XƏBƏR LENTİ

26 Oktyabr 2020
25 Oktyabr 2020

Digər Xəbərlər

12 Aprel 2017 - 12:00

Çoban ailəsində doğulan, qanıyla “Quran” yazdıran, cadugər saxlayan prezident:Səddam Hüseyn dünya liderlərini necə ələ alırmış?

2003-cü ilin 10 aprelində İraqın paytaxtı Bağdad tarixi olaylara şahidlik etdi. Amerikalı əsgərlər şəhəri öz nəzarətlərinə götürdülər. Paytaxt boyunca kütlə Səddam Hüseynin heykəllərini yıxır, portretlərini cırırdı. Səddamın şah və tanrı olduğu dövlət qısa müddətin içində tarimar olmuşdu. Cəmi bir neçə həftə əvvələ qədər Səddama əbədi sədaqət andı içənlər onun heykəllərini ilk yıxınlar arasında idilər.

Strateq.az xarici mətbuata istinadən bu hadisələrin 14-cü ildönümündə İraqın keçmiş liderinin həyat yolunu yada salmağa çalışacaq.

«Düzünü desəm, Səddamın dövründə daha yaxşı idi. İndi nə baş verir? İqtisadi böhrandır, İŞİD-lə mübarizə aparırıq,  bir korrupsioner liderin əvəzinə onlarla beləsi var".

Bunu "Financial Times"a Bağdad sakinlərindən biri deyib.

14 il əvvəl tiran kimi qəbul edilən Səddam haqqında indi təəssüflə bunu deyirlər ki, əgər onu devirməsəydilər, ölkə vətəndaş müharibəsinin dəhşətlərindən qaçmış olardı. İndi sadə insanlar arasında Səddam tez-tez belə xatırlanır – xaosun qarşısını ala bilən sərt əl.

 

Ailə və partiya

 

Səddam Hüseyn Əbdülməcid əl-Tikriti 1937-ci ildə çoban ailəsində dünyaya gəlib.

Atasını itirdiyi və anası da başqası ilə ailə həyatı qurduğu üçün Səddam dayısı Xairallah Talhafın himayəsində böyüyür.

Qazi olan Talhafın Səddamın xarakterinin formalaşmasında böyük rolu olub. Qohumluq bağlarını qorumağın nə qədər vacib olduğunu da ona dayısı aşılayıb.

O vaxtdan Səddam özünü qohumları ilə əhatələyib və onlardan hər zaman dəstək görüb. Lakin Səddamı hakimiyyətə gətirən qohumları yox, partiya oldu.

Gənc Hüseyn əsas ideologiyası imperializmə qarşı mübarizə olan BƏƏS Partiyasına üzv olur. Cəsarəti və hərbi sahədə bacarıqları sayəsində tezlklə irəliyə gedir.

Ona məşhurluq gətirən İraqın ovaxtkı rəhbəri  Əbdülkərim Qasıma təşkil etdiyi sui-qəsd olur. Səddam Qasımın avtomobilinə vaxtından əvvəl atəş açaraq əməliyyatın nəticəsiz qalmasının səbəbkarı olur. Lakin təmsil olunduğu partiyanın təbliğatı gənc fəalı qəhrəmana çevirir.

Səddam haqqında əfsanələr dolaşmağa başlayır. Guya yoldaşını xilas etmək üçün polisləri güllələyir, əli yaralı şəkildə çayı keçir və təqiblərdən qurtulmaq üçün Suriyaya qaçır…

Dörd il sonra – Qasım hökuməti iqtidardan gedən kimi, Səddam vətənə qayıdır. Gənc siyasətçinin parlaq nitqlərindən biri partiya lileri Əfləkin diqqətini çəkir.

Səddam zamanla partiyanın ən yüksək pilləsinə qədər yüksəlir və Təhlükəsizlik Xidmətinin rəhbəri təyin olunur. Cəsarəti, soyuqqanlılığı və xüsusi istedadı həm özünün, həm də BƏƏS-in nüfuzunu daha da artırır.

1968-ci ildə baş tutan növbəti dövlət çevrilişindən sonra BƏƏS hakimiyyətə gəlir və Səddam ikinci ən vacib postu tutaraq vitse-prezident olur.

