XƏBƏR LENTİ

06 İyun 2020
05 İyun 2020

Digər Xəbərlər

12 Aprel 2017 - 13:25

Ruhani üçün çətin sınaq:islahatçı dövlət başçısı seçkidə iştirakla bağlı tərəddüd keçirir - Təhlil

"Reuters"


Çərşənbə axşamından etibarən may ayında keçiriləcək prezident seçkiləri üçün İranda namizədlərin qeydiyyatı başladı. Yaxın Şərqdə geniş yayılmış qeyri-sabitlik fonunda öz legitimliyini möhkəmləndirməkdən ötrü klerikal isteblişment seçicilərin yüksək fəallığına ümid bəsləyir. 

İslam Respublikası bu seçkiləri, xüsusilə İranın regional müttəfiqi olan Suriyaya ötən həftəki raket hücumundan sonra ABŞ prezidenti Donald Trampın yenilənmiş təzyiqinə qarşı müqavimətin bir hissəsi kimi nəzərdən keçirir.

Gözlənilir ki, dünya dövlətləri ilə İran arasında 2015-ci ildə nüvə sazişini imzalamağa, Tehrana qarşı beynəlxalq maliyyə və ticarət sanksiyalarının ləğvinə nail olan prezident Həsən Ruhani yenidən dövlət başçısı seçiləcək, lakin o, mühafizəkar İbrahim Rəisi kimi ciddi problem ilə üzləşib.

Narazılıq istehlak qiymətlərinin şahə qalxması və yüksək işsizlik fazinə görə güclənib. Ruhaninin sözlərinə görə, beynəlxalq sanksiyaların ləğvi iqtisadiyyatı canlandırmalı olsa da, bir çox iranlılar ayın bu başından o başına güclə dolanırlar.  

Seçkidə iştirak üçün qeydiyyat beş gün davam edəcək. Bundan sonra namizədlər Nəzarətçilər Şurasında öz siyasi baxışları və İslam dininə dair bilikləri üzrə sərt yoxlamadan keçəcəklər.

Hazırda 100-dən çox namizəd (bu günə qədər artıq 197red.) qeydiyyatdan keçib. Nəzarətçilər Şurası ötən seçkilərdə yüzlərlə namizədi seçkilərdə iştirakdan kənarlaşdırıb.

Ruhani İslam Respublikasını beynəlxalq təcriddən xilas edən platforma üzərində duraraq, 2013-cü ildə seçkinin qalibi oldu.

O, bazar ertəsi mətbuat konfransında növbəti seçkidə iştirakla bağlı sualların cavabından yayındı və analitiklər İ.Rəisi ilə gərgin yarışda ikinci müddətə seçilmənin çətin olacağı rəyindədir.

2016-cı ilin yanvarındə sanksiyaların ləğvi iqtisadiyyata qısamüddətli təkan təmin edib. İnflyasiya təkrəqəmli xanaya düşüb və real ÜDM 7,4 faizə qədər artıb. Amma davamlı bərpa üçün struktur islahatları, iqtisadiyyatın liberallaşdırılması lazımdır. 

Ruhani ilk prezidentlik müddətdə bu işi başa çatdıra bilmədi.

İqtisadiyyatın bərpası, həmçinin əhəmiyyətli xarici investisiya tələb edəcək, lakin bir çox investorlar ABŞ-ın uzun sürən sanksiyaları ucbatından cərimələr tətbiqi qorxusu ilə tərəddüd edirlər.

İşsizlik ötən maliyyə ilində 12,4 faiz təşkil edib. İran Statistika Mərkəzinin məlumatına görə, 2016-cı illə müqayisədə, 1,4 faiz artıb – 80 milyon əhalisi olan İranda 3,2 milyon işsiz var.

Bununla belə, Ruhani əhəmiyyətli elektoral gücünü saxlayır, xüsusilə İranın gənc şəhər seçicilərindən ibarət böyük   bloku arasında onun böyük sosial azadlıqlar tətbiq etməsi və şəxsi həyatlarında İslam kleriklərinin müdaxiləsinə son qoyması sayəsində.

2013-cü ilin kampaniyasında verdiyi vədə uyğun olaraq, Ruhani söz azadlığının qorunması, internet imkanlarının yaxşılaşdırılması və vətəndaşların şəxsi həyatının gizliliyini mühafizəsi üçün keçən il "Hüquqlar toplusu"nu qüvvəyə mindirib.

Lakin prezidentin tənqidçiləri prezidentin birbaşa səlahiyyətindən kənarda qalan məhkəmə hakimiyyətinin, çox güman ki, müqavimət göstərəcəyini nəzərə alaraq, bu qanunun tətbiq edilə biləcəyini şübhəyə alırlar.

Mötədillər və bəzi nüfuzlu mühafizəkarlar, o cümlədən parlamentin spikeri Əli Laricani Ruhaninin namizədliyini dəstəkləyib, Rəisi isə mühafizəkarların əsas iddiaçısı kimi ortaya çıxıb.

Analitiklər deyirlər ki, ali dini lider Ayətullah Xamneinin dəstəyinə malik Rəisi ikinci müddətə seçilmək istəyəcək Ruhani üçün real problem yarada bilər.

Digər prezidentliyə namizədlər arasında sabiq mədəniyyət naziri Mustafa Mirsəlim iqtisadiyyatı dirçəldəcəyinə və orta sinif iranlılar arasında məyusluğa son qoyacağına söz verib.

Hətta 20 yaşlı əkiz qardaşlar – Həsən və Hüseyn Seydxanilər də namizədliklərini qeydə aldırdıqdan sonra, seçiləcəkləri təqdirdə, ölkənin artan gənc əhalisi üçün iş yerləri yaradacaqlarını açıqlayıblar.

 

Tərcümə: Strateq.az