bu soyuq rüzgar yeni konfrontasiyaya yol aça bilərmi? 

Strateq.az xarici mətbuata istinadən bu suala aydınlıq gətirməyə çalışacaq.

 

 

Son dönəmlərə qədər Rusiya ilə bağlı ehtiyatlı mövqe sərgiləyən Türkiyə KİV-ləri prezidentlərin 10 mart görüşündən sonra Moskvanın ünvanına açıq tənqidlər səsləndirməyə başladılar. 

Türkiyə bu görüşə böyük ümidlər bağlamışdı. Danışıqlara prezident Rəcəb Tayyib Ərdoğanla yanaşı, böyük nümayəndə heyəti qatılmışdı. Xarici işlər naziri, turizm naziri, iqtisadiyyat naziri, energetika naziri, kənd təsərrüfatı üzrə məsul şəxslər, həmçinin milli təhlükəsizlik naziri…

Türk tərəfi düşünürdü ki, danışıqların nəticəsi olaraq təyyarə insidenti ilə bağlı tətbiq edilmiş sanksiyalar tamamən ləğv ediləcək. Həmçinin Ankara viza rejiminin təkcə sadələşdirilməsini yox, sərhədi şəxsiyyət vəsiqəsi ilə keçmək imkanının yaradılmasını istəyir və gözləyirdi.

Türkiyə bunun baş verəcəyinə o qədər əmin idi ki, xarici işlər naziri Mövlud Çavuşoğlu Rusiyaya səfəri öncəsi açıqlama verərək pasport yoxlanışında dəyişikliklə bağlı hava limanlarına təlimat verildiyini elan etmişdi.

Liderlərin qarşılıqlı dostyana bəyanatlarına baxmayaraq, görüşün nəticələri gözlənildiyindən xeyli fərqli oldu.

 

 

Putin təkcə aşağıdakılara söz verdi:

1. Viza rejimi yalnız xidməti pasportu olan Türkiyə vətəndaşları üçün ləğv ediləcək;
2. Rusiyada türk işçilərin fəaliyyətinə qoyulan qadağa aradan qalxacaq;
3. Kənd təsərrüfatı məhsullarından yalnız qərənfil, soğan, gül kələm və brokoli sanksiya siyahısından çıxarılacaq.

Pomidor, xiyar və alma kimi, Türkiyə ixracatında xüsusi yer tutan məhsullar isə "qadağa siyahısı"ndan çıxarılmayacaq.

Ərdoğan danışıqlardan nə dərəcə narazı qaldığını Türkiyəyə qayıdandan cəmi bir gün sonra verdiyi açıqlama ilə nümayiş etdirdi. 

Martın 11-də Türkiyə hökuməti elan etdi ki, Krımla dəniz nəqliyyatını dayandırır. Təxminən bir həftə sonra isə Türkiyə XİN Krımla bağlı bəyanat yayaraq yarımadanın ilhaqı və Rusiyaya birləşdirilməsi ilə barışmayacağını açıqladı.

 

 

Krımın Rusiya tərəfindən ilhaqının 3 illiyi ilə bağlı yayılan bəyanatda beynəlxalq hüquqa zidd olaraq həyata keçirilən bu vəziyyətin qəbuledilməz olduğu vurğulanırdı:

 “Bir daha Ukraynanın ərazi bütövlüyü və suverenliyinə dəstəyimizi ifadə edirik. Türkiyə Krımdakı vəziyyəti yaxından izləməyə və yarımadanın əsl sakinləri olan Krım tatar türklərinin haqq və mənafelərini müdafiə etməyə davam edəcək”. 

Bunun ardınca Ankara ilə Moskvanın mövqeləri Suriya məsələsində də toqquşdu. Bu, ötən ay Rusiyanın Afrin rayonunda rus hərbi baza yaratmaq istədiyi ilə bağlı açıqlamasından sonra baş verdi. 

Bu rayon PKK ilə sıx əlaqədə olan PYD-nin nəzarətindədir.  Ankaraya görə, orada Rusiya hərbi bazasının qurulması terrorçulara dəstək verməkdir. Moskva hərbi baza ilə bağlı xəbəri təkzib etdi. Lakin onun da mesajını verdi ki, kürdlərlə əməkdaşlıqdan imtina etmək fikrində deyil.

Martın 22-də türk əsgərinin kürd snayper tərəfindən vurulması vəziyyəti bir az da gərginləşdirdi. Atəş PYD-nin nəzarətində olan bölgədən açılmışdı. 

Ərdoğan və türk siyasilər hadisəyə kəskin reaksiya verdi. Rusiyanın Türkiyədəki müvəqqəti işlər vəkili Sergey Panov izahat üçün Türkiyə XİN-ə çağırıldı.

Nazirlik Rusiyadan kürdlərin Moskvadakı ofisini (Demokratik İttifaq) qapatmağı tələb etdi.

