XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

16 Aprel 2017 - 19:30

Milyonlar, bahalı mülklər, lüks avtomobillər…- Rusiya Prezident Administrasiyasında kim nəyə sahibdir?

Rusiyada son günlər bütün vəzifəli şəxslər gəlir deklarasiyalarını təqdim edirlər.

Kremlin rəsmi saytında dərc olunan bu sənədlərdən Prezident Administrasiyası yetkililərindən tutmuş, deputatlara qədər (ailə üzvləri daxil) kimin rəsmən nə qədər qazandığı, hansı əmlak və varidata sahib olduğu ortaya çıxır. 

Sergey Kirienko

Məlum olur ki, ötən il Rusiya Prezident Administrasiyası rəhbərinin birinci müavini Sergey Kirienkonun gəliri 85,4 milyon rubl olub. Düzdür, ötən ilin əsas hissəsini o, başqa yerdə – "Rosatom"da işləyib və Putinin 5 oktyabr sərəncamı ilə hazırkı vəzifəsinə təyin edilib.

Məsələn, 2015-də "Rosatom"da onun illik gəliri 133,6 milyon rubl, xanımının illik gəliri isə 353,2 min rubl olmuşdu.

Həmin il xanım Kirienkonun adına 71 sotluq ərazi, 50 sotluq meşə sahəsində mülk, yaşayış məqsədli tikili də vardı. 

Prezident Vladimir Putinin mətbuat katibi Dmitri Peskov və xanımı Tatyana Navka birgə 133,6 milyon rublluq gəlir əldə ediblər. Daha dəqiqi, ötən il xanımının gəliri Peskovun qazandıqlarından 10 dəfə artıq olub – 120,8 milyon rubl. 

Ailə həmin dövr ərzində özünə 353,3 kvadratmetrlik yeni mənzil alıb. Buna qədər isə onların adına iki torpaq sahəsi, daha bir mülk, 4 mənzil və 4 parklama yeri olub.

Maraqlıdır ki, Aleksey Navalnıy hələ 2015-ci ildə bu torpaq sahəsi və mülk barədə məlumat vermişdi.

Navalnıy bildirmişdi ki, ailənin 90 sotluq ərazisi, elit qəsəbədə 779,2 kvadratmetrlik kotteci var ki, bunların da ümumi dəyəri 1 milyard rubldur (15,6 milyon dollar).

Peskov və Navka

Reyetsr sənədlərindən məlum olub ki, bu əmlak Navkanın adına hələ Peskovla toylarından yarım il əvvəl rəsmiləşdirilib. 

Navalnıy iddia edir ki, Peskov cinayət yolu ilə əldə etdiyi gəlirləri bu cür leqallaşdırırmış. Çünki onun rəsmi gəlirləri belə əmlaka sahib olmağa imkan vermirdi.

Navka Navalnının bu araşdırmasına münasibət bildirməkdən imtina edərək onu "manyak" adlandırmışdı.

Peskovun deklarasiyasından məlum olur ki, onun adına üç mənzil, bir parklama yeri, bir "Toyota Lend Kruzer 200" avtomobil var.

Navkanın adına olan əmlakı isə Peskov deklarasiyada sahib olduğu yox, istifadə etdiyi əmlak kimi göstərib.

Yuri Uşakov

Rusiya Prezident Administrasiyasında xanımı özündən çox qazanan təkcə Peskov deyil. Prezidentin beynəlxalq məsələlər üzrə köməkçisi Yuri Uşakovun xanımının gəliri də özününkündən çoxdur. 

Ötən il Uşakov 8 milyon, xanımı isə 37 milyon rubl qazanıb. Lakin xanımının bundan əvvəlki deklarasiyasında yer alan 303 kvadratmetrlik meydançalı bağ evi budəfəki sənəddə əksini tapmayıb.

Prezidentin köməkçisi Konstantin Çuyçenkonun illik gəliri 12, xanımının gəliri isə 20 milyon rubl göstərilib.

Prezident Administrasiyasının rəhbəri Anton Vayno 2016-cı ili 9,6 milyon rubl gəlirlə bağlayıb.

Putinin həmin dövr üçün rəsmi gəliri isə 8,8 milyon rubl olub.

Anton Vayno

Deklarasiyaya görə, Vayno ailəsinin iki torpaq sahəsi, iki mülkü, iki mənzili, avtomobil üçün üç parklama yeri var. Lakin qəribə də olsa avtomobili yoxdur.

