XƏBƏR LENTİ

01 İyun 2020
31 May 2020

Digər Xəbərlər

19 Aprel 2017 - 19:20

“Şeyx Diplomat”ın ümidi “könülsüz seçicilər”dir –Həsən Ruhaninin lehinə və əleyhinə olan şərtlər - TƏHLİL

Səlim Cəlal

"Anadolu News Agency"
 

İranda prezident seçkilərinə yalnız bir neçə həftə qalsa da, mühafizəkarlar hələ də münasib namizəd müəyyənləşdirmə mübarizəsi aparır. Son xəbərlərə görə, mühafizəkar cinahda böyük anlaşılmazlıq yaşanır.

Bu seqmentin, əvvəlki prezident seçkilərində olduğu kimi, bu səfər də seçkiyə birdən çox namizədlə qatılacağı aydındır. Digər tərəfdən, islahatçıların, yarımühafizəkar (mötədil) Həsən Ruhaniyə dəstək vermək yerinə, öz namizədini müəyyənləşdirdiyinə dair söz-söhbətlərə baxmayaraq, son proseslər islahatçıların, nəhayət ki, mövcud prezidentin arxasında dayanacağı görünür.

Ancaq mötədillərlə islahatçı qruplar arasındakı birlik, digər tərəfdən də, mühafizəkar tərəfdəki bölünmələr işığında H.Ruhaninin seçkidə qələbəsi qəti deyil. Ruhani böyük bir çətinliklə qarşılaşıb və mühafizəkarlar da tam olaraq bu çətinliyə bel bağlayır.

Bəs, bu problemlərin mahiyyəti nədir və seçkinin nəticəsinə nə dərəcədə təsir edə bilər?

 

RUHANİYƏ QƏLƏBƏ GƏTİRƏN ŞƏRTLƏR

 

Həsən Ruhaninin önündəki bu çətinliyi dəqiq bir şəkildə anlaya bilmək üçün ölkənin 2013-cü il seçkilərinə getdiyi müddətdəki sosial-iqtisadi və siyasi vəziyyəti xatırlamaq və bugünkü durumla müqayisə etmək lazımdır.

2013-ci ildə iqtisadiyyat pis vəziyyətdə idi, nüvə məsələsi dalana dirənmişdi, iranlıların dünyadakı imici korlanmışdı, bəzi jurnalistlər, siyasi və vətəndaş hərəkatı fəalları və xüsusilə "Yaşıl Hərəkat"ın təəssübkeşləri həbsdə idi və etnik-dini azlıqlar çox ağır bir şəkildə ayrı-seçkiliyə məruz qalırdı. 

Belə bir mühitdə səhnəyə gülərüz və rəğbət doğuran davranışı ilə H.Ruhani çıxdı. Namizədliyindən əvvəl də, vaxtilə İranın nüvə müzakirələrində iştirak etdiyindən "Şeyx Diplomat" kimi tanınan Həsən Ruhani, seçki kampaniyasının rəmzi olaraq açarı seçdi və ona "Müdrikliyin Əsas Açarı" adını verdi. Bu açarın bütün problemləri həll edəcəyini iddia etdi. On barmağında on bacarıq olduğu barəsində islahatçıları, özləri üçün də uyğun namizəd olduğu mövzusunda mühafizəkarları razı sala bildi və 2013-cü ilin prezident seçkilərini bu şəkildə uddu.

 

GÖZLƏNTİLƏRİN PUÇLUĞU

 

Ancaq son dörd ildə ölkədə heç bir əhəmiyyətli dəyişiklik baş vermədi. Siyasi fəallar, o cümlədən "Yaşıl Hərəkat"ın liderləri Musəvi və Kərrubi ev dustaqlığından azad edilmədi. Amma Ruhani ev həbsində saxlanılan liderlərin saxta da olsa, məhkəməyə çıxarılmasında uğur qazana bilmədi.

İranın Suriyaya müdaxiləsi ilə iranlıların imici əməlli-başlı sarsıldı. 2013-cü ilin seçkilərində etdiyi bir çıxışında Ruhani, İran pasportuna etibar qazandıracağına dair xüsusilə vəd vermişdi. ABŞ prezidenti Trampın yeddi ölkəyə tətbiq etdiyi ABŞ-a daxilolma yasağından sonrakı müddətdə İran pasportu etibarını daha da itirdi.

Üstəlik, Ruhaninin etnik-dini azlıqlara verdiyi, küskünlüklərini aradan qaldırma və iqtidardan ədalətli pay alma vədinə baxmayaraq, azlıqların əldə etdikləri yeganə şey sabiq kəşfiyyat nazirini – şiə-iranlı din xadimini etnik-dini azlıqların məsələləri üzrə özünə məsləhətçi təyin etməsi oldu.

 

İQTİSADİ DURĞUNLUQ VƏ STRUKTUR PROBLEMLƏRİ

 

Nüvə proqramı ilə əlaqədar prezident H.Ruhani beynəlxalq birliklə saziş məsələsində uğur qazandı. İranlılar bundan iqtisadi səmərə gözləyirdi. Ruhani statistika və makroiqtisadi göstəricilərlə milli iqtisadiyyatın yaxşılaşdığını sübut etməyə çalışsa da, sıravi vətəndaşlar Ruhaninin nüvə sazişinin imzalanmasından sonrakı dövrdə iqtisadi vəziyyətdən məmnun deyillər. 