 

İşgəncələr və YUNESKO-nun mükafatı

 

Qarşıdakı illərdə Səddam özünü güclü siyasətçi kimi bir az da təsdiqləyərək etnik, sosial və dini müstəvidəki problemləri yoluna qoyub İraqı birləşdirə bilir.

Bir tərəfdən insanların həyat şəraitini yaxşılaşdırır, o biri tərəfdən narazıları amansızlıqla cəzalandırır. 1973-cü ildəki iqtisadi böhrandan sonra neft qiymətlərindəki artım İraqın neft sənayesi sözün əsl mənasında pul içində üzməyə başlayır.

Hökumət əhaliyə pulsuz tibbi xidmət göstərir, insanlar pulsuz təhsil alır, fermerlərə subsidiyalar ayrılır. Bütün ölkə boyu yollar çəkilir, hər yer elektrik enerjisi ilə təmin edilir, sənaye və iqtisadiyyat sürətlə inkişaf edirdi.

İraq hər şeyi çatdırırdı. Həyat səviyyəsi o qədər yüksəlir ki, 1982-ci ildə Səddama YUNESKO-nun xüsusi mükafatı təqdim olunur.

Səddamın sərt əli altında yaşamaq istəməyənləri isə həbsxana və ya işgəncə gözləyirdi. Ögey qardaşının rəhbərlik etdiyi "Muhabarat" təhlükəsizlik xidməti narazılara və müxaliflərə işgəncəlr verirdi.

Hüseyn kütlənin əhval-ruhiyyəsini çox yaxşı hiss edə bilir və bundan ağılla istifadə edirdi. Özünü ərəblərin maraqlarının müdafiəçisi kimi göstərən Səddam bütün problemlərdə xaricdəki məkrli qüvvələri ittiham edirdi.

Farslar və sionistlər küçədə – insanların gözü qarşısında edam olunurdu.

Deyilənlərə görə, Səddamın hakimiyyəti dövründə daxili terror nəticəsində 250 mindən çox insan həyatını itirib.

Jurnalistlər Səddama işgəncələr barədə sual verəndə o, belə cavab verirdi: "Əlbəttə ki, mən bunu tətbiq edirdim. Hakimiyyətə qarşı çıxanlara başqa necə davranmalı idim?".

Getdikcə bütün hakimiyyət Səddamın əlində cəmləşməyə başlayır.

70-lərin ortalarında o, hakimiyyəti faktiki olaraq tək idarə edirdi. 79-cu ildəki dövlət çevrilişində Səddam Suriya ilə birləşməyi düşünən prezident əl-Bəkri hakimiyyətdən uzaqlaşdırır. Çevrilişdən dərhal sonra isə BƏƏS-dəki yüzlərlə rəqibini güllələtdirir.

 

Moskva və Qərb nə düşünürdü?

 

Daxili cəbhədə hər şey qaydasında idi. Səddam kürdlərin milli azadlıq hərəkatını da dağıtmağı bacarmışdı.

Moskva Səddamla yaxşı münasibətlər qurmaqda maraqlı idi. Hətta 1972-ci ildə Sovet-İraq dostluq-əməkdaşlıq razılaşması əldə olunmuşdu.

Qərb ölkələri Səddama danışıq aparılması mümkün olan sekulyar lider kimi baxırdı. İraq lideri Fransa ilə xüsusi münasibətlər qura bilmişdi. 75-ci ilin sentyabrında Səddam birinci və sonuncu dəfə Qərb ölkəsini ziyarət etdi. Parisə gələrək baş nazir Jak Şirakla görüşdü.

Bəzi məlumatlara görə, fransız silahının müqabilində Səddam Şirakın yaxın adamlarını pul yağışına tuturmuş. Bundan başqa, bu yolla Fransadan nüvə proqramına dəstək alırmış.

İraq lideri xarici ölkə liderləri və onların yaxın ətrafına brilyantla bəzədilmiş bahalı "Rolex" saatları, qızıl qələmlər hədiyyə edirdi.

Zambiya prezidenti Kennet Kaunda isə Səddam "Boinq" hədiyyə etmişdi.

