XƏBƏR LENTİ

09 Avqust 2020
08 Avqust 2020

Digər Xəbərlər

25 Aprel 2017 - 18:49

Azərbaycanlı professor “Al-Arabiya”da İranı tənqid etdi:"Şiəlikdən regionda nüfuz əldə etmək üçün istifadə olunur" - TƏHLİL

Bayram ƏLİYEV,

Azərbaycan Qərb Universitetinin professoru 

"Al-Arabiya"

 

Yaxın Şərqdə geosiyasətin yeni mərhələyə daxil olduğu görünür. Hərçənd geosiyasi məsələlərdə, xüsusilə Suriyanın taleyində İranın rolu Obama administrasiyası dövründə davamlı artsa da, deyəsən, Tramp əvvəlki rəhbərliyin siyasətinə tərs xətt yeridəcək. Bu, regionda İran təsirinin azaldılmasına yönəldilib.

Bundan başqa, 2017-ci ilin mayında keçirilməsi planlaşdırılan prezident seçkilərində mühafizəkar namizədin qalib gəldiyi halda, İranı təcridləmə siyasəti, yəqin ki, növbəti səviyyəyə adlayacaq. 

Lakin İran regionda əhəmiyyətli təsirini davam etdirir. Onun dünya siyasətində xarici siyasətini formalaşdıran amillər bunlardır:

– geosiyasi vəziyyət: İranın enerji ehtiyatları və onların nəqli üçün strateji məkanlardakı mövqeyi;

– ölkənin ideologiyası: şiə ekspansionizmi və fars millətçiliyi;

– heterogen etnik struktur: İran etnik qruplar, xüsusilə ümumi əhalinin 20 faizini təşkil edən azəri azlğı təzyiq altında saxlamağa çalışır. Bu əhali ölkənin birliyinə əsas təhlükə kimi qəbul edilir.

Şiə ideologiyası İranın xarici siyasət konsepsiyası çərçivəsində əhəmiyyətli bir yerə malikdir. Baxmayaraq ki, bu, inqilabdan sonra onun radikal forması kimi ortaya çıxdı, amma şiə geosiyasəti 16-cı əsrdə, Səfəvi dövlətinin formalaşmasından bəri mövcud olub. İranda şiə əhali ("CIA Factbook") 90 faiz təşkil edir.

 

Şiə ekspansionizmi 

 

Şiə məzhəbi layihəsi inqilabdan sonra xarici siyasətin formalaşmasında mərkəzi mövqeyə çevrildi. İran İslam ölkələri arasında öz ideologiyasını, şiə ekspansionizmi kimi tanınan prosesi genişləndirməyə çalışdı.

Bundan başqa, İran digər ölkələrin şiə azlıqları ilə möhkəm əlaqələr qurmağa cəhd göstərdi. Belə ki, sünni Körfəz ölkələri və İran arasında soyuq münasibətlərin əsası bu cəhdlərlə başladı. Hətta indi də bu ölkələr İranın şiə ekspansionizmi siyasətini öz ərazi bütövlüyünə təhlükə görür.

1979-cu ilin İslam inqilabından sonra məzhəb elementi böyük əhəmiyyət qazanıb və şiə ideologiyası İran siyasətçilərinin, demək olar ki, bütün qərarlarına təsir göstərib. İnqilab ilə hakimiyyətə gələndən sonra yeni rejim özünü bütün "müsəlmanlar" üçün himayədar və onların təhlükəsizliyinin təminatçısı kimi müəyyən edib, lakin bu, demək olar ki, yalnız şiə qrupları üçün tətbiq olunur.

Bundan başqa, yeni İslam rejimi regionda öz nüfuzunu artırmaq üçün "rejim ixracı" siyasətini izləməyə başlayıb. Bundan əlavə, fars millətçiliyi İranın xarici siyasətində mühüm rol oynayır. Beləliklə, İran İslam Respublikasının xarici siyasətinin dəyərləndirilməsi üçün şiə məzhəbçiliyi və fars millətçiliyi birlikdə nəzərdən keçirilməlidir.

 

Strateji tərəfdaş

 

Post-II Dünya müharibəsi dövründə sovet təhlükəsi Qərb dövlətlərini Türkiyə ilə sıx əlaqələr qurmağa məcbur etdi. Türkiyə sovet təhlükəsinə qarşı Qərb dövlətlərinin strateji tərəfdaşı kimi müəyyən edildi və regional təhdidlərə qarşı öz rolunu uğurla oynadı. Qərbin Türkiyə ilə "strateji tərəfdaşlıq" münasibəti bu günə qədər davam edir.

Sovet İttifaqı dağıldıqdan sonra Türkiyənin Qərb üçün əhəmiyyəti dəyişməz qalıb, istiqamət isə digər təhdidlərə keçib. 

Bundan başqa, Körfəz ölkələri ABŞ-Qərb ittifaqının mühüm tərəfdaşlarıdır.

Digər regional aktyorlar kimi, İran da regionda təsir əldə etmək istəyir, üstəlik İslamın dominant din və şiəliyin dominant məzhəb olduğu bölgələrdə. Lakin geosiyasi maraqlar "İslam həmrəyliyi" ilə üzləşdikdə, Tehran həmişə öhdəliklərinə zidd olaraq, dindən daha çox öz maraqlarını güdür.

Beləliklə, regionda Əsəd rejiminə və digər şiə azlıq qruplarına, cari regional məsələlərə İranın münasibəti onun ideologiyasının əsaslı qavrayışından uzaqdır. Əksinə, İran regional məsələlərə praqmatik baxır və öz məqsədlərinə çatmaq üçün vasitə kimi ideologiyadan istifadə edir. Bu cəmiyyətin əksəriyyəti şiə eyniyyətində olan Azərbaycana qarşı İranın münasibətində də açıq-aydın görünür.

İranla Azərbaycanın münasibətləri tez-tez gərginləşir. Dağlıq Qarabağ müharibəsinin gedişində İran Ermənistanı dəstəkləyib və Azərbaycanı 25 milyon nəfər təşkil edən İranın azərbaycanlı azlığı arasında separatçılığı gücləndirməkdə ittiham edib. Beləliklə, biz İranın xarici siyasətində ideologiyanın yox, daha çox praqmatizmin dominant fəlsəfə olduğu nəticəsinə gəlirik.

Bundan başqa, fars millətçiliyi ilə bağlı motivasiya dini həssaslıq əsaslı təpkilərdə daha çox müşahidə olunur. Şiə ideologiyası yalnız İranın rəhbərliyi altında şiə eyniyyətinə malik qrupları birləşdirməyə xidmət edir və İranı regionda nüfuzlu aktyor etmək üçün vasitə kimi istifadə olunur.

Tərcümə: Strateq.az