XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

08 April 2017 - 09:00

Britaniyanın sabiq səfiri: "Suriyanı məhv edənlərin ilk cərgəsində mənim hökumətim də var"

Conatan Stil

"Middle East Eye"

 

"Suriyanın dövlət başçısı Bəşər Əsəd bilirdi ki, kimyəvi silahdan istənilən istifadə özünəqəsddir".

Bunu "Middle East Eye"ə (MEE) Böyük Britaniyanın Suriyadakı sabiq səfiri Piter Ford bildirib.

2003-2006-cı illərdə Dəməşqdə xidmət etmiş Piter Ford deyib ki, Əsədin ABŞ prezidenti Donald Trampı təhrik etmək niyyəti yox idi, çünki Barak Obamanın siyasəti ilə müqayisədə, Vaşinqtondakı yeni administrasiya Suriyada daha yumşaq xətt yeridirdi.

Cümə günü yüzə qədər adamın zarinəbənzər qazdan öldüyü Xan Şeyhuna hücuma cavab olaraq ABŞ raketləri ilə Suriya hərbi bazalarına zərbələr endirildi. 

Vaşinqton kimyəvi hücumda Əsədi günahlandırır, Suriya hökuməti bunu təkzib edir.

Ford deyib: "Əsəd dəli deyil və Donald Trampın ona tərəf zeytun budağı uzatdığı zaman kimyəvi silahdan istifadənin əks-nəticə verəcəyini bilirdi".

Kütləvi qırğın hadisəsindən bir neçə həftə əvvəl ABŞ rəsmiləri Əsədin hakimiyyətdən kənarlaşdırılmasının artıq prioritet olmadığını söyləmişdilər.

"O, bəsirət gözü açılmadan bir iş görən deyil. O, oftalmoloq dərsi alana bənzəyir", – deyən sabiq səfir Dəməşqdəki xidmət zamanı müntəzəm olaraq Əsədlə görüşüb. Ford əlavə edib: "Onun analitik təfəkkürü var və bilir ki, hər bir addım mütləq nəticə doğurur". 

Sabiq səfir Suriya hökumətinin Xan Şeyhunda kimyəvi hücum törətməsi barədə geniş yayılan rəyi bölüşmür. Onun gümanına görə, Suriya təyyarələri bilmədən üsyançıların nəzarətində olan kimyəvi fabriki və ya anbarı bombalayıb. 

Piter Ford deyib ki, Xan Şeyhunda baş verənlərlə bağlı "mühakimə qərarı verməyə, müharibəyə başlamağa tələsməmək, bunun əvəzinə, faktların düzgünlüyünü araşdırmaq, qərar qəbul edənədək nə baş verdiyini müəyyənləşdirmək lazımdır".

 

Əsəd və Livan

 

Ford bir neçə ildir ki, Britaniyanın Suriya siyasətinin tənqidçisidir. O, Londonun Dəməşqlə diplomatik əlaqələri kəsməsi və rejimin dəyişilməsi çağırışını səhv sayır.

Əsəd ilə Fordun görüşmələrinin çoxu 2005-ci ildə Livanın baş naziri Rafiq Həririyə Beyrutdakı sui-qəsddən sonra yaranan böhran nəticəsində, Livanda olub.

Suriya hökumət rəsmiləri bu sui-qəsddə ittiham olunurdu, lakin faktlar sübut edilmədi. Böhran Əsədi, demək olar ki, 30 il Livanda yerləşən Suriya sülhməramlı qoşunlarının böyük kontingentini geri çəkməyə vadar etdi.

"Sui-qəsd qalmaqalından sonra o, Suriya qüvvələrini təzyiq altında və ağıllı şəkildə geri çəkdi, – P. Ford MEE-yə bildirib. – O, Suriyanın qalmaqaldakı rolunu heç vaxt qəbul etmədi, lakin o, bunu, yəni çəkilməni ehtiyatlı şəxs kimi həyata keçirdi".

