XƏBƏR LENTİ

06 İyun 2020
05 İyun 2020

Digər Xəbərlər

07 Aprel 2017 - 13:32

“Kimyəvi bomba” təxribatının arxasındakı gerçək:Rusiya bu dəfə də Əsədi ABŞ-a satır... - TƏHLİL

Suriyanın İdlib vilayətinə atılan kimyəvi bombaya beynəlxalq reaksiyalar özünü çox gözlətmədi. Fransa tərəfindən BMT TŞ-da gündəmə gətirilən bu məsələ ciddi müzakirələrə yol açdı. Ən kəskin mövqe nümayiş etdirən isə Vaşinqton oldu. ABŞ-ın BMT TŞ-dakı nümayəndəsi Nikki Haley öz çıxışında həm Rusiyanı, həm də Suriyanı bu hücumun əsas günahkarı kimi suçladı və beynəlxalq birliyin ümumi qərarı olmasa belə, ölkəsinin Suriyaya hərbi müdaxilə ehtimalını dilə gətirdi.

Daha sonra eyni təhdid ABŞ prezidenti Donald Tramp tərəfindən də irəli sürüldü. Prezident gün boyu etdiyi bir neçə çıxışında Suriya rejiminə qarşı mövqeyinin dəyişildiyini və hərbi müdaxiləyə gedəcəyini bildirdi. Bu təhdidlərin üzərindən çox keçməmiş, dünən gecə saat 4-5 radələrində Suriyadan müharibə xəbərləri gəlməyə başladı. Məlumata görə, ABŞ Aralıq dənizindəki gəmilərindən atdığı “Tomahawk” raketləriylə Suriyanın Əl-Şayrat aerobazasını vurdu.

ABŞ hərbçilərinin “raketlərin anası” adlandırdıqları “Tomahawk”ların ciddi təxribat gücünə malik olduğunu və aerobazaya 50-dən artıq raket atıldığını nəzərə alsaq, bu hücumun necə böyük dağıntılara yol açdığını təsəvvür etmək çətin deyil. Böyük ehtimalla, əl-Şayrat hava limanı artıq yer üzündən silinib və hücum zamanı bazada olan hərbçilərin əksəriyyəti həyatla vidalaşıb.

Suriya ordusunun ən önəmli hərbi hava limanlarından olan əl-Şayratın istifadəyə yarasız hala gətirilməsi Bəşər Əsəd rejiminin müxaliflər qarşısında ən mühüm üstünlüyünün də ortadan qaldırılması deməkdir. Nədən ki, Dəməşq rejiminin yeganə üstünlüyü hava gücündə və Rusiyanın ona verdiyi hava dəstəyində idi. Əl-Şayratın məhvindən sonra isə həmin potensial da aradan qalxa və Əsəd rejimi “mülayim müxaliflər” qarşısında tamamilə gücsüz vəziyyətə salına bilər.

Açığı, Rusiyanın da bundan sonra Bəşər Əsəd rejimini ciddi şəkildə dəstəkləyəcəyini gözləməyə dəyməz. İstər BMT TŞ-da rus nümayəndə heyətinin Bəşər Əsədə qahmar çıxmasına, istərsə də Rusiya prezidenti Putin hadisəni araşdırmaq və bundan sonra Əsəd rejiminin taleyinə hökm verilməsi təklifini irəli sürməsinə baxmayaraq, müdaifə nitqlərinin sözdən o yana keçməyəcəyi güman olunur. Bunu Kremlin sözçüsü Dmitri Peskovun “Assosciated Press”ə verdiyi açıqlamalar da təsdiqləyir. Həmin çıxışında Peskov Rusiyanın Bəşər Əsədə “verdiyi dəstəyin sərhədsiz olmadığını” açıq şəkildə ifadə edib

Peskovun bu mövqeyi Rusiyanın əslində Bəşər Əsədi hərraca çıxara biləcəyinin və hətta artıq satdığının işarəsidir. İstər Rusiyanın, istərsə də rəsmi Dəməşqin İdlib qətliamıyla bağlı yaydığı bəyanatlar da bu ehtimalı qüvvətləndirir.

Xatırladaq ki, hadisənin ilk günü hər kəs kimyəvi hücumun məsuliyyətlisini axtararkən, Moskva dərhal açıqlama verərək, həmin gün heç bir hava əməliyyatı keçirmədiyini bəyan etmiş, dolayısıyla məsuliyyəti Bəşər Əsədin üstünə atmışdı. Dəməşqin hadisəylə bağlı açıqlaması isə suçüstü yaxalanan uşağın bəhanəsinə daha çox bənzəyirdi:“Biz heç bir zaman kimyəvi silahlardan istifadə etmədik, bundan sonra da etməyəcəyik”.

Daha sonra Rusiyanın Suriyaya qahmar çıxmaq adıyla söylədiyi arqumentlər də müdafiədən çox, ifşaya oxşayırdı. Moskva “Suriya hərbi hava qüvvələrinə aid təyyarələrin əslində kimyəvi bomba atmadığını, sadəcə “mülayim müxaliflərə” aid silah anbarını partlatdığını, kimyəvi qazın da həmin anbardakı bir silahın partlaması üzündən ətrafa yayıldığını” açıqladı. Bununla da müttəfiqini ikinci dəfə ələ verdi.