 

 

Bunun ardınca gündəmə "buğda qalmaqalı" gəldi. Rusiyanın meyvə-tərəvəz qadağasına cavab olaraq Türkiyə də martın ortalarında rusiyalı buğda istehsalçılarını güzəştlərdən məhrum etdi.

Ankara Rusiyadan buğda və qarğıdalının rüsumsuz idxalına qadağa qoydu. 

Rusiyalı politoloq Fyodr Lukyanov hesab edir ki, ticari mübahisələr adi haldır. Və bu, dost dövlətlər arasında da baş verə bilir:

"2015-ci ilin noyabrı ilə müqayisədə hazırda Rusiya ilə Türkiyə arasında münasibətlər normaldır. Həmin vaxt tərəflər az qala, silahlı münaqişə həddinə qədər gəlmişdilər. "Buğda savaşı" xırda şeydir. Bizim kənd təsərrüfatı istehsalçılarımız Qərbin sanksiyaları və Türkiyənin "embarqo"su dövründə xeyli dirçəldi. 

Eyni zamanda, hər iki ölkə Dünya Ticarət Təşkilatının üzvüdür və ona görə də bazarlarını bir-birinin üzünə tam bağlaya bilmirlər. Nəzərə almaq lazımdır ki, əlaqələr bərpa olunsa da, Rusiya və Türkiyə nə dost, nə də müttəfiqdir. Ankara ilə Moskva arasında böyük inamsızlıq var. Sadəcə ötən müddətdə tərəflər başa düşdü ki, istər iqtisadi, istərsə də geosiyasi istiqamətdə konfrontasiya nə Ankaranın, nə də Moskvanın xeyrinədir. Hər ikisi başa düşüb ki, problemləri hansısa şəkildə yoluna qoymaq lazımdır".

Türkiyəli politoloq Sərkan Dəmirtaş da hesab edir ki, həm Ankara, həm Moskva məlum konfrontasiyanın təkrarlanmasından ehtiyat edir və buna yol verməməyə çalışır:

«Hazırda Türkiyədə turizm sektorunun inkişafı rus turistlərdən asılıdır. Avropa Birliyi ilə münasibətlərin gərginləşməsi fonunda avropalı turistləri gözləmək yersizdir. Ankara boş çimərliklər görməkdən ehtiyat edir. Hökumət çox şeyə gedəcək ki, məlum vəziyyət bir də təkrarlanmasın". 

 

 

Beynəlxalq Məsələlər üzrə Rusiya Şurasının direktoru Andrey Kortunovun fikrincə, tərəflər arasında ziddiyyətləri aradan qaldırmaq üçün xeyli səy göstərmək lazım gələcək:

«Əvvəlki metoddan – bütün zibili palazın altına yığmaqdan istifadə etmək olmaz. Özümüzü elə aparırdıq ki, heç bir problem yoxdur. Amma problemlər onsuz da üzə çıxdı. İndi vacib olan ortaq maraqlar çərçəvisində fikirayrılıqlarını müzakirə etməkdir. Düşünmürəm ki, Türkiyə ilə problemsiz münasibətlərimiz olacaq. Çətin olacaq, incikliklər olacaq. Lakin hər bir halda münasibətlərin vektorunu nikbin qurmaq olar. 
Böhranlı dövrü keçə bilmişik. Hətta səfirimizin Ankarada öldürülməsi, türk əsgərlərin Rusiya qırıcılarının zərbələrindən həyatını itirməsi belə, 2015-dəki gərginliyi yaratmadı. Bəlli stabillik var. Bəzi ortaq maraqlar da var. Beynəlxalq terrorizmə qarşı mübarizədə, energetika sahəsində, turizm sahəsində, inşaat sahəsində… Üstəlik hər iki ölkənin Qərblə, Avropa Birliyi ilə problemləri var».

Türkiyəni narahat edən məqamlardan biri də qətlə yetirilən səfir Andrey Karlovun yerinin hələ də boş qalmasıdır. Ankara təyinatın gecikməsini Moskvanın Türkiyə ilə dostlaşmaq niyyətində olmaması kimi qəbul edir.

Politoloq Sərkan Dəmirtaş isə hesab edir ki, yeni səfirin təyinatının gecikməsi Karlovun qətli üzrə istintaqın yekunlaşmaması ilə bağlıdır: "İstintaqı rusiyalı və türkiyəli mütəxəssislər aparır. Deyilənlərə görə, Moskvada türk həmkarların işindən razı deyillər".

Yekun olaraq görünən odur ki, Moskva və Ankara "razılaşdırılmış nikah"larını pozmayacaqlar. Və bundan sonra da maraqlarının üst-üstə düşdüyü sahələrdə əməkdaşlıq edəcək, maraqlarının toqquşduğu məsələlərdə isə rəqabəti davam etdirəcəklər.

Strateq.az
 




Yuxarı Əvvələ Ana Səhifə