Müzakirələr əsnasında, nüvə sazişinə qarşı olan qruplardan gələn təzyiqə müqavimət göstərmək üçün, ilk növbədə, H.Ruhaninin xalqın dəstəyinə ehtiyacı var idi. Nəticədə, məqsədli şəkildə və ya nə cürsə, Ruhani nüvə sazişi ilə əlaqədar böyük bir gözlənti abı-havası meydana gətirdi. 

İkincisi, prezident Ruhani, iqtisadi problemlərin böyük bir hissəsinin əslində, beynəlxalq sanksiyalarla heç bir əlaqəsinin olmadığını, bunun kökünün İranın rantye iqtisadiyyatında olan struktur problemlər olduğu gerçəyini xalqa izah etmək cəsarətini göstərdi. 

Üçüncüsü, o, nüvə məsələsi ilə əlaqədar sanksiyalarla ümumi sanksiyaların ayrı-seçkiliyini xalqın qarşısında dəqiq bir şəkildə izah etmədi. Halbuki gerçəkdə sazişdən sonra ləğv edilən sanksiyalar yalnız İranın nüvə silahlanması ilə əlaqədar olanlar idi. Digər ümumi sanksiyaların hamısı olduğu kimi qalır. 

Nəhayət, Ruhaninin səlahiyyət müddəti dövründə İranın xəstə iqtisadiyyatı Suriya və Yəməndə verilən iki bezdirici savaşı pərdələməkdə davam etdi. Ruhani son aylarda aşağı siyasi və iqtisadi performansının səbəblərini haqlı göstərməyə çalışır olsa da, siyasi səbəblərə əsaslanaraq özünü haqlı çıxarmağa çalışmaq, əslində, qüsurun etirafının digər bir adıdır. Səbəblərə əsaslanaraq özünüzü haqlı çıxarmanın siyasətdə yeri yoxdur. Siyasətçilər ya uğur sahibi, ya da uğursuz olur.

 

SEÇİCİ FƏALLIĞININ AZLIĞI RUHANİNİN ƏLEYHİNƏ OLACAQ

 

Prezident Ruhaninin əsas problemi seçicilərin ona daha bir fürsət verməsi məsələsidir və seçkidə fəal iştirakdır. Seçkidə iştirak faizi yüksək olarsa, Ruhani qələbəyə ümid edə bilər. Amma aşağı iştirak faizi qəti şəkildə onun əleyhinə olacaq. 

Ruhaninin seçicilərini hərəkətə gətirmə məsələsində uğursuz ola biləcəyinə dair indidən bəzi göstəricilər mövcuddur. Məsələn, bu ilin fevral ayında Ruhani, əhalisinin əksəriyyəti sünnilər olan və 2013-cü il seçkilərində səslərin 73 faizini qazandığı Sistan-Belucistan əyalətinə rəsmi ziyarət reallaşdırdı. Bölgədəki sünni dini liderlərin israrlı çağırışlarına baxmayaraq, yalnız 6 min adam prezidenti qarşılamağa gəldi.

Bərbad iqtisadiyyat və bəzi məmurların astronomik maaşlar alması qalmaqalı kimi bənzər məsələlər insanları seçkiyə getmək əvəzinə, evdə qalmağa sövq edəcəyi mühafizəkarları ümidləndirir. Fəhlələr nizamlı şəkildə tətilə çıxır və gecikən maaşlar və s. iqtisadi problemlərlə əlaqədar ölkənin müxtəlif bölgələrində hökumət əleyhinə etirazlar təşkil olunur. 

Hazırda "dəmir yumruğ"un olmadığı ölkədə bu etirazlara dözüm göstərilir, bu da Ruhani hökumətinin sosial-iqtisadi vədlərini yerinə yetirmədə uğursuz olduğuna dair rəyi tündləşdirir. 

Ruhaninin çətinliklər siyahısına Haşimi Rəfsəncaninin yoxluğu da əlavə olunmalıdır. Çünki 2013-cü ilin prezident seçkilərində mötədil və islahatçı qüvvələr arasında razılaşmada xüsusi rol Rəfsəncaniyə aiddir.

 

MÜHAFİZƏKARLAR ÜMİDİ İKİNCİ TURA BAĞLAYIR

 

Prezident Ruhani xalqı seçkiyə sövq edə bilməzsə, seçkinin taleyi ikinci turda həll ediləcək. Bu ehtimal mühafizəkarlar üçün çox əlverişli bir vəziyyət yaradacaq. İkinci tur mühafizəkarların işinə iki baxımdan yarayacaq: bir tərəfdən, Ruhaninin özünə etibarını zədələyəcək, digər tərəfdən isə mühafizəkar cinahın əhvalını yüksəldəcək. 

İkinci turda mühafizəkarlar seçicilərinə vahid namizəd təqdim edə və beləcə, Ruhani ilə üstün rəqabət fürsəti qazana bilər.

Seçicilərin əhəmiyyətli seqmenti böyük sayda olan "könülsüz seçicilər"dir. Prezident Ruhaninin güvəndiyi bu kütlədir. Mühafizəkar cinahın əsas namizədi – İbrahim Rəisinin ortaya çıxmasından bəri o, bu seçici kateqoriyasına ümid bəsləyir. 

"Könülsüz seçicilər"in Rəisiyə qarşı səs verməsi gözlənilir. Bunun səbəbi Rəisinin 1980-ci illərdə minlərlə siyasi müxalifi kütləvi represiyaya məruz qoymasıdır.

 

Tərcümə: Strateq.az




Yuxarı Əvvələ Ana Səhifə