XƏBƏR LENTİ

01 Dekabr 2020
30 Noyabr 2020

Digər Xəbərlər

14 Aprel 2017 - 16:02

Yaxın Şərq taxtasında yeni “şahmat fiquru”:İraq Dəməşq və Vaşinqton arasında vasitəçi kimi ortaya çıxır - Təhlil

Mustafa Səadun

"Al-Monitor"


İŞİD-lə mübarizə sona yaxınlaşarkən Bağdad və Dəməşq arasında hərbi əməkdaşlığın artması diqqəti çəkir. 

İraq Federal Kəşfiyyat və Təhqiqat Təşkilatı martın 29-da ikitərəfli koordinasiya nəticəsində Suriya təyyarələrinin İraq sərhədi yaxınlığındakı Əl-Bukemal və Deyr-əz-zorda uğurlu hava əməliyyatları həyata keçirdiyini bildirib.

Bu iki bölgədə İŞİD kimi terrorçu təşkilatların yüksək mənsəbli rəhbərləri var. Hava hücumunda İŞİD-in silah və partlayıcı istehsal etmək üçün istifadə etdiyi 39 nöqtə vurulub və onlarla terrorçu öldürülüb, böyük miqdarda silah, avtomobil və müxtəlif infrastruktur məhv edilib. 

Təşkilatın bəyanatında hədəfə götürülən terrorçuların "Suriya hökuməti binalarını ələ keçirmək üçün böyük miqyaslı hücum planlaşdırdığı" bildirilib.

Suriyanın xarici işlər naziri Vəlid Muallim hələ martın 13-də təhlükəsizlik sahəsində daha əhatəli əməkdaşlığın təməlini qoymaq üçün iraqlı vəzifədaşı İbrahim Cəfərini rəsmi olaraq Dəməşqə dəvət etmişdi.

İraqın baş naziri Heydər İbadi isə martın 8-də İraq Amerikan Universiteti tərəfindən təşkil edilən Süleymaniyyə Forumunda belə demişdi: "Digər ölkələrin suverenliyinə hörmətim sonsuzdur, amma qonşu ölkələrdə İraqın təhlükəsizliyini təhdid edən terror yuvaları varsa, onları məhv etməkdə tərəddüd etmərəm".

İbadinin bu açıqlamasından əvvəl – fevralın 24-də İraq döyüş təyyarələri Suriyanın hava məkanına girərək Əl-Bukemalda İŞİD hədəflərini bombalamışdı.

İbadi bu əməliyyat üçün Suriya hökumətindən razılıq alındığını söyləyib.

Pentaqon da əməliyyata dəstək verib. Müdafiə Nazirliyinin sözçüsü kapitan Ceff Davis mətbuat konfransında belə deyib: "Pentaqon İraqın Suriyadakı hava əməliyyatları haqqında məlumatlandırılıb və İraq hökuməti kəşfiyyat məlumatı iə təmin edilib. Hava əməliyyatları uğurlu idi və İŞİD hədəflərinə qarşı təsirli oldu".

Təhlükəsizlik mövzularında ixtisaslaşan Vaşinqton iqamətli "beyin mərkəzi"ndə – Yeni Amerika Təhlükəsizliyi Mərkəzində Yaxın Şərq mütəxəssisi olan Nikolas Herasın rəyinə görə, İraq və Suriya arasındakı əməkdaşlıq "İŞİD-in ağırlıq mərkəzinin Mosulda İraq-Suriya sərhədinə sürüşdüyünü göstərməsi" baxımından əhəmiyyətlidir.

İraqlı millət vəkili Əbdüləziz Həsən də martın 2-də "Əl-Mada" qəzetinə verdiyi açıqlamada İŞİD-in təhsil və planlaşdırma mərkəzlərinin İraq-Suriya sərhədinə daşındığını bildirib. 

Bağdad rəsmiləri Suriya sərhədində hədəfə alınan nöqtələrin İraq şəhərlərini vuran partlayıcı yüklü vasitələrin çıxış nöqtəsi olduğunu düşünür.

Təhlükəsizlik sahəsində əməkdaşlıq, İbadinin İraq xaricində hərbi əməliyyatlarla bağlı sözləri İraq rəhbərliyinin Suriyadakı mübarizəyə daha geniş miqyasda qoşulma niyyətinə işarə edir.

"Əl-Aləm əl-Cədid" qəzetinə müsahibəsində təhlükəsizlik qaynaqları bildirib ki, ABŞ, İbadidən İraq Terrorla Mübarizə Təşkilatı Xüsusi Qüvvələrinə bağlı 2-ci briqadanın İŞİD-in nəzarətindəki Suriyanın Raqqa şəhərinin azad edilməsinə qatılmasını tələb edib.

Avropa Terrorla Mübarizə və Kəşfiyyat İşləri Mərkəzində məsləhətçilik edən general İmad Eloan "Al-Monitor"a bildirib: "İbadi və "Haşdi-Şəabi" liderlərinin Suriyada terrorla mübarizə haqqında söylədikləri, Suriyaya əlavə 400 ABŞ əsgərinin göndərilməsi, CIA-nın kəşfiyyat təyyarələrinin ilk dəfə bu işə cəlb edilməsi İŞİD-lə mübarizədə təcrübə qazanan İraq qüvvələrinin Raqqa döyüşünə qatılacağı və bu döyüşdə təyinedici rol oynayacağına işarədir".

İraqın belə bir rolu boynuna götürməsi regional siyasət baxımından son dərəcə əhəmiyyətlidir. İraq həm ABŞ, həm Suriya arasında vasitəçi ola və Suriyada sabitliyin təmin edilməsinə töhfə verə bilər. Ancaq ABŞ-ın Suriyada hava hücumundan sonra bu, son dərəcə mürəkkəb və çətin bir vəzifə olacaq. İraq belə riskli bir işə girməkdən çəkinə bilər.

Siyasi Düşüncə Mərkəzinin (İraq) başçısı İhsan əl-Şammari isə bu barədə belə düşünür: "İraqın əl-Bukemaldakı terror yuvalarını vurması terrorla mübarizədə dönüş nöqtəsidir. Ancaq bu, İraqın öz torpaqları xaricində terrorçu qruplara yönəlik böyük diametrli hava və quru əməliyyatı başlaması şəklində yozulmamalıdır. İraqın öz torpaqlarındakı mübarizə İŞİD-in əlindəki şəhərlərin geri alınmasından sonra da davam edəcək. Çünki gizli özəklər qeyri-sabitlik yaratma səylərini davam edəcək. Buna görə də İraqın qonşu ölkələrlə, xüsusilə Suriya ilə əməkdaşlığı məlumat və kəşfiyyat paylaşımı ilə məhdudlaşacaq".

Hər nə səviyyədə olursa-olsun İraqın bu yeni rolu onun həm bölgədə, həm ərəb dünyasındakı mövqeyini yenidən qazanmağa çalışdığını göstərir. Aydın olan budur ki, İraq rəhbərliyi terrorla mübarizəni təkcə kəşfiyyat və hərbi səviyyədə deyil, diplomatik və iqtisadi kanallarla da gücləndirəcək.

Terrorla mübarizədə İraq əyani cəhətdən qonşularından daha təcrübəli görünür. Buna görə də terrorla mübarizədə başqa ölkələrə dəstək verə biləcək vəziyyətdədir. Ancaq iraqlı siyasətçilər bu istiqamətdə səylərini davam etdirəcəkmi, yoxsa siyasi çəkişmələrlə ölkənin özünü çalxalayacaq?

 

Tərcümə: Strateq.az