Deyilənlərə görə, o da hədiyyəyə qarşılıq Səddama özünün şəxsi cadugərini göndərib. O vaxtdan sonra İraq liderinin "magiya" ilə sıx bağlı olduğu bildirilirdi.

1979 Səddam üçün çətin il oldu – qonşu İranda hakimiyyəti ayətullah Xomeyninin tərəfdarları ələ keçirmişdi.

İnqilab dalğasının İraqa da keçəcəyindən ehtiyat edən Səddam Tehranla razılaşmasına son verdi. Üstəlik Xuzestan vilayətinə soxularaq oranı ölkəsinin ayrılmaz hissəsi elan etdi.

 

Dost libasındakı düşmənlər…

 

Səddam əmin idi ki, ayətullah rejiminin ömrü qısa olacaq. Körfəz ölkələri Səddamı dəstəklədi. Onlar da ən azı Səddam qədər İslam inqilabının onlara da çatmasından ehtiyat edirdilər.

Sovet İttifaqı münaqişənin hər iki tərəfinə silah satmaqla Bağdada dəstək verməkdən imtina etdi.

1984-cü ildə İraqa ABŞ-dan dəstək gəldi. Vaşinqton ehtiyat edirdi ki, İranın qələbəsi bütün regionda stabilliyi poza bilər. Prezident Reyqan İraqla ticarətə qoyulan məhdudiyyətləri aradan qaldırdı.

Pentaqon İraqa peyk görüntülərini təqdim etdi. Almaniya və ABŞ şirkətləri İrana kimyəvi silahın istehsalı üçün lazım olan texnologiyaları göndərdi.

Səddam və generalları bu imkanlarla etiraza qalxan kürdləri və iranlılrı zərərsizləşdirirdilər. Kürd şəhəri Xalabacaya zərbələr zamanı 5 mindən artıq insan ölmüş, 10 mindən çox insan şikəst qalmışdı.

İraqın adı terrorçulara sponsorluq edən ölkələrin siyahısından çıxarıldı.  

"Bağdadın terrorçuları dəstəkləməsi ilə bağlı bizim heç birimizdə zərrə qədər şübhə yox idi", – deyə ABŞ müdafiə nazirinin müavini olmuş Neol Kox sonralar etiraf etmişdi.

Kox bildirmişdi ki, ABŞ-ın İraqa dəstəyinin yeganə səbəbi İrana qalib gəlmək üçün Səddama kömək etmək olub.

Lakin İraq qalib gələ bilmədi. Tehran rejimi düşünüldüyündən daha güclü çıxdı. İran iqtisadiyyatı güclənməyə başlamışdı. 1988-ci ildə imzalanmış razılaşma "status-kvo"nu bərpa etdi.

İraq savaşdan yüzminlərlə insan itkisi və böyük borcla çıxdı. Cəbhə bölgəsindəki zəngin neft rayonlarının infrastrukturu məhv edilmişdi. Bərpa işləri üçün pul tapmaq lazım idi.

Səddam bu pulu qonşu Küveytdən tapdı – İraqa 30 milyardlıq vəsait ayrıldı. Sonradan Səddam bu pulun bağışlanmasını istəyəndə Küveyt imtina etdi. Küveyt İraqa kömək üçün neft hasilatını azaltmağa da razılıq vermədi. Razılıq olsaydı, neft qymətləri qalxa və İraq büdcədəki kəsirini aradan qaldıra bilərdi.

Bağdad elan etdi ki, neftlə zəngin olan Küveyt İraq ərazisinin bir hissəsidir. Və 90-cı ilin 2 avqustunda ölkə daxilindəki inqilabçıları dəstəkləmək üçün Küveytə soxuldu.  

Avqustun 4-də müvəqqəti iraqyönümlü Azad Küveyt hökuməti elan olundu. Dörd gün sonra isə Küveytin İraqa birləşdirildiyi açıqlandı. Səddam ABŞ-ın dəstəyinə ümid edirdi. Lakin bu ümid boşa çıxdı.

Vaşinqton İraqı yalnız İranla münaqişədə dəstəkləyə bilərdi, ərəblərin daxili savaşında yox.