Üstəlik, Rusiyanın guya müttəfiqinə qahmar çıxmaq üçün irəli sürdüyü arqument də əsaslı deyildi. Nədən ki, İdlibdə partladılan kimyəvi bombanın sarin qazı olduğu açıqlanmışdı. Sarin qazının silah deposunda  partlaması isə yüzə yaxın insanın ölümü, yüzlərlə mülki vətəndaşın yaralanmasına səbəb ola bilməzdi. Çünki sarin qazının tez buxarlandığı, insana vurduğu zərərin də məhz bu buxarlanma nəticəsində baş verdiyi bilinir. Məlumata görə, həmin qaz 1-10 dəqiqə arasında buxarlanır. Sirr deyil ki, buxarlanma hadisəsi üfüqi deyil, şaquli istiqamətdə yayılır. Deməli, sarin bombasının üfüqi təsir imkanları da yüzlərlə insana zərər vura bilməzdi. Bu həqiqətdən hərəkət edərsək, yüzlərlə insanın həyatına ciddi zərbə vuran həmin partlayışın yaşayış yerinə atıldığı aydın olur.

Sual oluna bilər: Suriya indiki dövründə müxaliflərinə qarşı kimyəvi silahlardan istifadə edərdimi?

Düzünü desək, Bəşər Əsədin sonunu gətirəcək kimi görünən sarin bombasının Suriya ordusu tərəfindən atıldığı, yaxud Dəməşqin atılan bu bombanın sarin qazı olduğunu bilməsi ehtimalı çox da inandırıcı görünmür. Ən azı ona görə ki, Suriya diktatoru cəmi bir ay əvvəl öz yaxasını kimyəvi bomba ittihamından zorla qurtarmış və növbəti hücumun onun öz fəlakətinə səbəb olacağını anlamamış ola bilməzdi.

Bilindiyi kimi, ABŞ hələ Obama dövründə Bəşər Əsəd üçün “qırmızı cizgi"nin kimyəvi silahdan istifadə olduğunu bəyan etmiş və ona bir daha eyni səhvə yol verməməyi məsləhət görmüşdü. ABŞ-ın bu xəbərdarlığı isə səbəbsiz deyildi. Zira 21 avqust 2013-cü ildə Dəməşqin şərqində yerləşən Ğuta şəhərinə atılan kimyəvi bomba 426-sı uşaq olmaqla, 1500 nəfərin ölümüylə nəticələnmiş və bunun məsuliyyətini heç bir tərəf boynun götürməmişdi. Suriya rejimi Ğuta qırğınının müxaliflərin özü tərəfindən Dəməşqi beynəlxalq sanksiyalarla üz-üzə qoymaq üçün törədildiyini bildirmiş, müxaliflər isə bu arqumenti gülünc adlandıraraq, Bəşər Əsədi suçlamışdılar. Həmin dövrdə BMT-nin TŞ-da yaradılan istintaq komissiyası Suriyada bir neçə dəfə istifadə edilən kimyəvi hücum faktını araşdırmış, istintaqın nəticəsi cəmi bir ay bundan əvvəl açıqlanmışdı. Açıqlamada istintaq qrupu Suriyada 3 kimyəvi hücum faktı aşkarlamış, bunlardan birinin “mülayim müxaliflər”, digər ikisinin isə Dəməşq tərəfindən həyata keçirildiyi qənaətinə gəlmişdi. İstintaq qrupunun ortaya çıxartdığı bu faktlardan sonra BMT TŞ-nın keçirdiyi 28 fevral 2017-ci il toplantısında Suriyaya qarşı hərbi müdaxilə versiyası gündəmə gətirilmiş, yenə Rusiya və Çinin vetosuyla müştərək qərar çıxmamışdı.

Bu qədər həssas bir zamanda, üzərindən bir ay keçməmiş ikinci bir skandala imza atmaq Dəməşqi tamamilə yalnızlaşdıra bilərdi, necə ki, yalnızlaşdırdı da. Odur ki, Bəşər Əsədin bu riskli addımı atması, zənnimizcə, mümkün deyildi.

Məsələyə bu aspektdən nəzər salanda, hadisənin Suriya diktatoruna qarşı bir təxribat olduğu daha inandırıcı təsir bağışlayır. Bu təxribat isə regiondakı beynəlxalq güclərin müştərək qərarı ilə ola bilərdi. Suriyada hazırda həlledici qərara malik iki beynəlxalq gücdən birinin Rusiya, digərinin isə ABŞ olduğunu nəzərə alsaq, hadisənin törədicisinin kimliyini müəyyənləşdirmək çətin deyil. Görünən budur ki, son zamanlar başı daxili problemlərinə qarışan Moskva Bəşər Əsədi dəyər-dəyməzinə Vaşinqtona satıb.

Bu alış-verişdə ən böyük zərbələrdən biri də İrana dəyəcək. ABŞ-ın yeni prezidenti Donald Trampın İranı Yaxın Şərqdən çıxarmaq niyyətini açıq şəkildə ifadə etməsi də bu mənada təsadüfi deyil…

Heydər Oğuz

Strateq.az