"Mən onunla ünsiyyətdə olarkən, Əsəd hakimiyyətdə nisbətən yeni idi. O, idarəçiliyi öyrənir və müxtəlif insanların fikirlərini qarşılaşdırırdı. Onu qorxaqlığa və qətiyyətsizliyə görə tənqid edirdilər. İnsanlar güman edirdilər ki, ona fəaliyyət üçün konkret istiqamət tutmağa inandırdıqdan sonra belə, Əsəd fərqli bir şey edəcək. Əsədin ehtiyatlı üslubu bu gün də qalır", – deyə Ford əlavə edib.

 

Böyük Britaniya siyasətinin tənqidi


Çərşənbə günü Piter Ford Londonda, Ekstremizmin Tədqiqi üzrə Avropa Mərkəzi tərəfindən təşkil edilən konfransda Suriyaya dair çıxış edib. Bu toplantıda İŞİD-in və digər döyüşçülərin məğlubiyyətini prioritet sayan Əsəd hökumətinin tənqidçiləri, eləcə də xristian və İslam liderləri iştirak ediblər.

Sabiq Kenterberi arxiyepiskopu Rouen Uilyams əsas məruzə ilə çıxış edib. Onun ardınca Suriya müftisi Əhməd Bədrəddin Hassun çıxış etməli idi, lakin Britaniya hökuməti ona viza verməkdən imtina etdi. Suriyanın turizm və milli barışıq nazirlərinə də viza verilməsi rədd edilib.

Londonun Suriya siyasətini tənqidi edən Ford auditoriyaya bildirib: "Suriyanı məhv edənlərin ilk cərgəsində mənim hökumətim də var".

"Hökumət silahlı qruplara verdiyi dəstək barədə danışmaqda xəcalət çəkir. O, kimə nə qədər verdiyini və ya vəsaiti hansı qrupların aldığını açıqlamır ki, bu, Əsədə kömək edəcək. Hökumət bizi axmaq yerinə qoyur, parlamentdə heç bir müxalifət yoxdur və media, əksəriyyət etibarilə, sadəlövhdür".

Ford, həmçinin deyib ki, Britaniya hökuməti tərəfindən dəstəklənən sanksiyalar Suriyada böyük iz qoyub və bir çox suriyalılar qaçqına çevrilib, buna son qoyulmalıdır.

O, Əsəd rejimini bədnamlaşdıran, məzhəbçilik və nifrət oyatmanı davam etdirən ingilis siyasətini "əlaqəsiz və qəribə" adlandırıb.

Fordun fikrincə, "Suriyada Böyük Britaniya hökuməti üçün bu gün ən yaxşı yol silahlı qruplara dəstəyi və Əsədi getmək məcburiyyətində qoymaq illüziyasını təşviq etməni dayandırmaqdır. Bu, Suriya müxalifətinin xoşuna gəlmir. Amma istənilən axmaq bunun baş verməyəcəyini başa düşür, xüsusilə Hələbdən sonra".

 

2003-cü ildə İraqa qarşı
 

Ford 2003-cü ildə İraqdakı müharibə əleyhinə çıxış etmədiyi üçün kədərləndiyini deyir. O zamanlar Piter Ford Bəhreyndə Britaniya səfiri idi və Londona iki mühüm ismarış göndərmişdi, lakin indi həmin mesajların daha güclü olmasını arzulayır.

O, hələ Dəməşqdə səfir olarkən Britaniya siyasətindən ciddi müxalifliyə başlayıb. "Biz Suriyanın İraqa qarşı davranışına heç bir məna vermədik, – deyə o xatırlayır. – Mən cihadçıların İraqa axınına etiraz etmək üçün müntəzəm olaraq təlimatlar alırdım və bu işi vicdanla yerinə yetirdim, lakin mən Suriyanın baxışını dərk edə bilmirdim".

"Səddamın süqutundan sonra növbənin onlara çatacağından narahat idilər. Amerikalılar faktiki olaraq Əsədin "qara  siyahı"da olduğunu reklam edirdilər. Suriyalıların təkər altına mismar qoyması və amerikalıları dayandırması məqsədəuyğun olardı".

"Britaniya hökuməti buna heç bir anlayış göstərmədi və yalnız kölə kimi Amerika xəttini izlədi".

 

Tərcümə: Strateq.az