Bu arada, Səudiyyə Ərəbistanı da Küveyti dəstəkləyirdi. Küveytlə isti münasibətlər saxlamaqla SSRİ də İraqın yanında olmadığını nümayiş etdirdi.

 

Qan itirməyə başlayan diktator

 

Savaşdan sonra Səddam ABŞ-ın dəstəyi və maliyyəsi ilə ona qarşı baş qaldıran kürdləri və şiələri amansızlıqla əzməyə başladı.

Ətrafda hamı baş verənlərə göz yumurdu. Qiyam Səddamın vəziyyətini ağırlaşdırmaq üçün planlaşdırılmışdı. Və missiyasını yerinə yetirmişdi. İran çoxillik savaşdan sonra zəfiləmişdi. Türkiyə isə kürdlərin zəifləməsindən məmnun idi.

Səddam özünü Körfəz savaşının qalibi elan etdi. Belə ki, o, demək olar, bütün dünyaya qarşı duruş gətirmiş və hakimiyyəti qoruya bilmişdi.

Səddamın nüfuzu yüksəlmiş, heykəlləri və portretləri ölkə boyu yayılmışdı. Məktəblərə, xəstəxanalara, universitetlərə onun adı verilirdi. Səlahiyyətlərini artırmaq üçün iki referendum keçirdi. Birinci referendumda səslərin 99,96, ikincidə isə 100 faizini qazandı.

Lakin ölkə çətin vəziyyətdə idi. Sanksiyalara görə iqtisadiyyat demək olar ki, çökmüşdü. İnsanlar aclıq çəkir, yuxarıdan da başlarına ABŞ-ın bombaları yağırdı.

Vaşinqton ümid edirdi ki, iraqlılar, nəhayət, təngə gələrək diktatorlarını öz gücləriylə devirəcəklər.

Bu ərəfdə Səddam qəfildən ərəb millətçi-populistlər arasında rəğbət qazanmağa başladı. Onlar Səddamı xaçpərəstlərin koalisiyasından qurtulmağı bacaran və İslam dünyası uğrunda savaşan lider kimi görürdü.

Artıq o, sekulyar liderə bənzəmirdi. Çıxışlarında tez-tez İslamdan danışır, məscidlərə daha sıx gedirdi. İraqın dövlət bayrağına "Allahu Əkbər" əlavə olunmuşdu.

Məhz həmin ərəfələrdə məşhur "Qanlı Quran" qələmə alındı. İraq lideri bu Quranı özü ilə hər yerə aparırdı. Kitab Səddamın özünün 27 litr qanı ilə yazılmışdı.

 

Və son…

 

Hər şey 2003-də başa çatdı. Vacib siqnal bir il əvvəldən gəlmişdi. Oğul Buş İraqı şər yuvası adlandırmış, terrorçularla əlaqədə, kütləvi qırğın silahı hazırlamaqda ittiham etmişdi.

2003-cü ilin martında prezident Vladimir Putinin birbaşa tapşırığı ilə Yevgeni Primakov Bağdada gəlir. O, Səddama hakimiyyətdən öz xoşu ilə getməyi təklif edir. Və əks halda fəlakətin qaçılmaz olduğunu deyir.

Səddam duruş gətirəcəyinə inanaraq imtina edir.  Üç gün sonra ABŞ BMT Təhlükəsizlik Şurasının sanksiyası olmadan İraqa daxil olur. Cəmi bir neçə həftə sonra rejim çökür, İraq ordusu qaçır.

Həmin ilin dekabrında Səddam həbs olunur. 3 il sonra – 2006-nın dekabrında isə edam edilir. İraq liderinin sarayı qarət olunur. "Qanlı Quran"a toxunmurlar. Uzun müddət onunla nə etməli olduqlarını düşünürlər. Nə saxlaya, nə də bu müqəddəs kitabı məhv edə bilirdilər. Hazırda kitab Bağdaddakı məscidlərin birində saxlanılır.

Bəziləri düşünür ki, belə həssas yanaşma 2003-cü ildə Səddamın taleyini həll edərkən də nümayiş etdirilsəydi, indi bəlkə də Yaxın Şərq qan gölünə çevrilməzdi…

Strateq.az




Yuxarı Əvvələ Ana Səhifə