Daha bir maraqlı məqam isə odur ki, hətta prezidentin ekoloji məsələlər üzrə xüsusi nümayəndəsi Sergey İvanov belə, ötən il Vaynodan daha çox gəlir əldə edib – 13,9 milyon rubl.

Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşevin 2016-da 33,5 milyon rublluq gəliri olub.

Patruşev ailəsinin iki torpaq sahəsi, iki evi, bir mənzili, bir bağ evi, bir məişət obyekti var.

Federasiya Şurasının səlahiyyətli nümayəndəsi Artur Muravyev bir ilə 33, xanımı isə 3,3 milyon gəlir əldə edib. Ailənin adına 3 torpaq sahəsi, bir mülk, 3 mənzil, 2 qaraj var. Deklarasiyaya inansaq, Muravyevlərin də şəxsi avtomobilləri yoxdur.

Prezident Administrasiyasında rəsmi gəliri ən az olan uşaq məsələləri üzrə Ombudsman Anna Kuznetsovadır. O, ötən il 2,7 milyon rublluq gəlir əldə edib.

Deklarasiyalara inansaq, PA əməkdaşlarının əsksəriyyətinin xaricdə əmlakı yoxdur. Təbii ki, istisnalar var. Məsələn, Peskovun xanımı Tatyana Navkanın ABŞ-da 126 kvadratmetrlik mənzili var. Peskovun oğlanlarından biri isə Fransada 180 kvadratmetrlik mənzilə sahibdir.

Putinin Ukraynayla ticari-iqtisadi əlaqələrin inkişafı üzrə xüsusi təmsilçisi Dmitri Livanovun adına İspaniyada 200 kvadratmetrlik ev və su nəqliyyatı üçün dayanacaq var.

Tatyana Navkanın adına üç avtomobil – 2 "Mersedes", (CL63 AMG, ML63 AMG), 1 Lexus RX350 və bir ərazi maşını ("Yamaxa") var. 

Prezidentin köməkçisi Vladimir Kocinin xanımı Olesi Boslovyakın adına BMW X6, xüsusi yığılmış VAZ "Larqus" var. Kocin özü isə "Porşe Kayen" və "Mitsubishi"də gəzir.

Prezidentin Konstitusiya Məhkəməsindəki təmsilçisi Mixail Krotovun adına "Nissan Murano" var. Krotov həm də QAZ-21-in səhmlərinin 11/12-nin sahibidir. Səhmlərin yerdə qalan 1/12-nin kimə aid olduğu isə deklarasiyada göstərilməyib.

Prezident yanında elm-təhsil idarəsinin rəhbəri İnna Bilenkinanın həyat yoldaşı ilə birgə 6 avtomobili var –  BMX X5, 2 "Yaquar", "Pobeda", "Çayka" və VAZ-2101b.

Putinin müşaviri Sergey Qriqorovun adına olan avtomobillər bunlardır – "Porsche", "Mercedes", "Jeep", "Zaporojets", 4 motosiklet.

Dmitri Livanovun adına "Lexus LX470", "Jeanneau Prestige 36" markalı yaxta (qiyməti 80-200 min avro arasında dəyişir) rəsmiləşdirilib.

Prezidentin kadrlarla iş üzrə köməkçisi Yevqeniy Şkolovun "Audi Q5" və "Mercedes-Benz ML300"ü var.

Vladislav Surkov

Ən çox torpaq sahəsinə sahib olan prezidentin köməkçisi  Vladislav Surkovun ailəsidir. Öz adına heç nə rəsmiləşdirməsə də, xanımının adına 49,3 min kvadratmetrlik ərazi var. 

Prezidentin köməkçisi Andrey Fursenkonun xanımı öz adına sahəsi 136 kvadratmetr olan hamam rəsmiləşdirib.

Kalininqrad vilayətinin keçmiş qubernatoru, hazırda şimal-qərb dairəsində prezidentin səlahiyyətli nümayəndəsi Nikolay Çukanovun xanımının adına ümumi sahəsi 37,5 min kvadratmetr olan 4 torpaq sahəsi, bir mülk, bir mənzil, bir qaraj var.

Bundan başqa ailəyə məxsus bir neçə müəssisə və anbarlar da var.

Təbii ki, bunlar Rusiyanın vəzifəli şəxslərinin sahib olduğu "aysberqin" sadəcə görünən tərəfidir. Görünməyən tərəfin daha nəhəng olduğunu Navalnıy başda olmaqla Rusiyanın fəal blogger və jurnalistlərinin apardığı təhqiqatlar açıq şəkildə ortaya qoyur.

Strateq.az