Kirill Cavlax
REGNUM İA, 13.04.2017
İranda 12-ci prezident seçkilərinə bir aydan bir az çox qalır. Aprelin 11-də namizədlərin qeydiyyatı start götürüb. İki gün ərzində 274-ü kişi və 13-ü qadın olan 287 nəfər seçkilərin keçirilməsi üzrə İİR DİN Qərargahına sənəd verib. İranın keçmiş prezidenti Mahmud Əhmədinejadın namizəd qismində qeydiyyatı qızğın reaksiya doğurub.
İranda prezident seçkiləri mayın 19-da keçiriləcək. Aprelin 11-dən 15-ədək namizədlərin qeydiyyatı keçirilir. Təkrar prezident yarışında iştirak etmək istəyən bütün namizdlər bu dövr ərzində sənədlərini DİN-ə verirlər.
Konstitusiya Keşikçiləri Şurası aprelin 16-dan 20-ədək qeydə alınmış namizədlərin etibarlılığını yoxlayır. Aprelin 21-25-də namizədlikdən məhrum edilmiş iddiaçıların apellyasiyası üçün vaxt ayrılır. Prezident yarışının yekun siyahısı aprelin 26-da elan olunacaq.
Yoxlama nəticəsində 2001-ci ildə namizədlərin yekun siyahısına 10, 2005-ci ildə 7, 2013-cü ildə 6 nəfər daxil edilib. Aprelin 28-dən mayın 17-ə qədər seçkiqabağı təbliğat dövrüdür. Mayın 18-i səsvermədən qabaq sükut günü elan olunub.
İİR Konstitusiyasına əsasən, səslərin mütləq çoxluğunu toplayan namizəd prezident olur. Birinci turda namizədlərin heç biri səslərin yarıdan çoxunu almasa, qalib növbəti həftə cümə günü keçirilən ikinci turda müəyyən olunur. Birinci turda ən çox səs almış iki namizəd ikinci tura qatılır.
Mühafizəkarların mənfi reaksiyası
İranın altıncı prezidenti Mahmud Əhmədinejad aprelin 12-də keçmiş müavinləri Həmid Bəqai və Məsud Zəribafanla birlikdə DİN-ə gəlib. Onlar prezidentliyə iddiaçı kimi qeydə alınıblar. Əhmədinejad bu hərəkətilə İran ali liderinin prezident kampaniyası dövründə elektoral fəallığa yasağını pozub. Avqustun 30-da Xamneinin Əhmədinejadla görüşü olub və keçmiş prezident seçkilərə qatılmaq üçün rəhbərin dəstəyini əldə etmyə çalışıb. İran lideri bildirib: “Mən ona dedim ki, prezidentliyə namizədliyini irəli sürməsi nə onun, nə də ölkənin maraqlarına uyğundur”.
Ayətullah Xamnei qeyd edib ki, “Əhmədinejadın prezident seçkilərində iştirakı İran cəmiyyətində parçalanmaya səbəb ola biər ki, bu da şübhəsiz İslam Respublikasının siyasi həyatına mənfi şəkildə təsir edəcək”.
Keçmiş prezident cavabında sentyabrın 26-da rəhbərin adına məktub göndərib. Əhmədinejadın Xamneiyə məktubunda deyilir: “Siz tövsiyə etdiniz ki, hazırda mənim prezident seçkilərinə qatılmağımın vaxtı deyil. Mən itaətkarlıq göstərdim. Qarşıdakı ildə rəqabətə girməkdən ötrü mənim heç bir planım yoxdur. İnşaallah, həmişə inqilabın əsgəri və xalqın qulluqçusu olaraq qalacağam”.
Ali dini rəhbər Seyid Əli Xamnei
Lakin İranın altıncı prezidenti namizədlik qeydiyyatından sonra aprelin 12-də jurnalistlərə bildirib ki, rəhbərə verdiyi vədi pozmayıb. "Entekhab" informasiya-analiz portalı eks-prezidentin sözlərini sitat gətirir: “Ali lider mənə seçkilərə qatılmaqdan çəkinmək məsləhəti verib və mən razılaşmışam. Amma bu, qadağa deyil, məsləhət idi”.
Eks-prezidentin hərəkəti ictimai-siyasi “Mübariz ruhanilər cəmiyyəti”nin (MRC) – İranın ən nüfuzlu siyasi təşkilatının təmsilçiləri arasında mənfi reaksiya doğurub. İran ruhani rəhbərinin İsfahan əyalətindəki təmsilçisi Məhəmmədtəqi Rəhbər, Şərqi Azərbaycan əyaləti təmsilçisi Möhsün Müctəhid Şəbüstəri və MRC mərkəzin şurasının üzvü Səid Rza Əkrəmi tənqidlə çıxış edərək Əhmədinejadı “qiyam” təşkil etmək və “ölkədəki siyasi durumu qızışdırmaq” cəhdində ittiham ediblər. Rza Əkrəmi “Ghanoon Daily” qəzetinə müsahibəsində İranın keçmiş prezidentini “yalançı” və “ağlını və əxlaqını itirmiş adam” adlandırıb, məhkəmə qaydasında həllə çağırıb.
İslam İnqilabı Keşikçilərin Korpusunun keçmiş başçısı Möhsün Rzaiyə yaxın olan Möhsün Müctəhid Şəbüstəri "Tabnak" portalı ilə söhbətdə İran hökumətinin keçmiş başçısını cavab verməyə çağırıb. “Əhmədinejad öz hərəkətinə görə cavab verməlidir. O, niyə öz hərəkətlərinə zidd olaraq, prezident seçkilərinə qatılmağı qət edib? Onun addımı, yəni prezident seçkilərində namizədiyinin qeydiyyatı İran siyasi sistemini sarsıdır”, – deyə görkəmli ilahiyyatçı bildirib və xəbərdarlıq edib: “Onun üçün ən yaxşısı seçkilərə qatılmaqdan tezliklə imtina etməkdir”.
Möhsün Rzai
Qum Elmi-Ruhani akademiyasının müəllimi Möhsün Qarəvian Əhmədinejadın qeydiyyatını “rəhbərə itaətsizlik” adlandırıb. Hökumətyönlü IRNA agentliyi ilahiyyatçının sözlərini misal gətirir: “Qeyd etmək önəmlidir ki, biz ali rəhbərin rəyinə müqavimət hərəkatının formalaşdığını görürük. Əhmədinejadın hərəkətləri təhlükə təşkil edir və qarşısı alınmalıdır. Bu itaətsizlik hərəkatı dayanmasa, üsyana gətirib çıxarda bilər”.
Tehran universitetinin politologiya professoru Sadiq Zibakəlamın fikrincə, İbrahim Rəisidən fərqli olaraq, Əhmədinejad prezident Həsən Ruhaniyə gerçək rəqabət təşkil edə bilərdi.
Mühafizəkar "Raja News" portalının baş redaktoru Əli Nadiri Əhmədinejadın qeydiyyatını Twitter-də “Britaniya kəşfiyyatının 2017-ci il seçkilərindəki mürəkkəb siyasi oyunlarının ünsürlərindən biri” adlandırıb.
Bu bəyanatın əsası var. ABŞ islam respublikasında ictimai asayişi pozmaq niyyətləri haqda artıq birbaşa siqnallar verir. Donald Trampın seçkiqabağı kampaniya zamanı xarici siyasət üzrə müşaviri Valid Fares mənzil qərargahı Londonda qərarlaşmış “Asharq al-Awsat” beynəlxalq ərəb qəzetinə müsahibədə Ağ Evin planlarından xəbər verib. O bildirib: “ABŞ İranın ərəb dünyasındakı ekspansiyasını tezliklə dayandıracaq. Ümid etməyə əsas var ki, müxalifət İranda 2009-cu ildəkindən daha geniş etiraz aksiyaları təşkil edəcək”.
Sistem səndələyir?
Mahmud Əhmədinejad 2005-2013-cü illərdə İranda prezident postunu tutub. Onun prezidentliyi Xatəmi və Rəfsəncaninin başladığı liberal islahatların yığışdırılması, Qərblə qarşıdurma və antiiran sanksiyalarının tətbiqi, 2009-cu il kütləvi etiraz aksiyalarının boğulması ilə yadda qalıb. İdarəçiliyin son illərində altıncı prezidentin ali lider Əli Xamenei ilə münasibətləri kəskinləşdi və yekunda 2013-cü ildən sonra Əhmədinejadın və çevrəsinin siyasi təcridinə şərait yarandı. Ancaq Əhmədinejad siyasi fəallığını sürdürdü, ölkəboyu müntəzəm səfərlər etdi. Seçici ilə müasir kommunikasiya vasitələri də ona yad deyil. 2017-ci ilin yanvarında Twitter-də akkaunt açdırıb və artıq 25 min istifadəçi abunə olub. Onun həm də İnstagram-da (152 min abunəçi) və Telegram-kanalda səhifəsi (34 min) var.
Versiyaların birinə görə, eks-prezidentin hərəkəti yalnız öz namizədi Həmid Bəqaiyə dəstəkdə piar gedişdir. Bu, az ağlabatandır. Namizədə aşkar dəstək üçün onun qeydiyyatdan keçməyi lazım deyildi. Deməli, qarşıda daha ciddi məsələlər durur.
Bütün bu əhvalatda mühüm ünsür rəhbərin yasağına nümayişkaranə itaətsizlikdir. Mahiyyətcə, İranın siyasi sabitliyinə meydan oxunur. İslam respublikasının hakimiyyət sistemi potensial münaqişəni hüquqi prosedurlarla söndürməyə cəhd edir. Çox güman ki, Əhmədinejad Konstitusiya Keşikçiləri Şurasının süzgəcindən keçməyəcək. Bu halda hadisələrin iki inkişaf ssenarisi var:
Birincisi – o, Keşikçilər Şurasının qərarı ilə barışacaq və Bəqaiyə fəal dəstək verəcək. Əhmədinejadın bu cür fəaliyyəti İran siyasi sisteminin mühafizəkar qisminin son zamanlaradək keçmiş baş prokuror İbrahim Rəisinin olduğu vahid namizəd ətrafnda birləşmək səylərini sıfırlaşdıracaq.
İkinci variant daha az nikbincəsinədir. Əhmədinejad adamları küçələrə çıxardacaq və kütləvi etirazlar taktikasına keçəcək. İstənilən halda bu cür çıxışlar İran elitası daxilindəki sürəkli münaqişədən xəbər verir.
İranı hərc-mərcliyə qərq edəcək bir ssenari də var. Konstitusiya Keşikçiləri Şurası eyni zamanda həm Əhmədinejadı, həm də Həsən Ruhanini seçkilərə buraxmasa, onda islam respublikasının altıncı və yeddinci prezidentlərinin tərəfdarları arasında küçə toqquşmalarınn şahidi ola bilərik. Bu cür ssenari Suriya, İraq və Yəməndəki üç cəbhədə müharibə şəraitində islam quruluşu üçün acınacaqlı başa çata bilər.
Tərcümə Strateq.az-ındır.